Qısamüddətli müharibədə həlledici amil ordunun peşəkarlığıdır.
Uzunmüddətli müharibədə isə həlledici amil ölkənin iqtisadiyyatıdır.

II DM-də SSRİ iqtisadiyyatı ondan sənayecə üstün olan birləşmiş Avropanın iqtisadiyyatına qarşı nəinki duruş gətirdi, hətta müharibənin sonuna yaxın ondan üstün oldu. Bunu çoxumuz bilirik. Lakin buna hansı şəraitdə nail olunduğunu az adam bilir. Gəlin, o vaxtkı vəziyyəti bir neçə cümlə ilə təsvir edək ki, SSRİ üçün vəziyyətin nə qədər ağır olduğunu təsəvvür edəsiniz.
1940-cı ilədək SSRİ sənayesinin 50%-dən çoxu Ural dağlarından qərbdə yerləşirdi. Sənayecə ən inkişaf etmiş respublika Ukrayna idi – burada SSRİ-nin aviasiya, tank, artilleriya, mərmi və sair hərbi təyinatlı zavodları yerləşirdi. Amma müharibə vaxtı təkcə ağır sənaye deyil, bütün sənaye sahələrinin (corab istehsalından tutmuş sabun istehsalına qədər) fəaliyyət göstərməsi həyati vacibdir. Həmçinin bu zavodlarda çalışan peşəkar fəhlə və mühəndisləri itirməmək də vacibdir. Bunlarsız ən cəsur peşəkar ordu da düşmənə qalib gələ bilməz.
SSRİ-yə qarşı müharibəyə başlayanda almanlar çox sürətlə irəliləməyə başladılar və 3 ay sonra Moskvaya yaxınlaşdılar.

1 января 1932г вступил в строй Горьковский автозавод (ГАЗ) 

İndi təsəvvür edin: əgər SSRİ zavodları düşmənə qalsa idi, faşistlərin sənaye gücü dəfələrlə artar, SSRİ isə ordusunu təchiz edə bilməzdi. Belə vəziyyətdə SSRİ Almaniya qarşısında 5 aydan çox duruş gətirə bilməzdi. Deməli, işğalı gözlənilən ərazilərin sənaye və kənd təsərrüfatı obyektləri, əhalisi, qiymətli mədəniyyət abidələri təcili SSRİ-nin şərqinə təxliyə (evakuasiya) olunmalı idi.
Bu məqsədlə 1941-ci ilin 24 iyununda xüsusi orqan– Təxliyə Şurası yaradıldı. İyunun 27-də təxliyənin necə, harada və kimin tərəfindən həyata keçirilməli olduğunu müəyyən edən “İnsan kontingentinin və qiymətli əmlakın çıxarılması və yerləşdirilməsi qaydası haqqında” fərman, iyulun 5-də isə “Müharibə dövründə əhalinin təxliyəsi qaydası haqqında” fərman verildi.
Dünya tarixində heç bir dövlət qısa müddət ərzində belə genişmiqyaslı və mürəkkəb təxliyə əməliyyatı aparmayıb və bundan sonra da kiminsə apara biləcəyinə inanmıram. 
İndi prosesi təsəvvür etməyə çalışın. Təsəvvür edin ki, 1 traktor zavodunu təxliyə edib, başqa yerdə yenidən qurmaq və məhsul istehsal etmək lazımdır. Bütün bu əməliyyatlar üçün sizə 3 ay vaxt verilib. Siz zavodun bütün avadanlıqlarını elə söküb qablaşdırmalısınız ki, onu təyinat məntəqəsində tez bir zamanda quraşdıra biləsiniz. Onlarla birlikdə zavodun anbarlarında olan bütün xammal, material və yarımfabrikatları, texniki sənədləri da qablaşdırmalısınız, təxliyəsi zəruri olan işçilərin siyahısını tərtib etməlisiniz, eyni zamanda bu işçilərin ailələrini də aparmalı olduğunuz üçün onların da siyahısını hazırlamalısınız, bütün yüklərin və insanların daşınması üçün vaqonlar sifariş verməlisiniz (məsələn, "Zaopojstal" zavodunun avadanlıqları üçün 8 min vaqon tələb olunmuşdu), onları lazımi qaydada vaqonlara yükləməlisiniz, ölkənin qərbindən şərqinə daşımalı (üstəlik, təxliyə zamanı qatarlar alman təyyarələri tərəfindən bombalanırdı) və orada boşaldılmasını təşkil etməlisiniz.


