
Azərbaycan SSR Böyük Vətən Müharibəsi illərində: Qələbəyə verilmiş əvəzediməz töhfə
1941-1945-ci illər Böyük Vətən müharibəsində SSRİ-nin digər xalqları kimi “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə işləyən Azərbaycan xalqı da qələbənin təmin edilib faşist Almaniyasının məğlub edilməsi üçün əlindən gələni əsirgəmədi. Belə ki, Qələbənin qazanılmasında Azərbaycan xalqının cəbhədə döyüşmüş oğul və qızlarının, arxa cəbhədə isə azərbaycan zəhmətkeşlərinin, xüsusən də Bakı neftçılərinin böyük rolu olmuşdur. Müharibənin elə birinci 3 günü ərzində 18 minə kimi kommunist könüllü olaraq Qızıl Ordu sıralarına daxil olmuş, sonrakı günlərdə 40 mindən çox oğlan və qız cəbhəyə getmək üçün ərizə verərək dərhal cəbhəyə yola düşdü.
Qısa müddət ərzində 186 704 nəfər xalq qoşunu hissələrinə yazılmış, 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmiş, hərbi hissələr üçün 15000 tibb bacısı və növbətçi sanitarlar, 750 rabitəçi, 30000 çox sürücü hazırlanmış, 15000 nəfərlik Hərbi Hava Müdafiə (HHM) dəstələri yaradılmışdır. Yalnız 1941-1942-ci illzrdə 1 milyon nəfər hərbi proqram təlimini öyrənmişdi. Cəbhədə əsasən azərbaycanlılardan ibarət olan 77-ci, 223-cü, 396-cı, 402-ci, 416-cı azərbaycan atıcı dviziyaları yaradılmış, onlar çox mühüm döyüşlərdən şərəflə çıxaraq Qafqazdan Berlinədək şərəfli döyüş yolu keşmişlər. 416-cı diviziya Taqanroqu, 223-ci Belqradı, 77-ci Simferopolu azad etdiklərinə görə həmin dviziyalara azad etdikləri şəhərlərin adları verilmişdir.
416-cı Taqanroq diviziyası düşmənin 22.996 əskər və zabitini məhv etmiş, 5474 faşisti əsir almış, çoxlu hərbi sursat və texnikasını ələ keçirmiş, bir qismini isə məhv etmişdir.
1943-cü ildə Ukraynanın, 1944-cü ilin aprelində isə Simferopolun azad edilməsində fəal iştirak etdiyinə görə Ali Baş Komandan 77-ci divizyanın şəxsi heyətinə təşəkkür elan etmişdir.
Azərbaycan döyüşçüləri cəbhənin ən həlledici yerlərində – Stalinqrad, Leninqrad, Moskva ətrafında, Kursk qövsündə, Qafqaz, Kiyev, Sevastopol, Odessa, Kerç, Minsk və digər döyüşlərdə, Polşanın, Rumınyanın, Çexoslavakiyanın və Avropanın digər ölkələrinin azad edilməsində, Berlinin alınmasında rəşadətlə vuruşmuşlar. Yalnız Brest qalasında 44 nəfər azərbaycanlı digər döyüş yoldaşları ilə birlikdə qalanı mərdliklə müdafiə etmişlər.
Müharibənin ilk aylarında kiçik leytenant İsrafil Məmmədov düşmənin 70 əsgər və zabitini məhv etdiyi üçün ilk azərbaycanlı kimi 11 dekabr 1941-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Təyyarəşi Hüseynbala Əliyev müharibənin ilk 25 günü müddətində 49 uçuş etmiş, Leninqrad səmasında 10 faşist təyyarəsini məhv etmiş, 18 iyul 1941-ci ildə sonuncu döyüşdə 3 faşist təyyarəsi ilə döyüşə girmiş, təyyarənin kabinəsində partlamış düşmən mərmisindən 18 ölümcül yara almasına baxmayaraq, düşmənin 2 təyyarəsini vurub məhv etmiş, təyyarəsi vurulandan sonra onu salamat yerə endirə bilmiş, lakin özü həlak olmuşdur. Ölümündən sonra Lenin ordeni ilə təltif edilmişdir. Şair Məmməd Rahim “Leninqrad göylərində” poemasında onun igidliyini bədii boyalarla tərənnüm etmişdir.
31 mart 1943-cü ildə 323-cü ayrıca dəniz piyada batalyonunun rota komandirinin rabitəçisi olan Qafur Məmmədov Taupsa şəhərinin şimal-qərbində gedən döyüşlər zamanı düşmənin 13 avtomatçısını, 1 minomyot heyətini məhv edəndən sonra özünü düşmən snayperinin nişan aldığı komandirin qarşısına ataraq halak olmuş, komandirin həyatını xilas etməklə döyüşdə qələbəni təmin etmiş, bu igidliyinə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq bilinmişdir.
