
Əvvəli burada
https://globkom.info/butun-xeberler/israil-iran-munaqisesinin-ateskesi-gelecek-perspektivleri
İran 12 günlük müharibənin səhvlərindən dərs çıxartmalıdır. Bunu bacarmasa, növbəti daha ağır zərbəyə davam gətirə bilməyəcək.
Cənub qonşumuzun səhvləri hansılardır?
Əlbəttə ki, mən strateji təhlükəsizlik mütəxəssisi deyiləm və subyektiv (bəlkə də diletant) fikirlərimi yazıram.
Ölkənin təhlükəsizliyi üçün 1-ci dərəcəli məsələ onun güclü müttəfiq(lər)inin olmasıdır. Ölkə özü də güclü ola bilər, lakin başqa güclərlə də ittifaq onu yenilməz edər. ABŞ supergücdür, lakin o da müttəfiqlərsiz (NATO ölkələri, Yaponiya, Cənubi Koreya, Avstraliya və s.) keçinmir.
Niyə müttəfiqlər məsələsini 1-ci dərəcəli hesab edirəm? Çünki müttəfiqin olması düşməni, ümumiyyətlə, müharibəni başlamaqdan çəkindirə bilər. Elə İsrail özü buna ən bariz nümunədir. "Çatana çatır, çatmayana bir daş atır", amma heç bir ölkə ona cavab vermir, çünki müttəfiqinin ABŞ olduğunu nəzərə alırlar.
Bu müharibədə İranın müttəfiqləri olduğunu görmədik. Ona qarşı İsrail və müttəfiqlərinin açıq müharibəyə başlanması özü göstərirdi ki, İran təkdir. Düzdür, İrana bəzi ölkələr kömək etdilər, amma bu köməyin məqsədi başqa idi...
İranın müttəfiqləri hansı ölkələr ola bilər?
Əvvəl qeyd edək ki, yalnız suveren ölkənin strateji müttəfiqliyinə etibar etmək olar. Yəni, məsələn, Səudiyyə Ərəbistanı İranla belə bir müqavilə bağlasaydı da o kağız üzərində qalacaqdı.
İndi baxaq, İranın ətrafında neçə belə ölkə var: Türkiyə, Pakistan, Rusiya, Hindistan, Çin Xalq Respublikası və Koreya Xalq Demokratik Respublikası (KXDR).
İran onillərdir ki, Kollektiv Qərbin sanksiyaları altında yaşayır. Deməli, onunla hərbi-strateji tərəfdaşlıq müqaviləsi bağlayacaq ölkə ya özü də Qərbin sanksiyaları altında olmalıdır, ya da belə sanksiyalardan qorxmamalıdır. Bu şərti nəzərə alsaq, potensial müttəfiqlərin sayı daha da azalır: Rusiya, KXDR və qismən Çin. Bəs, İran bu istiqamətdə nə edib.
Çin
ABŞ-ın sanksiyalarına görə ixrac neftini dünya bazarlarında sata bilməyən İran onun təqribən 90%-ni müxtəlif qeyri-şəffaf sxemlərlə Çinə satır. Çinin neft idxalında ucuz İran neftinin payı 40%-ə yaxındır. Yəni İran Çin üçün strateji əhəmiyyətli ölkədir. İranda hakimiyyətə qərbpərəst qüvvələrin gəlməsi Çinin maraqlarına ağır zərbə olardı. Çin həm də İran iqtisadiyyatına ən böyük sərmayə qoyan və planlaşdıran ölkədir. Buna görə də rəsmi Pekin bu logistikanı, sərmayələrini və onlara təminat verən İran hakimiyyətini qorumaqda maraqlıdır. Bu səbəbdən Çin 15 ildən artıqdır ki, Fars körfəzində yerləşən İrana məxsus adalardan birində öz hərbi-dəniz bazasını yaratmaq istəyir. Lakin İran indiyədək buna icazə verməyib.
