
Tramp Meksikanı idxala 25%-lik tarifin tətbiqi, qeyri-leqal miqrantların (QLM) kütləvi deportasiyası və ərazi iddiaları ilə hədələyir.
Meksikaya qarşı 25%-lik tarif tətbiq edə bilməyəcək (etsə, uzağı 10%-dək tarif tətbiq edəcək). Əlbəttə, tərsliyinə salıb, 25%-lik tarif də tətbiq edə bilər, lakin bu halda ya onu tezliklə ləğv etməli olacaq, ya da ABŞ-da baş qaldıracaq kütləvi etirazlarla üzləşəcək.
QLM-ləri kütləvi deportasiya edə bilməyəcək. Müəyyən hissəsini deportasiya edəcək, lakin problemi tam həll edə bilməyəcək. Çünki həm bunu etməyə gücü yoxdur, həm də bunun ABŞ iqtisadiyyatına güclü mənfi təsiri ola bilər.
Ərazi iddiaları şantajdan başqa bir şey deyil. Çünki Tramp öz ölkəsindəki ispandillilərlə bacara bilmir, 130 milyon meksikalı da ABŞ tərkibinə qatılarsa, trampçıların bütün planları alt-üst olar.
Tramp BRICS ölkələrini hədələyir ki, dollarsız beynəlxalq ticarətə keçərlərsə, onların ABŞ-a ixracına qarşı 100%-lik tarif tətbiq edəcək.
BRICS ölkələrindən yalnız Çin ABŞ-a ixracdan asılıdır. Qalanlarının elə də ciddi asılılığı yoxdur. Çinə qarşı isə ABŞ heç 25%-lik də tarif tətbiq edə bilməz.
Tramp Rusiyanı hədələyir ki, müharibəni dərhal dayandırmasa, onun ABŞ-a ixracına qarşı böyük sanksiyalar tətbiq edəcək.
Məncə, bu ən gülməli hədədir. Rusiyanın ABŞ-a ixracına qarşı ABŞ kütləvi embarqo qoyub. Yalnız özünə nəsə lazım olanda, ABŞ prezidentinin müvafiq fərmanı ilə embarqoya istisnalar edilir. Məsələn, Rusiyadan uran alışında.
Rusiyanı həm də neftin qiymətini endirəcəyi ilə hədələyir. Bu da boş söhbətdir. Neftin qiymətinin enməsindən ən çox qazanan ABŞ-ın 1 nömrəli rəqibi Çin olacaq. ABŞ Çini niyə gücləndirməlidir ki? Həm də ABŞ öz hasilatı hesabına neft qiymətlərini endirə bilməz. S.Ərəbistanına təzyiq etməklə bunu edə bilər, lakin indi Səudilər əvvəlki kimi ABŞ-dan tam asılı deyillər ki, öz ziyanlarına hərəkət etsinlər. Neftin qiymətinin endirilməsi heç ABŞ neft şirkətlərinə də sərf etmir, çünki ABŞ-da ucuz çıxarıla bilən neft yatağı qalmayıb. Qiymət ucuzlaşarsa, ABŞ-da neft hasilatı aşağı düşəcək. Bu da qiymətin yenidən artmasına səbəb olacaq.
Tramp İranı hədələyir ki, nüvə bombasını hazırlamasın, əks halda İrana qarşı daha ciddi sanksiyalr tətbiq edəcək.
İran onsuz da 40 ildir ABŞ sanksiyaları altında yaşayır və ABŞ-ın gözləntisinin əksinə olaraq inkişaf edir. İran üçün SWIFT çoxdan bağlanıb, ABŞ-a heç nə ixrac etmir, neftini isə dollarsız və birjalarsız satır. ABŞ ona qarşı daha hansı sanksiyaları tətbiq edəcək? İranla müharibə etmək iqtidarında da deyil.
Trampın hədələri mənə onun keçən prezidentliyi dövründə Ş.Koreyaya qarşı “guruldamasını” xatırlayır. Onda Tramp asıb-kəsirdi ki, Ş.Koreyanı darmadağın edəcəm, Kim Çen İni cəhənnəmə göndərəcəm və s. və i.a. Sonra da təyyarədaşıyan gəmilərini Koreya sahillərinə göndərdi. Bunu görən Kim müəllim nüvə raketlərini start vəziyyətinə gətirdi... və Tramp gəmilərini geri qaytardı. Sonra da Kim müəllimi “yaxşı oğlan”, “rocketman” adlandırıb, onunla şəxsən görüşən ilk ABŞ prezidenti oldu.
Trampın hədələri Avropa və Kanada üçün, həqiqətən də, realdır. Çünki onların iqtisadiyyatı da, təhlükəsizliyi də əhəmiyyətli dərəcədə ABŞ-dan asılıdır. Onların ABŞ-a müqavimət göstərə biləcək gücləri də yoxdur, xüsusən də Ukrayna müharibəsindən sonra. Deməli, potensial qurbanlar hazırdır.
Trampın tarif müharibələri haqda daha ətraflı:
Trampın QLM deportasiyası haqda daha ətraflı:
Asif Şəfəqqətov