Azərbaycanın cəbhəyə getmiş 10 mindən artıq qızlarından ilk təyyarəçilərindən biri olan Züleyxa Seyidməmmədova qırıcı təyyarəsi ilə Moskva, Stalinqrad, Kursk səmalarında, Volqa sahillərindən Vyanaya qədər 500-dən çox uçuşlar etmiş və düşmənə xeyli tələfat vermiş, snayper Ziba Qəniyeva isə təkcə Volxov cəbhəsində 30-dan çox hitlerçini məhv etmişdir.
Gəray Əsədov Rumınyanın Marqita şəhəri uğrunda gedən döyüşlər zamanı Aleksandr Matrosovyn igidliyini təkrar edərək qəhrəmanlıqla həlak olmuşdur.
2-ci Ukrayna cəbhəsinin 52-ci ordusunn 933-cü atıcı polkunun bölmə komandiri M. Məhərrəmov 1943-cü ilin oktyabr ayının 2-nə keçən gecədə Çerkask rayonunu Kreoatik kəndi ərazisində Dnepr çayını keçərək kəşfiyyat aparmış və qiymətli məlumatlar əldə etmişdir. 17 oktyabrda isə bölmənin döyüşçüləri ilə birlikdə düşmənin arxasında döyüş-sürsat anbarını partlatmış, onlarla tankını, avtomaşınını və faşistləri məhf etmişdir. Bu igidliyinə görə M. Məhərəmov Sovet İttifaqı Qəhrəmanı adına layiq bilinmişdir.
Mehdi Quliyev yalnız Kerç boğazında gedən döyüşlər zamanı 360 faşisti məhv etdiyi üçün Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Qvardiya polkovniki Həzi Aslanov Stalinqrad ətraflnda yalnız bir ay ərzində düşmənin 45 tankını, onlarla topunu, 2000-dən çox əskər və zabitini məhv etmiş, ordusu ilə mühasirədə olan feldmarşal fon Paulsa köməyə gəlmiş feldmarşal fon Manşteynin qoşunlarının irəliləməsinə imkan verməyərək qələbənin qazanılmasında igidlik göstərdiyinə görə 20.12.1942-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, general-mayor rütbəsini almış, Şərqi Prussiyaya qədər döyüş yolu keşmiş, 24.01.1945-ci ildə döyüşdə həlak olmuşdur. Göstərdiyi igidliklərinə görə ölümündən sonra ona 2-ci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Stalinqradda adları əbədi həkk edilmiş Mamay kurqanında ikinci mərmərdə onun adı həkk olunmuşdur.
Berlinin alınmasında batalyon komandiri kimi iştirak etmiş Sovet İttifaqı Qəhrəmanı, sonralar məşhur tarixçi olmuş akademik Ziya Bünyadov Berlinin rayonlarının birinin hərbi komendatı olmuşdur.
Müharibə illərində azərbaycanlılar da digər xalqların nümayəndələri kimi yalnız nizami qoşun hissələrində deyil, SSRİ-nin işğal edilmiş ərazilərində partizan dəstələrində, Polşa, Çexoslavakiya, Fransa,Yuqoslaviyada və başqa ölkələrdə, faşist Almaniyası ilə müttəfiq olan İtaliya və digər dövlətlərin ərazilərində müqavimət hərəkatlarında fəal iştirak edərək düşmənə arxadan sarsıdıcı zərbələr vuraraq onun canlı qüvvəsini və çoxlu hərbi əmlakını məhv etmişlər.
1942-ci ildə Polşanın hərbi əsir düşərgələrin birində azərbaycanlılar gizli antifaşist təşkilatı yaratmış və bu təşkilatın rəhbərliyi ilə bir qrup əsir qaçıb Polşa partizanlarına qoşulmuşlar.
Faşist düşərgələrindən qaçıb İtalyan partizanlarına qoşulmuş “Mixaylo” ləqəbi ilə məşhur olan Mehdi Hüseynzadə Adriatik dənizi sahillərində çoxlu mühüm obyektləri partladıb xeyli miqdarda faşistləri məhv etdiyinə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq bilinmişdir.
Fransa müqavimət hərəkatında general de Qollun partizan dəstəsində fəal iştirak etmiş Əhmədiyyə Cəbrayılov Fransanın alı hərbi mükafatı ilə təltif edilmiş, Yuqoslaviya xalq-milli azadlıq ordusuna daxil olan Sovet partizan batalyonunda faşistlərə qarşı vuruşmuş 50-dən çox azərbaycanlı Yuqoslaviyanın orden və medalları ilə təltif olunmuşlar.
Bu və digər həmyerlilərimizin hər biri haqqında saatlarla danışmaq olar. Lakin onların hamasını bir əqidə, bir amal birləşdirirdi. Vətəni, bəşəriyyəti faşizm taunundan xilas etmək. Bu arzularına çatdılar. Lakin hamısına qələbə gününü görmək qismət olmadı.
