
2 apreldə Tramp bəyan etdi ki, ABŞ Çinin bütün mallarına əlavə 34% gömrük tarifi təyin edəcək. Çinlə bərabər 182 ölkənin (ərazinin) mallarına da müxtəlif tariflər təyin edilmişdi (https://globkom.info/butun-xeberler/abs-in-butun-dunyaya-qarsi-tarif-muharibesi-basladi-siyahi). 10%-lik tariflər 4 apreldən, daha yüksək tariflər 9 apreldən qüvvəyə minməli idi. 120 ölkəyə 10%-lik tariflər 4 apreldən qüvvəyə mindi. 9 apreldə Tramp bəyan etdi ki, qorxudan onun “gündəyməzini” öpməyə hazır olan dövlətlərin acizanə xahişlərini nəzərə alaraq və böyük lütfkarlıq göstərərək, daha yüksək tariflərin tətbiqini 90 gün müddətinə təxirə salır. Bu müddət ərzində həmin ölkələrə də 10%-lik tarif tətbiq ediləcək və onlarla ticarət danışıqları aparılacaq. Bir ölkə istisna olmaqla – Çin.
Çin üçün nəzərdə tutulmuş 34%-lik tarif 9 apreldən qüvvəyə mindi. Çinin ən böyük ticarəti tərəfdaşı ABŞ-dır və bu ticarətdə udan tərəf Çindir. Təkcə 2024-cü ildə Çinin ABŞ-la ticarət saldosu +$525 milyard olub. Buna görə də ABŞ əmin idi ki, Çin ABŞ bazarını itirmək istəməyəcək və ABŞ-ın bütün (və ya əksər) şərtlərini qəbul etməyə məcbur olacaq.
ABŞ-ın həmişəki arxayınlığı başına bəla oldu. Çin gözlənilən mütiliyi nümayiş etdirmədi (2018-ci ildə Çin ABŞ-ın, demək olar ki, bütün şərtlərini qəbul etmişdi) – əksinə, o da ABŞ mallarına eyni gömrük tarifini təyin etdi. Bundan qəzəblənən Tramp Çin mallarına tarifi bir az da artırdı, Çin də ABŞ mallarına qarşı eynisini etdi. Tramp yenidən Çin mallarına tarifi yüksəltdi... Beləliklə, aprel ayının sonuna ABŞ-ın Çin mallarına tarif dərəcəsi 145%, Çinin ABŞ mallarına – 125% oldu. Bu faktiki olaraq qarşılıqlı ticarətin dayandırılması idi.
Tramp bütün aprel ayı ərzində Sinin ona zəng edəcəyini və tarifləri yumşaltmağı xahiş edəcəyini gözlədi. Sinin bunu edəcəyinə o qədər əmin idi ki, hətta bir neçə dəfə bu barədə brifinqlərdə də danışdı. ABŞ-ın Çindəki Səfirliyi müxtəlif kanallarla Çin rəhbərliyinə mesajlar göndərdi ki, Trampa zəng edib, danışıqlara girsinlər. Amma nə Si, nə də Çin hökumətinin hər hansı rəsmisi ABŞ rəsmilərinə zəng etmədi.
ABŞ da, Çin də qarşılıqlı tarif sanksiyalarından əziyyət çəkirdi. Lakin Çin daha uzun müddət dözə bilərdi, çünki onun ABŞ mallarından kritik asılılığı yox idi. ABŞ-ın Çin mallarından kritik asılılığı var. Ən birinci üzə çıxan asılılıq kütləvi istehlak malları ilə bağlı idi. ABŞ-ın pərakəndə ticarət (riteyl) məntəqələrinin məhsul çeşidlərinin az qala 80%-i ya Çin istehsalıdır, ya da Çin istehsalı komponentləri əsasında hazırlanıb. Belə məhsulların ən yaxşı halda 1 aylıq anbar ehtiyatı olur. Yəni 1 ay müddətində ABŞ Çinlə razılığa gələ bilməzsə, ölkədə kütləvi narazılıqlar baş qaldıra bilər.
İkinci kritik asılılıq nadir torpaq elementləri (NTE) bağlıdır. NTE olmasa, ABŞ-ın yüksək texnologiyalar və silah sənayesi bağlanmaq təhlükəsi ilə üzləşəcək (ətraflı: https://globkom.info/butun-xeberler/abs-cin-qarsidurmasinda-hessas-noqte-bu-elementlere-nezaret-ugrunda-mubarize-qizisir-analiz)
Çin NTE hasilatının ~70%-nə, onların emalının ~85%-nə və NTE-dən xəlitələr və maqnitlər istehsalının ~90%-nə nəzarət edir. ABŞ-ın Çinə çip ixracına embarqo qoymasına, həmçinin Tayvanı silahlandırmasına cavab olaraq, Çin də ABŞ şirkətlərinə NTE ixracına embarqo qoyub. Aprelin sonunadək ABŞ-da vəziyyət o qədər pisləşdi ki, bəzi məlumatlara görə, ABŞ raket və təyyarə istehsalı üçün NTE-li maqnitləri köhnə texnikalardan çıxarıb təkrar emal edərək istifadə etməyə başladı...
