Qərb Rusiyanı günahlandırırdı ki, qazdan silah kimi istifadə edə bilər. Hərçənd SSRİ, sonra da Rusiya 1973-ci ildən indiyədək Qərb ölkələrini qazla şantaj etməyib.

Qərb isə əlində olan bütün imkanları həmişə şantaj aləti kimi istifadə edib. Hansı ölkədən xoşu gəlməyib, onun dollar və ya avro hesablarını dondurub, SWIFT-dən çıxarıb, dəniz daşımalarının beynəlxalq sığortasını dayandırıb, özünə məxsus olan texnika və texnologiyaların həmin ölkələrə satılmasına embarqo qoyub və s. və i.a. Yəni əlində olan bütün vasitələrdən silah kimi istifadə edib.

Necə deyərlər: "Adımı sənə qoyum, səni yana-yana qoyum".

İndi vəziyyət bir az da qəlizləşib. Avropa Rusiya təbii qazından imtina etdi ki, monopolist, qeyri-demokratik ölkədir. Əvəzində baha da olsa, demokratik ABŞ-dan maye qaz almağa başladı. Trampın gündə bir hoqqa ilə Avropanı şantaj etdiyini görən Avropa indi ABŞ-a etibar etmir, onun qazına alternativlər axtarışına çıxıb.

Demokratik Qətəri 3 ildir ki, yola gətirə bilmirlər – yüksək səviyyəli avropalı nümayəndə heyətləri azı 10 dəfə əmirin yanına gedib, amma hamısı əliboş qayıdıblar. Qətər deyir ki, mən sizin kefinizlə qaz sata bilmərəm, mənə uzunmüddətli (15-20 illik) kontrakt təqdim edin. Avropa isə belə kontrakt verə bilməz, çünki onun proqramına görə 2030-cu ilədək Avropanın enerji tələbatının çox hissəsi "yaşıl" enerji hesabına təmin olunmalıdır.

İrandan da ala bilmir– ABŞ əmi icazə vermir.

İndi Avropa qalıb avara: demokratik ABŞ onu elə dərəyə salıb ki, çıxış yolu da yoxdur.

Reuters bu gün yazır ki, Almaniya və Fransada bəzi böyük biznes rəhbərləri yenidən Rusiyadan ildə 60-70 milyard m3 qaz almaq istədiklərini bildiriblər. Bu şərtlə ki, Rusiya müharibəni dayandırsın. Hərçənd 1 ay əvvələdək deyirdilər ki, müharibənin necə bitməsindən asılı olmayaraq, Rusiyaya qarşı bütün sanksiyalar saxlanılacaq.

Asif Şəfəqqətov