Çin və Meksika məhsullarına qarşı ABŞ yüksək gömrük tarifləri tətbiq edə biləcəkmi?

 

Əvvəli burada

https://globkom.info/butun-xeberler/dunyaya-kimler-niye-nece-hokm-etmek-isteyir-qlobalistlerle-ultraqlobalistlerin-doyusu-analiz

 

Çin və Meksika məhsulları ilə bağlı tariflərin tətbiqi ABŞ-da ciddi fəsadlar yarada bilər. Bu ölkələrin məhsulları ABŞ bazarı üçün çox ucuzdur. ABŞ-ın onlarla eyni keyfiyyətdə olan məhsulu onlarla eyni qiymətə istehsal etməsi mümkün deyil.

Məhsul vahidinin maya dəyərinə təsir edən 2 əsas amil var:

1. məhsulun istehsalına sərf olunan resursların (xammal, enerji və insan resursları) qiymətləri,

2. məhsulun istehsal həcmi.

Dövlət (ştat, bələdiyyə) vergiləri və tutulmalarını nəzərə almıram, çünki bunlar dövlət tərəfindən dəyişdirilə bilər.

1-ci amil üzrə. Xammal və enerji ABŞ, Meksika və Çində müqayisəolunan ola bilər: xammal beynəlxalq birjalardan alınır (istisnalar var), ABŞ və Meksika emerjdaşıyıcıları ilə zəngin ölkələrdir, Çin isə İran və Rusiyadan ucuz enerjidaşıyıcıları almaq üstünlüyünə malikdir. Lakin Çin və Meksika ilə müqayisədə ABŞ-da insan resursları çox bahadır. Yəni bu amil üzrə ABŞ-da xərclər daha yüksək olacaq.

2-ci amil üzrə ABŞ-ın vəziyyəti daha da pisdir. ABŞ-ın daxili bazarı 330 milyon əhalidən ibarətdir. Çinin isə 1,4 mlrd əhalisi var. Yəni yalnız daxil bazar hesabına Çin ABŞ-a nisbətən daha çox məhsul istehsal etmək və məhsul vahidinin maya dəyərini endirmək potensialına malikdir. Məhsul vahidinin maya dəyərini daha da ucuzlaşdırmaq üçün xarici bazarları ələ keçirmək lazımdır. Aydındır ki, daha ucuz məhsul xarici bazarları daha asanlıqla ələ keçirə bilər. Yəni ABŞ-ın məhsullarının öz ölkəsində ucuz olması üçün o həm də Çini xarici bazarlardan qovmalıdır. Bu isə adi iqtisadi rəqabət yolu ilə mümkünsüzdür.

ABŞ Çini xarici bazarlardan yalnız hərbi təzyiq yolu ilə qova bilər. Hazırda Tayvan ətrafında gedən qarşıdurmanın da əsas səbəbi budur.

Bəs necə olub ki, Meksika və Kanada ABŞ XTD-də belə böyük paya sahib olublar? 1994-də ABŞ, Kanada və Meksika arasında Şimali Amerika Azad Ticarət Razılaşması (ing. North American Free Trade Agreement, NAFTA) imzalandı. NAFTA sayəsində bu 3 ölkə arasında azad (vergisiz) ticarət zonası yarandı. NAFTA imzalanan zaman vəziyyət ABŞ-ın xeyrinə idi – ABŞ qonşularından ucuz xammal (neft, qaz, ərzaq və s.) idxal edir, onlara isə bahalı hazır məhsullar ixrac edirdi. Sonra isə Çin faktoru ortaya çıxdı..

Meksika və Kanadanın ABŞ-a vergisiz məhsul çıxara bildiyini görən Çin fürsəti fövtə vermədi. Kanada və Meksika iqtisadiyyatına nəhəng investisiyalar qoymağa başladı. Bu ölkələrdə istehsal müəssisələri açır və artıq həmin ölkənin məhsulu kimi vergisiz ABŞ bazarına girirdi. İşçi qüvvəsi ucuz olduğu üçün Çin Meksikaya Kanadaya nisbətən daha böyük investisiya qoyurdu. Kanadaya investisiya isə yalnız Meksikada istehsalını təşkil edə bilməyəcəyi sahələrə (meşə sənayesi və s.) qoyurdu.

