Getdikcə trampçıların ABŞ-ı xilas edə biləcəyinə ümidim azalır. Onlar böyük missiya götürüblər– ABŞ-ı yenidən sənaye nəhənginə çevirmək istəyirlər. Bu iqtisadiyyatı uçuruma doğru gedən ölkə üçün yeganə çıxış yoludur. Lakin bu məqsədlərinə FRS-i, müasir maliyyə-kredit sistemini, dolları ləğv etmədən çata bilməyəcəklər.

Bu böyük və spesifik mövzudur. Ətraflı yazmaq çox vaxt aparar. Mən bu yazıda bəzi məqamlara toxunacam. Populyar dildə yazacam ki, hamı başa düşsün.

Əvvəl bir məsələyə aydınlıq gətirək. Mərkəzi bankın (MB) uçot dərəcəsi nədir və nəyə xidmət edir?

MB istehlak və ya kommersiya krediti vermir. Belə kreditləri kommersiya bankları verir. Bəs kommersiya bankları kredit üçün vəsaiti haradan əldə edirlər? Müxtəlif hüquqi şəxslərin həmin banklarda saxladığı hesablarından və fiziki şəxslərin əmanətlərindən. Lakin kommersiya bankı, müştərisi varsa, daha böyük vəsaitə sahib olmaq istəyir. Çatışmayan vəsaiti o MB-dən alır.

MB kommersiya bankına krediti müəyyən faizlə verir. Məhz bu faiz uçot dərəcəsi (UD) adlanır və bütün kommersiya bankları üçün eyni olur. UD-dən asılı olaraq kredit bahalı və ya ucuz adlanır. UD 5%-dən aşağı olarsa – ucuz, yuxarı olarsa – bahalı hesab olunur. Kommersiya bankları da MB-dən götürdükləri pulu UD-dən yüksək faizlə (MB-nin müəyyən etdiyi diapazonda) hüquqi və fiziki şəxslərə kredit kimi verirlər. Başqa sözlə əhalinin və ya biznes müəssisələrinin götürdükləri kreditlərin faizləri UD-dən asılıdır.

Bəs MB nəyə əsasən UD-ni artırır və ya azaldır? Əgər ölkədə inflyasiya varsa, bu o deməkdir ki, dövriyyədə pul çoxdur. Bu halda MB bahalı kredit siyasətinə keçir. Məqsəd budur ki, kredit götürmək çətinləşsin, çünki yüksək faizlə krediti götürmək istəyən azalır. İnflaysiya nə qədər yüksək olursa, MB UD-ni bir o qədər yüksəldir. Vəziyyət o həddə çata bilər ki, heç kim kredit götürməyə risk etməz. Bu yolla MB dövriyyədəki pul kütləsini azaldır və yavaş-yavaş inflyasiya artımını dayandırır.

Dövriyyədə pul kütləsi az olduqda (çatışmadıqda) MB UD-ni azaldır. Dövriyyədə pul kütləsi necə çatışmaya bilər? Əgər ölkədə məhsul istehsalı artırsa, lakin pul kütləsi sabit qalırsa, onda pul çatışmazlığı yaranır. Ucuz krediti hamı götürməyə çalışır və dövriyyədə pul kütləsi artır.

İndi isə baxaq ki, ucuz və bahalı kredit başqa hansı nəticələrə səbəb olur.

Ucuz kredit insanları istehlak kreditləri götürməyə həvəsləndirir. Bunun sayəsində əhalinin alıcılıq qabiliyyəti artır, yəni tələb artır. Bu da öz növbəsində təklifin, başqa sözlə, istehsal, xidmət həcmlərinin artmasına təkan verir. Eyni zamanda ucuz kredit hüquqi şəxsləri istehsalın genişləndirilməsinə investisiya qoymaq üçün kredit götürməyə həvəsləndirir. Yəni ucuz kredit bütün hallarda iqtisadi yüksəlişə xidmət edir. Əgər ucuz kredit daxili istehsalın genişləndirilməsinə xidmət edirsə, o heç vaxt inflyasiyaya səbəb olmayacaq. Yox, idxalın artmasına və maliyyə oyunlarına sərf olunursa, inflyasiya labüddür.

