
Maliyyə "piramida"ları haqda hamınız bilirsiniz, yəqin. Belə "piramida"larda iştirak edənlər ən azı 2 nəfəri də ona cəlb etməlidir. Bu halda həm "piramida"ya əvvəl qoşulanlar, həm də "piramida"nı yaradanlar udur. "Piramida" ona yeni qoşulanlar sayəsində əvvəl qoşulanlar üçün əlverişli şərait yaradır. Əvvəl qoşulanlar isə bu şəraiti görərək, tam səmimi olaraq onun reklamı ilə məşğul olurlar.
Lakin elə bir vaxt gəlir ki, "piramida"ya qoşulanlar azalır. Çünki ölkə daxilində insan sayı məhduddur. Bütün "piramida"lar nə vaxtsa bu məhdudiyyətlə üzləşməyə məhkumdur. Bu zaman "piramida" bankrot olur, ona yeni qoşulanlar pullarını, köhnə qoşulanlar isə əvvəlki zəhmətsiz qazanclarını itirirlər.
Bunları hamımız bilirik, 90-cı illərdə belə "piramida"ların qurbanları çox olub. Belə "piramida"lar artıq cinayət hüququnun obyektidir. Lakin heç kim düşünmür ki, bu cinayət daha böyük miqyasda hər gün baş verir. Onun adı isə kapitalizmdir.
Kapitalizm ən böyük "piramida"dır. Bu "piramida" da öz orbitinə insanları cəlb etməklə inkişaf edir. Bu prosesə bazarların ələ keçirilməsi deyilir. Müştəri sayı artdıqca, şirkət "çiçəklənir". Ölkə bazarını tam ələ keçirdikdən sonra şirkət, məntiqlə, çökməyə məhkumdur. Buna görə də o müştəri bazarını genişləndirmək üçün xarici bazarları ələ keçirməyə başlayır. Buna artıq imperializm deyirik.
Əvvəl açıq (asanlıqla müdaxilə etmək mümkün olan) bazarlar ələ keçirilir. Bu bazarların da imkanları tükəndikdən sonra artıq qapalı (başqalarının müdaxiləsinə imkan verilməyən) bazarlar ələ keçirilməlidir. Əks halda "megapiramida"lar bankrot ola bilər. Yəni bazarlar uğrunda mübarizə həyati əhəmiyyətlidir, ölüm-dirim (ekzistional) mübarizəsidir.
Əgər qapalı bazarlara dinc yollarla (rüşvət, elitanın ələ alınması, təbliğat və s.) girmək mümkün olmursa, onda müharibə labüddür. I və II dünya müharibələri, indi gedən müharibələrin də "pərdə arxasında" belə "meqapiramida"lar dayanır.
Müharibədə "meqapiramida" uduzursa, bu həm onu yaradanları ("meqapiramida"lar halında bu dövlət də ola bilər) bankrot edir, həm də ona qoşulanların (bu halda ölkə əhalisinin) həyat şəraitini pisləşdirir.
Ötən əsrin 70-ci illərində kapitalist bazarlarının imkanları tükənmişdi, MKİ-nin gizli hesabatında onun tənəzzülü proqnozlaşdırılmışdı. 90-cı illərdə sosialist ölkələrinin bazarlarının ələ keçirilməsi kapitalizmi xilas etdi.
Amma axı dünya əhalisi də məhdud saydadır, yəni bazarların imkanları sonsuz deyil. Yəni böyük müharibələr bu sistemin atributudur.
Asif Şəfəqqətov