I Liqanın XXV turunda “Zaqatala” doğma publika qarşısında “Karvan”a böyükhesabla qalib gəlməklə həm çempionatda yerini qorumuş oldu, həm də 4-cü pilləyə yüksəldi. Mövsümün bitməsinə daha iki tur qalır. Bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədov Globkom.info – a  həm qələbə, həm də son qarşıdakı son iki matçla bağlı planlardan danışdı.

“Həmişə ev oyunlarımızda daha çox qələbəyə köklənməyə çalışmışıq. Baxmayaraq ki, bu mövsüm doğma publika qarşısında “İmişli”yə qarşı iki qarşıdurmada uğursuzluğa düçar olmuşuq. Odur ki, çempionat sona yaxınlaşdıqda maksimum yaxşı çıxış etmək, əsas da ev matçlarımızda da uduzmamaqda maraqlıyıq. Fürsətdən istifadə edib elitaya vəsiqəni təmin edən “Karvan”I təbirik edirəm. Rəqib çempionatda yaxşı hücum xəttinə malik komandalardandır. Çempionatın iki bombardiri Bəhruz Teymurov ilə Emil Qasımov onların sırasındadır. Həmçinin sərəncamlarında Peter Kings kimi legioner forvard da var. Təbii ki, Yevlax təmsilçisiylə oyuna ciddi hazırlaşmışdıq. Bizə xal vacib lazım idi. Çünki II Liqaya yuvarlanmaq təhlükəsindəydik. Odur ki, son saniyəyə kimi döyüşəcəkdir. Ola bilər ki, rəqib də istədiyi futbolu sərgiləyə bilmədi, amma bu o demək deyil ki, asan qələbə qazandıq. “Karvan”I məğlub etməklə çempionatda yerimizi qoruduq. Amma 4-cü pilləni hələ də təmin edə bilməmişik. Bundan sonrakı iki turda əsas motivasiyamız çempionatı ilk “4-lük”də tamamlamaqdır”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info