Bahalı kredit həm əhali, həm də biznes üçün tələdir. Çünki yüksək faizli krediti qanuni bizneslə və ya əmək haqqı ilə qaytarmaq, demək olar ki, mümkün deyil. Tələyə düşməmək üçün nə əhali, nə də biznes belə krediti götürür. Onu yalnız yarıkriminal biznes və ya fiziki şəxslər götürə bilərlər. Deməli, bahalı kredit ölkədə iqtisadi tənəzzülə və krimainal biznesin inkişafına səbəb olur.

Beləliklə, UD-nin ölkə üçün nə qədər strateji əhəmiyyətə malik olduğunu aydınlaşdırdıq. Mayer Amşel Rotşild (1744-1812) nahaq yerə deməmişdi:

"Ölkənin pullarının idarəetməsini mənə verin və kimin orada nə qanun qəbul edəcəyi məni maraqlandırmır".

Sizcə, Rotşildin sözləri söz olaraq qalıb? İmperializm belə "qızıl toyuğu" heç əldən verərmi?!

1944-cü ildə Bretton Vuds sistemi yaradılandan sonra bütün ölkələrin MB-ləri Dünya Bankı (DB) tərəfindən koordinasiya (əslində idarə) olunmağa başladı. Yalnız sosialist ölkələri bu sistemə qoşulmadılar, buna görə də pul-kredit siyasətində müstəqil qaldılar. Sosialist ölkələrində Mərkəzi bank yox idi, Milli və ya Dövlət bankı var idi. Bunların arasında çox ciddi fərq var. 2-cilər tam suveren banklardır, 1-cilər isə tam suveren deyillər.

Sosialist bloku dağıldıqdan sonra, demək olar ki, bütün ölkələr DB ilə əməkdaşlığa başladılar (niyə? bu ayrı söhbətin mövzusudur). DB də krediti öz şərtləri ilə verir. Bu şərtlərdən biri də Milli (Dövlət) bankının adının və nizamnaməsinin dəyişdirilməsi olur. Milli bankdan fərqli olaraq, MB-nin rəhbəri DB ilə razılaşdırılmaqla təyin olunur, MB dövlətin öhdəliklərinə görə məsuliyyət daşımır, pul-kredit siyasətini DB-nin təlimatlarına əsasən aparır, MB özü kommersiya təşkilatıdır və s.

Hazırda dünyada 3-4 tam suveren Milli bank qalıb: Çində, Vyetnamda, Kubada, 4-cü yadımda qalmayıb.

Hətta Rusiyanın MB-si də suveren deyil. Qərblə 3 ildən çox müharibə aparsa da MB-nin suverenliyinə nail ola bilməyib. Buna görə Rusiyada UD, təxminən, 25%-dir. Hətta rubl dollara nəzərən güclənsə də MB UD-ni endirmir. Rusiya sənayesini inkişaf etdirmək üçün dövlət təminatlı xüsusi ucuz kreditlər mexanizmindən istifadə edir. Maraqlı və faydalı təcrübədir.

İmperializm UD ilə bütün ölkələri yeni müstəmləkəçilik rejimində saxlayır. Hər bir ölkə özünün müstəqil olduğunu düşünür, amma əslində o UD vasitəsilə idarə olunur. Yaxşı bir deyim var: "Şeytanın gücü ondadır ki, o özünün mövcud olmadığını insanlara inandıra bilib". Anqlosaks imperializmi də həmin şeytan kimi işləyir.

Buna necə nail olurlar? Yaxın tarixdə baş verənlərin nümunəsində bunu izah edək.

Sosialist ölkələrində inflyasiya, demək olar ki, yox idi. Kredit faizi isə çox aşağı idi. Çünki UD dövlətin nəzarətində idi, Milli bank dövlət orqanı idi.

