Trampın seçkiqabağı 3 ən əsas vədi var idi:

1. Qeyri-qanuni miqrantları (QLM) deportasiya etmək;

2. Xarici ticarət balansını ABŞ-ın xeyrinə dəyişmək üçün bəzi ölkələrə qarşı tarif sanksiyası tətbiq etmək;

3. ABŞ-ın dolayı yolla iştirak etdiyi müharibələri dayandırmaq.

Əvvəllər də yazdığım kimi, Tramp vədlərinə əməl edə bilməyəcək. Major notlarla başlayan şou minor notlarla bitəcək. Nə ABŞ 10 il əvvəlin ABŞ-ıdır, nə də dünya.

Artıq Tramp 13 gündür vəzifəsinin icrasına başlayıb. Gəlin, onun qısa müddətə həll edəcəyinə söz verdiyi vədlər üzrə vəziyyətin nə yerdə olduğuna baxaq.

1-ci vəd barədə

Bu prosesin çətinliyi barədə yazmışdım: https:// https://globkom.info/butun-xeberler/dunyaya-kimler-niye-nece-hokm-etmek-isteyir-qlobalistlerle-ultraqlobalistlerin-doyusu-ii-hisse/

Trampın inauqurasiyasının sabahı (21 yanvar) QLM-lərin deportasiyasına start verildi. 10 gün ərzində deportasiya olunan QLM-lərin sayı 2-3 min arasındadır. Sonra prosesin intensivliyi bir az səngiməyə başladı. QLM-lər bu sürətlə deportasiya olunarsa, 1 milyon adamı deportasiya etmək üçün ABŞ-a 12 il tələb olunacaq. ABŞ-da azı 13 milyon QLM var. Tramp isə 4 il sonra prezident olmayacaq.

2-ci vəd barədə

Bu məsələ barədə yazmışdım: https:// https://globkom.info/butun-xeberler/dunyaya-kimler-niye-nece-hokm-etmek-isteyir-qlobalistlerle-ultraqlobalistlerin-doyusu-analiz/

Tramp 1 fevraldan Meksikaya qarşı 25%, Kanadaya qarşı 25% (enerjidaşıyıcılarına 10%) və Çinə qarşı 10%-lik tarif sanksiyaları tətbiq etdi. Əvəzində Kanada da, Meksika da, Çin də ABŞ-a qarşı tarif sanksiyaları hazırlayırlar. ABŞ-in bu ölkələrin hər biri ilə idxalı ixracından böyük idi. Deməli, sanksiyaların təsirini ABŞ daha çox hiss edəcək. İnflyasiya yüksələcək. Bu bir blefdir– uzağı 3 ay ərzində ABŞ bu ölkələrə təzyiq edib, nəsə güzəştlər əldə etmək istəyir. 3 aya hansısa güzəşt əldə etsə, etməsə də, sanksiyaları ləğv etməyə məcbur olacaq.

3-cü vəd barədə

Fələstində müharibəni dayandırdı, hərçənd bu Baydenin dövründə oldu. Amma bu müharibənin dayanması deyil, sadəcə, müddətli atəşkəsdir. İsrailin qara günləri hələ qarşıdadır.

Ukraynada isə 24 saata dayanmalı müharibənin nə vaxt dayandırılacağı hələ məlum deyil. Tramp müharibəni Rusiya və Ukraynaya təzyiq etməklə dayandıra biləcəyinə əmin idi. İndi anlayır ki, ABŞ-ın Rusiyaya təzyiq vasitəsi qalmayıb...

Trampın gücü yalnız Avropaya çatacaq. Bircə Qrenlandiyanı ələ keçirə bilsə, ABŞ xalqı bütün uğursuzluqlarını ona bağışlayacaq. Deməli, Tramp da bütün gücü ilə Avropanı sıxmalıdır... və bunu edir.

 

Asif Şəfəqqətov