Əvvəli burada
https://globkom.info/butun-xeberler/yeni-iqtisadi-bohran-ve-ticaret-muharibesi-baslayir-dunyani-ne-gozleyir-maraqli-detallar

 

Trampın tarif sanksiyalarını nəyə görə tətbiq etdiyi haqda yazmışdım: https://globkom.info/butun-xeberler/abs-in-butun-dunyaya-qarsi-tarif-muharibesi-basladi-siyahi

Yeni tariflərdən sonra ABŞ-ın xarici ticarətinin 2 ifrat ssenarisini nəzərdən keçirək:

1) Yaxşı ssenari. Əsas ixracatçı ölkələr ABŞ-la razılığa gəlirlər və yumşaldılmış tariflər üzrə qarşılıqlı ticarət davam edir.

2) Pis ssenari. Əsas ixracatçı ölkələr ABŞ-la razılığa gələ bilmirlər və qarşılıqlı ticarət minimuma enir.

1-ci ssenaridə dollara tələbat azalmır deyə onun nüfuzuna (kursuna) ciddi zərər dəymir (yaxın bir neçə ildə), 2-ci ssenaridə isə – dəyməsi labüddür. Çünki ABŞ açıq bazar siyasətindən çıxır, daxili bazarını qoruyur. Belə olduqda hər ölkə proteksionist iqtisadi siyasətə keçəcək. Dünyada qapalı makrobazarlar formalaşmağa başlayacaq. Bazarlar qapalı olarsa, həmin bazara dolları buraxmaq axmaqlıq olar. Deməli, hər makrobazar öz beynəlxalq valyutasını yaradacaq (ilk vaxtlar ən iri iqtisadiyyatı olan dövlətin pulu bu rolu oynayacaq). Beləliklə, beynəlxalq dövriyyədə həddən böyük dollar artıqlığı yaranacaq. Bu da öz növbəsində dolların alıcılıq qabiliyyətini yerlə bir edəcək.

2-ci ssenaridə ABŞ ya dollardan bir pul vahidi kimi imtina etməli, ya da yeni dizaynda dollar çap etməli və ölkə daxilində köhnə dollarları müəyyən nisbətlərlə yenisi ilə əvəz etməli, lakin xaricdə olan dollarları qəbul etməməlidir. Əlbəttə, bu xaricdə böyük narazılıq yaradacaq, amma dünya makrozonalara bölünürsə, bütün beynəlxalq institutlar (o cümlədən arbitrajlar) ləğv edilirsə, etirazların heç faydası olmayacaq. FRS, DB və BVF avtomatik ləğv olunacaqlar, çünki onlar ultraqlobalist institutlardır.

Aydındır ki, ABŞ üçün indi 1-ci ssenari arzuolunandır. Çünki o ölkəni sənayeləşdirmək istəyir, bunun üçün ona nəhəng xarici investisiya qoyuluşu tələb olunur. Dolların nüfuzunu itirməsi, dünyanın makrozonalara bölünməsi indi ona sərf etmir. Lakin gec-tez 2-ci ssenari olmalıdır. Hətta sənayeləşdikdən sonra ABŞ özü də buna can atacaq.

Buradan hansı nəticəyə gəlirik? ABŞ indi 2-ci ssenarini istəmir. Deməli, o əsas ixracatçı ölkələrlə yaxın aylarda tariflərlə bağlı razılaşmalara gəlməyə çalışacaq. Hətta əvəzində istədiyi güzəştləri almasa da tarifləri yumşaldacaq.

1-ci ssenariyə bir az dərindən baxaq. Tutaq ki, bu ssenari işləməyə başladı. Trampın əsas hədəflərindən biri FRS-in uçot dərəcəsini (UD) endirmək olacaq. Çünki sənayeləşməni həyata keçirmək üçün ucuz kreditlər lazımdır. Həm də UD az olarsa, dövlət borclarına görə faiz məbləğləri azalacaq.

FRS UD-ni aşağı salmayacaq. Çünki o Trampın əvvəl-axır FRS-i ləğv etmək və ya dövlətə tam tabe etmək məqsədini görür. Həm də UD-ni endirməmək üçün formal əsasları da var – ölkədə inflyasiya aşağı düşmür, tarif sanksiyalarından sonra isə daha da yüksələcək. Bəs FRS Trampa tabe olmamaqla nəyə nail olmaq istəyir? FRS UD-ni yüksəltməklə ölkədə narazılığı bir az da artırmaq və 2026-cı il aralıq seçkilərində demokratların (ultraqlobalistlərin) qalib gəlməsinə kömək etmək istəyir. FRS ultraqlobalistlərin ən vacib institutudur.

