ABŞ iqtisadiyyatı ağır dövrlərini yaşayır. İlon Maskın dəfələrlə təkrarladığı kimi, ABŞ tezliklə borclarını kəskin azalda bilməzsə, bir dövlət kimi müflis olacaq. Buna görə də Tramp administrasiyası $2 trilyona yaxın büdcə kəsirini, $37 trilyonluq fantastik dövlət borcunu azaltmaq üçün ən radikal addımlar atır: https://www.facebook.com/share/p/12JoS5Cj6Pj/

ABŞ büdcəsində 1-ci ən böyük xərc maddəsi borclara görə faiz ödənişidirsə, 2-ci hərbi xərclərdir (~$850 milyard). Hərbi xərcləri azaltmaq üçün Tramp ABŞ qoşunlarını Avropadan və Orta Şərqdən çıxartmaq istəyir. Bu halda ABŞ-ın Avropada və Orta Şərqdə onlarla hərbi-təchizat bazalarının saxlanmasına, bahalı hərbi təlimlərin keçirilməsinə, bazaların hərbi texnika və canlı qüvvə ilə təchizatına çəkilən xərclərə qənaət etmək olar. Lakin qoşunları çıxartmaq üçün ABŞ 2 məsələni həll etməlidir:

 1. Avropadan çıxartmaq üçün – Ukrayna münaqişəsini dayandırmaq,

 2. Orta Şərqdən çıxartmaq üçün – İsrailin təhlükəsizliyini təmin etmək.

1-ci məsələnin həlli ilə bağlı ABŞ Rusiya ilə danışıqlar aparır. Bu məsələni tezliklə həll olunmasında hələlik yeganə maneə Aİ və Britaniyanın mövqeyidir. Tramp bu maneəni dəf edəcəyinə əmindir.

2-ci məsələnin həlli daha çətindir. Orta Şərqdə İsrailin qorxduğu yeganə ölkə İrandır. Nə qədər ki İran İraq və Suriyanın vəziyyətinə salınmayıb, İsrail özünü təhlükəsiz, daha doğrusu, Orta Şərqin hegemonu ("lotusu") hiss edə bilməyəcək. Buna görə də İran ABŞ-ın Orta Şərqdə 1 N-li hədəfinə (düşməninə) çevrilib.

Martın əvvəlində Tramp İrana ultimatum göndərdi ki, təcili ABŞ-la "nüvə razılaşması" bağlasın, əks halda İrana qarşı ölümcül sanksiyalar tətbiq edəcək. Ultimatumda İrandan nüvə tədqiqatlarından tamamilə imtina etmək, İran proksi qüvvələrini (husilər, Hizbullah, İraq şiə könüllüləri) maliyyələşdirməyi dayandırmaq tələb olunurdu. Buna cavab olaraq İranın ali rəhbəri bildirdi ki, İran ultimatumla danışıqları qəbul etmir. ABŞ dərhal İran neft tankerlərinə qarşı sanksiyaları daha da sərtləşdirdiyini elan etdi. 11 martda ABŞ-ın maliyyə naziri Bessant bildirdi ki, sanksiyalarımız sayəsində İranın neft ixracı 0-a düşməlidir.

15 martda ABŞ Bab-əl-Məndab boğazını İsrailə yük aparan gəmilərə açmaq tələbi ilə Yəmən husilərinə (Ənsərullah) qarşı hərbi əməliyyatlara başladı. Yəmənin bir çox məntəqələri S.Ərəbistanı, BƏƏ-dəki ABŞ hərbi bazalarından və “USS Harry S. Truman” təyyarədaşıyan gəmisindən qalxan təyyarələr vasitəsilə bombalandı və ya raket hücumuna məruz qaldı: https://www.facebook.com/share/p/1Hax7Vsyqw/

16 martda Ənsərullah “USS Harry S. Truman” gəmisinə 18 raket və PUA göndərdi. Gəminin zədə alıb-almaması haqda ABŞ heç bir məlumat vermədi, lakin 22 martda “USS Carl Vinson” təyyarədaşıyan gəmisi də Qırmızı dənizə göndərildi. Bu gəmi Koreya sahillərində hərbi təlimlərdə iştirak etmişdi. Adətən, təlimlərdən sonra gəmi ABŞ-a qayıdır və texnik baxışdan keçirilir. Nədənsə bu dəfə gəmi təcili Yəmən sahillərinə göndərildi.

