
Müasir elektronika sənayesini nadir torpaq elementlərisiz (NTE) təsəvvür etmək mümkün deyil. Çində NTE-nin zəngin ehtiyatı kəşf ediləndən sonra Çin rəhbərliyi çox uzaqgörən bir addım atdı- o, NTE-nin filiz və ya metal yarımfabrikat halında ölkədən ixrac edilməsini qadağan etdi. Müasir elektronika vasitələrinin çoxunun Çində istehsal edilməsinin səbəblərindən biri də budur. Çünki Çin NTE-ni yalnız hazır məhsul halında ixrac edir.
Hazırda Çin dünyanın çox ölkəsində NTE-nin hasilatı ilə məşğul olur. Çin bu sənaye sahəsində çoxlu unikal texnologiyla patentlərinə sahibdir. Texnologiya oğurlanmasın deyə bir çox ölkələrdə Çin hətta NTE-ləri filiz şəklində ölkəsinə idxal edir. Hazırda Çin dünya üzrə NTE hasilatının 58%-nə nəzarət edir. NTE-lərdən hazırlanan komponentlərin ~92%-ni Çin istehsal edir.
Müdafiə sənayesi texnikası elektronlaşdığından onun da NTE-lərə böyük ehtiyacı var. Onlarsız müasir təyyarələri, dronları, raketlərin tuşlama sistemlərini, sualtı qayıqları, kosmik peykləri, hətta tankları hazırlamaq mümkün deyil. Məsələn:
- bir F-35 təyyarəsinin hazırlanmasına – 417 kq,
- bir hərbi gəminin hazırlanmasına – 2,3 ton,
- bir Virciniya tipli sualtı qayığın hazırlanmasına – 4+ ton
NTE tələb olunur.
Yəni bu elementlərə görə ABŞ Çindən çox asılıdır. Bayden administrasiyasının iqtisadi sanksiyalarına, həmçinin Tayvanı silahla təchiz etməsinə cavab olaraq, bu ilin dekabrında Çin ABŞ-a bir neçə NTE olan komponentlərin ixracını nəzarətə götürdü (tam dayandırmadı, lakin hərbi-sənaye şirkətlərinə satılmasına qadağa qoydu). Bu ABŞ hərbi sənayesi üçün ağır sanksiyadır. Hələ ki anbar ehtiyatları sayəsində keçinirlər, amma bu sanksiya qısa müddətə ləğv edilməsə, ABŞ-ın hərbi texnika istehsalı iflic vəziyyətinə gələ və ya istehsal xərcləri kəskin arta bilər. Lakin Çin hələ tam embarqoya əl atmayıb. Bir növ ABŞ-a “papağını qabağına qoyub, yaxşı-yaxşı düşün” deyir...
Məlumat üçün: NTE nadir metalların bir qrupudur və sayı cəmi 17-dir: skandium, ittirium və lantanoidlərə aid olan 15 element.
Nadir metallar qrupuna isə 60 element daxildir: litium, vanadium, molibden, volfram, titan, tantal, qallium, germanium, indium, uran, polonium və s.
Yeri gəlmişkən bu ilin iyununda Amerika şirkəti “Critical Metals Corp.” Avstraliyalı geoloq Qreqori Barnes tərəfindən təsis edilmiş özəl “Rimbal” şirkətindən Qrenlandiyada unikal “Tanbreez” nadir torpaq yatağında 92,5% payı 211 milyon dollara alıb.
Qrenlandiyanın cənub-qərbindəki “Tanbreez” və “Kvanefjeld” yataqları dünyanın ən böyük nadir torpaq ehtiyatları hesab olunur. Beləliklə, “Tanbreez” ehtiyatları nadir torpaq metal oksidlərinin orta tərkibi 0,6% olan 4,7 milyard ton filiz olaraq qiymətləndirilir. Üstəlik, onların 27%-i “ağır” adlanan, daha nadir metallardır.
Bu onilliyin əvvəlində Avstraliyanın Çin kapitallı “Greenland Minerals” şirkəti “Kvanefjeld” yatağının işlənməsinə cəhd etdi. Lakin bu layihə 2021-ci ildə Qrenlandiya hakimiyyəti tərəfindən filizdə uran olduğu bəhanəsi ilə əngəllənmişdi. Bundan əlavə, onun həyata keçirilməsi qlobal nadir torpaq metalları bazarında Çinin mövqeyinin möhkəmlənməsinə gətirib çıxaracaq.
“Tanbreez” filizində əhəmiyyətli miqdarda uran yoxdur, lakin sirkonium, tantal və niobium var. Buna görə də, hələ 2020-ci ildə Rimbal yatağın işlənməsi üçün icazə alıb. İndi Amerika şirkəti mədən tikə bilər. 2020-ci ildə xərclər təqribən 500 milyon dollar olaraq qiymətləndirilib.
“Critical Metals” hazırda Avstriyanın Volfsberq şəhərində Avropanın ilk spodumen (litium) filiz mədənini inşa edir. Onun istismara verilməsi 2026-cı ilə planlaşdırılır. Şirkət həmçinin “Obeikan Investment Group” ilə Səudiyyə Ərəbistanında litium hidroksid istehsalı zavodunun tikintisinə dair müqavilə imzalayıb.
Asif Şəfəqqətov
GlobKom.İnfo