
“The New York Times” qəzetinə görə ABŞ-ın husilərlə müharibəni dayandırmasına səbəb “Harry S. Truman” təyyarədaşıyan gəmisindən qalxan F-16 və F-35 təyyarələri üçün yaranan təhlükə olub.
Təhlükənin mahiyyəti nədən ibarət olub?
Xatırlayırsınızsa, martın 24-də ABŞ prezidentinin sabiq mülli təhlükəsizlik üzrə müşaviri Maykl Uotsun admin olduğu, ABŞ-ın vitse-prezidenti J.D. Vens, müdafiə naziri Pit Heqset, MKİ-nin direktoru və başqalarının iştirak etdiyi Signal (Whatsapp kimi bir şəbəkədir) qrupunda məxfi yazışmaları mətbuata sızmışdı. Sən demə, Uots “səhvən” həmin qrupa Trampa mənfi münasibəti ilə fərqlənən “The Atlantic” nəşrinin baş redaktoru Cefri Qoldberqi də daxil edibmiş. Yazışmalar zamanı Heqset Yəmənə ilk təyyarə hücumlarının dəqiq tarixini (15 mart) və vaxtlarını bölüşmüşdü.
Qoldberq gözləmiş, bombalanma qeyd olunan vaxtlarda baş verəndən bir həftə sonra məlumatı paylaşmışdı. Bu hadisə ABŞ-da böyük qalmaqala səbəb oldu. Tramp şəxsən məsələyə qarışmağa məcbur oldu. Əvvəl Qoldberqi yalan məlumat yaymaqda ittiham etdilər, Qoldverq yazışmaların bir hissəsinin skrinini dərc edəndən sonra isə bu məlumatlarda məxfi heç bir şeyin olmadığını bildirdilər. Lakin Signal qalmaqalı hələ də səngiməyib. Əvvəl Uoltsun 2 müavini işdən çıxarıldı, günahı onların adına yazmaq istədilər (guya Qoldberqi onlar qrupa daxil ediblər), bu yaxınlarda isə Tramp Uoltsun özünü vəzifəsindən çıxartdı (düzdür, buna başqa – daha ciddi səbəb də göstərilir). Bəzi konqresmenlər bu işə görə məhkəməyə dövlətə xəyanət ittihamı ilə müraciət ediblər.
Məsələnin niyə bu qədər şişirdildiyi, onun niyə dövlətə xəyanət kimi qiymətləndirildiyi əvvəl mənə aydın deyildi. Sən demə, gəmidən təyyarələrin uçuş-eniş vaxtlarının məlum olması çox qiymətli məlumat imiş. Ən məxfi məlumat da elə budur.
Təyyarədaşıyan gəmilərin bir zəif cəhəti var. Təyyarələr uçanda və enəndə bu gəmilər tərpənməz qalmalı və heç bir manevr etməməlidirlər. Çünki gəminin azacıq tərpənişi on milyonlarla dollar qiyməti olan təyyarənin sürüşməsinə və qəza törətməsinə, suya düşməsinə və ya partlamasına səbəb ola bilər. Belə əməliyyatlar zamanı gəmi raket hücumuna qarşı müdafiədə zəif mövqedə olur. Buna görə də əməliyyatın başlanma tarixi və vaxtı məxfi saxlanılır.
Husilər hansısa yolla (yəqin ki, Çin və Rusiya kəşfiyyat peyklərinin sayəsində) “Harry S. Truman” gəmisindən əməliyyatların başlama vaxtlarını öyrənə bildilər və gəmiyə məhz bu vaxt raket hücumu təşkil etdilər. İlk belə əməliyyat 28 apreldə keçirildi. “Harry S. Truman” gəmisi raketdən müdafiə zamanı kəskin manevr etdi və $60 milyonluq bir F/A-18 təyyarəsini itirdi (suya düşdü). 2-ci oxşar əməliyyat 6 mayda təşkil olundu və daha bir F/A-18 suya düşdü.
Husilərin 2-ci hücumu həm də ona görə ABŞ üçün xüsusi təhlükəli oldu ki, az əvvəl– 4 mayda husilər ABŞ-ın ən müasir REM və RHM sistemlərini keçib, Ben Qurion hava limanına düşən hipersəs raketə malik olduqlarını nümayiş etdirmişdilər. Yəni belə raketə malik olan və gəminin əməliyyata dayanma vaxtını dəqiq bilən husilər hətta gəminin özünü də (bütün təyyarələrlə birlikdə) batıra bilərdilər. Bu elə bir həyəcan siqnalı idi ki, Tramp dərhal– 7 mayda husilərlə müharibəni dayandırdığını bəyan etdi.
“Harry S. Truman” Qırmızı dənizdən çıxmalı idi. İndi o Jiddə sahillərində “gizlənib”. Husilrin 2000+ km zərbə məsafəsinə malik raketlərinin olduğunu nəzərə alsaq, açıq dənizə çıxmaq onun üçün daha böyük təhlükə yaradırdı. Buna görə də Qırmızı dənizdən “qaçmaq” üçün ABŞ-a husilərlə müharibənin bitdiyini elan etmək və onlardan hücum etməmək təminatı almaq lazım idi.
Bu təminatı ABŞ-a İran verdi. Omanın vasitəçiliyi ilə İran ABŞ-a təminat verdi ki, husilər “Harry S. Truman” gəmisinə hücum etməyəcəklər. Tramp müharibənin dayandırılmasını bəyan edən zaman husilərin sözlərinə istinad edəndə bunu nəzərdə tuturdu. Sadəcə, həmişəki kimi, zibili konfet kağızında təqdim etdi. Guya huslər təslim oldular və sairə.
Husilərin nümayəndəsi isə sabahı gün bəyan etdi ki, bizim davamız İsrail ilədir və İsrail Qəzzada soyqırımına son qoymayınca ona kömək edən gəmiləri Qırmızı dənizə buraxmayacağıq. Sözlərinin ciddi olduğunu sübut etmək üçün Tramp S.Ərəbistanında olduğu gün bu ölkənin üstündən İsrailə bir raket də göndərdilər.
Xatırladıram ki, Tramp İrana 7 mayadək vaxt vermişdi: ya bu tarixədək İran nüvə razılaşmasında ABŞ-ın şərtlərini qəbul etməlidir, ya da ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayacaq. İran-ABŞ nüvə danışıqları hələ davam edir, İran isə ABŞ-ın şərtlərinin çoxunu qəbul etməyəcəyini bəyan edib.
Asif Şəfəqqətov
Foto: USS Harry S.Truman (CVN-75)