I HİSSƏ

Bir çoxu düşünür ki, Tramp qlobalistlərə qarşıdır. Məncə, bu düzgün fikir deyil. Tramp da qlobalistdir. Əslində, Tramp ultraqlobalistlərlə mübarizə aparır. Bəs onlar arasında oxşarlıq və fərq nədən ibarətdir?

Yeri gəlmişkən qlobalizmə fransızlar mondializm deyirlər (fr. le mond – dünya).

Elmi yox, populyar dildə yazacam.

Oxşarlıq: Hər ikisi dünyaya ağalıq etməyi hədəf götürüblər.

Fərq: Qlobalistlər ABŞ-ın, ultraqlobalistlər isə transmilli şirkətlərin dünyaya ağalıq etməsini istəyirlər. Başqa sözlə, qlobalistlər dövlətin transmilli şirkətlərdən, ultraqıobalistlər transmilli şirkətlərin dövlətlərdən üstün olmasını istəyirlər. Buna görə də ultraqlobalistlər dövlətüstü hər cür beynəlxalq qurumların (BMT, ÜST, ÜTT, UNESCO, AŞPA, BCM və s.) yaradılması və səlahiyyətlərinin artırılmasına çalışırlar. Eyni səbəbdən Tramp belə təşkilatların səlahiyyətlərinin azaldılmasına çalışır.

Ultraqlobalistlər üçün şirkətin maraqları dövlətin maraqlarından üstündür. Yəni, məsələn, şirkətin kapitalizasiyasının artması ABŞ-ın iqtisadi geriləməsi ilə müşayiət olunursa, bu onları narahat etmir. 1980-cı illərdən etibarən ABŞ hakimiyyəti məhz ultraqlobalizm ideologiyasını həyata keçirib.

Bu ideologiyanın sayəsində ABŞ-a məxsus şirkətlər dünyanın ən nəhəng şirkətlərinə çevrilsələr də ABŞ-da sənaye istehsalı xeyli geriləyib. Həmin şirkətlər daha böyük mənfəət əldə etmək üçün sənaye aktivlərini daha ucuz işçi qüvvəsi, xammal, ekoloji sanksiyalar olan ölkələrə köçürüblər.

Nəticədə ABŞ-ın dünya ticarətindəki payı 1980-cı ildə 21,3%-dən 2022-ci ildə 15,6%-ə düşüb. ABŞ-ın xarici ticarət dövriyyəsində hər ay azı $100 milyard mənfi saldo yaranır. Yəni onun ixracı idxalından azı $100 milyard az olur. İxracın da strukturuna baxsaq, onun əhəmiyyətli hissəsini xidmətlərin (məsləhət, audit, hüquq və s.) təşkil etdiyini görərik.

Belə iqtisadiyyat ABŞ-ın təkbaşına hegemon olduğu dünya üçün problem yaratmırdı. Lakin ABŞ hegemonluğunu itirdikcə, bu əsl problemə çevrilir. Buna görə də Trampın MAGA (Make Amerika great again! – Amerikanı yenidən böyük edək!) proqramı ortaya çıxdı. Bu proqramın məqsədi ABŞ-ı yenidən dünyanın 1 nömrəli sənaye nəhəngi ölkəsinə qaytarmaqdır.

Bəs Tramp bunu necə etmək istəyir?

Əvvəl baxaq görək ABŞ iqtisadi hegemonluğa necə nail olmuşdu.

II DM başlayandan ABŞ sənaye istehsalı sürətlə artmağa başladı və müharibənin Avropa ölkələrinin iqtisadiyyatına vurduğu ağır zərbə sayəsində dünya birinciliyinə nail oldu. Sənayenin inkişafı yeni bazarları ələ keçirmədən mümkün deyil. Yeni bazarları ələ keçirmək üçün isə beynəlxalq ticarət üçün əlverişli şərait yaradılmalıdır. Yəni ölkələrdə proteksionist (daxili istehsalçını qoruyan, idxalı məhdudlaşdıran) iqtisadi siyasət aparılmamalı, gömrük rüsumları aşağı, bərabər və proqnozlaşdırıla bilən olmalıdır.