2 təyyarədaşıyan gəminin eyni vaxtda bir mövqedə olması nadir hadisədir. Belə hal böyük hərbi əməliyyatlar zamanı olur. Məntiqlə indiki halda bunun üçün 2 səbəbdən biri olmalıdır:

 1. “USS Harry S. Truman” gəmisi zədələnib və hərbi əməliyyatlarda tam gücü ilə iştirak edə bilmir.

 2. Quruya dəniz piyadalarının (desantın) çıxarılmasına hazırlıq gedir.

Hətta gəmi zədələnsə də desant çıxarma əməliyyatında iştirak edə bilər. ABŞ ötən ilki 8 aylıq təcrübəsindən anladı ki, Ənsərullahı yalnız hava hücumları vasitəsilə məğlub etmək mümkün deyil. Mətbuata sızan bəzi məlumatlara görə bu dəfə quru əməliyyatı aparmaq planlaşdırılıb.

Gəmilərin hər birində 90 təyyarə və vertolyot, 3200 dəniz piyadası var. Ehtiyac olarsa, başqa gəmilərlə əlavə dəniz piyadaları gətirilə bilər. ABŞ-ın ənənəvi döyüş taktikası belədir: əvvəl kütləvi təyyarə hücumu təşkil edilir və bütün təhlükə obyektləri bombalanır, sonra isə piyadalar sahilə çıxarılır. Gəmilərdə 180 təyyarə və vertolyot var, S.Ərəbistanı və BƏƏ-dən də yüzlərlə təyyarə onlara qoşula bilər, üstəlik İsrail təyyarələri də köməyə gələcəklər. Yəni qısa müddət ərzində havaya 400-ə yaxın təyyarə və vertolyot qaldırıla bilər. Təyyarələrin Yəmən səmasında təhlükəsiz uçması üçün isə əvvəlcədən onun radiolokasiya və HHM sistemləri sıradan çıxarılmalıdır– bu günəcən məhz bunu edirdilər, lakin bunun nə qədər uğurlu olması sual altındadır.

Sonra 6-10 min dəniz piyadası sahilə çıxarıla bilər. Əlbəttə, bu say azdır, amma ABŞ-ın bütün Yəməni işğal etmək məqsədi yoxdur. Onun məqsədi Bab-əl-Məndab boğazı yaxınlığındakı əraziləri nəzarətə götürmək və boğazın İsrail gəmiləri üçün təhlükəsizliyini təmin etməkdir. Hava hücumu əməliyyatı uğurlu olsa, 6-10 min əsgər bunun öhdəsindən gələ bilər.

Lakin bu əməliyyatın bir zəif həlqəsi var: husilər gəmiləri batıra bilərlər. Bu halda ya təyyarələr qalxa bilməyəcək (əməliyyat başlanmazdan əvvəl batırılarsa), ya da geri qayıda bilməyəcəklər (əməliyyat başlayandan sonra batırılarsa), çünki təyyarənin 2-3 saatlıq yanacağı olur, enmə meydançası olmasa, qəzaya uğrayacaq. Bu isə ABŞ üçün görünməmiş fəlakət deməkdir.

Bəs husilər təyyarədaşıyan gəmiləri batıra bilərmi? Husilər artıq hipersonik raketlərə malik olduqlarını bəyan ediblər, hətta sözlərinin həqiqət olduğunu nümayiş etdirmək üçün birini İsrailə atıblar və İsrail HHM sistemi onu vura bilməyib. Bu raketlərlə təyyarədaşıyan gəmini batırmaq mümkündür. Qərb kəşfiyyatı husilərdə neçə belə raketin olduğunu, onların harada gizlədildiyini bilmir. ABŞ PUA-lar vasitəsilə kəşfiyyat məlumatı toplamağa çalışır, lakin bu da uğursuzluqla nəticələnir. İndiyədək husilər ABŞ-ın 13 kəşfiyyat PUA-sını (MQ-9 Reaper) vurub yerə salıblar.

MQ-9 Reaper ABŞ-ın ən yaxşı kəşfiyyat-zərbə PUA-larından biri sayılır: 15 km hündürlükdə 1900 km-ə qədər məsafəyə 20 saatadək uça bilir; uzunluğu 11 m, qanadlarının açılışı 25 m, boş çəkisi 2,2 t, maksimal çəkisi 4,8 t, maksimal sürəti 400 km/saat, qiyməti $30+ milyondur. Bu PUA-ları ABŞ 2007-ci ildən istifadə edir və indiyədək Yəməndən başqa heç bir ölkədə 2-dən çox MQ-9 Reaper PUA-sı itirməyib.

