
Son zamanlar hakimiyyətə qarşı loyallığımı bir qədər artırmağım (əslində 2000-ci ildən bu yana beləyəm), müxalifəti daha çox ifşa etməyim (bunu da 25 ildən çoxdur edirəm) bəzilərinizdə elə təəssürat yarada bilər ki, guya bunların müqabilində kimlərdənsə nəsə alıram, yaxud artıq mənə iş veriblər və normal məvaciblə təmin olunmuşam.
Tofiq Yaqublunun “aclıq aksiyası” haqqında ilk dəfə yazanda məni təhqir edənlərlə yanaşı artıq çörək bişirib-bişirmədiyimi soruşanlar, “yallandığımı” yazanlar da oldu. Elə bu yazını yazmağımın səbəblərindən biri də budur.
Millət, bilin və agah olun: Hələ də heç bir yerdə işləmir, heç bir yerdən paket filan da almıram. Çörək bişirməyi də dayandırmışam, çünki həll etməyə qadir olmadığım problemlər var.
Əvvəla, qazpulunu ödəyə bilmirəm, ordan-burdan mənə yazıb qorxudanlar var ki, qaz idarəsi kommersiya sayğacı tələb edəcək. Doğrudur, qaz istismarı haqda qanunda yazılıb ki, bundan ötrü gərək saatda 10 kub işlədəsən. Mənsə heç sutkada o qədər işlətmirdim. Ancaq məsələ burasındadır ki, mən adi məişət sayğacı ilə belə qazpulunu çatdıra bilmirəm.
İkincisi, müştəri qıtlığı var və gündə 7-10 arası çörəyə görə, kürəni yandırmağa dəymir. Odunum da qurtardı və onu da bildirim ki, odunla kürə işlətmək it zülmüdür. Bəlkə də normal gəlir olsa, bu zülmə dözmək olar, ancaq indiki halda sadəcə donkixotluqdur. Digər tərəfdən, heç odun da yoxdur, satın almaq istəsən də, bahadır. O zaman sual edə bilərsiniz ki, bəs nəylə dolanıram? 17 ay heç bir yerdə işləmədən necə yaşamaq və sağ qalmaq olar? Bu elə Qubad İbadoğlunun şəriki Fazil Qasımov kimi 200 gün ac qalmağa bərabərdir. Ancaq fantastik aclıq aksiyaları ilə gündəm yaratmağa çalışan müxalifətdən fərqli olaraq mən necə dolandığımı sizə izah edəcəyəm. Şükür ki, oğlum işləyir və az da olsa, maaşı var. İkincisi, şükür ki, anam və bacılarım var və hər ay mənə pul, ərzaq göndərir, gətirirlər. Qayınlarım daim yardım əli uzadır, qaynanam tez-tez ərzaq, yemək göndərir. Dördüncüsü də, sadiq və qədirbilən dostlar müəyyən köməklik göstərir, bank kartıma xırda da olsa müəyyən məbləğlər atırlar. Bir də son vaxtlar bir-iki kiçik redaktə-korrektura işlərim oldu. Bu 17 ayda ailəmin və özümün sağ qalmağında, şərəf və ləyaqətimizi qorumağımızda rolu olan bütün dostlara və qohumlara buradan öz dərin təşəkkürümü bildirirəm. Var olun, dostlar! Dar günümdə edilən bu yaxşılıqları heç vaxt unutmayacağam. Ancaq yardımla, ianə ilə yaşamaq, bilirsiniz ki, həm insanı üzür, həm də normal yaşayışını təmin etmir. Biz demək olar ki, həkimə, dərziyə, bərbərə getmirik. Evə əşya almırıq. Pal-paltara uşaqlar və yoldaşım ən minimal vəsait sərf edirlər. Mən iki ildir heç corab da almıram. Usta işlətmirik, toya, nişana, qonaqlığa getmirik. Dərmana da minimum xərcləyir, ucuz şeylər alırıq. Qida rasionumuz AL və İran marketlərindən aldığımız ucuz, endirimli ərzaqlarla məhdudlaşır. Meyvə-tərəvəzi xeyli azaltmışıq. Axşamlar yemək yemirik. Ət, balıq almırıq. Ən çox makarondan, qatıqdan, kartof-soğandan, toyuq ətindən, yumurtadan, zavod çörəyindən, ucuz marqarindən, ucuz günəbaxan yağından, şordan, ucuz pendirdən istifadə edirik.
