
Trampın S.Ərəbistanı və Qətərə səfəri, onun ərəblərdən trilyon dollarlarla investisiya alması mətbuatda geniş müzakirə olunur. Bu Trampın təntənəsi kimi təqdim olunur. Məncə isə, vəziyyət heç də ürəkaçan deyil.
ABŞ-da iqtisadi vəziyyət ağırlaşmaqda davam edir. Maskın əlinə elekromişar götürüb, dövlət xərclərini görünməmiş amansızlıqda kəsməyinə baxmayaraq, büdcə kəsiri nəinki azalmayıb, hətta daha da artıb. Hərbi xərclər rekord həddə qaldırılıb – $1 trilyondan yuxarı. Dövlət borcu $37 trilyonu keçib və onun azaldıla biləcəyi gözlənilmir. Trampın tarif müharibəsi də gözlənilən effekti vermədi. Maliyyə dairələrində ABŞ-ın texniki defolta getməsi ciddi müzakirə olunur. Tramp, demək olar ki, heç bir sahədə ciddi uğura imza ata bilməyib.
Son rəy sorğularına görə Trampın və respublikaçıların reytinqi aşağı düşür. 2026-cı ildə isə aralıq seçkilər olmalıdır. Seçkilərdə respublikaçılar, daha dəqiqi, trampçılar qalib gələ bilməsələr, Tramp nəinki heç nə edə bilməyəcək, o hətta impiçmentə məruz qala və həbs edilə bilər. Onsuz da qlobalistlərlə trampçılar arasında siyasi mübarizə müharibə səviyyəsinə qalxıb. Belə bir şəraitdə Trampa uğurlu bir razılaşma imzalamaq hava-su kimi lazımdır.
Buna görə ABŞ-ın respublikaçı mətbuatı Trampın hər hansı kiçik uğurunu belə triumf kimi təqdim etməyə çalışır. Tramp hətta məğlubiyyətlərini də qələbələr kimi təqdim edir.
Gələk Trampın Orta Şərq səfərinə...
Ən 1-ci məlumat. Qətər Trampa 15 ilə yaxın istismarda olmuş $400 milyonluq təyyarə hədiyyə edir. Hədiyyə ABŞ prezidentinin təyyarəsi olmalıdır. Bu faktın özü utandırıcı deyilmi? Balaca bir ölkənin başçısı “dünya hegemonuna” işlətdiyi təyyarəni hədiyyə edir– qədimdə şahın çiynindən xələti götürüb, əyanlarından birinə hədiyyə etməsi kimi. Bəziləri bunu rüşvət kimi də qiymətləndirirlər. Trampçı mətbuat bu biabırçılığı trilyonluq investisiya xəbərlərinin küyündə boğmağa çalışır.
Maliyyə razılaşmaları barədə. Ərəblər yaxşı bilirlər ki, indi Trampın vəziyyəti ağırdır, ona yaxşı xəbərlər lazımdır. Buna görə də ona və Amerika ictimaiyyətinə nəhəng rəqəmləri olan maliyyə razılaşmaları vəd etmək lazımdır. Tramp bu rəqəmlərə hətta inanmasa da onlarla məmnuniyyətlə razılaşacaq və təbliğ edəcək. Çünki bunlara ehtiyacı var.
Mətbuat yazır ki, Tramp S.Ərəbistanı ilə tarixin ən rekord məbləğli ($140 milyard) silah satışı müqaviləsini bağlayıb! Yaxşı səslənir, amma... Xatırlayırsınızsa, 1-ci prezidentliyi dövründə də Tramp ilk xarici səfərini S.Ərəbistanına etmişdi. Bu səfər zamanı da rekord məbləğdə ($100 milyard) silah satışı müqaviləsi imzalanmışdı. İndi həmin hadisədən 8 il keçib və ABŞ həmin müqavilə üzrə $30 milyardlıq silah satıb. Yəni 8 ilə 1-ci müqavilə üzrə məbləğin heç 1/3-ni mənimsəyə bilməyən ABŞ 2-ci müqaviləni neçə il sonra mənimsəyə biləcək? Həmin vaxt dünyada vəziyyət necə dəyişəcək? Axı ABŞ-ın hərbi-sənaye kompleksinin bu qədər silah-sursat istehsal etmək gücü də yoxdur. Məsələn, ABŞ Patriot HHM sistemi üçün il ərzində maksimum 300 raket istehsal edə bilir. Bu raketləri 6 ilə yaxın gözləyən sifarişçilər var. Səudlara nə vaxt növbə çatacaq?
Qətər ABŞ-la 200-ə yaxın Boeing-in alınması üzrə $240 milyardlıq müqavilə bağladı. Tramp bu müqavilə ilə $54 milyard borcu olan Boeing şirkətini xilas etmək istəyir. Artıq Airbus Boeing-dən 2 dəfə çox təyyarə istehsal edir. Lakin bu müqavilə Boeing-i xilas edə bilməyəcək, çünki onun problemi maliyyə ilə bağlı deyil – ABŞ dövlət büdcəsindən dəfələrlə məqsədli maliyyə ayıraraq, şirkəti xilas etməyə çalışıb, lakin faydası olmayıb. Qətər də qeyd olunan məbləği aldığı təyyarələr müqabilində ödəyəcək. Müqavilə 10 il müddətinə hesablanıb. Yəni ilə, orta hesabla, $24 milyard düşür – o da Boeing keyfiyyətli təyyarə təqdim edə bilsə. Çünki son illər Boeing-in istehsal etdiyi təyyarələrin xeyli hissəsi istismara yararsız hesab edilərək, çöllükdə yığılıb. Əgər Çinin nadir torpaq elementləri ilə bağlı Boeing-ə tətbiq etdiyi sanksiya qüvvəsində qalarsa, şirkətin təyyarə istehsalı problem olaraq qalacaq.
Ərəblərin ABŞ iqtisadiyyatına trilyon dollarlıq investisiyaları da hələ ki vəddən başqa bir şey deyil. Baydenə də $100 milyardlarla investisiya vəd olunmuşdu, amma ortada bir şey yoxdur. Ərəblərin investisiya vədləri uzun illərə hesablanıb, ABŞ-da isə 2 il sonra kimin hakimiyyətdə olacağı məlum deyil. Eşşəyə 5 ilə kitab oxumağı öyrədəcəyinə söz verən Molla Nəsrəddinin təbiri ilə desək,“bu ölkədə hakimiyyət elə tez-tez dəyişir ki, 5 ilə ya şah ölər, ya eşşək”.
Asif Şəfəqqətov