Ümumiyyətlə, 1941-ci ildə 3,4 milyon əhalisi olan Azərbaycandan 10 mini qadın olan 681000 çox azərbaycanlı cəbhəyə getmiş, onların yarısından çoxu döyüşlərdə həlak olmuş, Vətən uğrunda həyatlarını qurban vermişlər.
Müharibədə xüsusu sücaət göstərmiş azərbaycanlı əsgər və komandirlərdən 125 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adı verilmiş, tank qoşunlarının general-mayoru Həzi Aslanov isə iki dəfə bu ada layiq görülmüş, 30 nəfər üç dərəcəli şöhrət ordenləri ilə, ümumiyyətlə müharibə dövründə 170 mindən çox əskər və zabit, 80 mindən çox isə arxa cəbhənin nümayəndələri fədakar əməyinə görə, cəmi 250 min nəfərdən çox SSRİ orden və medalları ilə təltif olunmuşdur. Sovet İttifaqı Qəhrəmanı adı verilmiş həmyerlilərimizdən 42 nəfəri azərbaycanlı olmuşdur.
Alman faşizmi ilə mübarizədə Brest qalasında, Moskva ətrafında, Stalinqradda, Leninqradda, Kursk qövsündə, Kiyevdə, Belorusiyada və digər döyüşlərdə qazanılmış qələbələrin hər birinin özünə məxsus tarixi əhəmiyyəti olduğu kimi ön cəbhəni silah, sursatla, yanacar digər zəruru döyüş vasitələri və ərzaqla təchiz edən arxa cəbhənin də böyük rolu olmuşdur.
Alman faşizmi üzərində qələbənin qazanılmasında SSRİ-nin digər xalqları kimi Azərbaycan xalqının, zəhmətkeşlərinin də arxa cəbhədə işləyən bütün sovet adamları kimi xüsusi fədakarlıq göstərmişlər. Azərbaycanın arxa cəbhədə olan əməkçiləri, xüsusən cəbhəni və xalq təsərrüfatını yanacaqla təchiz edən Bakı neftçiləri gecə-gündüz işləyir, qələbənin əldə edilməsi üçün əlindən gələni əsirgəmirdilər. Yalnız 1941-1943-cü illər ərzində azərbaycan zəhmətkeşləri müdafiə fonduna şəxsi əmlaklarından 15 kq. qızıl, 952 kq gümüş, 311 milyon manat istiqraz vermiş, dövlətdən isə 1,5 milyard manatlıq istiqraz və lotereya almış., tank və təyyarə dəstələri fonduna 230 milyon manat pul ayırmış, 1,6 milyon ədəd əşya, 125 vaqon isti paltar, yüz min tonlarla taxıl, pambıq, on minlərlə ton tütün, 18 000 baş mal-qara, ət, yağ, yun, meyvə və c. 170 000 pud müxtəlif növ məhsullar göndərmişdir.
Bakı şəhəri ordunu və xalq təsərrüfatını yalnız yanacaq və ərzaqla deyil, həm də ordunun mühüm cəbbəxanalarından birinə çevrilmişdi. Belə ki, yalnız 1942-ci ildə Bakıda 130 növdə müxtəlif silah, hərbi sursat, o cümlədən də əfsanəvi “Katyuşa” üçün 1 milyondan çox mərmi istehsal olunmuşdu. Bakının xəstəxana, hətta məktəb və idarələrinə cəbhədən göndərilmiş yaralı döyüşçülər yerləşdirilmiş, Bakının bütün həkim və tibb personalı onların müalıcəsinə cəlb edilmiş, onların əksəriyyətinin müalicə alıb sağalmaları və yenidən döyüşən orduya göndərilməsi təmin edilmişdir (bax: ASE 2-ci cild, cəh.286-287).
Azərbaycan neftçiləri cəbhəni və xalq təsərrüfatını fasiləsiz yanacaqla təmin etməklə yanaşı ölkənin qərbində sıradan çıxarılmış və işğala məruz qalmış ərazilərdə olmş zavodların, fabriklərin və başqa sənaye müəsissələrinin ölkənin şərqində yenidən bərpa edilməsinə, yeni müəssisələrin yaradılmasına yardım etmiş, təkcə 1941-1943-cü illərdə həmin rayonlara avadanlıqla birlikdə 9 qazma kantoru, 11000 nəfər ixtisaslı mühəndis və fəhlə göndərilmişdir.
Dəmiryolçular, Xəzər dənizi Donanmasının işçiləri neft və digər məhsulların, yüklərin fasiləsiz daşınmasını təmin etmişlər. Bir sözlə, müharibə illərində elə bir sahə olmayıb ki, SSRİ-nin bütün respublikaları, o cümlədən də Azərbaycan SSR-nin, xüsusən Bakı zəhmətkeşləri qələbənin qazanılması üçün töhfələrini verməmiş olsunlar.