Tramp ona tabe olmayan FRS sədrini vaxtından əvvəl vəzifəsindən çıxara bilməz. FRS sədrinin vəzifəyə namizədliyini ABŞ prezidenti təklif edir və Senat təsdiq edir. Namizəd FRS-in İdarəçilər Şurasının 7 üzvündən biri olmalıdır. Sədr 4 il müddətinə təyin olunur, lakin bir qayda olaraq, növbəti müddətə yenidən təyin olunur. Lakin ardıcıl 14 ildən artıq vəzifədə qala bilməz. Bir istisna ilə: əgər özündən əvvəlki sədr 4 illik müddətini tam başa vurmayıbsa, onun qalan müddəti də yeni sədr üçün əlavə oluna bilər. Məsələn, Alan Qrinspen 18 il 5 ay sədr olub. FRS-in indiki sədri Cerom Pauell 05.02.2018 tarixindən bu vəzifədədir. Növbəti təyinat 2026-cı ildə olmalıdır. O vaxta qədər Tramp Pauelli vəzifəsindən çıxarda bilməz.

Hadisələr 1-ci ssenarinin pis variantı (FRS-in ciddi müqaviməti) ilə, 2-ci ssenari ilə və ya hər hansısa gözlənilməyən ssenari ilə də gedə bilər. Onsuz da ABŞ daxilində və xaricində bütün ultraqlobalistlər Trampa qarşı birləşəcək və aktiv müqavimət göstərəcəklər – onlar onillər ərzində yaratdıqları və özlərinin rahat həyatını və gələcəyini təmin edən beynəlxalq qurumların məhv olmasını, trilyonlarla çəkilmiş xərclərin boşa getməsini istəməyəcəklər (onlar haqda: https://globkom.info/butun-xeberler/dunyaya-kimler-niye-nece-hokm-etmek-isteyir-qlobalistlerle-ultraqlobalistlerin-doyusu-analiz). Bəs bu halda Tramp nə edəcək?

Mənə elə gəlir ki, Tramp bu ssenarini də nəzərə alıb. Hakimiyyətə gəldiyi 3-cü gün o, rəqəmsal aktivlər üzrə işçi qrupun yaradılması haqda fərman imzaladı. Bu qrupa kriptovalyutalar, elektron tarnzaksiyalar sahəsində çoxsaylı uğurlu startaplar yaradan milyarderlərdən ibarət "PayPal mafiyası"nı cəlb etdi. Həmin "mafiyadan" olan milyarder Devid Saksı özünə Süni intellekt və kriptovalyutalar üzrə müşavir götürdü. Yeri gəlmişkən, İlon Mask da "PayPal mafiyası"ndandır.

İşçi qrupun nə işlər gördüyü mətbuatdan gizli qaldı. 2 fevralda Tramp elan etdi ki, ABŞ dövlət kriptovalyuta rezervi (DKR) yaradır. Bu haqda Truth hesabında yazarkən bildirdi ki, DKR Bitcoin, Ethereum, XRP, АDA, SOL və digər "qiymətli" kriptovalyutalardan təşkil ediləcək. Tramp yazmışdı ki, o, ABŞ-ı dünyanın kriptopaytaxtı edəcək.

Məncə, Tramp DKR-i 2-ci ssenari üçün hazırlayır– dollardan imtina edib, ödəniş sistemi artıq oturuşmuş və bütün infrastrukturu qurulmuş kriptovalyutaya keçə bilər. DKR həm də gözlənilməz ssenarilər üçün də çıxış yolu ola bilər.

DKR həm də dövlət borcunu qısa müddətlə ödəmək üçün yararlı ola bilər: https://www.facebook.com/share/p/18b51bm1XV/

Amma məncə, bu məsələdə bir oyun (fırıldaq) var. Tramp DKR yaradırsa, hansı valyutaları rezervə götürəcəyini niyə elan edir? Axı bu halda onların kursu qalxır, necə ki elandan dərhal sonra sadalanan valyutaların hamısının kursu yüksəldi. Məncə, kriptovalyutaların adları qəsdən bildirilib. DKR-də çoxlu kriptovalyuta saxlamaq anlaşılmazdır, birini saxlamaq daha məqsədəuyğundur. Məqsəd, yəqin ki, diqqəti sadalanmayan kriptovalyutalardan yayındırmaqdır. Çox güman ki, DKR-ə indi populyar olmayan, qiyməti çox ucuz olan hansısa bir kriptovalyuta götürüləcək. Yalançı olmamaq üçün DKR-ə digər kriptovalyutalar da götürüləcək. Sadəcə, sadalananların nominal dəyərinin ümumi xüsusi çəkisi DKR-də 1%, sadalanmayanın nominal xüsusi çəkisi isə 99% olacaq. Günlərin birində ABŞ bütün və ya əksər ödənişləri kriptovalyutaya keçirəndə həmin ucuz kriptovalyutanın qiyməti birdən-birə kəlləçarxa qalxacaq, digərləri isə ucuzlaşacaqlar.

Bu halda ABŞ dövlət borcunu da ödəyə biləcək. Çünki, məsələn, 10 sentə aldığı kriptovalyutanın qiyməti 10 min dollara qalxarsa, bu dövlət borcunun 100 min dəfə azalması deməkdir.

Buna görə də ehtimal edirəm ki, indi baha olan kriptovalyutaların gələcəyi qaranlıqdır. Lakin ABŞ-ın hansı ucuz kriptovalyutanı seçəcəyini heç kim bilmir. Bəlkə də 17 yanvarda buraxılan Trump tokenini seçiləcək?

 

Asif Şəfəqqətov