Rusiya
2022-ci ildə Kollektiv Qərbin Rusiyaya qarşı tarixdə görünməmiş sayda və spektrdə tətbiq etdiyi sanksiyalardan sonra Rusiya Qərbin siyasi-iqtisadi məkanına yaxın 10 ildə yenidən qayıdacağına ümidləri yox oldu. Nə qədər böyük olsa da, ona qarşı dünya iqtisadiyyatında 30%-dək paya malik olan Kollektiv Qərb dayanırdı. Rusiya hərbi-strateji müttəfiqə böyük ehtiyac duyurdu. Çin iqtisadiyyatı Qərbə çox bağlı olduğundan Rusiya ilə hərbi-strateji müqavilə bağlamadı, lakin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi anti-Rusiya sanksiyalarına qoşulmamaqla, Rusiyanın beynəlxalq siyasi-iqtisadi izolyasiyasına mane olmaqla və sanksiyalaşdırılmış malları gizli sxemlərlə Rusiyaya satmaqla ona strateji dəstək verir. Rusiya ilk hərtərəfli strateji tərəfdaşlıq sazişini KXDR ilə bağladı. Belə saziş imzalanan kimi hüquqi qüvvəyə minmir. O ölkənin parlamentində ratifikasiya olunmalı, yəni qanun statusu qazanmalı, sonra isə bütün qanunlar kimi ölkə prezidentinin xüsusi fərmanı ilə qüvvəyə minməlidir. Rəsmi Pxenyan ilə saziş 19.06.2024 tarixində imzalandı və Putinin 09.11.2024, Kim Çen Inın 12.11.2024 tarixli fərmanları ilə qüvvəyə mindi. Sazişin 4-cü maddəsinə əsasən, tərəflərdən birinə silahlı təcavüz olunarsa, digər tərəf bütün mövcud vasitələrlə ona hərbi və digər yardım göstərməlidir. Müqavilə müddətsizdir.
Rusiya eyni tipli sazişi İrana da təklif etmişdi. Saziş layihəsi İranla uzun müddət müzakirə olundu.
19.05.2024 – Müzakirələrin yekunlaşma ərəfəsində İranın prezidenti İbrahim Rəisi vertolyot qəzasında öldü (rəsmi versiya). Yeni prezident seçilənədək sazişin imzlanması təxirə salındı.
05.07.2024 – Məsud Pezeşkian prezident seçkilərində qalib gəldi.
23.07.2024 – Rusiya tərəfi bildirdi ki, saziş imzalanmaq üçün tam hazırdır.
28.07.2024 – Pezeşkian prezident səlahiyyətlərinin icrasına başladı.
18.10.2024 – İranın Rusiyadakı səfiri bildirdi ki, saziş Pezeşkianın Moskvaya səfəri zamanı imzalanacaq. Rusiya KİV-in məlumatına görə Pezeşkian hökuməti bu müddət ərzində sazişdən 4-cü maddəni çıxartmışdı.
17.01.2025 – Putin və Pezeşkian Moskvada sazişi imzaladılar.
08.04.2025 – Rusiya Dövlət Duması (Parlamntin aşağı palatası) yekdil səslə sazişi ratifikasiya etdi.
16.04.2025 – Rusiya Federasiya Şurası (Parlamntin yuxarı palatası) sazişi ratifikasiya etdi.
21.04.2025 – Putin sazişin ratifikasiya olunması haqda qanunu imzaladı.
21.05.2025 – İran parlamenti səs çoxluğu ilə sazişi ratifikasiya etdi.
11.06.2025 – Konstitusiya Keşikçiləri Şurası (KKŞ) sazişi təsdiq etdi.
15.06.2025 – Parlamentin spikeri M.B.Qalibaf sazişin ratifikasiyası haqda qanunu rəsmi şəkildə Pezeşkiana göndərdi.
Pezeşkian hələ ki qanunu imzalamayıb, yəni hazırda saziş qüvvədə deyil. Saziş sonradan 5 il artırılmaq şərti ilə 20 il müddətinə bağlanıb.
KXDR
KXDR ilə hərbi əməkdaşlıq barədə heç bir leqal saziş yoxdur. Belə saziş rəsmi Pxenyanın marağında olsa da, İranın maraqlarına ziddir. Lakin onlar arasında hərbi texnologiyaların mübadiləsi sahəsində onillərdir ki, gizli əməkdaşlıq mövcuddur.
Bəs niyə İran Çin və Rusiya ilə hərtərəfli strateji əməkdaşlığı ləngidir?
