
Beynəlxalq ticarətin iki nəhəngi arasında tarif müharibəsi davam edir. Bu günə ABŞ Çin məhsullarına 145%, Çin ABŞ məhsullarına 125% gömrük rüsumu (tarif) tətbiq edib.
Deyəsən, daş qayaya rast gəlib. Tramp Çinin ABŞ kimi bazarı itirməkdən qorxub, geri çəkiləcəyini gözləyirdi. Trampın 1-ci prezidentliyi dövründə məhz belə olmuşdu. Çin ABŞ-dan əlavə k/t məhsulları və maye qaz almağa məcbur edilmişdi. Bu dəfə Çin heç bir güzəştə getmir.
Çin ABŞ-dan heç nə almasa da bir ziyan görməz. Əksinə, o ABŞ-dan aldığı k/t məhsulları, maye qazı və neft məhsullarını Rusiya, İran, Venesuela və ya Braziliyadan daha ucuz ala bilər. ABŞ-ın yüksək texnika və texnologiya məhsulları onsuz da Bayden dövründən Çinə satılmır və Çin artıq onları özü istehsal etməyə başlayıb.
ABŞ isə Çindən heç nə almaya bilməz. İstehlak mallarında Çini əvəz edə biləcək ölkə yoxdur. Məsələn:
- Apple məhsullarının 90%-i,
- Ford Motor Company məhsullarının 50%-i,
- Tesla avtomobillərinin 50%-i, akkumulyatorlarının 100%-i,
- Walmart məhsullarının 70-80%-i,
- Nike məhsullarının 30%-i
- Boeing şirkəti üçün titan və elektronika
o cümlədən konkret məhsullar üzrə:
- smartfonların 70%-i,
- noutbukların 66%-i,
- qacetlərin 90%-i,
- antibiotiklərin 80%-i,
- tosterlərin 99%-i,
- çətirlərin 90%-i
Çində istehsal olunur.
ABŞ-ın nadir torpaq elementlərinə görə Çindən asılılığı barədə isə yazmışdım: https://globkom.info/butun-xeberler/abs-cin-qarsidurmasinda-hessas-noqte-bu-elementlere-nezaret-ugrunda-mubarize-qizisir-analiz
Yəni ABŞ istəsə də, istəməsə də Çindən məhsul idxal etməlidir. ABŞ Çin idxalını uzağı 1 ay dayandıra bilər (anbar ehtiyatları hesabına), sonra mütləq bərpa etməlidir. Deməli, onun Çini güzəştə getməyə məcbur etməyə 1 aydan çox vaxtı yoxdur.
Bu 1 ay ərzində Çin də əziyyət çəkəcək: ABŞ-dan mal almayacağına görə yox, ABŞ-a mal göndərə bilməyəcəyinə görə. Amma Çinin bu zərbəni aşağıdakı yollarla yumşaltmaq imkanları var:
ABŞ-a ixrac məhsullarının istehsalını 10%-lik tarif təyin olunmuş ölkələrə keçirtmək;
- Daxili istehlakı stimullaşdırmaq;
- Yeni bazarlar tapmaq;
- Yuanı ucuzlaşdırmaq və s.
Çin birtərəfli güzəştə getməyəcək, ABŞ isə Çin malları olmadan yaşaya bilməz. Bu halda ABŞ-ın hansı çıxış yolları var:
- Çinə qarşı yüksək tarifi saxlamaq (sifətini qorumaq üçün)– bu halda ABŞ-da 20-50% bahalaşma olacaq və trampçılar 2026-cı il seçkilərində biabırçı şəkildə uduzacaqlar (əlbəttə, o vaxta qədər devrilməzlərsə);
- Çinə qarşı yüksək tarifi saxlamaq (sifətini qorumaq üçün), lakin Çin məhsullarının başqa ölkələrdən ABŞ-a idxal olunmasına göz yummaq– bu Tramp üçün ən optimal variantdır. Bu variantda Tramp sinəsinə döyə bilər ki, o Çinə güzəştə getmədi, amma reallıqda udan tərəf Çin olacaq.
- Çinə qarşı tarifi endirmək– bunu Çinin simvolik güzəştləri müqabilində edə bilər, onsuz da başqa yolu yoxdur.
Beləliklə, tarif müharibəsi ABŞ-ın Çinə məğlub olmasının tarixi rəsmiləşdirilməsi ilə yekunlaşacaq.
Asif Şəfəqqətov