
Tramp Ukrayna müharibəsini tezliklə- ən geci aprel ayında dayandırmaq istəyir. Çünki aprelin sonunda onun prezidentliyinin 100 günü tamam olur. Həmin vaxta Trampın ictimaiyyətə təqdim edə biləcəyi yeganə böyük uğur bu ola bilər: /https://globkom.info/butun-xeberler/tramp-vedlerini-yerine-yetire-bilmir-sebebler/
Lakin Rusiya müharibəni dayandırmaq üçün şərtlərinin yerinə yetirilməsini tələb edir: https://globkom.info/butun-xeberler/ukraynada-nato-rusiya-muharibesini-dayandirmaq-ucun-agir-sertler-siyahi
Rusiya Trampı bir növ dilemma qarşısında qoyub– sən danışıqlarda hansı statusda iştirak edirsən: vasitəçi, yoxsa tərəf kimi?
Əgər vasitəçisənsə, onda tərəflərdən heç birini müdafiə etməməlisən. Yəni vasitəçi statusunda iştirak etmək istəyirsənsə, Ukraynaya hərbi və maliyyə yardımını dayandır, Rusiyadan sanksiyaları götür.
Əgər tərəfsənsə, biz səninlə danışıqlar aparırıq və sən öhdəlik götürməli, öz proksinə (Ukraynaya) müvafiq göstəriş verməli və onların icrasını təmin etməlisən.
Görünən budur ki, ABŞ vasitəçi deyil, tərəf isə ya ola bilmir, ya da olmaq istəmir. Tramp Rusiyanı aldatmaq və Minsk-1/2 razılaşmaları kimi yerinə yetirməyəcəyi öhdəliklər götürməklə müharibəni dayandırmaq istəyir. Müharibənin belə dayandırılması ABŞ-a nə verir:
1. ABŞ Ukraynanın 80%-ə nəzarətini saxlayır.
2. Çinlə Rusiyanın arasını vurur, çünki bu müharibədə Çinin marağı məhz Çindən Avropaya gedən yolda Ukrayna "tıxacının" ləğv edilməsi idi: https://globkom.info/butun-xeberler/dunyada-ne-bas-verir-perdenin-arxasina-yuxaridan-baxis
3. İran məsələsində Rusiyanı şantaj etmək vasitəsi qazanır.
4. Ukraynada və İsraildə özünə sərf edən sabitliyi (müvəqqəti də olsa) təmin etməklə qoşunlarını Avropadan və Orta Şərqdən çıxara bilir.
İlk 2 məsələnin izahına ehtiyac yoxdur, məncə. 3-cü məsələni bir açaq.
Bu il ABŞ-la Rusiya nümayəndələri arasında danışıqlarda, hətta Trampla Putin arasında telefon danışıqlarında həmişə İran məsələsi müzakirə olunub. İranla bağlı konkret nəyin müzakirə olunması məlum olmasa da danışıqların Orta Şərqdə təhlükəsizliklə bağlı olduğu bəllidir. ABŞ üçün Orta Şərqdə təhlükəsizlik yalnız İsrailin təhlükəsizliyi deməkdir. İsrailin təhlükəsizliyinin təminatçısı ABŞ-dır. İsrailin regionda çəkindiyi yeganə ölkə İrandır, çünki İran bu regionda yeganə ölkədir ki, ABŞ-ın ona təsir (təzyiq) etmə vasitələri yoxdur. ABŞ-ın İranı necə ram etmək istədiyi barədə yazmışdım: https://globkom.info/butun-xeberler/abs-israil-birliyinin-yaxin-serqde-bacarmadigi-savas-maraqli-detallar
ABŞ İranı dənizdən blokadaya ala bilər. Lakin Rusiya ilə olan yoluna nəzarət etmir. 17 yanvarda imzalanmış "Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi"nə əsasən İrana hərbi təhlükə olduqda Rusiya ona hərbi-texniki yardım göstərə bilər. Rusiya İrana müasir HHM, RHM, REM sistemləri və təyyarələr satır, həmin sistemlərin istismarı üzrə mütəxəssislər və pilotlar hazırlayır. Bu hərbi texnikalar İranın ABŞ-İsrail hücumundan qorxmamasına səbəb olur.