Buna nail olmaq üçün ABŞ-ın səyləri ilə 1947-ci ilin oktyabrında "Bretton Vuds razılaşması"nı imzalamış ölkələr tərəfindən "Tariflər və Ticarət üzrə Baş Saziş" (ing. GATT) imzalandı və bu Saziş 1948-in 1 yanvarından qüvvəyə mindi. Bununla da beynəlxalq ticarətin liberallaşması ("açıq bazar") erası başlandı. Sonralar Sazişə qoşulan ölkələr artdı. 1995-ci ildə isə GATT-ın bazasında Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yaradıldı.

Zəif (rəqabət qabiliyyətli olmayan) iqtisadiyyatı olan ölkələrin ÜTT-yə (GATT-a) qoşulması sayəsində onların emal sənayesi məhv olmalı və yalnız xammal istehsalı sənayesi inkişaf etməli idi. Çünki proteksionist siyasət aparmadan daxili bazara asanlıqla girən iri xarici şirkətlərlə rəqabətdə yerli emal sənayesini yaratmaq və ya inkişaf etdirmək mümkün deyil. Bu yeni müstəmləkəçiliyin müasir forması idi.

ÜTT (GATT) 50 ildən artıq ABŞ-ın maraqlarına uğurla xidmət etdi. Lakin "açıq bazar" prinsiplərinə görə ABŞ bazarı da açıq olmalıdır. Nə qədər ki, ABŞ-la rəqabət apara bilən sənaye ölkəsi yox idi, ABŞ daxili bazarının açıq olması onun üçün heç bir təhlükə yaratmırdı. Onsuz da ABŞ iqtisadiyyatına rəqib olan ölkə yox idi.

Lakin yavaş-yavaş vəziyyət dəyişməyə başladı. Ticarətin liberallaşması elə şərait yaratdı ki, məsələn, Apple şirkəti zavodunu ABŞ-dansa Çində tikməyə üstünlük verdi. Onsuz da onun məhsulu harada istehsal etməsindən asılı olmayaraq, ÜTT-yə üzv ölkələrə eyni gömrük tarifləri ilə daxil olacaq, maya dəyəri isə Çində ABŞ-dan aşağı olacaq. Yəni məhsulun Çində istehsalı ABŞ-da istehsalına nisbətən daha böyük mənfəət gətirir.

Bu səbəbdən 70-ci illərdən etibarən ABŞ-ın böyük əmək tutumlu iri sənaye müəssisələri işçi qüvvəsi və logistik xərcləri ucuz olan ölkələrə köçməyə başladı. Bu da öz növbəsində beynəlxalq ticarətdə ABŞ-ın payının azalması ilə nəticələndi. Hazırda liberal ticarət qaydaları ABŞ-ın özünə qarşı çevrilib – ABŞ emal sənaye məhsullarından çox xammal (neft, qaz, ərzaq məhsulları) ixrac edir.

Belə vəziyyət illərdir ki ABŞ-ın beynəlxalq ticarətində trilyonlarla dollar mənfi saldo yaradır, ölkə iqtisadi suverenliyini itirir. Nə qədər ki, ABŞ-ın hərbi-siyasi gücü şübhəsiz idi, bu qorxu yaratmırdı. Amma ABŞ hegemonluğu itirdikcə, bu çox təhlükəli amilə çevrilir. Dünyanın ən böyük şirkətləri ona görə ABŞ-a məxsusdurlar ki, ABŞ-da hüquqi qeydiyyatdan keçiblər, Baş ofisləri ABŞ-da yerləşir və ABŞ-da vergi ödəyiciləridirlər. Lakin onların əsas istehsal müəssisələri xarici ölkələrdə yerləşir. Bəs niyə onlar ABŞ-da hüquqi qeydiyyatdan keçirlər? Çünki ABŞ dünyanın 1 N-li hərbi-siyasi gücüdür, bu güc onların dünyaya səpələnmiş biznesini hər hansı təhdiddən sığortalayır.

