
Tramp MAGA (Make Amerika Great Again!– Amerikanı yenidən böyük edək!) şüarı ilə yenidən hakimiyyətə gəlib.
Bu şüarı həyata keçirmək üçün o, ABŞ-ın dünya sənaye istehsalı liderliyini bərpa etmək istəyir. Bunun üçün o, 2 problemi həll etməyi planlaşdırıb:
1. ABŞ-da sənayeyə investisiya qoyulması üçün əlverişli şərait yaratmaq (proteksionist iqtisadi siyasət aparmaq);
2. Qeyri-leqal miqrantları (QLM) ABŞ-dan deportasiya etmək (işsizlik və kriminal səviyyəni minimumlaşdırmaq).
1-ci problemi həll edəcəyi böyük sual altındadır. Bu haqda silsilə yazım olub: https://globkom.info/butun-xeberler/dunyaya-kimler-niye-nece-hokm-etmek-isteyir-qlobalistlerle-ultraqlobalistlerin-doyusu-analiz
2-ci problemin təşkilati aspektləri barədə də yazmışdım:
İndi isə 2-ci problemi iqtisadi aspektdən araşdıraq və onun həllinin mümükünlüyünü nəzərdən keçirək.
Niyə ABŞ-ın ultraqlobalist elitası QLM-in qarşısını almır?
Araşdırmalar göstərir ki, ABŞ-da QLM iqtisadiyyatın, əsasən, 3 sektorunda işləyir:
1. Kənd təsərrüfatı,
2. İnşaat,
3. Restoran biznesi.
QLM ucuz işçi qüvvəsidir. Onlar ABŞ vətəndaşlarına nisbətən eyni işi 2-3 dəfə aşağı əmək haqqı ilə yerinə yetirirlər. Onların əmək hüquqlarını qoruyacaq nə qanun, nə də həmkarlar təşkilatı var. İşəgötürən onları gündə 10 saat da, istirahət günlərində də işlədə bilər, istədiyi vaxt işdən qova bilər, maaşını azalda və ya gecikdirə bilər.
QLM işəgötürənin ona qarşı etdiyi haqsızlıqlara yalnız şifahi etiraz edə bilər. Hüquqlarının pozulması ilə bağlı dövlət orqanlarına müraciət edə bilməz. Çünki bu halda o, QLM kimi ölkədən deportasiya olunacaq. Buna görə QLM işəgötürənən bütün kaprizlərinə dözməli, minimum əmək haqqı ilə kifayətlənməlidir.
Yəni QLM biznesmen üçün çox sərfəli işçidir. O, müasir quldur.
Belə vəziyyət biznesmenlərə istehsal xərclərini kəskin azaltmağa imkan verir. Nəticədə əhali üçün ərzağın, mənzillərin və iaşə xidmətlərinin qiymətləri dözüləbilən olur. Bu sektorların biznesmenləri isə yüksək mənfəət əldə edirlər.
Yüksək mənfəət həmin sektorların səhmlərinin qiymətini, kapitalizasiyasını artırır. Bu da öz növbəsində ABŞ-da biznes mühitinin müsbət imicini formalaşdırır.
Tutaq ki, QLM-i ölkədən qova bildilər. Nə baş verəcək? İşəgötürən QLM-in əvəzinə ABŞ vətəndaşlarını işə götürməlidir. Bu isə həmin sektorlarda məhsul və xidmətlərin maya dəyərini kəskin artıracaq.
Maya dəyərinin artması biznesmen qarşısında dilemma qoyur:
1. Qiymətləri artırmamaq, lakin mənfəətinin azalması ilə razılaşmaq;
2. Qiymətləri artırmaq.
1-ci halda şirkətin səhmlərinin qiyməti düşəcək, kapitalizasiyası azalacaq. Belə vəziyyət şirkətin iflası ilə də nəticələnə bilər. İnşaat sektorunda çöküş domino effekti ilə bütün ABŞ, sonra da dünya iqtisadiyyatında təlatümlər yarada bilər. Banklar, pensiya, sığorta şirkətləri çökə bilər. Səhmdarlar buna razı olarlarmı? Əlbəttə ki, yox.
Beləliklə, 2-ci hal daha realdır. Yəni qiymətlər qaldırılacaq. Bu sektorlar əhalinin xərclərinə birbaşa təsir göstərir. Deməli, ölkədə dərhal və kəskin inflyasiya baş verəcək. Bu isə onsuz da narazılığı kritik həddə olan (bu bir siqnaldır: https://www.facebook.com/share/p/181jGoFawR/ ) və Trampa böyük ümid bəsləyən əhalinin kütləvi etiraz nümayişlərinə çıxmasına səbəb ola bilər. Amerika əhalisi isə dünyanın ən silahlanmış əhalidir.
Nəticə:
-ABŞ iqtisadiyyatı QLM “narkotikinə” artıq çoxdan oturub. Onun bu azardan xilası mümkün deyil.
-Tramp gömrük tariflərini yalnız Kanada və Avropa ölkələrinə qarşı tətbiq edə biləcək. Çin və Meksikaya qarşı ya tətbiq edə bilməyəcək, ya da çox aşağı faiz (simvolik) tətbiq edəcək.
-ABŞ imperiyasının (diqqət: dövlətinin yox, imperiyasının) süqutu labüddür. Bu 5 il də çəkə bilər, 30 il də. Lakin həmin müddətə qədər ABŞ iqtisadiyyatında yüksəliş olmayacaq, dünyada mövqelərini yavaş-yavaş itirəcək.
Asif Şəfəqqətov
GlobKom.İnfo