Güman ki, ABŞ Ukraynada müharibəni dayandırmaqla Rusiyaya demək istəyir: mən Ukraynanı ram edirəm (silah vermirəm), sən də İranı yola gətir (silah vermə). Yəqin ki, İrandakı Rusiya texnikası hazırda rusiyalı mütəxəssislər tərəfindən istismar edilir, çünki iranlı mütəxəssislərin hazırlanması illər tələb edir.
Rusiya Trampın Ukrayna "oyununa" artıq sərt reaksiya bildirib. Putin də, XİN müavini Ryabkov da bir neçə gün əvvəl Ukrayna məsələsində Qərbə heç bir inamları qalmadığını, "Minsk-3" razılaşmasına getməyəcəklərini və Ukrayna münaqişəsini kökündən həll edəcəklərini bildirdilər. Yəni bizə vədlər lazım deyil, əməllərinizlə sübut edin. Ukrayna üzrə məsələnin necə həll ediləcəyindən asılı olmayaraq, Rusiya İrana qarşı heç bir razılaşmaya getməyəcək.
Rusiyanın bu mövqeyini sərt şəkildə bildirməsi Trampı qəzəbləndirdi. Bu o deməkdir ki:
- Tramp prezidentliyinin 100 gününə Ukrayna müharibəsini dayandıra bilməyəcək (əlvida, Sülh üzrə Nobel mükafatı!);
- İranı ram edə bilməyəcək;
- İsrailin vəziyyəti yaxşılaşmayacaq;
- ABŞ Orta Şərqdən qoşunlarını çıxara bilməyəcək;
- Çin ətrafında qoşunlarını artıra bilməyəcək;
- Meksika narkokartellərinə qarşı mübarizə (müharibə), həmçinin Kanada və Qrenlandiyaya hərbi təzyiq təxirə salınacaq.
Buna görə də Tramp ənənəvi hədəsinə keçdi. Bəyan etdi ki, Rusiya Ukrayna məsələsinin həllini qəsdən uzadarsa, ona qarşı elə sanksiyalar tətbiq edəcəm ki, heç kimə neft sata bilməsin. Yəni Rusiyadan neft alan istənilən ölkəyə böyük tarif sanksiyaları tətbiq edəcək.
Deyəsən, özü də bu hədənin mənasız olduğunu bilirdi. Jurnalistin sanksiyanı tətbiq etmək üçün nə qədər vaxt qoyduğunu soruşanda Tramp cavab verdi ki, vaxt deyə bilmərəm, Rusiyanın qəsdən uzatmaq istədiyini özüm hiss edəcəm. Çünki vaxt qoymaq onun əl-qolunu bağlayır. "Hiss etmək" isə subyektiv məsələdir, ömrünün sonunadək hiss etməyə bilərsən.
Rusiya neftini əsasən 2 ölkə alır: Çin və Hindistan. Trampın hədəsindən 2 gün sonra Çin bəyan etdi ki, ABŞ-ın Çin məhsullarına hansı tarif dərəcəsini tətbiq etməsindən asılı olmayaraq, Çin Rusiya neftini alacaq. Hindistan da istənilən halda Rusiya neftini alacaq. Çünki dünyada ucuz (diskontla) neft satan 3 ölkə var: İran, Venesuela və Rusiya. Hər üçü ABŞ sanksiyaları altında neft satır. Onların neftinin əsas alıcıları Çin və Hindistandır. Bu ölkələrin məhsullarının dünya bazarında nisbətən ucuz olmasının əsas səbəblərindən biri də enerjidaşıyıcılarını ucuz almalarıdır. Hindistan Rusiya neftini almasa, hansı nefti alacaq? Axı İran və Venesuela nefti də eyni sanksiyalar altındadır. Daha bahalı neft alsın? Həm də ölkələr bu 3 böyük ixracatçının neftini almasalar, dünya neft bazarında böyük çatışmazlıq yaranacaq və qiymətlər kəlləçarxa qalxacaq.
Bir sözlə, Tramp prezidentliyinin 100 gününə xarici siyasətdə böyük uğursuzluqla yaxınlaşır.
Asif Şəfəqqətov
GlobKom.Info