
Trampın tarif sanksiyaları ilə məqsədlərinə necə nail olmaq istədiyi barədə yazmışdım: https://globkom.info/butun-xeberler/abs-in-butun-dunyaya-qarsi-tarif-muharibesi-basladi-siyahi
Bəs əsas tərəf-müqabillər ona mane ola biləcəklərmi?
Avropa İttifaqı (Aİ)
Düşünürəm ki, Aİ Trampın planlarına mane ola bilməyəcək. Aİ ABŞ-a niyə sanksiyalar tətbiq etsin ki? Avropa ABŞ-a $240 milyard çox məhsul satır. Yəni Avropa kontrtariflər tətbiq etsə, ABŞ bazarını tamam itirə bilər, tətbiq etməsə isə ABŞ-la danışıb tarifləri bir az yumşalda bilər.
Həm də ABŞ-dan hansı mala tarif tətbiq edəcək? Maye qaza? Onda özündə enerji qiymətləri kəskin qalxacaq– bu intihardır. Bəlkə ABŞ maye qazından tam imtina edib, başqa ölkədən alsın? Rusiya qazı sanksiya altındadır, başqa yerdən də belə böyük həcmdə qaz ala bilməyəcək. Deməli, ABŞ maye qazını almağa məcburdur, özü də tarifsiz. ABŞ-a "xox" gəlirlər ki, Harley-Devidson motosikllərinə, Tennesi (respublikaçı) ştatından viskilərə, Levi's cinslərinə və s. məhsullara tarif təyin edəcəklər. Belə sözlər acizliyin dilə gətirilməsindən başqa bir şey deyil. Özünüz fərqə baxın: məsələn, il ərzində ABŞ bütün Avropaya ~50 min Harley-Devidson satır, ABŞ-a təkcə Almaniya ~200 min avtomobil satır. Avropanın ABŞ-a ixrac etdiyi şərablar ABŞ-dan idxal etdiyi viskidən bəlkə 10 dəfə çoxdur. Cins haqqında heç danışmağa dəyməz, onun maya dəyəri ABŞ üçün qiymətindən 10 dəfə azdır.
Yəni Aİ məhsullarının ABŞ-a yolunun bağlanması Avropanın ixracatçı ölkələri üçün əsl fəlakətdir. Problem bundadır ki, Aİ məhsulları üçün alternativ bazar tapa bilməyəcək. Niyə? Çünki Aİ məhsulları bahadır, onu yalnız böyük premial (yüksək alıcılıq qabiliyyətli) bazarlarda satmaq mümkündür. Aİ istisna olmaqla dünyada 3 belə bazar var: ABŞ, Çin və Rusiya. Aİ Rusiya bazarını itirib, Çin bazarına girmək mümkün deyil, həm də Aİ Çinə sanksiyalar tətbiq etməklə ora da yolunu qismən bağlayıb. ABŞ bazarını da itirsə, Aİ-də uzağı 2 ilə kəskin tənəzzül baş verəcək.
Aİ Çinlə barışıb, ABŞ-a qarşı birgə mübarizə apara bilməz. Aİ ABŞ-la ticarətdə $240 milyardlıq müsbət saldoya malikdirsə, Çinlə $400 milyardlıq mənfi saldosu var. Yəni, əgər ABŞ-a qarşı çıxarsa, Çinin tam müstəmləkəsinə çevriləcək.
Beləliklə, Aİ-nin ABŞ-ın ayağına düşüb yalvarmaqdan başqa çarəsi qalmayıb. Bu halda Tramp Aİ-ni dağıdacaq, Avropa ölkələrindən qlobalistləri qovacaq və orada özünə tam tabe olan oyuncaq rejimlər yaradacaq. Avropa uçun bütün hallarda müsbət ssenari gözlənilmir.
Çin
Çin ABŞ-a ciddi müqavimət göstərəcək. Düzdür, Çin ABŞ-a ~$300 milyard daha çox məhsul satır və buna görə tarif müharibəsində daha çox uduzan olacaq, lakin Çin güzəştə getmək fikrində deyil. Aİ-dən fərqli olaraq, Çin öz məhsullarına alternativ bazarlar tapa bilər. Artıq Çin, Yaponiya və C.Koreya ABŞ tarif sanksiyalarına qarşı birgə mübarizə aparmaq haqda danışıqlar aparırlar.
Bundan başqa Çin potensial olaraq dünyanın ən böyük bazarıdır. Əhalinin alıcılıq qabiliyyəti artarsa, o ABŞ-dan da böyük bazar olacaq. Bunun üçün isə alıcılıq qabiliyyətini ABŞ-dakı kimi süni artırmaq tələb olunur– yəni əhaliyə kütləvi ucuz istehlak kreditləri vermək olar. Bu yolla ixrac həcmini daxili istehlaka yönəltmək mümkündür.