Sosialist ölkələrinin hamısında iqtisadiyyatı dağıtmaq üçün ABŞ "mütəxəssislərinin" məsləhəti ilə özəlləşdirmə həyata keçirməyə başladılar, hamıya vauçerlər payladılar. Bu zaman bütün ölkələrdə planlı şəkildə yerli valyutanı çökdürdülər. Yəni fantastik inflaysiya yaratdılar. Bunu niyə etdilər? Əvvəl $10.000.000-a olan aktivi imperialistlər yerli valyutanın kəskin ucuzlaşması sayəsində $10.000-a ala bilirdilər. Yerli əhali isə həmin aktivi ala bilmirdi, çünki onda milli valyuta var idi– milli valyuta ilə isə $10.000 çox böyük pul idi. Bu zaman aktivi alanlar sonradan oliqarx adlanan yerli vətəndaşlar olsa da onlara tələb olunan vəsaitləri verən xarici imperialistlər olurdu. Bu proses iştirakçıların adları ilə Rusiyada yaxşı araşdırılıb. Məsələn, Rusiyanın ən böyük neft şirkəti YUKOS-u yaradan Xodorkovski olsa da, onun arxasında dayanan (maliyyələşdirən) Rotşildlər idi. Buna görə də Putin ilk zərbəni ona vurdu.

Ölkədə inflyasiya varsa, təbii ki, MB UD-ni qaldıracaq. UD yüksək olanda nə baş verəcək? Yuxarıda bu haqda yazmışdım. Lakin müstəmləkə idarəetməsi ilə bağlı bəzi məqamlara toxunmamışdım.

Sənayeyə investisiya qoymaq üçün UD 5%-dən yüksək olmamalıdır. Çünki biznes bu krediti azı 6-8%-dən götürməlidir. Krediti götürən həmişə onu öz biznesinin rentabelliyi ilə müqayisə edir. Əgər onun biznesi kredit faizindən azı 2-3% yuxarı rentabelliyə malik deyilsə, heç vaxt kredit götürməz. Çünki bu halda bankrot olması labüddür. Sənaye sahəsi 5-15 il sonra qoyulmuş investisiyanı qaytara bilir. UD yüksək olarsa, hansı axmaq sənayeyə investisiya qoyar?! Deməli, emal sənayesinin inkişafı mümkün deyil.

Niyə emal sənayesi yazdım? Hasilat sənayesi yüksək UD şəraitində də yaşaya və inkişaf edə bilir. Çünki onun məhsullarına xarici bazarlarda həmişə tələbat var– xarici valyutada o həmişə rentabelli olur.

Beləliklə, nə baş verir? Ölkədə emal sənayesi yoxa çıxır, lakin hasilat sənayesi (və ixrac potensiallı kənd təsərrüfatı) inkişaf edir.

Belə ölkəyə nə deyirlər? Bəli, banan respublikası. Başqa sözlə, müstəmləkə. Keçmiş müstəmləkədə nəyi əkməyi, nəyi istehsal etməyi müstəmləkəçi əmr edirdi, müasir müstəmləkədə bunu guya dünya bazarı müəyyən edir.

Amma məsələ bununla bitmir.

Bahalı krediti daha nəyə görə götürmək olar ki, sərfəli olsun? Kapitalın dövriyyəsi yüksək olan iqtisadiyyat sahələrinə. Kapitalın dövriyyəsi nə deməkdir? Yəni 1 manat nə qədər vaxtdan sonra geri qayıdır. Sənayedə və kənd təsərrüfatında kapitalın dövriyyəsi, bir qayda olaraq, 1 ildir. Lakin ticarətdə, xidmət sektorunda o 1-3 ay ola bilər. Yəni sənaye və k/t-də 1 manat investisiya 10%-lik rentabelliklə 1 il sonra 1,1 manat gətirirsə, ticarət və xidmət sektorunda 1 manat investisiya eyni rentabelliklə 1 il sonra azı 3,6 manat (dövriyyə əmsalı 3 olduqda) gətirəcək. Deməli, ölkədə ticarət və xidmət sektoru inkişaf edəcək.

