
Bu gün Azərbaycan Kommunist Hərəkatı (AKH), Azərbaycanın Tərəqqisi naminə Əməkdaşlıq Şurasının (ATƏŞ), GlobKom Media Grupun nümayəndələri, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə 9 may Qələbə gününün 80 illik yubileyi günü münasibətilə Bakıda Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə qoyulmuş memorialın qarşısında bayram tədbiri keçirilib.
Dünya müharibəsi qəhrəmanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra keçirilən tədbirdə AKH-nin rəhbəri Telman Nurullayev, ATƏŞ-in rəhbəri İbrahim Əsədli, GlobKom Media Qrupunun redaktoru Abdulla İsmayıloğlu çıxış edərək faşizm üzərində qələbənin bəşər tarixindəki əvəzolunmaz əhəmiyyəti, Sovet xalqlarının, o cümlədən Azərbaycan xalqının bu müharibədəki qəhrəmanlığından danışıb, vətən müharibəsi qəhrəmanlarının xatirəsinə hörmət ifadə ediblər.
Memorialın qarşısında əklillər və gül-çiçək dəstələri qoyulub, xatirə fotoları çəkilib. AKH rəhbərliyi tərəfindən xalqımıza göstərdiyi xidmətlərə görə bir neçə nəfərə “Nəriman Nərimanov ordeni” təqdim edilib.
Mərasimdə Azərbaycanda dəfn olunmuş müharibə qəhrəmanlarının övladları və nəvələri olan keçmiş SSRİ respublikalarından gələn qonaqlar da iştirak edib və atalarının, babalarının məzarı üzərinə gül çiçək qoyublar.
Qeyd edək ki, parkdakı məzar kompleksində Böyük Vətən Müharibəsi qəhrəmanları ilə yanaşı 1-ci Qarabağ müharibəsi qəhrəmanları da dəfn olunub. İştirakçılar onları da yad edərək, məzarları üzərində gül-çiçək düzüblər.
İştirakçılar qəhrəmanların döyüş yolu barədə söhbətlər aparıb, onların qəhrəmanlıq nümaunəsinin gənc nəslə çatdırılmasının vacibliyini bildiriblər.
Tədbir "Heç kim unudulmur, heç nə yaddan çıxmır" şüarı ilə başa çatıb.
Nəriman Bağırov