Nəticədə Kanada və Meksika ABŞ-a idxal etdiklərindən daha çox məhsul (özü də hazır məhsullar) ixrac etməyə başladılar. Hazırda NAFTA ABŞ-ın ziyanına, Kanada və Meksikanın xeyrinə işləyir. 2024-də ABŞ-ın Kanada ilə XTD-si $900 mlrd-dan, Meksika ilə $850 mlrd-dan yuxarı həddə çatıb. Güman ki, 30 il sonra ABŞ NAFTA-dan çıxacaq.

Beləliklə, ABŞ bazarında Meksika məhsulu, əslində, Meksikada lokallaşmış Çin məhsuludur. Hazırda ABŞ-da geniş istifadə olunan bütün növ pikapların 88%-i Meksika istehsalıdır. Eyni məhsulun Meksikadan ABŞ-a idxalı Çindən idxalından daha ucuz başa gəlir (logistika və tarif xərclərinə görə). ABŞ Meksika pikaplarından yaxın illərdə imtina edə bilməz, çünki müvafiq istehsal sahəsi yoxdur. bir neçə ilə yaratsa belə onların qiyməti çox yüksək olacaq. Deməli, yenə Meksikadan almalıdır, lakin yeni tariflər sayəsində istehlakçıya 25% baha başa gələcək. Pikaplar ABŞ-da bütün kommersiya sahələrində istifadə olunur. Pikapların qiymətlərinin bu qədər qalxması onların da məhsul və xidmətlərinin bahalaşmasına səbəb olacaq. Bütün digər məhsullar da eləcə...

Eyni səbəbdən seçki kampaniyası zamanı Çin məhsullarına qarşı 60% gömrük tarifi tətbiq edəcəyini vəd edən Tramp seçiləndən sonra tarifi 10% edəcəyini bildirdi. Yəni iqtisadçılara aydın idi ki, Çinə qarşı belə tarif tətbiqi ABŞ iqtisadiyyatını iflic edə bilərdi. Hətta 10%-lik tarif də ABŞ iqtisadiyyatına mənfi təsirsiz keçməyəcək. Çünki bu həddə tarif ABŞ-da eyni məhsulun Çindən ucuz istesal olunacağına təminat vermir, deməli, yenə bu sahəyə investisiya qoyulmayacaq. Lakin Çin məhsullarının qiymətini artıracaq - bu da həm daxili istehsalın və xidmətin bahalaşmasına səbəb olacaq, həm də əhalinin alıcılıq qabiliyyətini azaldacaq. Başqa sözlə xeyri azdır, zərəri çox.

Çinə qarşı tarifin yüksəlməsinə Trampın kabinetində həlledici vəzifələrdən birini tutan İlon Mask da razı olmaz. Onun "Tesla" istehsalı üzrə ən böyül aktivi Çində yerləşir. O, həm Çin istehsalı "Tesla"ları dünya bazarlarında satır (daha ucuz başa gəlir), həm də "Tesla"nın dünya üzrə satışının 30%-ə yaxnı Çinin payına düşür. ABŞ Çin məhsullarına tarifi artırarsa, təbii ki, Çin də ABŞ məhsullarına tarifi və ABŞ şirkətlərinə vergiləri artıracaq. Bu isə hər kəsdən əvvəl Trampa ən çox kömək etmiş Maska vurulan zərbədir.

Hələ Çinin ABŞ-a qarşı tətbiq edə biləcəyi daha ağır sanksiyalardan danışmıram (məsələn, nadir torpaq elementlərinin ixracına məhdudiyyətlər və s.).

Ola bilməz ki, Tramp bütün bunları bilməsin. Onda bəs niyə Tramp belə bəyənatlar verir?

