İran-İsrail müharibəsindən sonra bir qrup insan səylə iddia edir ki, "İran qələbə qazanmadı". Əla! Gəlin, birlikdə analiz edək.

Müharibədə mütləq var olan iki şey var: tərəflər və məqsədlər. Məqsədsiz müharibə olmur. Heç bir ölkə "bekarçılıqdır, gəl güc güləşdirək" deyərək müharibə etmir. Məsələn, ABŞ-İraq müharibəsində Səddam hakimiyyətini devirmək, Çeçenistan-Rusiya müharibəsində Çeçenistanı müstəqil dövlət etmək, Azərbaycan-Ermənistan müharibəsində isə Azərbaycanın öz torpaqlarını azad etmək məqsədi qoyulmuşdu qarşıya. İndi burada ortaya sual çıxır: müharibənin qalibini müəyyən edən şey nədir? Cavab çox sadədir: məqsədə çatmaq.

Misallardan davam edək: ABŞ-İraq müharibəsinin qalibi kim idi? Şübhəsiz ki, ABŞ. Çünki qarşıya qoyulan məqsəd yerinə yetirildi - Səddam Hüseyn iqtidarına son qoyuldu. Bəs Çeçenistan-Rusiya müharibəsi? Şübhəsiz ki, Rusiya. Çünki Çeçenistan qarşısına qoyduğu məqsədə çata bilmədi və Rusiyanın tərkibində qaldı. Azərbaycan-Ermənistan müharibəsinin də qalibi Azərbaycan oldu. Çünki qarşıya qoyulan məqsəd yerinə yetirildi və Qarabağ düşməndən azad olundu. Bəs qalibi müəyyən etmədə itki və zərər nəzərə alınırmı? Əsla! Məsələn, heç kim demir ki, "İkinci Dünya Müharibəsində SSRİ milyonlarla əsgər və zabit itirdi, buna görə məğlubdur". Bunu demək axmaqlıq olardı. Yaxud, heç kim demir ki, "İkinci Qarabağ Müharibəsində Ermənistan Gəncə və Bərdəni raketlə vurdu, ona görə qalibdir". Bunu demək mümkün deyil, çünki Qarabağı azad etmək məqsədinə Azərbaycan çatıb. Bu zaman yüzlərlə əsgər itirilsə də, böyük ölçüdə infrastruktur zədələnsə də, məqsədə çatan tərəf qalibdir. Ümid edirəm ki, bura qədər aydın oldu.

İndi qayıdaq İran-İsrail müharibəsinə. Bu müharibənin məqsədi nə idi? Bu müharibədə qarşıya qoyulan təməl 2 təməl məqsəd var idi:

1. İranda hakimiyyəti dəyişmək.

2. İranın uranın zənginləşdirmə proqramını dayandırmaq.

Sual: Bu məqsədlərə çatıldı? Xeyr! Nə İranda hakimiyyət dəyişildi, nə də İran uran zənginləşdirmə proqramından çəkildi. Bəli, İranın 20-dən çox generalı, 10-dan çox alimi öldürüldü, bəs məqsədə çatıldımı? Xeyr! Bu halda İran müharibəni 100 %-lik qələbə ilə bitirdi. İranın nüvə obyektlərini vurmaq məsələsi də tamamilə fiasko idi və heç bir nəticə vermədi. İran tərəfi açıq aşkar isbat etdi ki, hücumdan əvvəl həmin məkanlar köçürülüb. ABŞ-ın zərbəsindən 1 gün sonra həmin yerlərə İsrailin zərbə vurması isə göstərdi ki, heç ABŞ-ın zərbəsindən boş obyektlərə belə ciddi zədə dəyməyib.

Əl qərəz, bu müharibənin qalibi açıq formada İrandır, çünki İsrail-ABŞ ittifaqı qarşıya qoyulan heç bir məqsədə çata bilmədən atəşkəsə razı oldu.

Generalların ölümü və hərbi obyektlərə dəyən zədə əsasında "İran qalib gəlmədi" deyənlər isə, sadəcə, özlərini təsəlli edirlər.

Ziya Balıyev

Globkom.info