Bu tarixi qələbənin qazanılmasında mühüm rolu olan amillərdən biri da cəbhəni və xalq təsərrüfatını yanacaqla təmin edilməsi idi. Müharibə illərində azərbaycan neftçiləri cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 75 milyondan çox neft verdilər. Onlar gecə-gündüz bilmədən ən çətin şəraitdə ordunu və xalq təsərrüfatını yanacaqla təchiz edib qələbənin qazanılmasında mühüm rol oynadılar. SSRİ-də istehsal edilən neftin ¾ dən çox hissəsi Bakıda hasil edilir, dəmir yolu və Xəzər dənizi vasitəsi ilə cəbhəyə və SSRİ-nin xalq təsərrüfatının yanacağa olan tələbatını təmin etmək üçün digər ərazilərinə göndərilirdi. Təkcə 1941-ci ildə son dərəcə mürəkkəb bir şəraitdə azərbaycan neftçiləri rekord miqdarda 23,5 milyon ton neft istehsal etdilər.
Lakin Bakı nefti də son dərəcə çətin vəziyyətdə və ağır şəraitdə istehsal edilirdi. SSRİ Dövlət Müdafiə Komitəsi (DMK) digər Sovet və partiya orqanları ilə birlikdə neftin çıxarılıb emal olunması və onun cəbhəyə və digər yerlərə göndərilməsinə böyük əhəmiyyət verirdilər. Çünki bunsuz qələbənin təmin edilməsi mümkün deyildi. Buna görə də AKP-nin MK, Sovet orqanları ilə birlikdə partiyanın və dövlətin qarşıya qoyduqları bu çətin vəzifələri yerinə yetirmək üşün Bakının və bütövlükdə respublikanın bütün canlı qüvvələrini və maddı ehtiyatlarını səfərbərliyə alıb “hər şey cəbhə üçün, hər şey qələbə üçün” devizi ilə dövlətə daha çox neft, pambıq, taxıl və başqa məhsullar verirdilər.
Bakı neftinin cəbhə və cəbhəni hər şeylə təchiz edən SSRİ-nin xalq təsərrüfatı üçün nə dərəcədə əhəmiyyətli olduğu şübhəsiz idi. Buna görə da Hitler SSRİ-ni məğlub etmək üçün ordularını məhz Qafqaz istiqamətinə yeridib Bakını ələ keçirməkə Qızıl Ordunu və SSRİ-nin xalq təsərrüfatını yanacaqsız qoymaqla istədi. Lakin şanlı ordumzun Stalinqrad ətrafında faşist işğalçılarını məğlub etməsi Hitlerin bu arzusunu ürəyində qoydu. Stalinqrad ətrafında qələbə isə Bakı nefti olmadan mümkün deyildi. Bakı nefti digər amillərlə bərabər Stalinqradda qələbəni təmin edib SSRİ-ni məğlubiyyətdən xilas etmək, alman faşizminin isə məğlub edilməsi üçün tarixı vəzifəni yerinə yetirmiş oldu.
Müharibə illərində Bakının neft sənayesinin özü böyük bir cəbhə idi. Təyyarələr üçün yüksək oktanlı yanacar istehsal etmək üçün komponentlərin əsas hissəsi SSRİ-nin digər ərazilərindən Bakıya gətirilirdi. Şimali Qafqaz yolu faşistlər tərəfindən tutulduğuna görə, onları Bakıya gətirmək mümkün olmadığı üçün Azərbaycan alimlərindən Yusif Məmmədəliyev və neft texnologiyası üzrə mütəxəssis alim Rüstəm İsmayılov ilk dəfə olaraq aviasiya yanacaqlarının ən səmərəli komponenti olan alkilbenzolun katalitik sintezinin hazırlamış və onu sənayedə tətbiq etmişlər. Bu, dünya neft emalı sənayesində yenilik olmaqla SSRİ-nin ABŞ-dan asılılığını aradan götürdü. Dövlət Müdafiə Komitəsi Yusif Məmmədəliyevin bu metodunu qəbul edərək SSRİ Xalq Neft Sənayesi Komissarlığına və Azərneftə Bakıda alkilbenzon zavodu tikilməsini tapşırdı.