 

Əvvəlki hissələrdə qeyd etdik ki, Tramp asanlıqla AB və Kanadaya qarşı tarif müharibəsinə başlaya bilər. Meksika və Çinə qarşı isə bu çətin, bəlkə də mümkünsüz olacaq. Bəs onda niyə Meksika və Çinə qarşı belə bəyanatlar verir?

Trampın ən vacib məqsədlərindən biri ABŞ-dan qeyri-leqal miqrantları (QLM) qovmaqdır. Belə miqrantların sayı ABŞ-da dəqiq məlum deyil, hesablamalara görə son 8 ildə onları sayın 13 milyon nəfər artmışdır. QLM-lər ucuz işçi qüvvəsi olduqlarından iş yerlərini yerli əhalinin əlindən alır, ölkə büdcəsinə vergi vermir və kriminal mühit yaradırlar. Amerika qitələrinin müxtəlif kriminal sindikatları, narkokartelləri bu kriminal mühitdə geniş əl-qol açıblar, bəzi şəhərlərdə, demək olar ki, bütün hakimiyyət onların əlindədir.

ABŞ-ın yalnız 2 ölkə ilə quru sərhədi var – Kanada və Meksika ilə. ABŞ-ın sərhədləri bizim öyrəşdiyimiz kimi deyil, ciddi mühafizə zonası, sərhəd qoşunları yoxdur. Buna görə də istəyən adam özünə bir az əziyyət verib, sərhədi keçə bilər. Hər iki ölkədən ABŞ-a QLM axını olsa da, təbii olaraq, onların mütləq əksəriyyəti Meksikadan gəlir, çünki Kanadanın başqa heç bir ölkə ilə quru sərhədi yoxdur. Buna görə də bütün qitələrdən və ölkələrdən olan QLM-lər Meksikaya toplaşır və oradan Meksika kriminal qruplarının vasitəçiliyi ilə ABŞ sərhədlərinə axın edirlər.

Tramp hələ 1-ci prezidentliyi dövründə bu axının qarşısını almaq, onu qanuni məcraya salmaq istəyirdi. Buna görə də Meksika ilə sərhəddə hasar tikdirməyə başlamışdı. Düzdür, ciddi mühafizəsi olmayan bu hasarı da aşmaq mümkün idi, lakin onun vasitəsilə miqrant axınının qarşısını qismən almaq və axının intensivliyini azaltmaq olardı.

Tramp hasarın tikintisini tam başa çatdıra bilmədi. Sonrakı prezident Bayden (və demokratlar partiyası) isə QLM axınının qarşısının alınmasının əleyhinə idi. Əksinə, onlar QLM axınını təşviq edirdilər. Səbəbi barədə bax: 1-ci hissə.

Trampın prezidentliyi dövründə ABŞ-a 2,3 milyon QLM gəlmişdisə, Baydenin dövründə 10,2 milyondan çox QLM gəlib. QLM-lər artıq dövlət üçün təhlükə yaradan təşkilatlanmış bir gücə çevriliblər.

Tramp söz verib ki, QLM-ləri deportasiya edəcək. Milyonlarla insanı deportasiya etmək, bilirsiz, nə deməkdir?! ABŞ-ın hüquq-mühafizə orqanlarının gücü bunu etmək üçün çooox azdır. Bu işə mütləq digər güc orqanları – reyncerlər və ordu da cəlb edilməlidir. Çünki heç kim könüllü ABŞ-dan çıxmaq istəməyəcək – bu insanların əksəriyyəti vətənində hər şeyini satıb, əldə etdikləri pulları yollarda xərcləyib (həmçinin kriminal vasitəçilərə), ABŞ-a gəliblər. Geri qayıtmaq onların çoxu üçün cəhənnəmə getmək kimi bir şeydir. Deməli, ciddi müqavimət olacaq. Nəzərə almaq lazımdır ki, demokratlar da QLM-lərin deportasiyasına açıq və güclü maneələr (hüquqi, siyasi, təşkilati və maliyyə) yaradacaqlar.