Paralel olaraq Çin Rusiya bazarına intervensiyanı gücləndirəcək. Digər yol: Çin ixrac yönümlü istehsalatlarını ABŞ-ın 10% tarif təyin etdiyi ölkələrə köçürəcək.
Beləliklə, Çin ABŞ təzyiqinə davam gətirəcək. ABŞ da Çin idxalının bahalaşmasından və azalmasından ciddi əziyyət çəkəcək deyə belə vəziyyətə uzun müddət dözə bilməyəcək. Deməli, uzağı bir neçə aya danışıqlara gedib, tariflərin qarşılıqlı azaldılması barədə razılığa gələcəklər. Lakin tariflərin tam ləğv olunacağına inanmıram.
Trampın planlarına əsas maneə bunlar deyil. Əsas maneə liberal maliyyə sistemidir. Federal Rezerv Sistemi (FRS), Dünya Bankı (DB), Beynəlxalq Valyuta Fondu (BVF) isə bu sistemin əsas elementləridir.
Tramp proteksionist iqtisadiyyata keçməyə başlayıb. Lakin nə qədər ki, ölkə liberal maliyyə sistemindədir, o, istəyinə nail ola bilməyəcək. Niyə? Bu haqda sonra yazaram. Hələlik bunu oxumağı tövsiyə edirəm:
Buradan belə nəticə çıxarmaq olar ki, tezliklə Trampın növbəti hədəfi FRS, DB və BVF olacaq. "Karfagen dağılmalıdır!"
Davam edək.
Əvvəlcədən deyim ki, aşağıda (elə budan əvvəl də bu mövzuda) yazdıqlarımı başqa heç yerdən oxuya blməyəcəksiniz.
2023-cü ildə ABŞ-ın ixracı $2,01 trilyon, idxalı $3,16 trilyon olub. Yəni ixracının yarıcı məbləğində ($1,15 trilyon) mənfi saldosu (defisit) yaranıb. ABŞ-ın xarici ticarətində defisit ilk dəfə ötən əsrin 60-cı illərində yarandı və o vaxtdan indiyədək defisit artmaqda davam edir. Son dövrlərdə isə hər il yeni antirekord əldə olunur. Bu ölkənin sənayesizləşdirilməsinin labüd nəticəsidir.
Hər hansı ölkənin cəmi idxalı ixracından böyük olarsa, nə baş verər?
İdxal ölkədən valyuta çıxarır, ixrac isə ölkəyə valyuta gətirir. Deməli, idxal ixracdan böyük olarsa, ölkədə valyuta çatışmazlığı yaranacaq. Bu çatışmazlığı ölkə valyuta ehtiyatları hesabına bağlaya bilər. Lakin defisit bir neçə il davam edərsə, ölkənin valyuta ehtiyatları tükənəcək. Bəs onda ölkə nə edəcək?
Bu halda onun 3 seçimi olur:
1) idxalı azaltmaq– bu ölkədə istehlak məhsulları çatışmazlığı, bunun nəticəsində bahalaşma və sosial narazılıqlar yarada bilər;
2) ixracı artırmaq– istehsalı artırmaq asan məsələ deyil, buna illər tələb olunur, xaricdə bazar tapmaq da çətindir;
3) xarici banklardan borc götürmək.
1-ci və 2-cini edə bilməyən ölkə 3-cüyə getməyə məhkumdur. Deməli, ölkənin xarici ticarətində defisit illərlə davam edərsə, ölkənin xarici borcları da artacaq. Günlərin birində xarici banklar (ölkələr) borclarını geri istəyəcək və ölkə onları qaytara bilməyəndə banklar onun yeraltı və yerüstü sərvətlərinə, infrastruktur obyektlərinə sahib olacaqlar.
Bundan sonra da ölkənin xarici ticarətində vəziyyət dəyişməzsə (hərçənd bundan sonra müsbətə dəyişəcəyini gözləmək olmaz, çünki xarici banklar məhz ixrac potensiallı aktivləri götürürlər), ölkə yavaş-yavaş siyasi müstəqilliyini də itirəcək, ölkədə oyuncaq rejim qurulacaq. Ukrayna nümunəsi gözümüz önündədir.
İndi qayıdaq ABŞ-a. ABŞ-da ildən ilə ixrac azalır, idxal artır. Yəni defisit ildən-ilə artır. Məntiqlə ABŞ çoxdan müflis olmalı idi. Bəs bu niyə baş vermir?
