ABŞ-ın dünya hegemonluğuna əsas rəqib Çindir. Belə davam edərsə, cəmi 5 il sonra Çin bütün sahələrdə açıq-aşkar dünya lideri olacaq. Bunu ABŞ hələ 20-25 il əvvəl bilirdi və o vaxtdan Çini geri çəkilməyə məcbur etmək üçün planlar hazırlayır və addım-addım yerinə yetirirdi.

ABŞ Çinlə birbaşa hərbi münaqişəyə girmək istəmir. Çünki Çin də nüvə silahına malikdir. Həmçinin bu məsələdə onun Rusiya ilə razılaşması var (bu ayrı söhbətin mövzusudur). ABŞ hətta Çinlə müharibədə qalib gəlsə də bu onun üçün Pirr qələbəsi ola bilər. Həm də müharibə məqsədə çatmaqda son vasitədir. Əvvəl bütün başqa vasitələr yoxlanmalıdır.

- Bu vasitələrdən ən asanı Qərbdən asılı olan Çin elitası vasitəsilə Si Tsinpini devirmək (və ya seçməmək) və Qərbdən asılı olan yeni lideri Çin rəhbərliyinə gətirmək idi. Sinin ÇKP-də apardığı "təmizləmələr", həmçinin gözlənilmədən 3-cü dəfə ÇKP başçısı seçilməsi sayəsində bu mümkün olmadı.

- Daha sonra tarif və ixrac sanksiyalarıdır. ABŞ bunu 2016-cı ildən başlamışdı- bununla Çin elitasına bir mesaj vermişdi ki, Sini seçsələr, daha da pis ola bilər. Si seçiləndən sonra sanksiyalar daha da sərtləşdirildi. Lakin bunun da faydası olmur. Əksinə, Çin ABŞ-a qarşı daha ağrılı sanksiyalar tətbiq edir. Həmçinin Çin sanksiyalardan sığortalanmaq üçün idxal asılılığı olan məhsulların daxili istehsalını gücləndirir və ya idxalını şaxələndirir.

- Növbəti vasitə Çinə qarşı ticarət blokadasının yaradılmasıdır. Bu Çin üçün həyati əhəmiyyətli təhlükədir. Çin dünyada ən çox məhsul ixrac edən ölkədir. Dünya ticarətinin 19%-i Çinin payına düşür. Yalnız məhsul ticarətini götürsək, bu faiz daha da böyük olar. Çini haqlı olaraq “dünyanın fabriki” adlandırırlar. Dünya fabriki olmaq üçün bir ölkənin xammalı, əlbəttə ki, kifayət etməz. Çin çox ölkədən enerji və xammal idxal edir. Yəni çoxlu xammal idxal edir və çoxlu da hazır məhsul ixrac edir. Bütün bu idxal-ixrac əməliyyatları, əsasən, dəniz və okeanlar vasitəsilə aparılır. ABŞ düşünürdü ki, Çinin dəniz yollarını bağlasa (bunu etmək çətin deyil, çünki Çin gəmilərinin dünya okeanına girməsi üçün 2-3 boğazı bağlamaq kifayətdir), Çin ya iqtisadi çöküşə məhkumdur, ya da ABŞ şərtlərini qəbul etməlidir.

Lakin Çin də bu "zəif damarını" bilir. Buna görə dəniz blokadasına qarşı alternativ üzərində çoxdan işləyir. Bu alternativ "Yeni İpək yolu" layihəsidir. Məlumdur ki, bütün dəniz ticarət yolları (boğazlar) anqlosaksların nəzarəti altındadır. Çin anqlosaksların nəzarətində olmayan yeni quru yolları yaratmağa məcburdur. Bəs niyə indiyə qədər belə alternativ yollar olmayıb?

Məsələ quru yolunun olub-olmamasında deyil. Elə bir ölkə yoxdur ki, ondan qonşu ölkəyə quru yolu olmasın. Məsələ dəniz yolu ilə rəqabətli ola biləcək quru yolun olmamasında idi. Mövcud quru ticarət yolları ilə yükdaşımalar dəniz yolları ilə müqayisədə dəfələrlə baha başa gəlirdi. Bu səbəbdəndir ki, Avropadan Asiyaya dəniz yolları tapılandan sonra qədim İpək yolu aktuallığını itirdi və tarixə qovuşdu.