Lakin bu hələ məsələnin bir tərəfidir. Deportasiya olunan QLM-ləri Meksika qəbul etməlidir. Milyonlarla qəzəblənmiş miqrantı hansı ölkə rahatlıqla qəbul edər? Bu kütləni Meksika da deportasiya etməlidir. Deməli, ona da böyük sayda hərbiləşmiş qüvvə və maliyyə tələb olunacaq. Meksika kriminal sindikatların (kartellər) hakimi-mütləq olduğu bir ölkədir. Onlar QLM biznesindən milyardlar qazanırlar. Bu biznesin dayanması onlara sərf etmir. Yəni hökumət də onlara qarşı gedə bilməz.

Bundan başqa deportasiya prosesi ilə paralel yeni QLM axınının da qarşısı alınmalıdır. Meksika ilə ABŞ arasında sərhədin uzunluğu 3.111 km-dir. Onun yalnız 1.054 km hissəsinə hasar çəkilib (o da hazırda pis vəziyyətdədir). Bu uzunluqda sərhədi qorumaq üçün nə qədər hərbi qüvvə lazımdır?! ABŞ heç indiki ordusunu tam komplektləşdirə bilmir, hərbidə xidmət etmək istəyənlər kəskin azalıb. Lazımı sayı yığmaq üçün həttə lgbt+ nümayəndələrini də orduya qəbul edirlər. Onları orduya həvəsləndirmək üçün Müdafiə Nazirliyi hərbçilərin cinsi dəyişmə əməliyyatını və sonrakı medikamental adaptasiyasını öz hesabına ödəyir. Düzdür, Trampın komandası bu praktikanı ləğv edəcəyini bildirib. Amma bu ordunun komplektləşdirilməsinə bir az da mənfi təsir göstərəcək.

Buna görə də Tramp Meksikaya ultimatum vermək istəyir ki, öz tərəfindən miqrantların ABŞ sərhədinə yaxınlaşmasının qarşısını alsın. Bu isə həm kriminalitetin marağında deyil, həm də Meksika hökuməti üçün böyük əlavə xərclər yaradacaq. Yəni Meksika hökuməti bu ultimatumu asan qəbul edə bilməz.

Bu hələ hamısı deyil. Tramp da bilir ki, QLM axını Meksika kartellərinin biznesidir. Bu kartellər hökumətdən də güclüdürlər. Onların xüsusi silahlı dəstələri var. Meksikada axırıncı prezident seçkilərinə hazırlıq kampaniyasında (seçki iyunda bitdi) prezidentliyə namizədlərdən 34-ü öldürülmüşdü. Kartellərin şəbəkəsi ABŞ-da da kök salıb və narkoticarətə nəzarət edirlər. Narkotikdən hər il ABŞ-da ~100 min adam ölür. Tramp ABŞ ordusunun Meksika ərazisinə girməsini və orada kartelləri məhv etməsini istəyir. Əks halda QLM məsələsi həll olmayacaq.

Bütün bunlara Meksika hökumətinin razılığını almaq üçün onu məcbur etmək lazımdır. Məcburetmə aləti kimi isə Tramp məhz gömrük tariflərinin yüksəldilməsini görür. Bu, əlbəttə, çox güclü "silah"dır. Yüz minlərlə meksikalı ABŞ-a ixrac sənayesi sayəsində yaşayışını qurub. Bu itirilsə, ölkədə üsyan olar. Çin də Meksikaya sərmayə qoymaz. Ölkə səfalətə yuvarlanar...

Əlqərəz, Meksika mallarına tarif qoymaq, sadəcə, şantaj məqsədi daşıyır.

Bunları etmək üçün, güman ki, Tramp Avropadakı qoşunlarının hamısını və ya böyük qismini (vəziyyətdən asılı olaraq) ABŞ-a qaytaracaq. Buna görə də o, NATO-nun Avropada gələcəyinə pessimistcəsinə baxır və Avropanın özü özünü qorumalı olduğunu deyir. Amerika qoşunlarının Avropada saxlanmasına çəkilən xərcləri ölkəsinin QLM-lərdən təmizlənməsinə yönəltmək istəyir. Yəni NATO-nun taleyi sual altındadır.

Qaldı Çin məsələsi...

 

Ardı var

 

Asif Şəfəqqətov