Keçirəm digər məsələyə. Bu yaxınlarda müxalif trollar mənə yazdılar ki, sənin kimisi elə acından ölsə yaxşıdır. Yəni ki, bu hakimiyyətə yaltaqlananın aqibəti elə səninki kimi olsa yaxşıdır. Ancaq mənim də həmin adamlara sualım var: hakimiyyəti tənqid etsəm, daha yaxşı yaşamaq şansım varmı? Ümumiyyətlə, bu ölkədə hakimiyyəti tənqid edənlər yaxşı yaşayır, yoxsa etməyənlər?
Mənim qənaətimə görə, həm tərifçilər, həm də tənqidçilər arasında yaxşı və pis yaşayanlar var ki, ikincilər hər iki tərəfdə çoxluqdadır.
Yəni, yaxşı yaşamaq heç də tam olaraq hakimiyyəti tərifləməkdən asılı deyil, bunu bilmək lazımdır. O qədər yaltaq var ki, indiyədək heç nəyin yiyəsi deyil. Başqa bir məsələ isə odur ki, yaltaqlıq əsas etibarilə xarakterə bağlı bir şeydir. Məndəsə belə bir xarakter yoxdur. Varlı-karlı, vəzifəli adamın etdiyi isə yaltaqlıq deyil, çünki onun necə deyərlər, “yalı” var. Odur ki, onunku özünüqoruma instinkti, yaxud taktikadır. Bunları qarışdırmayın.
Mənim davranışlarıma, mövqeyimə gəldikdə isə, bunu yaltaqlıq yox, reallıqlardan doğan obyektivlik adlandırsanız, daha doğru olar. Bu dünyada hər şey nisbidir və bütün həqiqətlər müqayisədə ortaya çıxır. Biz stəkanın dolu tərəfini də görə bilərik, boş tərəfini də. Mənim iqtidar və müxalifət haqqında dediklərimdə, yaxud yazdıqlarımda heç bir yalan, saxtakarlıq yoxdur. Heç vaxt da olmayıb. Bütün yazdıqlarımın arxasındayam və istənilən sualı da cavablandırmağa hər zaman hazıram. Həyat özü də bir siyasətdir və insana yaşamaq üçün hökmən bir istinad nöqtəsi lazımdır. İndi gəlin fikirləşək: sadə bir azərbaycanlı yaşamaq, sağ qalmaq ölməmək üçün haradan yapışmalıdır? Qərbdən və onun müxalifətindənmi? Rusiyadan, İrandan və Türkiyədənmi? Hansısa dini sektalardanmı? Yoxsa elə İlham Əliyevdən və onun başçılıq etdiyi hökumətdənmi? Mən sonuncunu seçmişəm. Hətta işsiz qalmağıma, çətinliklə yaşamağıma rəğmən.
Sadaladıqlarımla müqayisədə İlham Əliyevi və onun hökumətini özümə daha yaxın, etibarlı, güvənli sayıram. Çünki onlar mənim soydaşlarım, həmvətənlərim, xalqımın, millətimin övladlarıdır. Onları daha təhlükəsiz hesab edirəm. Çünki canları canımdan, qanları qanımdandır. Ətimi yeyərlər, amma sümüyümü atmazlar. Dindən, imandan, namusdan, qeyrətdən, kişilikdən anlayışları var. Ən əsası da odur ki, azərbaycanlıdırlar.
Belə olduğu halda niyə stəkanın dolu tərəfinə baxıb, dərk etdiyim doğruları deməyim? Niyə müsbətləri qoyub, mənfilərdən danışım? Həm də bunun kimə xeyri var axı?! Mənə yoxdur. Xalqıma da yoxdur. Ziyanı isə çoxdur. Çünki əlində külli imkan olan adamları daha da qəzəbləndirir, sonunu daha da sürətləndirirsən.
Ancaq müsbətləri desən, qiymətləndirsən (onlarsa var), ümid var ki, daha yaxşı şeylər olar. Axı, onlar da insandır, onlar da gecə-gündüz çalışır, əziyyət çəkir, nəsə etmək istəyirlər. Bir də ki, hamısı eyni deyil axı. Hər yerdə pislərlə yanaşı, yaxşılar da var və onların arasında daim mübarizə gedir. Bəlkə, yaxşılara dəstək vermək lazımdır? Məncə, lazımdır və faydalı olan da budur.
