Məndən Tofiq Yaqublu haqqında fikir bildirməyimi istəyirlər. Hətta Tofiq Yaqublunun azadlığa buraxılması üçün Prezidentə müraciət ünvanlandı, mənim də bu müraciəti imzalamağımı istədilər, imzalamadım. Çünki Tofiq Yaqublunun həbsinin dəqiq səbəbi mənə məlum deyil. Amma onun barədə haqqında fikirlərimi bildirə bilərəm.Nə düşünürəmsə, onu yazıram, istəyirsiniz mənə yaltaq deyin, istəyirsiniz lap nə deyirsiz deyin. Öz fikirlərimi deməkdə sərbəstəm.

Məni qınayanlara sual verirəm:

"Siz, doğrudan, elə düşünürsünüz ki, Tofiq Yaqublu hökumət üçün təhlükədir?"

Hər bu sualım üzərində dərindən düşünsün və pafossuz səmimi cavab versin.

Mən isə fikrimi daha geniş açıqlayım.

Çox yaxşı bilirsiniz ki, Tofiq Yaqublu heç bir təhlükə deyil, hökumətə də zərrə problem yarada bilməz. Çünki Tofiq Yaqublunu nəinki dünyada, nəinki Azərbaycanın bölgələrində, heç Bakının özündə belə düz-əməlli tanımırlar.

Elə danışırsınız, elə bil Tofiq Yaqublunun minlərlə, on minlərlə, yüz minlərlə, milyonlarla tərəfdarı var və iqtidar üçün böyük siyasi təhlükədir. Axı belə olmadığını çox yaxşı bilirsiniz.

Məsələn, günü sabah Tofiq Yaqublu azad edilsə, o da yenidən etiraz aksiyası keçirsə, heç kim o aksiyada iştirak etməyəcək.Belə təhlükə olur? Kimi aldadırsınız?

Axı, Tofiq Yaqublunun hansı ciddi təhlükə sayılacaq fəaliyyəti olub? Mən elə bir şey xatırlamıram. Siz xatırlayırsınızsa buyurun?

İndiyə kimi də o, neçə dəfə həbs olunub, saxlanılıb, azad edilib.

İndiyə kimi neçə dəfə aclıq aksiyası edib, həmişə də deyiblər ki, "bu gün öləcək, sabah öləcək". Amma ölməyib. Heç ölməsin də. Sözümün canı o deyil.

Sözüm odur ki, hazırda müxalif cəbhədə iqtidara təhlükə yarada biləcək bircə nəfər də yoxdur.

Əminəm ki, bütün bunları siz məndən də yaxşı bilirsiniz.

Bugünkü reallıqda Azərbaycan hökumətinin verdiyi səhv qərarlardan başqa düşməni ola bilməz. Bəli, Azərbaycan hökumətinin düşməni ancaq öz səhv qərarları, uğursuz addımları ola bilər.

Həə..., mən belə düşünürəm. Yaltaqlıq etdimsə, üzrlü sayın, amma bilirəm ki, siz də belə düşünürsünüz, amma yaltaq deyilsiniz.

Ulucay Akif

Globkom.info