Aydındır ki, iri biznes üçün vətən anlayışı yoxdur, onun üçün ən komfort (əlverişli və təhlükəsiz) şərait yaradan istənilən ölkəni "vətən" seçə bilər. Əgər ABŞ dünyanın güc mərkəzi mövqeyini itirərsə, həmin şirkətlər asanlıqla yeni güc mərkəzi olacaq ölkəyə miqrasiya edəcəklər (əlbəttə, onların biznesi üçün təhlükəsiz və əlverişli şərait təminatı verərsə). Çünki yuxarıda qeyd etdiyim kimi, bu şirkətlər onsuz da fiziki olaraq miqrasiya ediblər, yalnız hüquqi miqrasiyaları qalıb.

İndi təsəvvür edin ki, həmin şirkətlərin ABŞ-ın gücünə inamı itir. Nə baş verəcək? Belə şəraitdə ABŞ-ın çökməsi cəmi bir neçə il çəkəcək. Çünki ölkənin gücü büdcəsindən, büdcə vergilərdən, vergilər isə şirkətlərdən asılıdır. İri şirkətlər ABŞ-dan çıxarsa, büdcə "daralacaq", bu da hərbi gücdən tutmuş elmi potensiala qədər hər sahəyə ağlagəlməz zərbə vuracaq.

Buna görə Tramp MAGA (Make Amerika great again! – Amerikanı yenidən böyük edək!) proqramı ilə ortaya çıxdı. MAGA sloqanının özü Amerikanın dünya hegemonluğunu itirdiyinin etirafıdır.

Hegemonluğu bərpa etmək üçün Tramp ABŞ-ın sənaye birinciliyini bərpa etmək istəyir.

Sənayeni inkişaf etdirmək üçün isə bu sahəyə trilyonlarla dollar investisiya qoyulmalıdır. Lakin indiki şərtlər daxilində bu mümkün deyil. Çünki yuxarıda qeyd etdiyim kimi, məsələn, Çində qoyulan $1 ABŞ-da qoyulan $1 investisiyadan çox mənfəət gətirir.

Belə olan halda Tramp bunu necə etməyi planlaşdırır?

Daxili istehsalını inkişaf etdirmək, sənayeni bərpa etmək üçün ABŞ liberal iqtisadi siyasətdən imtina edib, proteksionist siyasətə keçməlidir. Yəni daxili istehsalçının maraqlarını qorumalı, xarici məhsulların ABŞ bazarında rəqabət qabiliyyəti olmasına süni maneə yaratmalıdır.

Bunun üçün gömrük tariflərini elə yüksəltmək lazımdır ki, idxal məhsulunun qiyməti eyniçeşidli yerli istehsal məhsulundan aşağı olmasın. Bu isə faktiki olaraq ABŞ-ın ÜTT-dən çıxması deməkdir. Düzdür, onsuz da son illər ABŞ ÜTT qaydalarını vecinə almır, istədiyi ölkəyə qarşı özünə sərf edən istədiyi sanksiyaları tətbiq edir, ÜTT-nin arbitraj məhkəməsini "iflic" edib, amma formal olaraq hələ ki ÜTT üzvlüyündə qalıb və bir çox ölkələrlə, o cümlədən AB ölkələri ilə ÜTT qaydaları çərçivəsində davranır.

Lakin belə vəziyyət də artıq sərf etmir. ÜTT liberal iqtisadiyyat institutdur. Onun fəaliyyəti ABŞ-da dayandırılmalıdır. Tramp da məhz bunu edəcək.

2022-də ABŞ-ın xarici ticarət dövriyyəsi (XTD) $6,51 trln təşkil edib. O cümlədən:

-ixracı – $3,00 trln

-idxalı – $3,96 trln

-saldo – $-0,96 trln olub.

Müqayisə üçün: saldo əvvəki və sonrakı illərdə belə olub:

-2021-də – $-0,85 trln

-2023-də – $-1,16 trln.

