Əvvəli burada

 

https://globkom.info/butun-xeberler/12-gunluk-muharibeden-iran-hansi-sehvlerini-nezerden-kecirmelidir

https://globkom.info/butun-xeberler/12-gunluk-muharibeden-iran-hansi-sehvlerini-nezerden-kecirmelidir-ii-hisse

 

İranın 12 günlük müharibədə 3-cü səhvi (nöqsanı) HHM sisteminin müasir müharibəyə uyğun olmaması və hərbi aviasiyasının faktiki yoxluğu idi.

HHM sistemi

Bu çox böyük mövzudur, mən məsələnin texnki detallarına varmadan anlaşılan dildə sxematik yazmağa çalışacam. HHM-lər müxtəlif tipli olur. Daşınan HHM sistemlərini (Stinger, Strela və s.) nəzərdən keçirməyək, çünki bu müharibədə onlara zərurət yaranmadı. Hərçənd İranın HHM arsenalında daşınan sistemlər çoxluq təşkil edirdi (2 mindən çox). Yalnız yaxın və uzaq mənzilli HHM sistemlərinə (qurğularına) baxaq.

Müasir HHM sistemləri 3 əsas blokdan ibarət olur: komanda məntəqəsi (KM), radiolokasiya sistemi (RLS) və buraxılış qurğuları (BQ). Bunlar hamısı birgə y bir divizion hesab edilir. Divizionda BQ-lər 10-dan çox ola bilər. Göründüyü kimi, divizionda ən vacib bloklar komanda məntəqəsi və RLS-dir, çünki onların sayı 1 ədəd olur. Bu bloklardan biri sıradan çıxarılarsa, BQ-lər faydasız olur. Onlar işləyərsə, BQ-lərdən bir neçəsi sıradan çıxsa da digərləri fəaliyyət göstərəcək. Buna görə də kütləvi aviahücumun 1-ci dalğasının hədəfi HHM sistemlərinin komanda məntəqələri və RLS-ləri olur.

2024-cü ilə qədər İranın 2 minə yaxın HHM sistemi var idi. Onlardan 520-yə yaxını SSRİ, 10-u Rusiya, 250-si Çin, 400-ə yaxını Qərb, qalanları İran istehsalı HHM sistemləri idi. Yerli istehsal istisna olmaqla hamısı çox köhnə sistemlər idi: Qərb qurğuları şah dövründən qalmışdı, SSRİ qurğularını Rusiyadan və ya başqa ölkələrdən alınmışdı, Çin sistemləri 1987-ci istehsalı, Rusiya sistemi (Pantsir C1) 2012-ci il istehsalı idi.

Bunların arasında ən yaxşı sistem (İran istehsalı sistemlərini nəzərə almasaq – onların texniki xarakteristikalarını bilmirəm) 1967-ci ildən istismara verilən S-200 (10 ədəd, hər divizionda 6 BQ olur) və 1975-ci ildən istismara verilən S-300 (4 ədəd, hər divizionda 8 BQ olur) idi. S-300-ün eksport modifikasiyaları (5 belə modifikasiyası var) əksər texniki xarakteristikalarına görə ABŞ-ın Patriot PAC-3 (axırıncı modifikasiya) sistemindən üstündür. Nəzərə almaq lazımdır ki, bütün hərbi texnikaların eksport modifikasiyalarının texniki xarakteristikaları yerli modifikasiyalarla müqayisədə aşağı olur.

S-300-lər nə qədər köhnə olsalar da F-16-lar üçün çox təhlükəli sistemlər idi. Onlar məhz həmin dövrdə istismara verilmiş F-16-lara qarşı istehsal edilmişdilər. S-300-ün RLS-i modifikasiyasından asılı olaraq, 300 km-dək məsafədə eyni zamanda 300-dək hədəfi aşkar edə bilir; raketləri 200 km-dək məsafədə və 30 km-dək hündürlükdə hədəfləri vura bilir. Ukrayna indiyədək Sovetlərdən qalma S-300-lərdən istifadə edir (artıq ya qurğular, ya da raketləri, demək olar ki, qalmayıb). Buna görə də İsrail ilk növbədə S-300-ləri sıradan çıxartmalı idi.

Köhnə HHM sistemləri o vaxt mövcud olan hərbi təhlükələrə – təyyarələr və raketlərə uyğun layihələndirilib. Bu obyektlərin minimal ölçüsü, minimal sürəti və yerdən minimal uçuş hündürlüyü var. RLS-lərin proqramı da elə qurulub ki, bu minimal xarakteristikalardan aşağı göstəricilərə malik olan uçan obyektləri aşkar etmirlər. Yeri gəlmişkən, 1987-ci ildə Matias Rust öz yüngül təyyarsində məhz aşağıdan uçduğu üçün radarlara düşmədən Moskvaya səmasına daxil olaraq, Qızıl meydanda enə bilmişdi. Elə bu səbəblərdən də köhnə HHM sistemləri PUA və dronları aşkar edə bilmirlər (əgər RLS-i yenilənməyibsə).

