Biz eyni qiymətə, ya da daha baha qiymətə bərbad keyfiyyətli markalar almağa başlamışıq. Ölkəyə idxal olunan brend məhsulların keyfiyyəti acınacaqlıdır və məhsulların keyfiyyəti ilə bağlı heç bir qurum məsuliyyət daşımaq istəmir...

Bildiyimiz kimi Rusiya-Ukrayna müharibəsindən sonra Qərbə məxsus bir çox brend Rusiyada istehsalla məşğul olan zavodlarını bağladılar, Rusiyadakı aktivlərini satdılar və Rusiya bazarını tərk etdiklərini açıqladılar. Azərbaycana isə qida, şəxsi gigiyena və təmizlik məhsulları və dərmanlar əsasən Rusiya və Qərb ölkələrindən gəlirdi.

Rusiya-Ukrayna müharibəsindən sonra isə qlobal brendlərin Rusiya zavodu bağlandığı üçün bu markalar Azərbaycana Türkiyə və Asiya ölkələrindən gəlməyə başladı. Ancaq Rusiya və Qərb ölkələri zavodları ilə Türkiyə və Asiya ölkələri zavodlarının istehsalının keyfiyyəti tamamən fərqlidir. Yəni biz eyni qiymətə, ya da daha baha qiymətə bərbad keyfiyyətli markalar almağa başladıq.

Məsələn illərdir Belçika istehsalı olan “Nutricia” brendinin “Aktivia” və “Danone” yoqurtları müharibədən sonra Azərbaycana Moldova istehsalı əvəz edildi ki, bu malların keyfiyyəti bərbaddır və üstəlik qiymətidə artıb.

Həmçinin şəxsi gigiyena və təmizlik məhsullarından da nümunə gətirə bilərəm. Məsələn illərdir markaları Rusiya və Avropa ölkələri istehsalı gələn P&G brendinin əksər markaları son 3 ildir ki, Türkiyə və Asiya ölkələrindən gətirilir. “Ariel” yuyucu toz markası əvvəllər Çexiya istehsalı idisə, artıq Azərbaycana Türkiyə istehsalı gətirilir. “Fairy” qab şampunu markası əvvəllər Belarus istehsalı idisə, bu gün Türkiyə istehsalı olan əl sabunları marketlərdə satılır. “Comet” markası artıq yığışdırılıb. Əvvəllər Almaniya istehsalı gələn ağız baxım markası “Blend-a-med” Azərbaycana gətirilmir və onun yerinə Almaniyada Türkiyə bazarı üçün istehsal olunan “Oral-B” diş məcunları gəlir k,bunların da keyfiyyəti ümumiyyətlə bərbaddır. “Oral-B” diş diş fırçaları da əvvəllər İrlandiya istehsalı idisə, indi bizə Çin istehsalı təklif edilir. İllərdir Rusiya və Avropa ölkələri istehsalı olan “Unilever” brendinə aid “Clear”, “Domestos”, “Rexona”, “Dove”, “Camay”, “Lisnoy Balzam”, “Çista ya Linya” və s. markaları artıq Türkiyə, Birləşik Ərəb Əmirlikləri, Misir, Qazaxıstan, Filippin və s. ölkələrin istehsalı ilə əvəz olunub. “Henkel”, “Johnson & Johnson”, “Reckitt Benckiser” və digər brendlərdə də eyni vəziyyətdir.

Dərman vasitələrinə gəldikdə isə, burda da eyni vəziyyətdir. Məsələn qrip və soydəyməyə qarşı olan “Johnson & Johnson” brendinə məxsus “Rinza” markası artıq Hindistan istehsalı olaraq Aəzrbaycana daxil olur, keyfiyyəti isə bərbad vəziyyətdədir. Ürək xəstələri üçün əsasən yaşlı insanların qəbul etdiyi “Stada” brendinə məxsus “Kardio Maqnil” dərmanı əvvəllər Almaniya istehsalı idisə, indi Rusiya istehsalıdır.

Ümumiyyətlə GSK, “Bayer”, “Sanofi” və digər Qərb ölkələri dərman brendlərinin dərmanları məqsədli şəkildə yoxa çıxarılır, əvəzində isə ucuz alıb və daha baha qiymətə sata bilsinlər, deyə Türkiyənin “Nobel İlaç”, “Vəfa İlaç” və s. dərman şirkətlərinin dərmanları ölkəyə gətirilir. Məsələn bakteriyalara qarşı olan GSK brendinə məxsus “Zinnat” dərmanı illərdir satışda yoxdur. Eyni zamanda Portuqaliya istehsalı olan “Atral” brendinin “NeoChef” dərmanıda illərdir yoxa çıxıb və bu dərmanların yerini bakteriyalara qarşı Türkiyənin “Nobel İlaç” şirkətinin keyfiyyətsiz “Meqaçet” dərmanı doldurur.

İllərdir Rusiya, Belarus, Ukrayna istehsalı gələn “Natrium xlor” sistemi artıq Türkiyə istehsalıdır. Yəni vəziyyət o yerdədir ki, artıq həkimlər belə müalicə üçün dərman yazmaqda çətinlik çəkirlər.

 

Problemlə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə şikayət etdikdə bildirirlər ki: “Biz sadəcə dərmanların təhlükəsizliyini yoxlayıb uyğunluq sertfikatı veririk. Dərmanları ölkəyə tədarükçülər gətirir hansı dərmanı gətirməkdə isə tədarükçülər sərbəstdirlər”.

İki ay öncə asma xəstələrinin illərdir aldıqları Avropa ölkələri istehsalı dərmanlar apteklərdən yoxa çıxdı. Əvəzində isə baha qiymətə Türkiyə istehsalı keyfiyyətsiz dərmanlar gətirildi. Bununla bağlı telekanalların birinə şikayət də edilmişdi. Məsələ ilə bağlı telekanal həm TƏBİB həmdə Səhiyyə Nazirliyinə sorğu göndərmişdi. TƏBİB-dən telekanalın sorğusuna cavab olaraq bildirmişdilər ki, TƏBİB ölkəyə dərman idxalı ilə məşğul olmur. Səhiyyə Nazirliyindən isə elə mənə verdikləri cavabı vermişdilər.

Məsələnin kökündə isə o dayanır ki, bizdə bütün dünyadan fərqli olaraq qanunla qlobal brendlərin üzərinə keyfiyyət öhdəliyi, ölkədə mütləq nümayəndəliyinin olması ilə bağlı tələb qoyulmur. Bir çox qlobal brendin ölkədə nümayəndəliyi yoxdur olanlarında nümayəndəliyinin harda olduğunu əlaqə nömrəsini heç kəs bilmir. İstehlakçılar maksimum həmin brendin markalarını ölkəyə idxal edən idxalçı şirkətin mağazalara və apteklərə məhsul verən ekspeditoru ilə əlaqə saxlaya bilib hansısa məlumatı ala bilər. Ölkədə qlobal brendlərin markalarının keyfiyyətinə cavabdeh heç bir qurum yoxdur. Ümid edirəm ki, bu sahə ilə bağlı bizdə də qanun mexanizmi yaradılar.

İlkin Məmmədkərimov

Poliqon.info