İndi, demək olar ki, bütün ölkələrin Konstitusiyalarında insanların təhsil hüququ təsbit olunub. Yəni dövlətlər vətəndaşlarına pulsuz orta təhsil verməyə nəinki təminat verirlər, hətta onu almağa vətəndaşlarını məcbur edirlər. Elmi ədəbiyyatda izah edilir ki, təhsil hüququnu zəhmətkeşlər mübarizə nəticəsində əldə ediblər. Məncə, bu tam da belə deyil.

Çünki insanların heç də hamısı təhsilə maraq göstərmir. Kütləvi savadlanmanın başlandığı vaxtlarda isə əhalinin əksəriyyəti bunu istəmirdi. Elə Azərbaycanda kütləvi savadlanmanın necə zorla aparıldığı çoxlarına yaxşı məlumdur. Sabirin “Oxutmuram, əl çəkin!” şeirini xatırlayın. Belə çıxır ki, kütləvi savadlanma əhalinin yox, dövlətin tələbi olub. Niyə?

Feodalizm dövrünə baxaq. Bu dövrdə əhalinin 80-90%-i savadsız idi. Çox kəndlərdə heç 1 nəfər də savadlı (yazı yaza və oxuya bilən) adam olmazdı, məktub yazmaq üçün qonşu kənddə yaşayan mirzənin (ala-babat yaza bilən adam) yanına gedərdilər. Niyə feodalizmdə insanlar belə savadsız idilər? Çünki feodal dövründə əhalinin mütləq əksəriyyəti ekstensiv kənd təsərrüfatında çalışırdı. İqtisadiyyatın bu sahəsində iş metodları onillərlə dəyişmirdi, insanlar nəsillərlə eyni metodlarla işləyir, istehsal vərdişləri nəsildən nəsilə ötürülürdü. Belə həyat tərzi üçün savada, elmə ehtiyac yox idi. Savada yalnız şəhər mühitində saraylarda və ya saraylarla əlaqəsi olan başqa təsisatlarda və ya adamlarda ehtiyac yaranırdı.

XVII əsrdən etibarən kapitalizm “boy atmağa” başladı. Kapitalistlər fabrik və zavodlar tikdilər. Bu müəssisələrdə insanlar dədə-babadan qalma metodlarla və vərdişlərlə işləyə bilməzdilər, onlar dəzgahlarda işləmək üçün təlim almalı idilər. Fəhlə minimum savada malik olmalı, dəzgahların texniki xarakteristikalarını, iş təlimatlarını, dəzgahlara qulluq sənədlərini oxuya bilməli idi. Zavodlarda iş prosesi, texnika və texnologiya rəqabətin təsiri altında tez-tez dəyişirdi. Feodalizmdə iş metodları və əmək vasitələri onillərlə dəyişmirdisə, kapitalizmdə bir nəsildə onlar bir neçə dəfə dəyişə bilərdi. Deməli, fəhlə yeniliyi öyrənməyə daim hazır olmalı idi. Bütün bunlar üçün isə minimum savad tələb olunur. Zavod və fabriklərin sayı artdıqca savadlı əhaliyə tələbat da artırdı. Beləliklə, ibtidai savada (ibtidai məktəbə) tələb yarandı. Yəni belə məktəblərin yaranmasını kapitalist istəyirdi, savadlı fəhlə onun üçün çox vacib resurs idi. Buna görə də ilk məktəbləri kapitalistlər yaradır və öz fəhlələrinin uşaqlarına təhsil verirdilər.

Eyni zamanda zavod və fabrikləri tikmək, avadanlıq və dəzgahları layihələndirmək, onların istismarına nəzarət etmək üçün daha yüksək təhsilli adamlara da tələbat artmağa başladı. Bu isə texniki təhsil verən universitetlərin sayının sürətlə artmasına səbəb oldu. Əvvəl bu universitetlərdə tələbələrin təhsilini ya valideynləri, ya da kapitalistlər maliyyəşdirirdilər.

