
Əvvəli burada
İranın İsrail ilə 12 günlük müharibədə 2-ci ən böyük səhvi (nöqsanı) təhlükəsizlik sisteminin yarıtmazlığı idi.
Son illər İranda bir çox terror hadisəsi baş verdi: 3 yanvar 2024-cü ildə Qasım Süleymaninin anım günündə Kermanda onun məzarını ziyarətə gələn izdiham arasında bomba partladılması nəticəsində 100-dən artıq adam öldü və 200-dən artıq adam yaralandı; İran nüvə fizikləri Ərdəşir Həsənpur (15.01.2007), Məsud Əli Məhəmmədi (12.01.2010), Fereydun Abbasi Davani (29.11.2010), Mustafa Əhmədi Rouşan (11.01.2012), Möhsün Fəxrizadən (29.11.2020) və HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə (31.05.2024) terrorla öldürüldü; yalnız 2025-ci ilin ilk 5 ayında İranın strateji obyektlərində 5 iri partlayış oldu.
Hamı bilir ki, Mossad terror əməliyyatlarının təşkilində mahirdir. Adı çəkilən xüsusi qurum son 10 ayda Hizbullah rəhbərliyinin böyük əksəriyyətini terrorla məhv etdi. Mossadın Livanda həyata keçirtdiyi və mindən artıq adamın öldüyü və xəsarət aldığı peycer terroru hamının yadındadır. İsrailin İranı 1 N-li düşmən sayması da heç kimə sirr deyil.
Rusiyada da bir neçə yeni terror nümunəsi oldu: Moskvada "Krokus Siti Holl" konsert salonunda kütləvi terror hadisəsi baş verdi (22.03.2024) – bu və başqa fərdi terror hadisələrinin çoxu miqrantlar tərəfindən həyata keçirilirdi; Rusiyanın strateji aviasiyasına ölkə daxilindən indiyədək görünməmiş metodla dron hücumu həyata keçirildi (01.06.2025); əksər terror və diversiya əməllərini xarici ölkələrin xüsusi xidmətləri sosial platformalar üzərindən idarə edirdilər.
Düşünmək olardı ki, az qala müharibə şəraitində olan İranın təhlükəsizlik xidmətləri bütün bu hadisələrdən dərslər çıxaracaqlar. Amma 12 iyun hadisələri göstərdi ki, heç bir dərs çıxarılmayıb.
İran daxilindən dron-raket hücumları Rusiyadakı əməliyyatın analoqu idi. Bu əməliyyatları həyata keçirənlərin əksəriyyəti Əfqanıstan miqrantları idi. Onlar ABŞ-ın Əfqanıstanda qurduğu hökumətlə vaxtilə əməkdaşlıq etmiş, Taliban hakimiyyətə qayıdandan sonra cəzadan qorxaraq, İranda sığınacaq tapmış şəxslər idi. Belə miqrantlar İranda 4 milyondan çoxdur. Bəlkə də hələ Əfqanıstanda olarkən Qərb xüsusi xidmətləri ilə əməkdaşlığa başlayıblar. Onların böyük əksəriyyəti kasıb və savadsızdırlar. $200-300-ə istənilən riskə getməyə hazırdırlar.
Məntiqlə, İran xüsusi xidmətləri bütün Əfqanıstan miqrantlarını yaxşıca araşdırmalı idi, xüsusən də Rusiyada baş verən terrorlardan sonra – amma bunu etməmişdi. Rusiya dron hücumundan sonra bütün yük avtomobilləri nəzarətə götürülməli, gömrük məntəqələrində nəzarət gücləndirilməli, strateji obyektlərin azı 30 km radiusunda hər şübhəli obyekt yoxlanmalı idi – belə görünür ki, edilməmişdi. Bütün nüvə fizikləri və ordu rəhbərlikləri ilə bağlı da eyni mühafizə tədbirləri görülməli idi – bu da həyata keçirilmədi.
Müharibə göstərdi ki, İran İsrail ərazisində 1 diversiya da həyata keçirə bilmədi (və ya bizə məlum olmadı). Belə çıxır ki, İran xüsusi xidmətləri İsrail ərazisində də heç bir iş görməyiblər.
Bəs onda onlar nə işlə məşğul olublar?
12 günlük müharibədə İran ən ağır zərbəni 1-ci gün aldı. Müharibə boyu öldürülən ordu komandanlarının və nüvə fiziklərinin ~90%-i, HHM və raket buraxma sistemlərin xeyli hissəsi 1-ci gün öldürüldü. Bu itkilər olmasaydı, İran İsrailin aviahücumlarından daha yaxşı müdafiə oluna, İsrailə daha yaxşı cavab verə bilərdi.
Bu səhvdən hansı dərslər çıxarılmalıdır?
- Azı Rusiya nümunəsini ciddi öyrənməlidir. Ukrayna müharibəsi başlayanda Rusiyada ictimai və siyasi təhlükəsizlik İrandan qat-qat pis idi, ərazisi də İrandan dəfələrlə böyükdür. Bütün Qərbin kəşfiyyat xidmətləri Rusiyaya diqqətini qat-qat artırıblar. Lakin Rusiyanın 3 ildən çox bir müddətdə xarici agenturadan aldığı zərbə İranın 12 gündə aldığından az olub. Bu haqda ayrıca yazacam deyə detallara getmirəm.
- Xüsusi xidmətlərdə elektron kəşfiyyat və əks-kəşfiyyat geniş tətbiq edilməli, bütün sosial şəbəkələr nəzarətə götürülməlidir.
- Miqrantlar və miqrasiya məsələlərində ciddi intizam yaradılmalı, biometriya tətbiq edilməlidir.
- Gömrük xidmətində rüşvətxorluğa qarşı ciddi və amansız mübarizə aparılmalıdır və s.
Nəzərə almaq lazımdır ki, müharibədə məqsədlərinə çata bilməyən və İranın təhlükəsizlik sisteminin zəifliyini görən Qərb terror və diversiya əməliyyatlarını daha da gücləndirəcək.
Ardı var...
Asif Şəfəqqətov
Globkom.info