ABŞ da quru əməliyyatına məhz bu səbəblərdən başlamağa risk etmir. Keçən həftə Tramp bəyan etdi ki, husilər ABŞ-a qarşı hipersonik raketdən istifadə edərsə, ABŞ İranı günahkar biləcək və cavab zərbəsini İrana endirəcək.

Ardı: https://www.facebook.com/share/p/1A5H3txAp9/

Husilərə qarşı aciz qalan ABŞ, aydındır ki, İrana qarşı müharibəyə cürət etməz. Heç ABŞ-ı İranın nüvə proqramı da maraqlandırmır. Çünki İranın nüvə bombası hazırlamaq fikri yoxdur. ABŞ kəşfiyyatının 2 həftə əvvəlki hesabatında da İranın nüvə bombası hazırlamadığı qeyd edilmişdi. İran əvvəllər nüvə bombası hazırlamaq sahəsində həm tədqiqatlar aparır, həm də praktiki işlər görürdü, lakin sonra praktiki işləri tam dayandırdı. Nə üçün?

İran bombanı İsraildən müdafiə olunmaq üçün hazırlayırdı, çünki İsrail ABŞ-ın ərköyün uşağıdır, İrana nüvə bombası da ata bilər. Lakin nüvə bombasına malik olan ölkə həm də özünü risk altına qoyur. Əgər düşmən ölkə sənin nüvə obyektini bombalayarsa, sənin bomban öz ölkəni külə döndərəcək. İsrail isə bunu edə bilərdi, heç kim də ona "gözün üstə qaşın var" deməyəcəkdi.

 1978-ci ildə İsrail İraqın 2 nüvə reaktorunu (əsas və köməkçi) partladandan sonra İraq Fransada növbəti reaktoru hazırladır və 1980-ci ilin senyabrında Bağdad yaxınlığında yer altında quraşdırır. Reaktor plutoniumu zənginləşdirmək üçün nəzərdə tutulmuşdu. Bunun üçün İraq zənginləşdirilmiş uran almalı idi. İraq uranın alınması üzrə Almaniya və İtaliya ilə danışıqlar aparır. İsrail kəşfiyyatı bilir ki, reaktor 1981-ci ilin iyun-iyul aylarında uranla doldurulacaq. Sovet mütəxəssislərinin məlumatına görə bu halda İraq 1983-cü ilə 3 bombaya, 1985-ci ilə 5 bombaya malik ola bilərdi. İsrail reaktor doldurulanadək onu partlatmaq qərarına gəlir. 1981-ci ilin 7 iyununda 14 İsrail təyyarəsi (6 F-15, 8 F-16) S.Ərəbistanından keçərək İraq sərhədlərini pozur və Bağdad yaxınlığındakı reaktoru bombalayır (xəritə 1). Reaktor bərpaedilməyəcək vəziyyətə düşür, 11 nəfər həlak olur. BMT suveren ölkənin ərazisində hərbi əməliyyat həyata keçirdiyinə, beynəlxalq qanunları pozduğuna görə İsrailin hərəkətini pisləyir... vəssəlam.

İran da "gözü çıxmış qonşusundan" ibrət götürdü. İraqda reaktor boş idi deyə ölkə ciddi zərər görmədi. İran bombaya malik olarsa, İsrail yenə beynəlxalq qanunlara tüpürüb, həmin əraziləri bombalaya bilərdi. Buna görə də İran bomba hazırlamağa tələsmirdi. İsrail İranı ABŞ istehsalı təyyarələri ilə bombalaya bilərdi. İranın isə müasir təyyarələri yox idi– BMT sanksiyaları altında olduğundan nə Fransa, nə Rusiya, nə da başqa ölkə ona təyyarə satmırdı. İran elə bir vəziyyətdə idi ki, İsrail onu bombalasaydı, İranın ona cavab zərbəsi endirmək imkanı yox idi. Yəni İsrail özünü tam rahat və cəzasız hiss edirdi.