Məhz bu və digər xidmətlərinə görə, bu böyük alim də birinci döyüş maşınları və motorları yaratmış alimlər İlyuşin, Yakovlev, Lavoçkin, Mikulin kimi dünya şöhrətli alimlərlə yanaşı Lenin ordeninə və Dövlət Mükafatı laureatına layiq görülmüşdü. Təyyarələr, matorlar üçün yüksək oktanlı benzin, müxtəlif növ yanacaq, mator yağları, o cümlədən də faşist tankların və avtomaşın matorlarının şaxtada donan yağlarından fərqli olaraq aşağı temperaturda donmayan “antifris” kimi indi də adını saxlayan və donmayan yağların və başqa yanacaq növlərinin, onların komponentlərinin alınması və istehsal edilməsi,cəbhəni və SSRİ-nin xalq təsərrüfatını bu məhsullarla təchiz edilməsi sovet matorlarının faşist matorlarından üstünlüyünü təmin etdi. Bütün bunlar isə Böyük qələbəyə gedən yolu daha da yaxınlaşdırdı. Təəssüf ki, bütün bu kəşf və ixtiralara, səmərələşdirici amillərə baxmayaraq Nobel mükafatına layiq olan bu görkəmli alim bu mükafata layiq bilinmədi. Amma ən böyük mükafatı onun da əməyi sayəsində faşizm üzərində qələbənin təmin olunması idi. Bu, həmin dövrdə bütün Sovet adamlarının, faşizmə qarşı mübarizə aparan, ona nifrət edən hər bir insan üçün ən böyük mükafat idi.
Böyük Vətən Müharibəsi illərində SSRİ-nin digər xalqları kimi “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə işləyən Azərbaycan xalqı, xüsusən də Bakı neftçıləri qələbənin təmin edilib faşist Almaniyasının məğlub edilməsi üçün əlindən gələni əsirgəmədilər.
Neftçilərin cəbhəni yanacaqla təmin edilməsi və Y.Məmmədəliyevin Dövlət Mükafatına layiq görülməsi münasibəti ilə “Vışka” qəzeti yazırdı: “Sovet aviasiyasında qəhrəmanlıq göstərmiş Pakrışkindən, igid təyyarəçılərimizdən general Dzusovdan və ya qırıcı təyyarəçi general Osipenkodan soruşsanız ki, havada ağalıq etməkdə sizə kim kömək etdi? Onlar cavab verəcəklər ki, təyyarə qayıranlar və neftçilər”.
Bir sözlə, igid şahinlərimizin alman faşizmi üzərində havada qələbə çalmasında, piyada qoşunlara yardım etmələrində təyyarə istehsalçıları ilə yanaşı şanlı neftçilərimizin də böyük rolu olmuşdur. Bu faktı Sovet hərbi xadimləri layiqincə qiymətləndirmişlər.
Birinci Belarusiya cəbhəsi qoşunlarının komandanı, Sovet İttifaqı Marşalı K.Jukov Azərbaycan K (b) P MK-ya yazırdı: “Bakı neftçıləri cəbhəyə və ölkəyə Vətənimizi müdafiə etmək və düşmən üzərində tez qələbə qazanmaq üçün lazım olan miqdarda yanacaq vermişlər(bax: Azərbaycan KP MK partiya arxivi, f. 1, siyahı 280, iş 3).
Müharibənin ən qızğın vaxtında Tolbuxin Azərbaycan K (b)P MK-ya yazırdı: ”Sizin köməyiniz nəticəsində Stalinqradın indiki cənub cəbhəsi hərbi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişdir. Xahiş edirəm, bu dəfə də Cənub cəbhəsi üçün yanacaq gndərilməsinə bizə kömək göstərəsiniz”(bax: yenə orada).
Qara dəniz hərbi-hava donanmasının komandanı general-leytenant Yermaçenkov vaxtında yanacaq almaq üçün Azərbaycan K(b)P MK-ya yazırdı: “Qara dəniz donanması hərbi-hava qüvvələri təyyarələrinin döyüş əməliyyatlarının təmin edilməsi üçün vaxtında yanacaq göndərilməsi haqqında real köməyiniz üçün səmimi minnətdarlığımızı qəbul etməyinizi xahiş edirəm”(bax: yenə orada).
Şimali Qafqaz cəbhəsi, admiral Kuznetsovun 21.09.1943-ğü il, Verşininin 31.03.1943-cü il il tarixli yanacaq göndərilməsi ilə bağlı xahişlərinə dərhal əməl edilərək səhəri günü tələb edilən miqdarda ynacağın həmin cəbhələrə göndərilməsi təmin edilmişdir(bax: yenə orada).
Aviasiya general-polkovniki, Sovet İttifaqı Qəhrəmanı S.Krasnovski Azərbaycan K(b)P MK-ya yazırdı:
“Müharibənin ən çətin zamanlarında, hər təyyarə gündə 4-5 dəfə döyüş uçuşuna getməli olarkən bizim daim kifayət qədər benzinimizin olması, arxanın qəhrəmancasına kömək etdiyini və bütün ölkəmizlə birlikdə yorulmaq bilməyən Bakının da döyüşdə daim bizimlə olduğynu bizə xatırladırdı. Bakının verdiyi yanacaq, bir çox görkəmli hərbi əməliyyatda qələbəmizi təmin etdi.
