İsrail-İran silahlı qarşıdurmasında atəşkəs elan olundu. Müharibə sonu tərəflərin bravadalarını, pafoslu bəyanatlarını və hər cür informasiya küyünü bir kənara qoyub, 12 günlük müharibənin nəticələri haqda nə demək olar?

Müharibəni kim başladı?

Bu vacib sualdır. Çünki başlayan tərəf müharibə yolu ilə hansısa məqsədlərinə çatmağı planlaşdırır. Müharibəni İsrail başladı. İsrail müharibəni ABŞ və Birləşmiş Krallıq (Böyük Britaniya) ilə birgə planlaşdırmaqla və onların birbaşa dəstəyi ilə apardı (özləri də etiraf ediblər).

İsrailin və müttəfiqlərinin məqsədləri nə idi?

İsrailin əvvəl bəyan etdiyi məqsəd:

  1. İranın nüvə proqramını tam sıfırlamaq.
  2. İsrailin 2 gün sonra bəyan etdiyi məqsəd:İranda mövcud rejimi devirmək

 

ABŞ-ın məqsədləri.

Bildiyimiz kimi, ABŞ diplomatik (danışıqlar) yolla nail ola bilmədiyini müharibə yolu ilə əldə etməyə çalışan bir dövlətdir. Buna görə də İsrail-İran müharibəsində ABŞ-ın məqsədlərini bilmək üçün onun İranla danışıqlarda hansı tələblər irəli sürdüyünə və danışıqlarda bunlara nail ola bilmədiyinə baxaq:

  • İran uranın zənginləşdiriməsindən tam imtina etməlidir;
  • İran raket arsenalını və istehsalını məhv etməlidir;
  • İran proksilərinin maliyyələşdirilməsini dayandırmalıdır

Böyük Britaniya məqsədlərini açıq bəyan etməyib. Həmişəki kimi, rəsmi Londonun oyunu heç kimə tam aydın olmur. O ABŞ-İsrail blokunun tərəfində olsa da, məqsədləri tam başqa ola bilər. Şəxsi qənaətimə görə, Dumanlı Albionun  məqsədi:

  • İsrail-İran müharibəsinin dayandırmamaq, ona getdikcə başqa ölkələri cəlb etməklə daha da genişləndirmək, ABŞ-ı bu müharibədə zəiflətmək, İsraili yox etmək və ya ona yaxınlaşdırmaq, Yaxın Şərqi “qan çanağına” və radikal islam cəhənnəminə döndərmək idi.

Kim hansı məqsədə çatdı?

İsrailin İranın nüvə proqramını tam sıfırlamaq və ABŞ-ın İran uranın zənginləşdiriməsindən tam imtina etməlidir məqsədləri yaxın olsa da, fərqlidirlər. Beləki, uranın zənginləşdirilməsi texnologiyasından imtinanı nəzərdə tuturdu – yəni İran AES-lər tikə və istismar edə bilərdi, tibbi texnologiyalarda və elmi tədqiqatlarda zənginləşdirilmiş urandan istifadə edə bilərdi, lakin uran İranda zənginləşdirilməməli idi, onu başqa ölkələrdən almalı idi. Rəsmi Tel-Əviv isə İranın nüvə proqramının tam ləğv olunmasını tələb edirdi – heç AES də tikə bilməzdi. Göründüyü kimi, nə İsrail, nə də ABŞ bu məqsədlərinə çatmadılar.

İsrail sonradan ortaya atdığı - İranda mövcud rejimi devirmək məqsədinə nəinki çata bilmədilər, əksinə, rejim əleyhdarlarının, Qərbə az-çox inananların da əksəriyyəti klerikal iqtidarın tərəfdarlarına çevrildilər.

“Ağ Ev”in İran raket arsenalını və istehsalını məhv etməlidir məqsədinə də çatmadılar – müharibə təsdiq etdi ki, İran raket texnologiyalarını daha da təkmilləşdirməlidir. İran İsrailə yalnız raketlər hesabına ziyan vura bildi və bu ziyan İsrailin tarix boyu görmədiyi qədər ağır oldu. Müharibə raket bazaları və qurğuları üzrə İranın zəif yerlərini də üzə çıxartdı və yəqin ki, bu qiymətli təcrübə nəzərə alınacaq.