 

ABŞ-ın ən böyük XTD-si olan ilk 4-lük aşağıdakılardır (2022):

 

-Avropa Birliyi- $904,1 mlrd, o cüml. idxal $553,3 mlrd (61%)

-Kanada- $793,1 mlrd, o cüml. idxal $437,1 mlrd (55%)

-Meksika- $779,1 mlrd, o cüml. idxal $454,8 mlrd (58%)

-Çin- $690,3 mlrd, o cüml. idxal $536,3 mlrd (78%)

Bu 4-lük ABŞ-ın XTD-sində 3,17 trln (48%), o cümlədən idxalında 1,98 trln (50%) paya malikdir. Yəni həm XTD-sinin, həm də idxalının yarısı bu 4-lüyün payına düşür.

Lakin daha əhəmiyyətlisi XTD-dəki saldodur. ABŞ-ın XTD-dəki mənfi saldosunun 80%-i (0,77 trln) bu 4-lüyün payına düşür.

Bu rəqəmlər Trampın iqtisadi sanksiyaları üçün əsas hədəfi aydın göstərir. Beləliklə, Tramp artıq bəyan edib ki:

-Avropa Birliyi (AB) məhsullarına qarşı 25-30%,

-Kanada və Meksika məhsullarına qarşı 25%,

-Çin məhsullarına qarşı 10% (əvvəl 60% demişdi) gömrük tarifləri tətbiq edəcək.

İlk baxışdan bu çıxış yolu kimi görünə bilər. Sanki bununla daxili istehsalçını stimullaşdırırsan. Lakin bu tədbirlər istehlakçıların zərərinədir, çünki daxili bazarda kütləvi istehlak mallarının bahalaşmasına, insanların alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq. Bu da öz növbəsində daxili ticarət dövrüyyəsinin düşməsinə təsir göstərəcək.

Maraqlı olan budur ki, yeni tarifləri ən az fəsadla AB və Kanadaya qarşı tətbiq etmək mümkündür. Çünki bu ölkələrin məhsullarının maya dəyəri ABŞ-dakı istehsalın maya dəyərinə yaxındır, bəziləri üzrə hətta daha yüksəkdir (işçi qüvvəsi və digər resursların qiymətlərini nəzərə alsaq).

Buna görə də Trampın Kanada və AB-yə qarşı tarif müharibəsinə başlayacağı, məncə, şəksizdir. Xüsusən də nəzərə alsaq ki, eyni siyasəti Meksika və Çinə qarşı aparamaq çətin, bəlkə də mümkünsüz olacaq.

Kanada və AB ölkələri artıq həyəcan içindədirlər. AB-nin ixracında ABŞ 1-ci yeri tutur (19,8%). Müqayisə üçün Çin AB məhsullarının yalnız 9,0%-ni alır. Yəni ABŞ bazarını itirmək AB üçün dəhşətli zərbə olar. ABŞ üçün isə bu elə də ağır fəsad törətməz. Çünki AB ölkələri ABŞ-ın maye qazından və hərbi texnikasından asılıdırlar. ABŞ-ın qazını və silahını almaya bilməzlər. Alternativi Rusiya və İranla münasibətləri bərpa etməkdir ki, bu da ABŞ tərəfindən cəza ilə nəticələnə bilər.

Kanadanın vəziyyəti daha pis ola bilər. Əhalisi azdır (40 mln) - daxili bazara söykənib məhsul istehsalını artırmaq, ən azı indiki səviyyəsini saxlamaq mümkün deyil. Kanada iqtisadiyyatının inkişafı ABŞ bazarı hesabına mümkün olmuşdu. ABŞ-dan başqa quru qonşusu yoxdur, okeanı aşaraq ticarət etmək, ABŞ-ı əvəz edəcək yeni bazarlar tapmaq, demək olar ki, mümkün olmayacaq.

Belə vəziyyətin Kanada və AB-də hansı siyasi fəsadlara səbəb olacağı ayrı söhbətin mövzusudur.

Bəs Çin və Meksika məhsulları ilə bağlı tariflərin tətbiqi realdırmı?

Ardı var

Asif Şəfəqqətov