Sovet neft sənayesi texniki cəhətdən tarixdə misli görünməmiş ən yeni silahlarla təchiz edilmiş Sovet Ordusunu 4 illik müharibə ərzində cürbəcür əla yanacaq və yağlarla təmin etdi.
İndi Vətənimizdən uzaqda olan təyyarəçi, texnik, döyüşçü və komandirlərimiz öz hissəslərinin döyüş bacarığını davam etdirirlər. Onlar sizə, günəşli Azərbaycanın zəhmətkeçlərinə Elba və Dunay sahillərindən salam göndərərək, səmimi təşəkkürlərini bildirirlər” (bax:“Bakinski raboçi” qəzeti, 14 avqust 1944-cü il).
Sovet İttifaqı Marşalı S.Budyonnı yazırdı ki, “müharibədə sizin neftiniz olmasaydı, suvari ilə çətin ki, biz uzağa gedə bilərdik”.
RF-nın sabiq səfiri Vasili İstratov demidir: “Azərbaycanın təbii ehtiyatları olmadan Böyük Vətən müharibəsində qələbə əldə etmək olmazdı”.
Belarusiya Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Qleb Krasnevski qeyd etmişdi: ”Böyük Vətən müharibəsində azərbaycan nefti qələbənin qazanılmasında əsas həlledici faktorlardan biri oldu”.
SSRİ Nazirlər Soveti yanında dövlət müşaviri işləmiş həmyerlimiz N.K.Baybakov demişdir: “Sovet döyüş maşınlarının 75-80%-i “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” devizi ilə işləyən Bakı zəhmətkeşlərinin şanlı əməyi hesabına hərəkətə gəlirdi”.
Bu məzmunlu məktubların sayı olduqca çoxdur. Lakin məzmunları eynidir; cəbhə yanacaqla təchiz edildiyi üçün minnətdarlıq hiss və duyğularıdır. Bakı neftinin döyüşlərdə qazanılan hər bir qələbədə, müharibənin tarixində həlledici dönüş yaratmasına xüsusi təsir göstərdiyini təsdiq edən hallardır.
Ukrayna işğal ediləndən sonra taxıla olan ehtiyac nəticəsində Qafqaz və Kuban əsas taxıl mənbəyinə çevrildı və başqa stratejı təbii xammal ehtiyatları axtarıldı. Həm yüngül, iri sənaye və hərbi-sənaye kompleksi genişləndirildi, 130-dan çox döyüş və hərbi sursat, 200-dan çox yeni məhsul növləri istehsal edilməyə başlandı.
Bakının Keşlə qəsəbəsində 168 və 458 nömrələri ilə iki təyyarə zavodu fəaliyyət göstəriridi. Bu zavodlarda fasiləsiz olaraq “UTİ” və “YAK-3” markalı qırıcı təyyarələr və onlar üçün dıgər hissələr istehsal olunurdu.
Həmin dövrdə Kirovabad (indiki Gəncə) şəhərində təyyarə təmiri zavodunda 782 ədəd müxtəlif tipli təyyarələr təmir edilmiş, 1550 təyyarə mühərrikləri və ehtiyat hissələri istehsal edilib cəbhəyə göndərilmişdi.
Müharibə illərində Azərbaycanın kənd əməkçiləri də yüksək vətənpərvərlik göstərərək yüksək məhsul edə edərək cəbhəni lazımi qədər kənd təsərrüfatı məhsulları ilə təmin edirdilər.
Azərbaycan zəhmətkeşləri, neftçiləri respblikada yaradılmış yardım komitəsi və onun rayon şöbələri vasitəsi ilə işğal edilmiş Şimali Qafqaz, Ukraynaya, Belorusiyaya, dağıdılmış Leninqrad və Stalinqrada, Stavropol ölkəsinə hərtərəfli yardım göstərdilər.
Həmin ağır günlərdə yalnız mədənlərdə neft hasil edib, onu zavodlarda emal edən, yola salan, daşıyan neftçilər, fəhlələr deyil, idarə rəhbərləri, partiya və Sovet orqanlarının işçiləri də istirahət bilmədən çalışırdılar. Azərneft Birliyi neft istehsalının əsas qərargahı idi. Bir gün Azərneft Birliyinin rəisi Süleyman Vəzirov kabinetində yıxılıb özündən gedir. Bundan xəbər tutan AKP MK-nın birinci katibi M.Bağırov tanınmış həkimlərdən ibarət tibbi komissiya yaradır. Müayinədən sonra onun həddindən artıq gərgin və aramsız iş nəticəsində taqətdən düşüb əsəblərinin pozulduğu müəyyən edilmiş və onun sağalması üçün müvafiq tədbirlər görülmüşdür.
