Əvvəli burada
https://globkom.info/butun-xeberler/12-gunluk-muharibeden-iran-hansi-sehvlerini-nezerden-kecirmelidir

2-ci səhv mövzusuna keçməzdən əvvəl keçən yazıda unutduğum bir detalı da əlavə etmək istəyirəm. 
2015-ci ildə Obamanın prezidentlik dövründə İranla 5+1 ölkələri (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa + Almaniya) arasında nüvə razılaşması imzalandı. Razılaşma şərtlərindən biri də İranın zənginləşdirdiyi uranı ölkə xaricində saxlaması idi. Əvəzində İrana tətbiq edilmiş sanksiyalar yavaş-yavaş götürülməli və İran həmçinin neft ixracını tədricən tam bərpa etməli idi.
2018-ci ildə Trampın 1-ci prezidentliyi dövründə ABŞ bu razılaşmadan çıxdı və İrana qarşı sanksiyaları daha da sərtləşdirdi. Əvəzində İran razılaşma üzrə üzərinə götürdüyü öhdəliklərin ikisindən imtina etdi. Bunlardan biri də zənginləşdirilmiş uranın xaricdə saxlanması idi.
Nüvə proqramı üzrə yeni İran-ABŞ danışıqları 12 apreldə başladı. İran ümid edirdi ki, ABŞ-la 2015-ci il şərtləri ilə yenidən razılığa gələ biləcək. İran sanksiyaların götürülməsi müqabilində 20%-dən yuxarı zənginləşdirilmiş uranını xaricdə saxlamağa, razılaşmadan sonra belə yüksək zənginləşdirməni dayandırmağa razı idi. Hətta danışıqların 2-ci raundundan sonra ABŞ danışıqlar qrupunun rəhbəri Stiv Uitkof buna razılığını bildirmişdi. Lakin Uitkofun sözlərinddən 2 gün sonra Tramp bəyan etdi ki, o, İrandan 0% zəngiləşdirmə tələb edir, yəni bu texnologiya İranda tamamilə ləğv edilməlidir.
İran danışıqlarda güzəştə getdikcə ABŞ tələblərini daha da sərtləşdirməkdə davam etdi. Sanki ABŞ bəhanə axtarırdı ki, İran danışıqlardan imtina etsin. Ya da ABŞ-ın ən ağır şərtlərini qəbul etsin, başqa sözlə, nüvə proqramından tam imtina etsin. Danışıqların 6-cı (sonuncu) raundu 15 iyuna təyin edilmişdi. Buna görə də İran müharibənin 15 iyundan sonra başlayacağını gözləyirdi. Həmin günə qədər ABŞ və İsrailin açıq-aşkar müharibə hazırlığını danışıqlarda İranın ABŞ şərtlərini qəbul etməsi üçün təzyiq kimi qəbul edirdi.
Müharibə isə 12 iyunda başladı...
Müharibə zamanı əvvəlki razılaşmanın Avropalı tərəfləri (Britaniya, Fransa, Almaniya) müharibədə guya iştirak etmədikləri üçün İran onlarla nüvə razılşamasını davam etdirməyə cəhdlər göstərdi. 20 iyunda İranın XİN-i Abbas Əraqçi həmin ölkələrin, həmçinin Aİ-nin xarici işlər nazirləri ilə Cenevrədə danışıqlar apardı. İran zənginləşdirilmiş uranını Fransada saxlamağa razı idi, lakin Avropa Trampın tələblərini təkrarladı (təkcə nüvə proqramı üzrə yox, digər tələblərini də). Sanki 1-ci nüvə razılaşmasının aqibəti İran üçün dərs olmamışdı. Ümid edirdi ki, Avropa ilə ABŞ-dan fərql şərtlərlə razılığa gələ biləcək.
Maraqlı da bu idi ki, İranın əsas nüvə obyektləri ABŞ tərəfindən bombalananadək Əraqçı 1-ci razılaşmada tərəflər olan Rusiya və Çinə getmədi. Hərçənd Rusiya müharibədən əvvəl (İran-ABŞ danışıqları dövründə) bir neçə dəfə bildirmişdi ki, İran zənginləşdirilmiş uranı Rusiyada saxlaya bilər. Çinin belə bəyanatına KİV-də rast gəlməmişəm. Əraqçi Rusiyaya 23 iyunda– əli hər yerdən üzüləndən sonra getdi.
Nəzərə alsaq ki, İranın Buşer AES-ində Rusiyanın 200-dən çox mütəxəssisi çalışır (yəqin ki, başqa nüvə obyektlərində də var) və Rusiya anti-Qərb mövqeyindədir, zənginləşdirilmiş uranı, məncə, orada saxlamaq daha düzgün olardı. İstənilən Avropa ölkəsində saxlanan zənginləşdirilmiş uran ABŞ-ın nəzarətinə keçəcəkdi. Onu da qeyd edim ki, 2018-ci ildən sonra İranın nüvə proqramının beynəlxalq sanksiyalara məruz qalmasına mane olan məhz Rusiya və Çin olub.
Əlbəttə, Rusiyanın da öz maraqları var, amma İran Qərb və anti-Qərb maraqlarını qarşı-qarşıya qoymaq imkanından istifadə etmədi.
P.S. İranın nüvə proqramı, uranın zənginləşdirilməsi prosesi, niyə 2015-ci il nüvə razılaşmasının imzalanması və dayandırılması haqda ayrıca bir yazı planlaşdırıram deyə bu məsələlərin mahiyyətinə getmirəm.
Asif Şəfəqqətov

Foto: Buşer AES