İran raket texnologiyasını inkişaf etdirmək strategiyasını seçdi. Şah dövründə İranda raket texnologiyası yox idi. İran-İraq müharibəsində İran Sovetlərin 50-60-cı illərə aid taktiki raket (200 km-dək) sistemlərindən istifadə edirdi (sistemləri və onların raketlərini Liviya, Əlcəzair və başqa ölkələrdən alırdı). 80-ci illərdə İran öz reket istehsalını qurmağa başladı. Bu işdə ona ən çox kömək edən Ş.Koreya oldu (qismən də Çin). Əvvəl taktiki raketlərin (50-500 km) texnologiyasını mənimsədi. Bu raketlərlə İsrailə cavab zərbəsi endirmək mümkün deyildi. Çünki İrandan İsrailə hava ilə ən qısa məsafə 1500 km-dir. Lakin bu raketlərlə İrana hücum edən təyyarələri və gəmiləri, həmçinin İran sərhədləri yaxınlığında yerləşən ABŞ bazalarını, həmin bazaların yerləşdiyi ölkələrin strateji obyektlərini vurmaq olardı. Bundan başqa İran taktiki raketlərlə Hizbullahı təchiz edirdi ki, İsrailə Hizbullah vasitəsilə cavab verə bilsin.

Bundan sonra İran raket texnologiyasını təkmilləşdirmək üzrə işləri daha da gücləndirdi, çoxlu yerli elmi və texniki kadrlar yetişdirdi. 90-cı illərdə artıq ballistik raketlərin istehsalına başladı. Çoxsaylı elmi-texniki problemlər həll edilməli idi: raketin uçuş məsafəsi, sürəti, yanacağı, naviqasiya məsələləri, dəqiqliyi, trayektoriyası və s. 2000-ci ilədək 1000 km-dək, 2010-cu ilədək 1500 km-dək məsafəyə zərbə vura bilən ballistik raket texnologiyası mənimsənildi. Təsnifata görə 500-1500 km intervalında uçuş məsafəsi olan raketlər yaxın mənzilli ballistik raketlər sayılır. Bu raketlərlə İsrailin müttəfiqlərinin Orta Şərqdəki bütün bazalarını və infrastruktur obyektlərini vurmaq mümkün idi.

2010-cu ildən sonra İran orta mənzilli (1500-5500 km) raket istehsalı texnologiyasını mənimsəməyə başladı. Hazırda İran 4500 km məsafəyə zərbə vura biləcək raketlərə malikdir. Bu isə nəinki İsraili, Avropanın bir çox ölkəsini də hədəfə almağa imkan verir. Paralel olaraq İran İsrailə qədər uça bilən yüksək manevrli (RHM-lərin vurması çox çətin olan) qanadlı raketlər istehsalını da qurmuşdu. Artıq İsrail İrana cəzasız zərbə endirə bilməzdi. İsrail İrana ağır zərbə endirsəydi, İran İsrailin Neqev səhrasında yerləşən Dimon nüvə mərkəzini hədəfə götürə bilərdi. Bu isə elə bir zərbədir ki, balaca İsraili tamamilə yox edə bilər. Beləliklə, İran İsrailin Orta Şərqdə "lotuluğuna" son qoymaq istəyirdi.

Lakin İranın raket texnologiyası inkişaf etdikcə İsrail də RHM sistemlərini təkmilləşdirməyə məcbur oldu. "Dəmir qübbə" Hizbullahın taktiki raketlərindən etibarlı qorusa da İranın ballistik və qanadlı raketlərinə qarşı etibarlı sipər deyildi. İsrail daha mükəmməl "Arrow-3" RHM sistemini yaratdı, daha sonra isə Neqev səhrasında dünyada ən mükəmməl RHM sistemi sayılan THAAD quraşdırdı. THAAD ABŞ istehsalıdır, indiyədək cəmi 13 ədəd istehsal olunub, 1 batareyanın qiyməti $3 milyard, 1 raketinin qiyməti $20 milyon dollardır, xidmət heyəti 100 nəfərdir. THAAD-ların 7-si ABŞ-da idi, onlardan 2-si fəaliyyət göstərir, 1 isə ehtiyatda saxlanır.

İsrail bu RHM sistemləri ilə İran zərbələrindən etibarlı müdafiə olunduğunu zənn edirdi. 2023-cü ildə İran gözlənilmədən hipersonik raketinin ("Fəttah-1") uğurlu sınağını keçirtdi. Bu İsrail və ABŞ üçün bir şok oldu– inana bilmirdilər ki, İran belə yüksək texnologiyaya sahib olub. 2024-cü ildə İran artıq sürəti 11 MAX-a çatan raketlərə malik idi. Bu xəbərlərin reallığını (sürətini, dəqiqliyini, manevrliliyini) sınamaq üçün İsrail İrana qarşı ən alçaq provokasiyalara əl atdı. Məqsəd bu idi ki, İran İsrailə zərbə endirsin, lakin ABŞ-ın səyləri ilə İranın zərbəsi demonstrativ olsun. Bu halda İsrail ciddi ziyan görməyəcək, amma həm İranın imkanlarını öyrənəcək, həm də öz müdafiə sistemlərinin etibarlılığını yoxlayacaq.