Bəs emal sənayesi yoxdursa, ticarət nəyin hesabına inkişaf edəcək? Əlbəttə, idxalın. Deməli, yüksək UD həm də xarici ölkələrin sənaye istehsalının inkişaf etməsinə xidmət edir.

Xarici ölkələrdən mal almaq üçün nə lazımdır? Valyuta: dollar. Deməli, ticarət gücləndikcə dollara tələbat da artır. Dollara tələbat artdıqca isə milli valyuta ucuzlaşır. İnflaysiya!

Ucuz kredit götürmək istəyən xarici banklara müraciət etməlidir. Onlarda bank faizləri nadir hallarda 5%-dən yuxarı olur. Yəni sistem elə qurulub ki, Qərb bankları aşağı faizlə, digər banklar yuxarı faizlə kredit versinlər. Belə olan halda hər kəs, xüsusən də böyük investisiya layihələri həyata keçirən ölkələr, şirkətlər xarici banklardan kredit götürəcəklər. Bu da Qərb banklarının inkişafına səbəb olur. Həmçinin xarici bank müəyyən şərtlərlə yerli biznesdə müəyyən paya sahib ola bilir. Krediti qaytarmaq üçün də şirkətin dollara tələbatı artır.

Yuxarıda qeyd etdiyim iqtisadiyyat sahələrində varlanmış yerli oliqarx əldə etdiyi milyonları neyləməlidirlər? Ölkə daxilində pulunu qorumaq üçün onun iki yolu var– ya yerli iqtisadiyyata investisiya etməli, ya da onu banka qoymalıdır. Bu zaman o, çoxsaylı risklərlə müşayiət olunan investisiyanın rentabelliyi ilə, demək olar ki, risksiz əmanətin bank faizini müqayisə edir. UD yüksəkdirsə, aydındır ki, əmanətin bank faizi investisiyanın rentabelliyindən yüksək olacaq. Deməli, oliqarx pulunu iqtisadiyyata yatırmaqdansa bankda saxlamağa üstünlük verəcək. Nəticədə real iqtisadiyyat itirəcək.

Oliqarx üçün başqa seçimlər də var.

Kommersiya və istehlak krediti götürənlər azalırsa, bankların vəziyyəti pisləşir. Onlar riskli banklara çevrilirlər. Oliqarx pulunu hətta yüksək faiz versə də riskli banka qoymaz. Deməli, pullarını xarici banklara qoyacaq. Bu yolla ölkədən kapital axını başlayır. Həmin kapital xarici bankları varlandırır və xarici banklar bizim oliqarxların pulları sayəsində öz ölkələrində iqtisadiyyatın inkişafına investisiya qoymaq üçün ucuz kreditlər verirlər.

Oliqarxın digər seçimi. O, pulunu xarici ölkədə investisiyaya yönəldə bilər. Bu da geniş yayılmış praktikadır. Bu halda da pul yerli iqtisadiyyatdan çıxarılır və xarici ölkə iqtisadiyyatının inkişafına xidmət edir.

Daha bir seçim. Oliqarx puluna xarici şirkətlərin səhmlərini ala bilər. Bu da xarici şirkətlərin inkişafına səbəb olur.

Daha bir seçim: kriptovalyuta ala bilər. Bu nə yerli, nə də xarici ölkə iqtisadiyyatının inkişafına xidmət etmir, qlobal maliyyə oliqarxiyasının varlanmasına xidmət edir.

Bu çox böyük mövzudur, mən mümkün qədər sadə və qısa yazmağa çalışdım. Bunlar aydın olandan sonra ABŞ-ın niyə sənayeləşə bilməsinin problem olduğu barədə yazaram.

 

Asif Şəfəqqətov