Bu gün dünyaca məşhur inqilabçı, Kubanın siyasi və dövlət xadimi, “Azadlıq adası”nda partizan müharibəsi hərəkatının avanqardı, komandante, Ernesto Çe Gevaranın doğum günüdür. Qərb mətbuatı əfsanəvi inqilabçının qüdrətini və bütün dünya gənclərinə təsirinə görə onu bəzən Kuba İnqilabının və yeni dövrün seks simvolu da hesab edirlər. Rəsmi məlumatlarla (onun daha neçə ölkələrdə inqilabi mübarizə aparmasıyla bağlı arxivlər qapalıdır) görə Ernesto Çe Gevara Qvatemalada, Meksikada (hər iki ölkədə daha çox təşviqatçı, təbliğatçı və zəhmətkeşlərə yarmı ilə seçilib), Kubada, Konqoda, Boliviyada ABŞ və Avropa imperializminə qarşı savaşıb. Komandante 8 oktyabr 1967-ci ildə Boliviyada Kebrada del Yuro dərəsi uğrunda gedən döyüşlərdə əsir götürülür, bir gün sonra isə Mərkəzi Kəşfiyyat İdarəsi ilə Boliviya hökümətinin ortaq qərarına əsasən güllələnir.Onun cəsədi Boliviyanın Valyeqrande qəsəbəsində nümayiş etdirilir. Bununla Rene Baryentes iqtidarı ölkəsindəki sol düşüncəli insanları və kəndliləri gözünü qorxutmağı düşünsə də, bu mümkün olmadı. Əksinə Ernesti Çe Gevaranı Boliviya başda olmaqla bütün Latın Amerikası müqəddəsləşdirdi. Güllələnməsindən bir neçə dəqiqə əvvəl onu əsir götürən əsgərlərdən biri soruşur: Özünün ölməzliyin barədə düşünürsənmi? Çe qısa və lokanik cavab verir: “Mən inqilabın ölməzliyi barədə düşünürəm!”

Komandante Ernesto Çe Gevaranın tarixə damğasını vuracaq məşhur aforizmlərini təqdim edirik:

  • Çox şeyə nail olmaq üçün hər şeyini itirməlisən;
  • Mən xilaskar deyiləm. Xilaskarlar mövcud deyil. İnsanlar ayağa qalxaraq özlərini xilas etməlidirlər;
  • İnqilabdan sonra fəaliyyətləri inqilabçılar görmür. Bu işi texnokratlar ilə bürokratlar edir. Onlar isə əksinqilabçılardır;
  • Mənim məğlubiyyətim qələbənin mümkünsüz olmayacağı anlamına gəlməməlidir. Everest zirvəsinə çatmaq üçün çoxları uğursuzluğa düçar oldu, amma sonda Everest fəth edildi;
  • Susmaq - mübarizəni başqa yollarla davam etdirməkdir;
  • Əgər hər haqsızlığa görə hiddətlə titrəyirsənsə, deməli mənim yoldaşımsan;
  • Dostların olmaması kədərlidir, amma düşmənlərin olmaması daha da kədərlidir;
  • Qəddar liderləri ancaq daha da qəddar liderlər əvəz edə bilər;
  • Realist olun, mümkünsüzlükləri tələb edin;
  • İnqilab alma deyil ki, yetişərkən yerə düşsün. Onu düşməyə məcbur etməlisiz

ABDULLA İSMAYILOĞLU

Globkom.info