Mən, İlham Əliyevi və Mehriban Əliyevanı yaxşılardan sayıram. Əsas ona görə ki, hər ikisi yaxşı və nəcib ailədəndirlər. Əslləri, nəcabətləri var. Böyük nəsilləri təmsil edirlər. Bunu bütün dünya bilir və qiymətləndirir.
Mən BDU-nun filologiya fakültəsində oxuyanda vaxtilə dekan olmuş mərhum Mircəlal Paşayev haqqında ancaq müsbət fikirlər eşitdim. Hamı onu tərifləyir, filfaka onun kimi dekan gəlmədiyini deyirdi. Bizə klassik ədəbiyyatdan seminar aparan Nərgiz xanım Paşayevaya hamı hörmətlə “Mircəlal müəllimin nəvəsi” deyirdi. Heydər Əliyevin Azərbaycanın ən böyük siyasi xadimi olmasıyla yanaşı yaxşı insan, ailə başçısı, dostluğa, yoldaşlığa, ədəbiyyata, mədəniyyətə, sənət adamlarına yüksək qiymət verən şəxsiyyət olduğunu beş-altı nanəcib adamdan başqa heç kəs danmır. İlham Əliyev də onun tərbiyəsini görüb. Əziz Əliyev kimi babası olub. İnsan acından ölsə də, gərək bunları danmasın. Çünki bu, göydə günəşi danmaq kimi bir şey olardı.
Həyata geniş baxanda hər şeyin iki başı, müsbət və mənfi tərəfləri, dolu və boş hissəsi var. Məsələn, Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ savaşında böyük zəfərə imza atdı. Əlbəttə, biz itkilər də verdik. Ancaq böyük Qələbəni görməzdən gəlib, daim itkilərdən danışmaq, təbii ki, bədxahlıqdır. Hazırda Qarabağda böyük quruculuq işləri gedir. Görülən işlərin miqyasına, sürətinə, keyfiyyətinə, görüntüsünə baxanda adam heyran olmaya bilmir. Ancaq bütün bunları görməzdən gəlib, yalnız hansısa əyintilərdən danışmaq, korrupsiya elementləri eşələmək doğru olmamaqla yanaşı, həm də faydasızdır. Təbii ki, qüsurları ört-basdır etmək olmaz və biz Prezidentin bunlara qarşı mübarizə apardığını, vaxtaşırı yoxlamalar keçirildiyini, hətta həbslər olduğunu görürük. Ancaq etiraf etmək lazımdır ki, bütün bunlar görülən böyük işlərə kölgə salmamalıdır. Heç kəs iqtidarın birmənalı pis olduğunu iddia edə bilməz. Hakimiyyət birmənalı və yekcins deyil. Onun da tərkibində elə müxalifət düşərgəsində, xalq arasında olduğu kimi yaxşılar və pislər var. Hakimiyyətdə hətta Prezidentin yaxşı işlərinə kölgə salmaq, onu xalqın gözündən salmaq, ziyalıları ondan narazı salmaq istəyən qruplaşmalar, xain, məkrli ünsürlər var. Düşünürəm ki, mənim bu vəziyyətə düşməyimin baiskarı da elə həmin ünsürlərdir. Biz onların təmizlənməsi prosesinin getdiyini də müşahidə edirik, ümid edirik ki, yaxında azalacaqlar, ancaq qarşıda görülməli çox iş var. Düşünürəm ki, müxalifətdəki, ziyalılar arasındakı mütərəqqi insanlar cənab Prezidentə bu işlərdə kömək etməkdən savayı yolumuzun olmadığını anlamalıdırlar.
Bizim İlham Əliyevi dəstəkləməkdən, ona kömək etməkdən başqa heç bir yolumuz yoxdur. Bu mənim uzun müddət düşünərək gəldiyim qənaətdir.
Mən bunu boğazdanyuxarı, şüar olaraq demirəm. İlham Əliyevin də mütərəqqi, müsbət, pozitiv xislətli insanlara ehtiyacı var. Biz hər şeyi ondan umduğumuz kimi, onun da bizdən umacaqları var. Biz bu ölkəni birlikdə düzəltməli, birlikdə inkişaf etdirməliyik. Günümüzün tələbi məhz budur!
Nadir Qocabəyli
Globkom.info