 Zavodu quraşdırmaq üçün müvafiq istehsalat və köməkçi binaları tikməlisiniz, onlara enerji və digər kommunikasiya vasitələrini çəkməlisiniz, əhalini yerləşdirməlisiniz. Zavod kooperasiyasız işləyə bilməz. Zavodu xammal və yarımfabrikatlarla təmin edən digər zavodların qurulmasına kömək etməlisiniz (onlar da təxliyə olunur) və nəhayət məhsul istehsal etməlisiniz. 3 ay üçün bu ağlagəlməz bir iş həcmidir! Lakin Sovet xalqı bunu 2 mindən çox müəssisə üçün edə bilib!
Ümumilikdə təxliyənin iki mərhələsində – 1941-ci ilin iyunundan 1942-ci ilin fevralına qədər və 1942-ci ilin yaz-yay aylarında ölkənin qərb və cənub regionlarından şərqə 2743 müəssisə, o cümlədən 1523 iri müəssisə daşındı. Ukraynadan 550, Moskva vilayətindən 498, Belarusiyadan 109, Leninqraddan 92 müəssisə təxliyə edildi. Bu müəssisələrin əksəriyyəti– 667-si Uralda, 322-si Sibirdə, 308-i Orta Asiyada, 226-sı isə Volqaboyu ərazilərdə yenidən quruldu. Eyni zamanda, SSRİ-nin qərbindən şərqinə 20 milyondan çox insan köçürüldü. Onların böyük əksəriyyəti RSFSR ərazisində, əsasən Ural və Sibirdə, təxminən 1/4-i Cənubi Qafqaz və Orta Asiya respublikalarında yerləşirdi.
Həm müəssisələr, həm də insanlar əvvəlcə həyat üçün yararsız şəraitdə yaşamağa məcbur idilər: fabriklər çox vaxt açıq havada qurulur, insanlar isə qazmalarda və ya hətta avadanlıqlarının yanında məskunlaşırdılar. Buna baxmayaraq, yenidən qurulmuş zavodlar orta hesabla 1,5-2 aya işə salınırdı.
SSRİ rəhbərliyinin uzaqgörənliyi onda oldu ki, hələ 30-cu illərdə Sibirdə nəhəng su-elektrik stansiyaları tikmişdi. Bunlarsız zavodların köçürülməsi mənasiz olardı. Həmçinin müharibənin labüd olduğunu anlayan Stalin 38-40-cı illərdə Ural arxasında içi boş olan çoxsaylı istehsalat binaları tikdirmiş, onlara elektrik və digər kommunikasiya xətlərini çəkdirmişdi. Zavodların təxliyəsi zamanı onların tez bir müddətdə işə düşməsində bu tədbirlərin böyük rolu oldu.
1942-ci ilin əvvəlinə qədər təxliyə edilən müəssisələrin, demək olar ki, hamısı cəbhənin ehtiyaclarını ödəmək üçün artıq işləyirdi. Məhz təxliyə səbəbindən 1942-ci ilin ortalarına qədər Sovet ordusu Almaniyaya çətinliklə müqavimət göstərirdi, döyüşlərdə böyük sayda canlı itki verirdi. 
1943-cü ildə bütün sənayesini bərpa etdikdən və daha da gücləndirdikdən sonra SSRİ-nin müharibədə qalib gələcəyi artıq ABŞ-a və Britaniyaya aydın idi. Məsələ yalnız zaman məsələsi idi. 1944-cü ildə SSRİ hərbi texnika istehsalının bütün sahələrində birləşmiş Avropanı üstələyirdi və bu öz nəticəsini döyüş meydanında göstərirdi.
Qələbə yaxınlaşırdı...

Asif Şəfəqqətov


Foto: Sovet hərbi zavodunun təsərrüfat əmlakının Urala evakuasiyası, 1942