Burjua inqilablarından sonra hakimiyyət kapitalistlərin əlinə keçdi. Aydındır ki, orta və ali təhsil xərcləri kapitalist üçün böyük əlavə xərclərdir. Buna görə də kapitalistlər bu xərcləri dövlətin öhdəsinə verdilər. Bununla həm xərclərinə qənaət etdilər, həm də iş yerinə iddia edə biləcək fəhlə və mütəxəssislərin sayının artmasına nail oldular. İddiaçıların sayı artdıqda isə onların əməyinin qiyməti aşağı düşür. Beləliklə, dövlətlər vətəndaşlarının təhsil hüququna təminat verdi.

İndi bütün dövlətlərin konstitusiyalarında bu hüquq qeyd olunub. Lakin onun təmin olunması dövlətdən dövlətə farqlidir. Hansı dövlətdə kapitalist ukladı (sənayeləşmə) güclüdürsə, orada dövlət əhalinin təhsil hüququnun təmin olunmasına ciddi yanaşır, hansı dövlətdə kapitalist ukladı zəifdirsə – əksinə, orada təhsil formal xarakter daşıyır. Çünki hakimiyyət zümrəsi üçün əhalinin təhsili zəruri deyil, artıq yükdür. Yeri gəlmişkən, ABŞ-da orta təhsil səviyyəsinin aşağı düşməsi də bununla bağlıdır – ABŞ ötən əsrin 70-ci illərindən sənayesizləşməkdə davam edir.

Əhali sayının artmasına dövlətin göstərdiyi qayğı da bununla bağlı idi. Sənaye inkişaf etdikcə daha çox fəhləyə ehtiyac duyulurdu. XIX əsrin sonlarında – XX əsrin əvvəllərində Qərbdə, həmçinin Sovetlərin ilk illərində feminizm hərəkatının vüsət alması da bununla bağlı idi – işçi sayını artırmağa ehtiyac var idi. Şərqdə feminizm ona görə özünə “pasport” ala bilmədi ki, orada sənayeləşmə yox dərəcəsində idi.

Ölkədə sənayeləşmə səviyyəsi aşağı düşdükcə, əhali sayının artmasına tələbat da azalır. Bu halda, əksinə, əhali sayının artması hakimiyyət üçün böyük risklər yaradır. Buna görə də dövlətlər əhali sayının azalmasında maraqlı olurlar. XX əsrin əvvəllərindən fərqli olaraq, 70-ci illərdən etibarən feminizm hərəkatını yenidən gücləndirənlərin məqsədi artıq başqa idi – bununla onlar ailə institutunu dağıtmaq və əhali sayını azaltmaq istəyirdilər.

Yuxarıda yazdıqlarımdan hansı proqnozlar çıxartmaq olar?

1. Sənayesini itirən və ya itirməkdə olan Qərb bütün əhali üçün təhsilin və elmin inkişaf etdirilməsində maraqlı deyil. Keyfiyyətli təhsil və elm yalnız elitar təbəqə üçün qalmalı, əhali isə minimum savada malik olmalıdır. Hakimiyyət üçün savadlı əhali həmişə təhlükə yaradır. Amma biznesin savadlı əhaliyə ehtiyacı varsa, bu riskə dözməyə, onun neytrallaşdırılması üçün əlavə xərclərə getməyə məcburdur. Əksinə, biznesin savadlı əhaliyə ehtiyacı yoxdursa, niyə hakimiyyət özü üçün risk kütləsini artırmalı, üstəlik bunun üçün əlavə xərc çəkməlidir?

2. Sənayeləşmə səviyyəsi azaldıqca və ya fəhlələr robotlarla əvəz edildikcə biznesin əhali artımına marağı azalır. Deməli, Qərb (xüsusən) əhali sayının azaldılması texnologiyalarının, proqramlarının, ideologiyalarının “istehsal edilməsinində” və ixracında maraqlı olacaq.

Bir sözlə anlamalıyıq ki, Qərb 2 destruktiv ideologiyanın lideri olmaqda davam edəcək:

- əhalinin savadsızlaşdırılması,

- əhalinin sayının azaldılması.

Bu ideologiyalar müxtəlif gözəl, gözoxşayan “qutularda” dünyaya ixrac ediləcək (edilir). Çox vaxt onların mahiyyəti əvvəlcədən anlaşılmayacaq və bir neçə nəsil sonra başa düşüləcək. Buna görə də cəmiyyətlər indidən istənilən Qərb ideologiyasından üz döndərməli, onlara alternativlər axtarmalıdırlar.

Asif Şəfəqqətov