2024-cü ilin 14 aprelində İran İsrailə ilk zərbəsini endirdi. Bunu xəbərdarlıq zərbəsi adlandırmaq olardı. Çünki bu zərbə ilə İran İsrailə ağır zərbə vurmaq yox, özünün hansı imkanlara malik olduğunu nümayiş etdirmək istəyirdi. Ətraflı: https://www.facebook.com/share/p/17gLjcD2zn/

Bu hadisə İsraili qorxutdu. İranın belə sürətli texnoloji inkişafı İsrailin Orta Şərqdəki hegemonluğuna böyük təhlükə idi. Buna görə də İsrail ABŞ-ın köməyilə İranı zərərsizləşdirməyə çalışdı. Zəifləmiş ABŞ-ı İrana zərbə endirməyə məcbur etmək üçün formal bəhanə lazım idi. İranın 1-2 həftəyə nüvə bombası yaradacağı haqda 5 ildir davam edən İsrail yalanları ilə Netanyahu heç kimi inandıra bilmədi. Buna görə də elə provokasiyalar etdi ki, İran ona cavab verməsəydi, dünyada heç bir hörməti qalmazdı. İsrail 31 iyulda İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən çıxan HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyəni Tehrandakı iqamətgahında öldürdü. Bu İrana, onun prezidentinə qarşı təhqir idi.

 27 sentyabrda Hizbullahın baş katibi Həsən Nəsrullahı Beyrutda öldürdü. Yaşayış binasının bunkerində olan H.Nəsrullahı öldürmək üçün İsrail binanın üstünə hərəsi 1 t olan 80 aviabomba atmışdı. Nəticədə Nəsrullahdan başqa 33 nəfər də ölmüş, 195 nəfər ağır xəsarətlər almışdı. Ölənlər arasında İranın İslam İnqilabi Keşikçiləri Korpusu komandanının müavini və "Əl-Qüds" qüvvələrinin komandanı Abbas Nilforuşan da var idi.

Səbr kasası dolan İran 1 oktyabrda İsrailə 200-ə yaxın ballistik raketlə cavab zərbəsi endirdi. Bu dəfə İran raketlərinin çoxunu İsrail RHM sistemləri zərərsizləşdirə bilmədi. Neqevdə Dimon nüvə mərkəzi yaxınlığında yerləşən və ən yaxşı mühafizə olunan strateji bombardmançı təyyarələrinə, hava limanının infrastrukturuna böyük ziyan vuruldu, hətta THAAD sistemi məhv edildi. Əlbəttə, İsrail bunu etiraf edə bilməzdi, lakin əksini sübut edən heç bir foto və ya video təqdim etmədi, İran raketlərinin isə İsrailə düşüb partladığını əks etdirən həvəskar videolar kifayət qədər idi. Bu hadisədən 2-3 gün sonra ABŞ təcili surətdə İsrailə 2 THAAD batareyası (200 nəfərlik amerikalı heyəti ilə birlikdə) göndərdi.

İsrail bu rüsvayçılığı yumalı idi, həm də İranın raket mərkəzlərini ABŞ-ın köməyi ilə məhv etmək üçün yaranmış fürsətdən istifadə etməli idi. Netanyahu İrana ağır zərbə endirəcəyini, bütün nüvə-raket mərkəzlərini məhv edəcəyini hay-küylə bəyan etdi. 26 oktyabr gecəsi ABŞ və İsrailin 100-dən artıq təyyarəsi, o cümlədən F-35-lər İrana hücum etdilər. Plana görə İran HHM sistemlərinin təsir radiusuna çatmamış təyyarələrin 1-ci dalğası 200-yə yaxın raketlə İranın sərhəd zonalarında yerləşən HHM və RHM sistemlərini sıradan çıxartmalı, sonra isə təyyarələrin 2-ci dalğası İranın hava məkanına daxil olaraq, nəzərdə tutulan obyektləri partlatmalı idilər. Təyyarələr Suriyadan (ABŞ-ın nəzarətində olan hissəsindən) keçərək İraq səmasında İrana zərbə endirdilər. Suriyadan keçərkən orada yerləşən Rusiya radiolokasiya sistemləri onları qeydə almış və hücum barədə bütün məlumatları İrana ötürmüşdülər. İran müdafiə sistemləri hazır vəziyyətə gətirilmişdi. İraq səmasında olan təyyarələr İsrail və ABŞ-a məlum olmayan hansısa HHM sisteminin hədəfində olduqlarını bilmiş və 2-ci dalğa tapşırığı yerinə yetirmədən geri dönmüşdü. 1-ci dalğa zərbəsindən İran ciddi ziyan görmədi, heç bir nüvə-raket mərkəzi partladılmadı.

