
19 martda ABŞ-ın ən böyük pərakəndə satış nəhəngi Walmart idxal olunan mallara tətbiq edilən tariflər səbəbindən ziyana məruz qaldığını və qiymətləri qaldırmaq məcburiyyətində qalacağını bəyan etdi. Məsələn, Çin istehsalı uşaq avtokreslosu 350 dollardan 450 dollara qədər bahalaşacaq, çünki onun dəyərinin 30%-ni gömrük tarifi təşkil edir. Əgər həmin həmin məhsul kölgəli sxemlər vasitəsilə başqa ölkələrdən gətirilərsə, qiyməti ~25% artacaq.
Bəs Donald Tramp buna necə reaksiya verdi? Təbii ki, Truth Social-da təhdidlərə keçdi – başqa variant yoxdur axı.
"Walmart bütün şəbəkəsi üzrə qiymətlərin artmasına görə tarifləri günahlandırmağı DAYANDIRMALIDIR. Walmart keçən il gözləniləndən qat-qat çox, MİLYARDLARLA DOLLAR qazanıb. Walmart və Çin, necə deyərlər, "TARİFLƏRİ YEMƏLİ" və dəyərli müştərilərinə HEÇ NƏ ötürməməlidirlər. Mən sizi izləyirəm, müştəriləriniz də izləyəcək!!!”
Bəs bundan sonra Walmart nə etdi? Təbii ki, “yedi”. Maliyyə naziri Scott Bessent bəyan etdi ki, Walmart yeni tariflərlə bağlı əlavə xərcləri öz üzərinə götürdüyünə dair zəmanət verdi.
Lakin bu birinci hal deyil.
Aprel ayında Punchbowl News bildirmişdi ki, Amazon alış-veriş səbətindəki hər məhsulun təkcə tam qiymətini deyil, həm də qiymətə nə qədər gömrük tarifinin daxil olduğunu göstərəcək. Ağ Ev dərhal reaksiya verdi: rəsmi olaraq Amazon-u “düşmənçilik və siyasi akt” törətməkdə ittiham etdi. Sən demə, istehlakçıya məhsulun qiymətin necə formalaşdığını izah edirsənsə, dövlətə qarşı düşmənçilik aktı törədirsən.
Tramp o qədər qəzəblənmişdi ki, şəxsən Amazon sahibi Ceff Bezosa zəng edib, “nəsil-nəcabətini yad etmişdi”. Bu söhbətdən sonra Amazon Punchbowl-un məlumatını təkzib edərək, bildirdi ki, belə bir ideyanı texniki cəhətdən nəzərdən keçirib, lakin onun həyata keçirilməsini planlaşdırmayıb.
Xatırladıram ki, Bezos Trampın seçki kampaniyasına külli miqdarda pul xərcləmişdi və buna görə o hətta Trampın inauqurasiya mərasiminə dəvət olunmuşdu. Bu da Trampın “sağ ol”u.
Tramp hətta Apple-a da hücum etmişdi. Çindən gələn mallara 145% rüsum tətbiq edildikdən sonra iPhone-nun sahibi ABŞ-a göndəriləcək məhsullarının istehsalını Hindistandakı zavoduna köçürməyə başladı. Buna görə Tramp Tim Kuka dedi: "Biz sizin Hindistanda tikinti aparmağınızda maraqlı deyilik. Hindistan özü öz qayğısına qala bilər. Onlarda hər şey yaxşıdır. Biz istəyirik ki, siz zavodu burada tikəsiniz".
Təbii ki, Kuk Trampın istəyi ilə qərar qəbul etmir. Şirkətlər qərarlarını bütün iqtisadi və siyasi riskləri nəzərə almaqla verirlər. Tutaq ki, Kuk zavodlardan birini ABŞ-a gətirdi – bu çıxış yolu ola bilərmi? ABŞ-da əmək haqqı Asiya ölkələrindən dəfələrlə yüksəkdir. Bundan başqa, iPhone istehsalı üçün onlarla zavod ehtiyat hissələri hazırlayır. Trampın tarif müharibəsi şəraitində onların ABŞ-a idxalı neçəyə başa gələcək və bu iPhonun mənfəətini nə qədər azaldacaq?
Biznes üçün vətənpərvərlik anlayışı yoxdur, o həmişə kosmopolitdir. Məhdudiyyətlər olmasa, biznes hətta düşməninə də strateji məhsullar satmağa sevinər. Biznes üçün yeganə hədəf mənfəətdir. Lenin demişkən, kapitalist bizə hətta onu dar ağacından asacağımız kəndiri də satar.
Bu yaxınlarda ABŞ-ın qürur mənbəyi, texnoloji tarixinin qızıl sətirlərini yazmış və bir növ ABŞ-ın simvoluna çevrilmiş Ford şirkəti istehsalatı ABŞ-dan tam çıxartmaq barədə qərar qəbul edib. Çünki bu şirkət də ehtiyat hissələrinin 80%-ni xarici ölkələrdən alır. Yeni tarif avtomobilin ABŞ-da istehsalını mümkünsüz edib. Bu qiymətlərlə Fordu nəinki xarici bazarlarda, hətta daxili bazarda da satmaq mümkün olmayacaq.
Bir sözlə Tramp qaş düzəltdiyi yerdə vurub göz çıxardıb – reindustralizasiya niyyəti ilə deindustralizasiyaya gedir.
Asif Şəfəqqətov