Qədim İpək yolunun yenidən canlanması üçün 2 əsas məsələ həll olunmalı idi:

1. Quru yol nəqliyyat vahidi ilə daşınan yük gəmi ilə daşınandan az olmamaldır;

2. Quru yol nəqliyyatı dəniz nəqliyyatı ilə müqayisədə təyinat məntəqəsinə daha tez çatmalıdır.

Bu 2 məsələninin həlli yüksək sürətli qatarların ixtirası ilə həll olundu. Məhz buna görə Çin sürət qatarlarının və belə yolların tikintisi texnologiyasında dünya lideridir. Çünki bu problemin həlli Çin üçün ekzistensial məsələ idi.

Sürət qatarları istənilən məhsulun beynəlxalq daşınmasını dəniz daşımaları ilə müqayisədə daha sərfəli edir. Bu həm də anqlosaksların ticarət yolları üzərində monopoliyasına son qoyur. Əlbəttə ki, anqlosakslar "Yeni İpək yolu" layihəsinin həyata keçməsinə yol verməməlidirlər!

XXI əsrin əvvələrindən başlayan bütün beynəlxalq münaqişələrin də kökündə birbaşa və ya dolayı şəkildə məhz bu layihə dayanır. Bunu aşağıdakı şəkil üzərində izah edək. Göründüyü kimi, Çinin dünya ticarətinin 5 əsas yolu planlaşdırılıb.

- 2-si (mavi və qırmızı) dəniz yollarıdır. Göründüyü kimi, onların taleyi bir neçə boğazdan asılıdır və həmin boğazlarda artıq ABŞ hərbi gəmiləri hərbi manevrlər keçirirlər.

- 3-ü quru yollarıdır. Bu yollardan çoxlu şaxələnmələr planlaşdırılır. Bu yollar üstündə olan ölkələrin hamısı cari və potensial münaqişə ocaqlarıdır.

İpək yolu Çinlə Avropanı birləşdirir. O, Çindən 3 nöqtədən çıxır və Avropaya yaxınlaşdıqca şaxələnir, yəni daha çox ölkədən keçir. Deməli, anqlosakslar üçün bu yolları başlanğıcda bağlamaq daha ucuz başa gələ bilər, çünki bunun üçün yalnız 3 ölkədə vəziyyəti nəzarətə götürmək və ya xaos yaratmaq lazımdır (vəziyyətdən asılı olaraq).

İpək yolunun 3 xətti belə başlayır:

- Çin - Myanma - Banqladeş - Hindistan...

- Çin - Qırğızıstan - Özbəkistan - Türkmənistan - İran...

- Çin - Monqolustan - Çin - Qazaxıstan - Rusiya...

 1-ci yolun başlanğıcı:

- Myanmada daxili silahlı münaqişə səngimək bilmir, ora radikal islamçıları (cihadçılar) doldurublar və "siqnal" gələn kimi ölkəni bir-birinə qatacaqlar.

- Banqladeşdə də sabitlik yoxdur, bu yaxınlarda ölkədə silahlı çevriliş oldu və ölkə başçısı qaçdı...

2-ci yolun başlanğıcı:

- Bu yol əslində belə olmalı idi: Çin - Əfqanıstan - İran. Bu yolu bağlamaq üçün ABŞ 2001-də Əfqanıstanı işğal edib, 20 il "Ərəbzəngi" kimi yolu kəsdi. Şəkildəki yol məhz həmin vaxt çəkilib və Əfqanıstandan yan keçmək üçün 3 ölkədən keçir. Yeri gəlmişkən, ABŞ-ı Əfqanıstandan qovmaq üçün Talibana ən çox yardım edən məhz Çin olmuşdu. ABŞ indi də müxtəlif fondlar vasitəsilə Əfqanıstanda vəziyyətə nəzarət etməyə çalışır.

- Əfqanıstana alternativ olan Orta Asiya ölkələri də potensial münaqişə ocaqlarıdır. Son vaxtlar ABŞ-ın bu ölkələrdə siyasi fəallığının artması, UNDP-nin maliyyələşdirdiyi layihələrin, QHT-lərin çoxalması da bununla bağlıdır. Bu ölkələr arasında su mənbələri uğrunda münaqişə (müharibə) üçün ciddi əsaslar yaradılır (bu da ayrı söhbətin mövzusudur).

3-cü yolun başlanğıcı:

- Monqolustan əvvəllər heç kimin yadına düşmürdü. İpək yolu məsələsi ortaya çıxan kimi ABŞ və Aİ rəhbərləri Ulan-Batora ayaq açdılar, müxtəlif biznes layihələr həyata keçirməyə başladılar. Məqsəd hakimiyyətə təsir vasitələri əldə etməkdir. Lakin Monqolustan Qərb üçün o qədər də etibarlı ölkə deyil, çünki onun yalnız 2 ölkə ilə sərhədi var– Çin və Rusiya ilə, buna görə də ona təsir etmək imkanları azdır.