Oil fields of baku, azerbaijan ssr, 1920s. (Photo by: Sovfoto/Universal Images Group via Getty Images)
Müharibə illərində neftçilərimizin fədakar əməyi 160 dəfə Dövlət Müdafiə Komitəsinin(DMK), Ümumittifaq Həmkarlar İttifaqlarının Mərkəzi Şurasının (ÜİHİMŞ) və SSRİ Neft Sənaye Komissarlığının keçici Qırmızı Bayrağına layiq bilinmişdir.
Azərbaycan və Bakı zəhmətkeşlərinin Böyük Vətən müharibəsi illərində göstərdikləri xidmətləri yalnız qeyd olunanlarla bitmir.
Bakı mədənlərinin, neft anbarlarının, yanacaq və digər yüklərin cəbhəyə göndərilməsinin təhlükəsizliyini təmin etmək, Bakının səmasını alman təyyarələrindən qorumaq üçün hərbi hava qüvvələri yaradılmış, Hitlerin İran ərazisindən Bakı neftini ələ keçirmək üçün göstərdiyi bütün cəhdlərin qarçısı dövlət təhlükəsizlik orqanlarının, həm İrana yeridilmış Sovet Ordusu hissələrinin, həm də Azərbaycan K(b)PMK-nın ora göndərdiyi partiya, Sovet orqanlarının və mədəniyyət sahəsinin nümayəndələrinin gərgin əməyi nəticəsində qarşısı alınmışdır. Bütün bu ağır və çətin işlərin təşkilatşısı Azərbaycan K(b)P MK-i və ona rəhbərlik edən Mircəfər Bağırov idi.
Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin təmin edilməsində xüsusu rol oynamş şəhərlərə qəhrəman-şəhər, əskər və zabitlərə isə Sovet İttifaqı Qəhrəmanı kimi fəxri adlar verilmişdir. Belə ki, müharıbədən sonra 1965-ci ildən başlayaraq Mockva, Stalinqrad, Kiyev, Sevastopol, Odessa, Novorossiysk, Kerç, Tula, Leninqrad, Minsk şəhərlərinə qəhrəman-şəhər, Brest qalasına isə qəhrəman-qala adları verilmişdır. Bu ad Böyük Vətən müharibəsində zəhmətkeşlərin kütləvi qəhrəmanlıq və mərdlik göstərdiyi SSRİ-i şəhərlərinə verilən fəxri addır.
Əslində isə qeyd olunan şəhərlərdən başqa müharibə zamanı işğal olmuş bütün şəhərlər, qəsəbələr, kəndlər bu statusa, faşistlərə qarşı mübarizədə həlak olmuş, vuruşmuş döyüşçülər, cəbhəni hər şeylə təchiz etmiş arxa cəbhənin əməkçiləri, müharibənin bütün çətinliklərinə sinə gərmiş hər bir Sovet adamı Sovet İttifaqının qəhrəmanı adına layiqdir.
Əgər SSRİ dövlətini bir insan orqanizmi ilə müqayiasə etsək, bu orqanizmi hərəkətə gətirən damarlarında axan qanı Bakı nefti idi. İnsan orqanizmi qansız və ya zəruri olduğundan az qanla yaşaya bilməyib öldüyü kimi, SSRİ də Bakı nefti olmadan döyüşə bilməz, cəbhəni, xalq təsərrüfatını yanacaqla təmin etmədən, Sovet adamlarının kütləvi qəhrəmanlıqlarına, fədakar əməyinə baxmayaraq yaşaya bilməzdi, məğlubiyyəti labüd idi.
Müharibə illərində cəbhəni 75 %,-ni yəni ¾ hissəsini yanacaqla, vuruşan təyyarələrin 85-90%-ni benzinlə, 130 növdən çox hərbi sursat və digər zəruri olan təminatlarla təmin etmiş Bakı şəhəri və bu yanacaqı və silah-sursatı böyük çətinliklə istehsal edib cəbhəyə göndərilməsini təmin etmiş Azərbaycan neftçilərinin, fəhlələrinin, alimlərinin, partiya və Sovet orqanları əməkdaşlarının fədakar əməyi yüksək qiymətləndirilsə də Bakı şəhərinə qəhrəman-şəhər fəxri adı verilməmişdir. Bunun əsas səbəbi isə qəhrəman-şəhər adlarının verilməsi barədə Əsasnamədə qəhrəman-şəhər adının verilməsi üçün alman-faşistlərlə bilavasitə müharibə vəziyyətində olmuş və ya mühasirədə, işğalda olan şəhərlərin hərbi əməliyyatlar yolu ilə döyüşlə faşist işğalçılarından azad edilməsi ilə bağlı müddəa olmuşdur.