Çünki ABŞ-ın bütün başqa dövlətlərdən 1 böyük üstünlüyü var. Bütün ölkələr valyutanı (əsasən, dolları) xaricdən götürürlər, ABŞ isə dolları özü istehsal edir. Yəni xarici ticarətdə yaranan defisiti əlavə dollar çap etməklə bağlayır.
ABŞ-da dövlətə məxsus Mərkəzi Bank yoxdur. Onun funksiyalarını müxtəlif ştatlarda yerləşən 12 federal rezerv bankdan ibarət Federal Rezerv Sistemi (FRS) yerinə yetirir. FRS özəl aktivdir, dövlətə məxsus deyil. Hazırda ABŞ yeganə ölkədir ki, pulu çap etmək hüququ özəl şirkətə (FRS-ə) məxsusdur. Defisiti bağlamaq üçün ABŞ hökuməti FRS-ə əlavə dollar emissiyasını sifariş edir. FRS də mənfəəti müqabilində sifarişi yerinə yetirir.
İdeal afyoradır, elə deyilmi? Bu afyoranı biləndən sonra Şarl de Qolun vaxtilə nə etdiyi barədə yazmışdım: https://www.facebook.com/share/p/1UdfPDw6tU/
Lakin bu afyoranın da bir həddi var. Belə sxemdə pul əmtəə kimi çıxış etdiyindən o da "holland xəstəliyi"nə səbəb ola bilər: https://www.facebook.com/share/p/1BFm8xRu5F/
"Holland xəstəliyi" nə vaxt yaranır:
- Məhsulun bazarı daralır (onun istifadəsi azalır);
- Məhsulun bazarı "doyur" (o məhsuldan bazarda kifayət qədər var).
Dollar üçün də bunlar uyğundur. Hər bir hala ayrılıqda baxaq:
Bazarın daralması 2 halda baş verə bilər:
- dolların beynəlxalq valyuta kimi istifadə edildiyi ölkələrin cəmi iqtisadi vəziyyəti pisləşərsə,
- dolların beynəlxalq ticarətdə payı azalarsa. Məsələn, avro dövriyyəyə buraxılandan sonra.
Bazarın "doyması" isə belə baş verir. ABŞ-ın xarici ticarətində hər il defisit yaranır və deməli, hər il əlavə dollar emissiyası baş verir. Əgər dünya dollarla ticarət dövriyyəsinin inkişafı emissiyanı üstələməzsə, bazarda doyma yaranacaq. Bu isə dollara tələbatı azaldacaq və onun kursu düşməyə başlayacaq.
Ötən əsrin 80-ci illərində bu baş vermişdi və ABŞ iqtisadçıları dünya iqtisadi böhranının baş verəcəyini proqnozlaşdırırdılar. Bəs böhran niyə baş vermədi? Çünki sosialist düşərgəsi dağıldı. Sosialist sisteminin ləğv olması kapitalist dünyasını böhrandan xilas etdi. Sosialist sisteminin çökməsi onların bazarını dolların müdaxiləsinə açdı. Yəni əlavə trilyonlarla dollara tələbat yarandı. Yeri gəlmişkən, avronun da buraxılmasına bu səbəbdən ABŞ imkan verdi. Çünki dünya ticarətində böyük dollar çatışmazlığı yaranmışdı (avro yanvar 1999-cu ildən milli valyuta ilə paralel, 1 yanvar 2002-ci ildən isə yeganə valyuta kimi Avrozonada tədavülə buraxılıb).
İndi yenə 80-ci illərdəki vəziyyət yaranıb– dollar bazarı "doyub". Yeni bazar yoxdur, əksinə, dolların bazarı daraldılır: BRICS ölkələri dollarsız ticarətə keçirlər. Buna görə də əvvəl ABŞ BRICS-i parçalamağa çalışdı. Paralel olaraq ABŞ Aİ-ni dağıtmaq istəyir, çünki bu halda avrozona ləğv olunacaq və hər ölkə öz milli valyutasına qayıdacaq. Deməli, Avropada da yeganə beynəlxalq valyuta dollar olacaq.
Tramp dolların vəziyyətinin pis olduğunu başa düşürdü. Lakin heç olmasa onun ömrünü uzatmaq üçün xeyli səy göstərdi. 2 aylıq səylərinin bəhrəsiz olduğunu görən Tramp başqa yol seçdi– total tarif sanksiyalarını tətbiq etdi...
Uzun olur deyə ardını sonra yazaram.
Asif Şəfəqqətov