
Təyyarələr
Şah devriləndən sonra İranda 400-dən çox o dövr üçün müasir olan (əsasən, ABŞ) istehsalı hərbi təyyarə var idi. İran-İraq müharibəsində İran 200-dən çox təyyarə itirdi. 1988-ci ildə İran SSRİ-dən 36 ədəd “MiQ-29”, 30 ədəd “Su-24”, Çindən 24 ədəd “F-7” (Miq-21-in analoqu) aldı. 1991-ci ildə ABŞ İraqa qarşı müharibəyə başlayanda onlarla İraq hərbi təyyarəsi (əsasən, SSRİ istehsalı) bombalanmamaq üçün İrana uçdu. Müharibə başa çatandan sonra İran təyyarələri 1980-1988-ci müharibəsinə görə təzminat hesab edərək, Səddama qaytarmadı.
İran ABŞ sanksiyaları altında olduğundan o təyyarələr üçün ehtiyat hissələri və texniki xidməti ala bilmirdi. Buna görə də onillər ərzində təyyarələrin çoxu ya sıradan çıxır, ya da başqa təyyarələr üçün donor kimi istifadə edilirdilər. Beləliklə, İsraillə müharibəyə başlayanda İranın 12 hərbi aviabazasında 25 hərbi eskadrilyası var idi (köməkçi hərbi aviasiyanı nəzərə almıram). Hərbi döyüş təyyarələrinin sayı dəqiq bilinməsə də 300-dən çox deyildi. Ekspertlərin fikrinə görə, ən yaxşı halda Qərb təyyarələrinin 60%-i, Sovet və Çin təyyarələrinin 80%-i döyüş qabiliyyətlidir.
2024-cü ilin dekabrından İran Rusiyadan 4++ nəslinə aid 4 ədəd “Su-35C” təyyarəsi də alıb.
İsrail ilə savaşda İranın çox təyyarəsini sıradan çıxara bilmədi. Bəzi görüntülərdə hansısa təyyarələrin vurulduğunu görmək olardı, amma onlar mulyaj (aldadıcı maket) və ya donor (yararsız) təyyarələr də ola bilərdilər. Çünki İran təyyarələrini ya bomba əleyhinə anqarlarda gizlətmişdi, ya da bəzi məlumatlara görə Pakistana göndərmişdi.
Bəs niyə İran müharibədə hərbi aviasiyasını işlətmədi? Bu suala dəqiq cavabı bilmirəm, amma ehtimallarım bunlardır:
Hərbi təyyarələrin bir neçə təyinatı var:
-
- Düşmən ərazisini və ya yerüstü texnikasını bombalamaq;
- Düşmən təyyarələri ilə hava döyüşü aparmaq;
- HHM sisteminin bir elementi kimi çıxış etmək.
1-ci hala baxmayaq, çünki müharibə İran ərazisində gedirdi.
2-ci hal üçün də əsas yox idi – İsrail təyyarələri İran ərazisinə girmirdi. Hətta girsəydilər də köhnə İran təyyarələri “F-35”-lərə qarşı çox asan “ov” olacaqdılar. Bu nahaq yerə təyyarələri qurban vermək olardı. Həm də müasir HHM sistemləri o qədər mükəmməldir ki, təyyarələr, bir qayda olaraq, HHM sistemi məhv edilməmiş ərazilərə girmirlər.
Ukraynada 3 ildən çoxdur müharibə gedir, tərəflər 300-dən çox təyyarə itiriblər, lakin indiyədək bir dəfə də II Dünya Müharibəsindəki kimi təyyarələr arasında hava döyüşü olmayıb. Həm Rusiya, həm də Ukrayna təyyarələri düşmən tərəfin HHM sisteminin təsir radiusuna girməyərək, raket atırlar. Rusiya təyyarələri eyni qayda ilə həmçinin raketlərdən ucuz olan süzən aviabombalar atırlar (bu bombalar 20-60 km məsafəyə süzərək hədəfə düşürlər). Ukrayna təyyarələrinin çoxu müharibənin ilk günü aerodromlarda Rusiya qırıcıları tərəfindən məhv edildi. Sonra bütün Şərqi Avropa ölkələri arsenallarında olan Sovet təyyarələrini Ukraynaya verdilər. Lakin bu təyyarələrin, həmçinin Rusiya təyyarələrinin hamısı HHM sistemləri vasitəsilə vuruldu.
