İmkanınız olanda biriniz mənə o "Dünya şöhrətli" sözünün nə olduğunu izah edərsiz. Əlbətta, mənasını bilirəm, sadəcə ölçüsünü, miqyasını, enini, uzununu, çəkisini, həcmini bilmək istəyirəm. Bilmək istəyirəm ki, uydurduğunuz həmin adı bu adam harda və nə vaxt qazanıb? Bilmək istəyirəm ki, adam harda və nə vaxt hansı məşhur zalı, arenanı doldurub? Agah olmaq istəyirəm ki, adam ölkə hüdudlarından kənarda hansı irimiqyaslı beynəlxalq tədbirin açılışına dəvət alıb?

Baş açmıram, bu adam Bob Marlidir? Alen Delondur? Da Vinçidir, Salvador Dalidir, ya Tesladır? Yoxsa Pavarottidir, Co Dassendir? Peledir, ya Maradonadır? Bəlkə Ronaldudur, Messidir? Adamın ağlına ən azından 1000 insanın adı gəlir. Ordan-burdan yazıram. Niyə şişirdirsiz? Niyə qəbul etmirsiz ki, bu adam sadəcə Alim Qasımovdur. Muğam ifaçısı. Ən yaxşı muğam ifaçılarından, ən gözəl xanəndələrdən biri. Adam evində nəvəsinə, nəticəsində laylay da oxuya bilər, rep də (heç onun dediyi rep də deyildi) deyə bilər, tullanar da, qaçar da, çətin, gülünc vəziyyətə də düşə bilər. Nə olsun?

Axı sən niyə onu gözündə bu qədər böyüdürsən ki, bir səhv görəndə də belə döyükəsən?!

Çox qəribə xalqıq. Bilmirəm, bu görməmişlikdir, ya dünyaya inteqrasiya olunmaq çətinliyi? Baxın, əgər bu gün dünyanın ən məşhur reperlərindən biri, deyək elə Kendrik Lamar götürüb bir parça muğam oxusa, dərhal özümüzdən gedəcəyik. Sevinib deyəcəyik ki, o qara gədə bizim muğamı (özü də bizim muğamı e?!) nə gözəl oxudu. Gördün, özü də Seyyid Əzimdən dedi e… İnanın, günlərlə, aylarla, illərlə özümüzə gələ bilməyəcəyik, bu söhbəti çeynəyib cürüdəcəyik, toyda, yasda bu cürümüş söhbəti bir-birimizə danışacağıq, usanmayacağıq.

Amma vaymandır ki, Alim Qasımov (başaqsı da olar) hansısa bir səhnədə, ya evinin bir küncündə azacıq rep oxuyub sosial şəbəkəyə yerləşdirsin, qan düşəcək… Dərhal hamımız "Altın yıldızlar" tumanımızı başımıza çəkib (bu "Kelvin Klayn" brendi də ola bilər) şüvən salacağıq, "yaraşdırmadım" deyəcəyik, 'özünə, adına-sanına dəyər vermədi" deyib kükrəyəcəyik.

Hər iki tərəfə istənilən arqumenti gətirə bilərəm. Çox anlaşılmaz, qəribə xasiyyətimiz var.

Hə, məqam düşmüşkən, mövzudan uzaq olsa da, inteqrasiyadan söhbət düşən çağı onu deyim ki, dünyaya tək bir şeydə - pozğunluqda qəşşşəng inteqrasiya etmişik.

Bütün bu arqumentlərə rəğmən onu da deyim ki, Alim Qasımov bütün hallarda səhv edir. Çünki sən gözəl bilirsən harda yaşayırsan, sən gözəl bilirsən ki hansı xalqın içindən çıxmısan, sən gözəl bilirsən ki, bu xalqın səndən gözlədiyi hansı janrdır, umduğu muğamdır. Bir də hərdən lovğa sözlər. Bu xalq istəyir ki, sənin barədə əfsanələr uydursun desin ki, Alim Qasımov heç kimə baş əymədi... Özün yaratmısan bu şəraiti, əfsanələrə özün yol açmısan. İndi də adama deyərlər, otur muğamını oxu, zəhmət çək, hər addımına fikir ver. Sənin dediyin repi mən də deyə bilirəm, özü də səndən də yaxşı. Sən sadə xalqın içindən çıxmısan, qaqulik deyilsən, ağır otur, batman gəl. Buna sən məhkumsan. Çünki muğam oxuyarkən ekstaza varıb ilahi məqama çatdığını özün ağzından buraxmısan. İndi də zəhmət çək, tempi saxla...

Ən gülüncü də qələm adamlarının Alimə irad tutmasıdır. Yadınızda saxlayın, Alim sizə hələ irad tutmayıb. Onun sizə irad tuta biləcəyi sacadı da yoxdur. Amma nəzərə alın, siz də o deyilsiz və sizin rep dediyiniz yerlər gözdən-könüldən uzaq yerlərdir.

...Və Alim ən azından heç bir klinikaya balta atmayıb, sadəcə azca şənlənib.

...Və ədəb-ərkan məsələlərində Alim hazırki şou-biznesdəki adamlardan deyil... Bunun özü ən böyük şərtdir.

"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində belə bir epizod var. Qoyunları içəri salıb darvazanın arxasını bağlayarkən arvadı Cəbrayıla(Frunzik Mkrtçyan) yaxınlaşır və onu öz qohumu olan idmançı, komsomolçu bir qızı başqa kişi üçün qaçırmağı təşkil etdiyinə görə məzəmmət edir. Bu zaman hardansa Balbes (Yuri Nikulin) peyda olur və əlindəki qarpız dilimini gəmirə-gəmirə qızın komsomolçu olduğunun heç bir əhəmiyyət kəsb etmədiyinə işarət vurub Cəbrayılın arvadına deyir:

- Qonşu rayonda bir oğlan hətta partiya üzvünü götürüb qaçıb...

İndi Valbesin sözü olmasın, siz də nəyi qoyub nəyi axtarırsız. Deyirsiz muğam ustadı hara, rep hara? A kişi, bir molla tanıyırdım, onun idarə etdiyi yas məclislərində gülməmək üçün özümü güclə idarə edirdim, dil-dodağımı gəmirirdim. Bu adam "Yasin"i rep üstündə oxuyurdu. Təkbirlər zamanı səs-səsə verən kişilər bek-vokal oxuyan qızlara bənzəyirdilər. Təsəvvür edirsiz? Orda adam özünü saxlaya bilər? Heç o mollaya bir kəlmə söz deyən yox idi. Siz də yapışmısız Alimin yaxasından...

 Sarvan Kərimov

Globkom.info