- Deməli, növbəti ölkə– Qazaxıstanda vəziyyəti nəzarətə götürmək lazımdır. 2022-ci ildə Qazaxıstanda xaosa bir cəhd oldu. İstədikləri alınmadı. Amma məsələ yenə gündəlikdədir. Artıq Astanada ABŞ keçmiş Sovet ölkələrində 2-ci ən böyük səfirliyini tikməyə başlayıb...

- Lakin Çin Qazaxıstansız da Rusiyaya çıxa bilər, çünki Rusiya ilə birbaşa sərhədi var. Deməli, Rusiyada da vəziyyəti ya nəzarətə götürmək (hakimiyyətə öz adamını gətirmək), ya da orada xaos yaratmaq lazımdır.

Anqlosakslar İpək yolunun yalnız başlanğıcı barədə düşünmürlər– hər şey ola bilər, həmin ölkələr Çinin və ya Rusiyanın da nəzarətində ola bilərlər. Buna görə də anqlosakslar eyni zamanda kəmərin keçə biləcəyi bütün ölkələrdə ya münaqişələr, ya da potensial münaqişə ocaqları yaradırlar.

Bütün ölkələr barədə yazmaq çox vaxt aparar, özünüz şəklə baxıb, İpək yolunun keçməsi planlaşdırılan ölkələrdə son on ildəki vəziyyətlə tanış ola bilərsiniz. Mən kəmərin Avropaya çıxışı olan ölkələr barədə yazıram. İpək yolunun Avropaya çıxışı hansı ölkələrdən keçir və ya keçə bilər? Şimaldan cənuba doğru düşək.

1. Rusiya - Baltikyanı ölkələr - Avropa

Baltikyanı ölkələr NATO-ya daxil edilib və Rusiya ilə, demək olar ki, bütün yollar bağlanıb.

2. Rusiya - Belarus - Avropa

Belarusda 2020-də "Maydan" cəhdi oldu, lakin uğursuz nəticələndi. Hazırda Çin malları Avropaya Belarusdan gedir və Lukaşenko Sinin yaxın dostudur.

3. Rusiya - Ukrayna - Avropa

Müharibənin səbəblərindən biri də budur. Bu yol tam bağlıdır və yaxın onillikdə açılması gözlənilmir. Müharibədən əvvəl Çinin Ukraynada bəzi infrastruktur obyektlərə investisiya qoymasına məhz ABŞ mane olmuşdu. Çin üçün Odessa limanı çox vacib logistika habı idi.

4. Qazaxıstan (Türkmənistan) - Azərbaycan - Gürcüstan - Avropa

Gürcüstandakı hadisələrin əsas səbəbi də budur. Qərb Gürcüstan hakimiyyətində öz adamlarının olmasını istəyir. İndiki Gürcüstan hakimiyyətin Çinlə münasibətləri çox yaxşıdır. Çin Gürcüstanın dərinsulu Anakliya limanına böyük investisiya qoyur (gələcək İpək yolu daşımaları üçün).

5. Azərbaycan - Ermənistan - Türkiyə - Avropa

Zəngəzur dəhlizinə nəzarət uğrunda beynəlxalq mübarizənin səbəbi də budur. ABŞ da məhz buna görə Ermənistanda fəallığını artırır.

6. İran - Türkiyə - Avropa

Həm İranda, həm də Türkiyədə vəziyyətin necə olduğunu bilirsiniz (çevriliş cəhdləri və sairə).

7. İran - İraq - Suriya - Avropa

Suriyada yol məhz Latakiyadan Aralıq dənizinə keçməli idi. Suriyada vəziyyətin pisləşməsi bu yolu da mümkünsüz etdi.

Nəticə:

- Hazırda Çin Şimali Avropaya yalnız Belarusdan çıxa bilir. Buna görə Belarus onun üçün çox vacib ölkədir.

- Suriyada vəziyyət pisləşdikcə Türkiyə Çin üçün daha əhəmiyyətli ölkə olacaq, çünki Cənubi Avropaya çıxış üçün başqa alternativi qalmayacaq. Amma hər halda Türkiyə NATO ölkəsidir, NATO isə artıq Çini də təsir dairəsinə daxil etməyə başlayıb. Türkiyə seçim etməli olacaq.

 

Asif Şəfəqqətov

analitik