Saleh Səmədov həmyerlimdir. Ancaq onu çox yaxından tanıdığımı desəm, yalan olar. Gənclik illərində üz-üzə gələndə salamlaşmışıq. Gülərüz, xoşrəftar biriydi. Məndən 5 yaş böyükdür. Ancaq sonralar mən onun yalnız sorağını, daha doğrusu, hansısa dövlət vəzifələrində çalışdığını, varlı-hallı adama çevrildiyini, Saleh müəllim olduğunu eşitdim.

Vəzifəyə keçmiş dostlar, tanışar, qohumlar, həmyerlilərlə münaisibət saxlamaq şakərim olmadığından bundan sonra Saleh Səmədovla heç bir əlaqəm olmayıb. Amma uzaqdan-uzağa YAP üzvü, icra başçısının müavini, Ağsaqqallar Şurasının sədri, deputatlığa namizəd, sahibkar olduğunu eşitmişəm.

Son hadisə ilə bağlı onu deyə bilərəm ki, 9 may Qələbə günündə İmişlinin Sarıxanlı kəndində Saleh Səmədovun rəhbərliyi altında keçirilən tədbirdə SSRİ bayrağının qaldırılması, onun özünün yaxasına Georgi lenti taxması məni təəccübləndirdi. Yəni Səmədov bunu özbaşınamı edib? Uzun illər dövlət strukturlarında çalışan, YAP üzvü, Ağsaqqallar Şurasının sədri olan təcrübəli və ağsaqqal bir adam necə ola bilər ki, belə bir səhv buraxsın?

Bu hadisə bir neçə il qabaq olsaydı, bəlkə də, təəccüb və bu qədər rezonans doğurmazdı. Amma indiki həssas, gərgin, Rusiya ilə Azərbaycan arasında soyuqluq, ən azından informasiya qarşıdurması yarandığı bir məqamda belə bir addım atmaq haqlı olaraq qınağa səbəb olur.

Bəziləri, eyni zamanda Saleh Səmədov özü iddia edir ki, burada qeyri-adi heç nə yoxdur. SSRİ bizim keçmiş vətənimiz, tariximizdir. Faşizm üzərində qələbə də həmin bayraq altında qazanılıb və o qələbədə bizim, yəni Azərbaycan xalqının da ciddi payı var. O baxımdan həmin gün o bayrağın hər hansı tədbirdə dalğalanması da süngü ilə qarşılanmamlıdır. Eyni zamanda, bizdə müxtəlif vaxtlarda və müxtəlif tədbirlərdə Türkiyə, Pakistan, Avropa İttifaqı bayraqlarının dalğalanması heç bir kəskin reaksiyaya səbəb olmayıb.

Belə baxanda, məntiqli görünür. Ancaq bir şeyi nəzərə almalıyıq. Dediyim kimi, əgər o bayraq və lenta sadəcə tarixi keçmişimizin, faşizm üzərində qələbəmizin rəmzləri olsaydı, burada heç bir qəbahət olmazdı.

Məsələ burasındadır ki, həmin atributlar həm də imperiya rəmzləridir. Rusiyanın imperialist və şovinizt dairlələri imperiyanı məhz həmin atributlar altında bərba etməyə çağırışlar edirlər.

Onlar bu çağırışları edərkən artıq müstəqil olan dövlətlərin suverenliyini də şübhə altına almaqdan çəkinməyən bəyanatlar səsləndirirlər.

Görün işi hara çatdırdılar ki, Rusiya ilə normal münasibətləri hər zaman dəstəkləyən hörmətli cənab Prezident İlham Əliyev dəfələrlə edilən israrlı dəvətlərə baxmayaraq, Moskva paradına qatılmadı.

Deməli, məsələ kifayət qədər ciddidir və elə bir mərhələyə çatıb ki, hər bir Azərbaycan vətəndaşı, xüsusilə də dövlət rəsmisi Rusiya ilə münasibətlərimizə yenidən baxmalı və diqqətli olmalıdır.

Onlar bizim mülki təyyarəmizi vurur, vətəndaşlarımızı öldürür, bu barədə lazımi araşdırma aparmır, xüsusi xidmət orqanları bizim KİV-ə qarşı kiber hücumlar təşkil edir, deputatımızı nümayişkaranə şəkildə deportasiya edir, hələ bundan sonra Prezidentimizə də dəvət göndərirlər ki, gəlin paradda iştirak edin. Bu hərəkətlər, əlbəttə ki, Azərbaycanın suverenliyinə, dövlətlərarası münasibətlərə hörmətsizlikdir.

Əgər Rusiya Federasiyası ortaq tariximizə, qələbəmizə, ortaq rəmzlərə hörmət istəyirsə, özü də müəyyən məsələlərdə diqqətli olmalı, bizi xoş niyyətinə inandırmalıdır. Yoxsa hörmət, sevgi, simpatiya birtərəfli olmur. Biz artıq müstəqil dövlətik, kimsənin əlavəsi olmaq istəmirik və olmayacağıq da.

İmişlidə baş verən hadisə siyasi səbatsızlığın, səriştəsizliyin, təcrübəsizliyin, hətta ucuz populizmin nəticəsi də ola bilər.

Ancaq gərək olmamaydı...

Nadir Qocabəli

Globkom.info