İran proksilərinin maliyyələşdirilməsini dayandırmalıdır tələbi üzrə də ABŞ məqsədinə, demək olar ki, çata bilmədi. İran proksilərini maliyyələşdirməmək üzrə heç bir öhdəlik götürməyib və ya onu buna məcbur edə bilməyiblər. Yeganə çətinlik müharibədən sonrakı İranın iqtisadi çətinlikləri ola bilər. Amma bütün çətinliklərinə baxmayaraq, İranın proksilərdən imtina edəcəyinə inandırıcı deyil. Çünki bu müharibə sübut etdi ki, Suriya proksilərini itirmək İran üçün çox baha başa gəldi.

Rəsmi Londonun da məqsədi reallaşmadı. Amma Britaniya imperiyasının bundan sonra sakit duracağını gözləmək də sadəlövlük olardı.

12 günlük silahlı qarşıdurmada kim qazandı?

* İsrail qazanmadı, çünki:

* Heç bir məqsədinə çata bilmədi;

* İranı təhlükə hesab edirdisə, bu təhlükə aradan qaldırılmadı, əksinə, bu təhlükə daha da artdı;

* Öz şəhərləri indiyədək görünməmiş dağıntılara məruz qaldı;

* Dünya ictimaiyyətində nüfuzuna böyük zərbə dəydi;

* Yaxın Şərq ölkələri anladılar ki, raket və HHM texnologiyalarını və təchizatlarını inkişaf etdirməlidirlər;

* “İsrailə zərbə endirmək olmaz” psixoloji baryeri aradan qaldırıldı;

* “İsrail istənilən ölkəyə cəzasız hərbi zərbələr endirə bilər, çünki o heç bir əks-zərbədən qorxmur – etibarlı “Dəmir qübbə”si var” inamı həm yəhudilər, həm də ətraf xalqlar üçün puç oldu;

* Böyük iqtisadi itkilərə məruz qaldı, lakin əvəzində heç bir iqtisadi qazanc əldə etmədi.

İran qismən qazandı, beləki:

- Düşmənləri məqsədlərinə çata bilmədilər;

- Düşmənlərini azı 1 il müddətinə neytrallaşdıra bildi;

- Ölkə daxilində müəyyən birliyə nail ola bildi;

- Rejimin güclü sosial dayağının olmaması barədə Qərbdə geniş yayılmış inam puç oldu;

- Qərblə dil tapmaq barədə müəyyən ümidlər yoxa çıxdı və siyasi oriyentirini qəti müəyyənləşdirdi;

- Xarici kəşfiyyat ağentlərindən əhəmiyyətli dərəcədə təmizləndi və bu proses davam edəcək;

- Regionda siyasi və hərbi nüfuzu artdı, anti-İsrail və anti-Qərb təmayüllü qüvvələrin mayakına çevrildi;

- Böyük iqtisadi itkilərə məruz qaldı, lakin əvəzində heç bir iqtisadi qazanc əldə etmədi.

ABŞ qismən qazandı, çünki:

* Heç bir məqsədinə çata bilmədi;

* Müharibədə son sözü deyən tərəf kimi özünü təsdiqlədi;

* Böyük xərcə girdi, lakin əvəzində heç bir qazanc əldə etmədi.

Düşünürəm ki, ABŞ-ın taktiki qazancları, strateji olaraq ona böyük ziyan gətirəcək. Artıq heç bir ölkə ABŞ-a etibar etmir, onunla danışıqlar aparmağın mənasız olduğunu bilir (danışıqlarda iştirak edənlərin öldürülməsinə sevinən prezidentin ölkəsinə münasibət necə olmalıdır ki?!), sözünə əməl edəcəyinə heç kim inanmır, heç bir əsas olmadan ölkənə hücum etməyəcəyinə heç bir təminat yoxdur. Bütün bunlar ölkələrin ABŞ-a alternativ güc mərkəz(lər)ində birləşməsinə səbəb olacaq.

Böyük Britaniya hələlik heç nə qazanmadı, amma heç nə də itirmədi. Britaniya uzun müddətə işləyir, onun oyunu hələ bitməyib.

Ardı var...

Asif Şəfəqqətov

Globkom.info