İran siyasi elitası şərti olaraq 2 qütbə bölünüb: mühafizəkarlar və islahatçılar. Hər qütbün monolit baxışı olmasa da, şərti olaraq onları belə fərqləndirmək olar: mühafizəkarlar Qərbə düşmən, islahatçılar – dost olmasa da, potensial partnyor kimi baxırlar. Etibar, inam olmayan yerdə partnyor olmur. Hər iki tərəfin haqlı və haqsız olduğu baxışlar var, amma Qərbə etibar etmək, onun "yağlı vədləri"nə inanmaq, etibar etmək, məncə, tarixi az-çox bilən hər kəs üçün naşılıqdır. Qərb tarix boyu yalnız gücü tanıyıb, gücə sitayiş edib. Gücsüzsənsə, haqqının tapdalanacağı labüddür. Güclüsənsə, istənilən cinayətinə haqq qazandırılacaq. Nümunə gözlərimiz qarşısındadır: Нitlеrin həbs düşərgələrində etmədiyi cinayətləri Netanyahu Qəzzada edir, lakin Qərb onu demokrat kimi qəbul edir, ABŞ Parlamenti, Ağ Evin xozeyni onu ayaq üstə alqışlayır, İsrailə hər cür maliyyə və hərbi yardım göstərir.
İran ölkəsində Çinin hərbi bazasının olmasını ona görə istəmirdi ki, bu Qərblə münasibətlərinin yaxşılaşmasına mane ola bilərdi. Qərb həmişə müxtəlif kanallarla bu mesajı İran siyasilərinə ötürür: "Filan şeyi etmə – kökə olacaq". Bu şirin vədlərlə ölkə siyasiləri arasında fikir ayrılığı yaradılır, hakimiyyət parçalanır və zəifləyir, sonra da hakimiyyəti yıxırlar. Ukraynada 2014-cü il Maydan hərəkatı və çevrilişi də eyni ssenari ilə oldu. İlk günlər maydançılara qarşı polis gücü tətbiq olunsaydı, çevriliş olmazdı. Lakin ABŞ və Avropa ölkələri başçıları və səfirləri Ukrayna prezidentindən tutmuş güc nazirlərinədək "etirazçılara qarşı güc tətbiq etməyin – filan güzəşti edəcəyik" kimi vədlərlə hakimiyyəti arxayınlaşdırdılar, sonra şantaj etdilər və qorxutdular. Nəticədə azsaylı etiraz kütləsi yüz minlərlə radikal insan kütləsinə çevrildi.
Pezeşkian da İran siyasi eltasının islahatçı qütbünə aiddir. Yəqin, buna görə əvvəllər onun prezidentliyə namizədliyi qəbul edilmirdi. İranda prezidentliyə namizədlərin son siyahısı KKŞ tərəfindən təsdiq olunur. KKŞ 12 nəfərdən ibarətdir: 6 nəfəri Ali rəhbər Əli Xamenei din xadimləri arasından təyin edir, digər 6 nəfəri məhkəmə hakimiyyətinin tövsiyəsi ilə Parlament seçir. Pezeşkian 2013-cü ildə prezidentliyə namizədliyini vermiş, lakin sonra geri çəkmişdi. 2021-ci il seçkilərində KKŞ tərəfindən onun adı namizədlər siyahısından çıxarılmışdı. 2024-cü il seçkilərində isə KKŞ onu seçkilərə buraxdı. Çünki ölkədə islahat tələbləri ilə kütləvi etirazlar olmuşdu, əhali islahatçı namizədin seçkilərə buraxılmamasını yenidən kütləvi etirazlarla qarşılaya bilərdi. Həm də KKŞ islahatçı prezidentlə bağlı şansını yoxlamaq istəyirdi. Bilmək istəyirdi ki, onun vasitəsilə Qərbin tələblərini (sanksiyalarını) yumşalda bilərmi.
Qərb ilk mesajını Mossadın əli ilə Pezeşkianın andiçmə mərasiminə (30.07.2024) dəvət olunan Fələstin HƏMAS təşkilatının siyasi bürosunun və İsraillə danışıqlar qrupunun rəhbəri İsmayıl Haniyəni 31.07.2024 tarixində Tehranda terrorla öldürməklə verdi. Bu elə bir təhqir idi ki, ona cavab verməmək olmazdı. Lakin Qərbin eskalasiyanı artırmamaq barədə vədləri və təkidləri, Pezeşkianın Ali rəhbərdən xahişləri bəhrə verdi – cavab zərbəsi olmadı.