Bu hadisədən sonra İsrail bir daha İrana hücum etməyə cürət etmədi.

Əlbəttə, ABŞ da İranın hipersonik raketləri qarşısında acızdir. ABŞ heç vaxt qələbəsinə tam əmin olmadığı müharibəyə girməz. ABŞ İranı başqa yolla "ram etmək" istəyir.

 ABŞ Rusiya ilə birbaşa müharibə aparmadı, çünki bu müharibədən qalib çıxacağı şübhə altında idi. O bilirdi ki, nə qədər hərbi-iqtisadi-siyasi yardım etsə də Ukrayna Rusiyaya qalib gələ bilməyəcək. Bəs niyə bu qədər resurs sərf edib, müharibəni alovlandırırdı? ABŞ planlaşdırmışdı ki, Rusiyaya qarşı tətbiq edilən saysız-hesabsız sanksiyalar, uzanan müharibəyə çəkilən böyük xərclər, həmçinin yüz minlərlə ölən və yaralananlar sayəsində əhalinin sosial-iqtisadi vəziyyəti pisləşəcək, narazılıq artacaq, buna Qərbin total dezinformasiya vasitələri və "5-ci kolonu" da kömək edəcək... nəticədə Rusiyada etiraz nümayişləri, "Maydan"lar baş verəcək və Putin devriləcək, Qərbin xüsusi xidmətləri hakimiyyətə qərbpərəst birini gətirə biləcəklər. Sonrası dəfələrlə sınaqdan keçirilmiş texnika məsələsidir.

İranda da eyni ssenari üzrə işləyirlər. İranda baş vermiş əvvəlki ixtisaslar göstərir ki, ölkədə hakimiyyətdən narazı kütlə çoxdur. Onları yenidən küçələrə tökmək üçün "qığılcım" lazımdır. Bunun üçün isə husiləri ram etmək, İranın neft ixracını dayandırmaq (bu Çinlə əlaqələrin kəsilməsi deməkdir), Rusiya ilə əlaqələrini kəsmək lazımdır. Bu halda İranda iqtisadi böhran başlayacaq və əhalini "5-ci kolonun" vasitəsilə küçələrə tökmək asan olacaq. Sonra terrorlar da təşkil etmək olar.

Bəs İran buna qarşı nə edir?

 İran husilərin ABŞ-a məğlub olmasına imkan verməməlidir. Deməli, onları hər cür silah-sursatla təmin edəcək və ABŞ sahilə desant çıxara bilməyəcək.

 İran bu həftə Bəhreyndə yerləşən ABŞ-ın 5-ci donanmasının gözləri qarşısında Hörmüz boğazındakı 3 adada raket kompleksləri yerləşdirdi.

Demək istəyir ki, mənim tankerlərimi saxlasan (batırsan), Hörmüz boğazından 1 tanker də keçməyəcək. Dünya xam neftinin 21%-i bu boğazdan keçir. Üstəlik husilər də Bab-əl-Məndab boğazını tam bağlaya bilərlər. Bu halda bütün dünya iqtisadiyyatı çökəcək.

 Rusiya ilə İranın arasını isə Tramp vura bilməyib. Rusiya buna heç vaxt gedə bilməz. Nə üçün? Bu ayrı söhbətdir.

ABŞ Yəmənlə müharibəni uzada bilməz. Bunun üçün onun resursları yoxdur. Trampa qısamüddətli qələbə lazımdır. Bu isə mümkün olmayacaq.

Beləliklə, Trampın Yəmən və İranla münaqişədə biabırçılıqla geri çəkiləcəyini indidən demək olar.

Asif Şəfəqqətov