Təyyarəni vurmaq üçün o RLS-in təsir radiusuna düşməlidir. Bundan sonra təyyarə RLS tərəfindən izlənir və raketin çatma radiusuna (bu radius RLS-in təsir radiusundan kiçik olur) girəndə BQ ona atəş açır. Lakin təyyarə RLS-in təsir radiusuna daxil olmaya və ondan kənardan raket ata bilər. Bu halda raket RLS-in təsir radiusuna düşməli və BQ onu vurmalıdır.

Hücum edən tərəf üçün təyyarənin bomba daşıması daha sərfəlidir, çünki bomba həm ucuz başa gəlir və həm də daha çox daşımaq mümkün olduğundan bir uçuşa çox hədəfləri vurmaq olur. Lakin bombalardan istifadə etmək üçün HHM sistemlərini zərərsizləşdirmək lazımdır. Bombadan müqayisəolunmaz dərəcədə baha olan raketlər isə təyyarənin qanadları altına bağlanır. Sayı məhdud olur. 200 km-dən artıq məsafədə yerləşən hədəflər üçün təyyarə 2 raketdən artıq götürə bilmir. Yəni yalnız 2 raket atmaq üçün təyyarə çox bahalı uçuş etməidir. Uçuş məsafəsi uzaqdırsa, əməliyyat daha da bahalı olur.

Müdafiə olunan tərəf üçün təyyarəni vurmaq daha sərfəlidir, çünki həm təyyarə raketdən qat-qat bahadır, həm də onun vurulması raket daşıyıcılarının sayını azaldır. Üstəlik pilot da ələ keçirilə bilər.

Buna görə də müharibəyə hazırlaşan tərəflər bir-birinin aviasiya, raket, HHM sistemlərinin texniki xarakteristikalarını dəqiq öyrənməyə çalışırlar. Çünki hərbi əməliyyatın planı bu xarakteristikaların necə olmasından asılıdır.

2024-cü il aviahücumu zamanı İsrail İranın S-300-lərinin 4-nü də məhv etdi. Bunu necə etdi? Axı məntiqlə S-300-lər təyyarəni vura bilmsələr də raketləri vurmalı idilər.

Hücumun planı göstərdi ki, İsrail İranın S-300-lərinin yerləşmə koordinatlarını və hansı modifikasiyadan RLS və BQ-lərinin olduğunu dəqiq bilirdi. İsrail aviahücumun 1-ci dalğasında F-35-lərdən istifadə etdi. Stells texnologiyası ilə hazırlanmış F-35-i S-300-ün RLS-i, demək olar ki, görmür: bəzi rakurslarda radara düşür, lakin etibarlı izləməni təmin etmir. Daha etibarlı izləmə üçün təyyarə eyni zamanda bir neçə S-300 RLS-inin təsir dairəsinə düşməlidir. Cəmi 4 S-300-ü olan İran üçün isə bu mümkün deyildi. Amma İsrail heç bu riski də etmədi. F-35-lər S-300-ün təsir radiusuna girmədən hədəfə aeroballistik raketlərlə atəş açdılar. Bunlar məlum ABŞ raketləri idi, lakin yenilikcə modifikasiya olunmuş və təsir məsafəsi 500-600 km-ə çatdırılmışdı. Bu xarakteristikasına görə təyyarə S-300-dən 200 km arada qalmaqla İranın 400 km-dən dərinliyində olan obyektləri vura bilər.

S-300-ün təyyarələri niyə vura bilmədiyi aydın oldu. Bəs raketləri niyə vura bilmədi?

Burada isə HHM sistemlərilə bağlı ikinci vacib məsələ ortaya çıxır. HHM sistemləri üçün 1-ci vacib məsələ onların texniki xarakteristikalarıdırsa, 2-ci vacib məsələ onların yerləşmə sxemləridir. HHM sistemləri eşelonlaşdırılmalı və elə yerləşdirilməlidirlər ki, RLS-lərinin təsir radiusləri kəsişsin. İran belə etməmişdi. Bəlkə də bu HHM sistemlərinin azlığından baş vermişdi.

Eşelonlaşdırılma. Döyüşdə hansısa HHM sistemi düşmən tərəfindən məhv eilə bilər. Əgər ondan arxa zolaqda növbəti HHMsistemi yoxdursa, bütün düşmən təyyarələri yaranmış boşuqdan dəhliz kimi istifadə edib, ökənin içinə daxil ola birlər.

RLS-lərinin təsir radiusların kəsişməsi. Köhnə HHM sistemlərində "kor zona" deyilən zona var – bu RLS-in düz üstü boyu kiçik radiusda silindrik zonadır. RLS-in radarları fırlanır və radar ətrafında 360-də bütün uyğun uçan obyektləri aşkar edir, lakin radarların ortasında qalan zona (dairə) izlənmir. Çünki köhnə RLS-lər hazırlanan zaman dəqiq həmin "kor zona"dan vura bilən silah yox idi.