İsrail bundan bir az da ruhlandı... 27 sentyabrda 32 il Hizbullaha rəhbərlik etmiş Həsən Nəsrulla Beyrutda bunkerdə müşavirə keçirən zaman İsrail təyyarələrindən atılan bunker bombaları ilə öldürüldü. Bunker yaşayış binasının altında 20 m dərinlikdə yerləşirdi. Onu öldürmək üçün binanın üstünə cəmi 80 tondan artıq onlarla bunker bombası atılmışdı. Nəticədə bina sakinlərini saymasaq, bunkerdə Nəsrullahdan başqa daha 20 nəfər yüksək rütbəli Hizbullah nümayəndəsi, həmçinin İİKK komandanının müavini öldürüldü. Bu hadisədən sonra Pezeşkian da İsrailə zərbə endirilməsini müdafiə etdi və 1 oktyabrda İsrailə raket-dron zərbəsi vuruldu. Bu zərbə İsrail üçün 2024-cü il aprel zərbəsindən daha ağrılı oldu.
İranın raket zərbəsinə cavab olaraq İsrail 26 oktyabrda İrana 100-dən artıq təyyarə ilə hücum etdi. Rusiyanın Suriyanın Xmeymim bazasındakı və başqa şəhərlərdəki HHM sistemləri İranı qabaqcadan xəbərdarlıq etdiyindən aviahücum İsrailin bəyan etdiyi effekti vermədi, hətta 2-ci və 3-cü dalğa təyyarələr əməliyyatı yerinə yetirmədən geri qayıtdılar. Yeri gəlmişkən, bu hadisə İsrailə göstərdi ki, Suriyada hakimiyyət tezliklə dəyişdirilməli və Suriyanın azı ortasından cənubuna doğru bütün HHM sistemləri məhv edilməlidir. Bunu da etdilər.
Bu hadisələr, həmçinin İrana düşmən mövqeyi ilə xüsusi seçilən Trampın 5 noyabrda ABŞ prezident seçkilərində qalib gəlməsi Pezeşkiana sübut etdi ki, Rusiya ilə sazişi imzalamaq lazımdır. Trampın andiçmə mərasiminə 3 gün qalmış saziş Moskvada imzalandı. Sonrakı hadisələr göstərdi ki, Pezeşkian yenə Qərblə danışıqlara getmək istəyirdi. Sazişi imzalamaqla Qərbə mesaj verdi ki, bax, mənimlə danışıqlara gəlməsəniz, Rusiya ilə strateji əməkdaşlığa başlaya bilərəm. Bu mesaja cavabı 5 ay gözlədi. Yəqin ki, diplomatik kanallarla ona yalan vədlər verilirdi. Amma bu gözləmənin nəticəsi 12 iyun müharibəsi oldu...
Müharibə vaxtı isə Pezeşkian, demək olar ki, görünmədi. Məncə, səbəb hakimiyyətdə islahatçıların artıq söz sahibi olmaması idi. Onların mövqeyi fiaskoya uğramışdı. Bu səbəbdən Pezeşkian bəlkə də artıq istefa ərizəsi yazıb. Lakin indiki gərgin şəraitdə prezident seçkiləri keçirməyin xarici agenturanın da iştirakı ilə ölkədə arzuolunmaz nəticələrə səbəb ola biləcəyini nəzərə alaraq, hələlik istefası qəbul olunmayıb.
İrandakı “islahatçı”lar qrupunun səhvləri və ya təvazökar mövqeyi hansı dərsi verdi?
1. Qərbə inanmaq olmaz.
2. Qərbyönlü insanlar siyasi və hərbi vəzifələrdən kənarlaşdırılmalıdırlar (azı yeni döyüşlərədək).
3. Təcili azı bir ölkə ilə strateji tərəfdaşlıq sazişi imzalanmalıdır (növbəti döyüşlər hər an baş verə bilər).
Ardı var…
Asif Şəfəqqətov
Globkom.info