Ölkə başçısı İlham Əliyevin Albaniyadakı tədbirdə iştirakına bizim millətçi-güruh media və sosial şəbəkədəki şüursuz məddahlar müxtəlif qızışdırıcı şərhlər yazırlar. Əsas da Fransa Prezidenti Emmanuel Makron ilə İlham Əliyevin görüş səhnəsini "Baxın, Makron yaxınlaşdı və  Əliyevlə görüşdü, Azərbaycanın gücünə məcburən hörmət göstərdi.." məzmunda şərhlər döşəyirlər.

Şüurlu insanlar anlayır yaxud anlamalıdır ki, bütün bu araqızışdırıcı təbliğatlar işçi sinfinin, sadə xalqın beynini zəhərləmək, diqqəti içəridəki sinfi düşməndən xarici düşmənlərə çəkdirmək üçündür.  Bu burjua liderlər, elitalar əlbətdə ki, öz aralarında razılaşırlar, yaxşı münasibətdə olurlar, birgə iş qururlar, iş aşırdırlar mənfəətləri naminə, birgə pul qazanırlar...

Guya Makrona qədər İlham Əliyev Fransanın imperialist tarixindən xəbərdar deyildi? Əlbəttə rəsmi Parisin neomüstəmləkəçiliyindən onun yaxşı xəbəri var. Elə sovet dərsliklərindən, tarixi kitablarından, siyasi publisistikasından nəzərə alsaq,  İlham Əliyev yetəri qədər yaxşı təhsil alıb. Amma onun kiminsə imperializmi, qəddarlığı və s. vecinə deyil. Makrona qədər Fransada yaxşı gəzir, hansısa işlərə sponsorluq da edirdilər, Fransanın hətta bir Minsk qrupunda həmsədrlik edərkən ermənipərəstlik etməsi Azərbaycan iqtidarının uzun illər veclərinə deyildi. Makron və onun Fransasına qarşı təbliğat - sadəcə Azərbaycan kapitalizmində daxili siyasət üçün bir tamaşadır.

Hələ 150 il əvvəl kommunistlər xalqları başa salırdılar ki, "bütün xalqların işçiləri, birləşin", bu burjua liderlərin nifrət dolu təbliğatına fikir verməyin, onlar öz aralarında bir şəkildə barışacaqlar, razılaşacaqlar, dostlaşacaqlar, olan – fəhlə, kəndliyə, kasıba olacaq...

Fransa rəhbərinin İlham Əliyevlə səmimi, deyib-güldüyü mənzərəyə gəlincə, Makron Əliyevə yaltaqlıq etmir. Makron öz dövlət işininin, Fransanın maraqları naminə bizim prezidentə yaxınlaşır, Paşinyanın da orada olduğunu nəzərə alsaq, rahat anlaşılır ki, Azərbaycan-Ermənistan münasibətlərini danışırlar. Azərbaycanın hansısa gücünə boyun əyən yoxdur orda.

P.S. "Azərbaycanın gücü" neftdən-qazdan gələn gəlirin hesabına alınan silahlardırsa, bu "gücün" tükənməsi qaçılmazdır. Əsl güc sevgidir, müsəlman cəmiyyətlərdə isə zərrə qədər sevgi yoxdur. Pula-maddiyyata olan sevgini saymasaq.

A.Sultanov

Globkom.info