Qeyd edilən Əsasnamədə cüzi əlavə və dəyişiklik edilməklə Bakıya qəhrəman-şəhər adının verilməsi, Böyük qələbənin qazanılmasında tarixi xidmətləti olmuş və həmin dövrdə işləmiş, hazırda yaşayan Azərbaycanın partiya və sovet işçılərinə, bütün zəhmətkeşlərinə, xüsusən də Bakı neftçilərinə, həyatlarını dəyişmiş şəxslərin isə müqəddəs xatirələrinə, onların ailə üzvlərinə, yaxınlarına, bütövlükdə isə “Heç nə unudulmur, heç nə yaddan çıxmır” ifadəyə uyğun olaraq müharibədə ön və arxa cəbhədə qələbənin təmin edilməsində əməyi olmuş hər bir sovet insanına, eləcə də alman faşizmi üzərində qələbə çalmasında əməyi olmuş yer kürəsinin bütün insanlarına ən Böyük və misilsiz Qələbə hədiyyəsi olardı.. Lakin Bakı şəhərinə bu adın verilməməsi bizi sıxıntıya salmamalıdır. Çünki Bakı nefti, onu istehsal edib cəbhəyə göndərilməsini təmin etmiş Azərbaycan zəhmətkeşlərini, respublikanın partiya və sovet orqanlarının, neftçı və digər alimlərinin, ziyalılarının, ümumilikdə isə bütün azərbaycan zəhmətkeşləri üçün ən böyük mükafat onların fədakar əməyinin nəticəsi sayəsində alman faşizmi üzərində qələbənin təmin olunması idi. Bu, həmin dövrdə bütün Sovet adamlarının, faşizmə qarşı mübarizə aparan, ona nifrət edən hər bir insan üçün ən böyük mükafat idi.
Lakin bu məsələnin həlli Sovet dövründə qeyd edilən Əsasnamədə cüzi dəyişiklik etməklə mümkün idi. İndi isə kapitalizm cəmiyyətini təmsil edən hakimiyyətlərdən bunu tələb etmək düşməndən onun məğlubiyyətini təmin etmiş şəhəri və onun zəhmətkeşlərini mükafatlandırılmasını tələb etmək deməkdir.
Alman faşizmi üzərində hər il qələbə bayramı ərəfəsində və bayram günündə 1941-1945-ci illər Böyük Vətən müharibəsində bütün Avropanı işğal etmiş, onun bütün canlı və təbii ehtiyatlarını özünə tabe etmiş amansız düşmən olan faşist Almaniyasına qarşı Sovet İttifaqının ölüm-dirim mübarisəzində qələbəni təşkil və təmin etmiş Sovet hökumətini, Sovet İttifaqı Kommunist Partiyasını, dövlət və partiya rəhbərlərini, SSRİ-nin bütün xalqlarının nümayəndələrindən ibarət rəşadətli qəhrəman Sovet Ordusunun qələbələrini, onu hər cəhətdən təmin edən “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı altında istirahət bilmədən arxa cəbhədə işləyən milyonlarla Sovet adamlarının fədakar əməyini yada salıb hörmətlə andıqca, bütün bunlar sovet xalqaları arasında keçmiş əlaqələrin bərpa edilməsinə, zəhmətkeşlərin bir-birilərinə daha da yaxınlaşmasına, bu dövlət və xalqlar arasında siyasi, iqtisadi, mədəni, insani və mənəvi əlaqələrin daha da genişlənməsinə, möhkəmlənməsinə yenidən şərait yardır.
Bu isə dünya imperializminə başçılıq edən müharibə qızışdırıcıları olan ABŞ, Avropa Birliyi və onların hərbi bloku NATO-nu rahat buraxmır. Onlar bəşəriyyəti yeni dünya müharibəsinə sürükləmək üçün Yaxın və Orta Şərqdə, dünyanmın başqa regionlarında yeni-yeni müharibə ocaqları yaradır, başladıqları müharibələri davam etdirmək, mehriban münasibətdə olan dövlət və xalqlar arasında süni ziddiyyətlər salmaq, onlara iqtisadi sanksiyalar tətbiq etmək, dünyadan təcrid etmək, iqtisadi, hərbi qüdrətlərinə zərbə vurmaq yolu ilə dünyada hegemonluqlarını saxlamaq və baqşa dövlətlərə də bunu zorla qəbul etdirmək, törətdikləri bu iyrənc fitnəkarlıqlarını çox həyasızlıqla davam etdirdikləri bir şəraitdə olduqca vacibdir.
Faşist Almaniyası və onun müttəfiqləri üzərində ümumi vətənimiz olmuş Sovet İttifaqının qələbəsinin 80 illiyi ilə bağlı 9 may Qələbə bayramı ərəfəsində bu müharibədə həyatlarını qurban vermiş bütün qəhrəmanlarımız, döyüçülərimizlə fəxr edir, onlarla iftixar hissi keçirir, əziz xatirələri qarşısında baş əyirəm.
Qələbə bayramınız mübarək, əziz dostlar!
Əmrulla Şirvanov