3-cü hal günümüzdəki Ukraynada tətbiq olunur. Qərb Ukraynaya 30-dan çox istismar müddəti keçmiş “F-16” verib. Ukrayna onlardan döyüşlərdə istifadə etmir, çünki HHM-lər üçün asan hədəflərdir. Onlardan Rusiya raketləri və PUA-larının vurulması üçün istifadə edir. Çünki “Patriot” antiraketləri həm bahadır, həm də tükənmək üzrədir. “F-16” isə onları daha ucuz raketlərlə və ya iri çaplı pulemyotlarla (PUA-ları) vura bilər. Nadir hallarda onlardan Rusiya obyektlərinə uzaqdan hava-yer raketlərinin atılmasında istifadə edilir.
Həmçinin Ukrayna ona görə 3-cü haldan istifadə edir ki, HHM sistemlərində ya qurğu, ya da sursat çatışmazlığı var. İranın kifayət qədər sursatı var idi, lakin müharibənin ilk günü diversiya nəticəsində qurğu çatışmazlığı baş verdi. Məntiqlə təyyarələrini bu məqsədlə istifadə edə bilərdi, amma görünür, belə əməliyyatlar üçün hazırlıqsız olub.
Yuxarıda yazdıqlarıma əsasən “Niyə İran “Su-35”-lərdən istifadə etmədi?” sualına da cavab vermək olar – bu təyyarələri risk altına atmaq üçün ciddi əsas yox idi. Həm də ehtimal edirəm ki, “Su-35”-lər Buşer AES-i yaxınlığında onları qorumaq üçün saxlanılmışdı. Həm də ona görə belə düşünürəm ki, son məlumatlara görə İranda 1 ədəd “S-400” olub – təyinatı Buşer AES-i qorumaq olub (müharibə başlayanda orada 200-dən artıq rusiyalı mütəxəssis var idi).
Vəziyyəti qiymətləndirəndən bu suala cavab verək: İrana təyyarəyə ehtiyacı nə qədər təcilidir?
Yuxarıda qeyd etdiyim kimi, hətta HHM sistemi zəifləmiş İranın hava məkanına belə ABŞ-ın ən müasir təyyarələri girə bilmədilər. Yəni İrana hava döyüşü aparmaq üçün Çindən və Rusiyadan təcili ən müasir döyüş təyyarələri almağa zərurət yoxdur. Onsuz da nə Rusiya “Su-35”-lərlə (daha yaxşı olar ki, “Su-57” – o “F-35”-lə müqayisə oluna bilər), nə də Çin eyni nəsil təyyarələrlə İranı təcili təmin edə bilməz – bunun üçün azı bir neçə il tələb olunacaq.
İran bu təyyarələrdən İsrailə zərbə endirmək üçün də istifadə edə bilməyəcək. Belə ki,
- Çünki bunun üçün ona əlavə olaraq aviatankerlərlər də almaq lazımdır. İsrailə qarşı klassik aviahücuma azı 100 təyyarə göndərməlidir, bu halda İrana 20-yə yaxın aviatanker lazım olacaq. Aviatankerlər isə kütləvi istehsal olunmurlar. Bunun üçün də illərlə gözləməli olacaq.
- Hətta bu da məsələni həll etmir. Aviatanker İran-İsrail marşrutunun üstündəki hansısa aviabazada yerləşməlidir. İranın isə belə bazası yoxdur.
- Üstəlik İran təyyarələrinin İsrailə doğru uçması üçün marşrut üstünə düşən ölkələr ona hava məkanından yol verməlidirlər – bu da mümkün deyil.
Nəticə:
- İranın qısa müddətdə müasir təyyarələr alması həm mümkünsüz, həm də faydasız görünür. Onların alınması üzrə müqavilələri indi bağlamalıdır ki, növbəti 5 ildə aviaparkını yeniləyə bilsin
- İran üçün yaxın perspektivdə HHM və REM sistemlərini yeniləmək daha aktualdır.
Nə qədər ki, İran HHM və REM sistemlərinin etibarlılığını artırmayıb, İsrail və ABŞ-ın növbəti aviahücumu üçün pəncərə açıqdır.
Sadəcə, İsrail də bu müharibədə böyük texniki itkilər verib. O da öz aviaparkını, HHM və REM sistemlərini yeniləməli və təkmilləşdirməlidir.
Xülasə, İran müdafiə və hücum (raket) sistemlərini İsraildən tez yeniləyə bilsə, İsrailin yeni aviahücumu olmayacaq. Əksinə olsa - yeni aviahücum labüddür. Bir sözlə, kim vaxtdan düzgün istifadə etsə, qalib odur.
Asif Şəfəqqətov
Globkom.info