İsrailin istifadə etdiyi aeroballistik idarəolunan raketlər əvvəl RLS-in təsir radiusundan (hündürlüyündən) yuxarı qalxır, RLS-in üstünə çatdıqda isə "kor zona" üzrə şaquli istiqamətdə sürətlə düşərək, S-300-ləri məhv etmişdi. Yuxarıda yazdığım kimi, qonşu RLS-lərin radiusları kəsişdirilsəyi, "kor zona" qalmazdı.

S-400 müasir tələblərə uyğun hazırlanıb: onda "kor zona" yoxdur, stells texnologiyası ilə hazırlanan obyektləri görür (Suriyada Xmeymim bazasından ABŞ-ın F35-ləri daim izlənirdi), RLS-nin və BQ (12-dək sayda olur) raketlərinin təsir radiusu daha böyükdür. 2024-cü ildə İsrailin aviahücumunun davam etməməsi – 2-ci və 3-cü dalğa təyyarələrinin əməliyyatı icra etmədən geri dönməsi məhz Suriyada yerləşdirilmiş S-400-lərlə bağlı idi. F-35-lər radarlara düşdüyü bildikləri üçün risk etməyərək, əməliyyatı dayandırmışdılar.

Bu hadisə 2024-cü ilin 26 oktyabrında baş verdi. İsrail-ABŞ “duet”i anladı ki, Suriyanın HHM sistemləri sıradan çıxarılmayınca İrana hücum baş tutmayacaq... Həmin ilin dekabrında Suriyada Əsəd devrildi və İsrail onun bütün HHM sistemlərini bombardman etdi. ABŞ-ın təzyiqi ilə Türkiyəyə də icazə verilmədi ki, Suriyada yeni HHM sistemləri quraşdırsın. Çünki İrana yeni hücum planı hazırlanırdı.

Göründüyü kimi, İran 26 oktyabr hadisəsindən dərs çıxartmamışdı. 12 günlük müharibədə də İsrail eyni planla və texnika ilə hərəkət etdi. Yeganə fərq onda idi ki, əməliyyata başlamazdan əvvəl ölkə daxilində diversiyalar edərək, qərb sərhədi boyu yerləşdirilmiş HHM sistemlərinin xeyli hissəsini sıradan çıxartmışdı. Bu da İsrail aviasiyasının işini asanlaşdırmışdı.

İran mütləq S-400-lər almalı idi. 19 iyunda Putin jurnalistlərə müsahibəsində bildirdi ki, biz İrana S-400-ü, həmçinin HHM sistemlərinin birgə istehsalını təşkil etməyi təklif etmişdik, onlar imtina etdilər. İran heç Çindən də yeni HHM sistemləri almamışdı. Özündə olan Çin istehsallı HQ-7 sisteminin texniki xarakteristikaları bu müharibə üçün heç yaramırdı (raketinin uçuş məsafəsi – 12 km-dək, hündürlüyü – 5 km-dək). Belə arxayınlığın səbəbi mənə aydın deyil – xüsusən də, 26 oktyabr hadisəsindən sonra. İndi mətbuat yazır ki, İran Rusiyadan S-400-lər, Çindən HQ-16-lar almaq üçün danışıqlar aparır.

Rusiya, ənənəvi olaraq, HHM sistemlərinin hazırlanması və yerləşmə sxeminin təşkilində öndə gedən ölkə sayılır. Çünki ABŞ-dan fərqli olaraq, onun ətrafında hücum texnologiyaları güclü olan düşmənləri olub, buna görə də həmişə təyyarə-raket hücumlarına hazır olmağa məcbur olub. Ukrayna müharibəsi də göstərdi ki, Rusiyanın HHM sistemləri və bu sahədə mütəxəssisləri effektiv və operativ işləyirlər. Qərb Ukrayna müharibəsində özünün ən yaxşı və ən bahalı raketlərindən (ATACAMS, Storm Shadow / SCALP, Himars və s.) istifadə etdi. Rusiya qısa müddətdə onları 90% zərərsizləşdirməyə nail oldu.

İran bu təcrübəni də öyrənməlidir. Məntiqlə İran mütəxəssisləri müharibə zonasına getməli və HHM sistemlərini, onların yerləşmə və işləmə sxemlərini real döyüş şəraitində öyrənməli idilər. Belə unikal fürsətdən niyə istifadə etməyiblər? Koreya Xalq Demokratik Respublikası üçün İran qədər təhlükə olmasa da onlar Rusiya təcrübəsini, həmçinin onlar üçün də eyni olan düşmənin hərbi taktikalarını öyrənirlər.

Ardı var...

Asif Şəfəqqətov

Globkom.info