Həm riteyl, həm də yüksək texnologiya şirkətlərinin təzyiqi altında olan ABŞ-ın təşəbbüsü ilə Çin danışıqlara gəldi. 10-11 mayda Cenevrədə keçirilən danışıqlar nəticəsində 90 günlük müvəqqəti razılığa nail olundu. ABŞ Çin mallarına tarifi 30%-ə, Çin ABŞ mallarına tarifi 10%-ə endirdi. Tramp bu razılaşmanı bəh-bəhlə ictimaiyyətə təqdim etdi. ABŞ düşünürdü ki, Çin bundan sonra NTE ixracına məhdudiyyətləri ləğv edəcək, ABŞ-dan əvvəlki həcmdə maye qaz, neft məhsulları və GMO ərzaqlar alacaq. ABŞ isə Çinə qarşı çip embarqosunu saxlayacaq.
Trampın sevinci çox çəkmədi. Çin ABŞ-ın maye qazını və neftini Rusiya və İranın daha ucuz məhsulları ilə əvəz etmişdi, soya və digər ərzaq məhsullarını Braziliya və Rusiyadan almağa başlamışdı və yenidən ABŞ mallarına qayıtmaq fikri yox idi. Onsuz da ABŞ artıq etibarsız tərəfdaş kimi tanınır. NTE ilə bağlı 28 ABŞ şirkətinə tətbiq etdiyi embarqonu hərbi sənaye ilə bağlı olmayan yalnız 3 şirkətdən götürdü (başqa şirkətə satmamaq şərti ilə). Faktiki olaraq vəziyyət ABŞ üçün daha da pisləşdi. ABŞ Çinin kütləvi istehlak mallarını alır (yəni Çinin ixracı artır), Çin isə ABŞ-dan, demək olar ki, heç nə almırdı. Üstəlik 30%-lik tariflər Çin mallarını ABŞ bazarında bahalaşdırır, bu da həm inflyasiyaya, həm də əhalinin narazılığına səbəb olur. Danışıqlar zamanı ABŞ düşünürdü ki, Çin NTE ilə bağlı embarqonu tam ləğv edəcək, lakin bu baş vermədi.
Belə vəziyyətə Tramp dözə bilmədi və 31 mayda 11 may razılaşması ilə bağlı Çinin hərəkətlərindən narazılıqlarını sosial şəbəkə hesabında yazdı (https://www.facebook.com/share/p/1AZpRVCoTs/). Yazıdan belə çıxırdı ki, axı hamını biz aldatmalı idik – həmişə belə olub, indi Çin bizi aldadır, bu biabırçılığa son qoymaq lazımdır.
Bu narazılıqdan sonra yenə ABŞ-ın Çindəki Səfirliyinə tapşırıq verildi ki, Sinin Trampa zəng etməsinə çalışsınlar. Lakin yenə Çindən səs çıxmadı. Çin Trampın narazılıqlarını qulaqardına vurdu.
Əlacsız qalan Tramp 5 iyunda özü Siyə zəng vurmağa məcbur oldu. Mətbuata sızan məlumatlara görə, Si Trampın NTE-yə embarqonu ləğv etmək barədə xahişinə bir şərtlə razılıq verəcəyini bildirib ki, ABŞ da çiplər və onlarla bağlı proqram təminatlarına embarqonu ləğv etsin. Telefon danışıqları nəticəsiz qalıb. Yeganə müsbət nəticə o olub ki, tərəflər ekspertlər səviyyəsində yeni danışıqlara başlamağa razılaşıblar.
11 may razılaşmasının 90 günə bağlanmasına baxmayaraq, ABŞ bu müddəti gözləyə bilmədi. 9 iyunda Londonda yeni ABŞ-Çin danışıqları başladı (hələ də davam edir).
Bu hadisələr nəyi göstərir? Son 35 ildə ilk dəfədir ki, ABŞ Çin (və ya hər hansı başqa dövlət) qarşısında şərtlər qoymur, Çin ABŞ qarşısında şərtlər qoyur. İlk dəfədir ki, ABŞ başqa dövlətin onunla danışıqlara başlamasını xahiş edir.
ABŞ artıq iqtisadi gücü ilə dünyaya hegemonluq edə bilmir. Hərbi gücü də buna imkan vermir. Tramp ABŞ-ın istehlak bazarının böyüklüyü ilə hegemonluq edəcəyinə inanırdı. Düşünürdü ki, belə böyük bazarı heç kim itirmək istəməz – buna görə də ABŞ istənilən ölkəyə öz iradəsini diqtə edə bilər. ABŞ bazarından ən çox asılı olan Çin bunun da xülya olduğunu sübut etdi.
Proqnozlar doğru çıxır: https://globkom.info/butun-xeberler/abs-cin-qlobal-ticaret-muharibesinde-kim-qalib-olacaq-proqnoz/
ABŞ İmperiyası sarayının fundamentindən daha bir neçə daş düşdü.
Asif Şəfəqqətov