
2024-cü ilin noyabrınadək Ukrayna müharibəsini 24 saata dayandıracağını dəfələrlə vəd edən Tramp elə düşünürdü ki, ABŞ dünyanın yeganə supergücüdür.
Noyabrın 5-dən (prezident seçiləndən) 5 aya yaxın, yanvarın 20-dən (andiçmə mərasimindən) 2 aydan çox vaxt keçib, amma Tramp müharibəni dayandıra bilməyib.
Əgər Tramp müharibəni dayandırmaq üçün özü şərt, daha doğrusu, ultimatum qoyacağını deyirdisə, indi Rusiyanın şərtlərini qəbul etməsə, müharibəni dayandıra bilməyəcək.
Əvvəl Trampın müharibəni dayandırmaq şərtləri belə idi:
-Rusiya işğal etdiyi ərazilərdə (bu ərazilər Luqansk, Donetsk, Zaparojye və Xerson vilayətlərinin müəyyən hissələri və Krımdan ibarətdir) qalır;
-ABŞ Rusiyanın işğal etdiyi əraziləri de-fakto tanıyır, lakin de-yure tanımır;
-Ukraynanın qalan ərazisində Qərbin istədiyi rejim qalır;
-Ukrayna NATO-ya qoşulur və tam silahlanır.
Bu şərtlər hər iki tərəf üçün qəbuledilməz idi. Tramp onları aşağıdakı yolla qəbul etdirməyi nəzərdə tutmuşdu (ultimatum):
-Ukrayna bu şərtləri qəbul etməsə, ona hərbi və maliyyə yardımlarını tam dayandıracaq;
-Rusiya bu şərtləri qəbul etməsə, Ukraynanı Baydendən də çox və güclü silahlandıracaq.
Tramp Ukrayna ilə bağlı haqlı idi, ona təzyiq göstərmək imkanı indi də var. Lakin Rusiyaya təzyiq göstərmək imkanı yoxdur. Bayden Ukraynaya mümkün olan bütün yardımları edib. Bundan artıq yardım etmək ABŞ-ın Rusiya ilə birbaşa müharibəsinə səbəb ola bilər.
Rusiya ilə bir neçə raund danışıqlardan sonra Tramp Rusiyaya qarşı ultimativ tələblərin faydasız olduğunu anladı. Son Ər-Riyad danışıqlarında isə faktiki olaraq Rusiya ABŞ qarşısında şərtlər (ultimatum) qoyub. Bizə məlum olan şərtlər bunlardır:
-Krım, Luqansk, Donetsk, Zaparojye və Xerson vilayətləri BMT tərəfindən (təkcə ABŞ yox a) Rusiya ərazisi kimi de-yure tanınsın;
-Luqansk, Donetsk, Zaparojye və Xerson vilayətləri Rusiyanın faktiki nəzarətində olan ərazilər çərçivəsində deyil, 1991-ci il inzibati sərhədləri çərçivəsində Rusiya ərazisi kimi tanınsın;
-Ukraynın qalan ərazisində hərbi bloklara qoşulmayan hökumət yaradılsın (Konstitusiyasında müvafiq dəyişikliklər edilsin);
-Ukraynada yeni prezident və parlament seçkiləri keçirilsin;
-Ukrayna demilitarizasiya və denasifikasiya olunsun;
-Ukraynada rus dilinin və pravoslav kilsəsinin statusu bərpa edilsin;
-Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyaları ləğv edilsin;
-Rusiya SWIFT-ə qoşulsun.
Əslində bunlar Qərb üçün çox ağır, hətta 2 ay əvvələdək tamamilə qəbuledilməz şərtlərdir. ABŞ isə Aİ-dən fərqli olaraq, onları yavaş-yavaş qəbul etməyə hazırlaşır. Bunların müqabilində Rusiya ABŞ-a nə vəd edir – danışıqların gizli tərəfidir. Bunu yalnız ehtimal etmək olar.
ABŞ-ın vaxtı azdır, iyul ayından sonra onun Ukraynaya da təsir etmək imkanları olmayacaq – Bayden administrasiyasının ayırdığı hərbi yardım bitəcək (düzdür, onu az-az verməklə vaxtını bir neçə ay uzada bilər, lakin bu halda Ukrayna daha çox ərazi itirəcək). İyuldan sonra Aİ ABŞ-sız da Ukraynaya hərbi və maliyyə yardımı edə bilər, amma bu yardım indikindən azı 2 dəfə az olacaq və uzun müddət davam edə bilməz – Aİ-nin öz iqtisadi vəziyyəti pisdir, aprelin 2-dən Tramp onun məhsullarına qarşı tarif sanksiyaları tətbiq edəndən sonra daha da pisləşəcək.
Bir sözlə, ABŞ-ın da, Aİ-nin də Rusiyanın şərtləri ilə "alver" etməsi üçün 3-4 ay vaxtı qalıb.
Rusiyanın irəli sürdüyü tələblərin hamısı ABŞ-dan asılı deyil. Məsələn:
-SWIFT ABŞ-a məxsus deyil, baş qərargahı Belçikada yerləşir;
-Rusiyanın xarici banklarda dondurulmuş $300 milyard vəsaitinin 95%-i Avropa banklarındadır;
-Maliyyə-iqtisadi sanksiyalrının çoxu Aİ tərəfindən tətbiq olunub;
-BMT-nin Rusiya və Ukraynanı yeni sərhədlər çərçivəsində tanıması üçün Avropa və digər ölkələr də belə qərarın lehinə səs verməlidirlər;
-Ukraynanın demilitarizasiya və denasifikasiya olunmasına Avropa mane olmamalıdır və s.
Bəs niyə Rusiya bu şərtləri ABŞ qarşısında irəli sürüb?
ABŞ Rusiya ilə danışıqlara Kollektiv Qərbin lideri kimi qoşulub. Rusiya isə bir növ ondan statusunu təsdiq etməyi tələb edir. Çünki gələcək dünya nizamında ABŞ-ın statusu məlum olmalıdır. O yalnız öz adından çıxış edirsə, bu bir statusdur, bütün Qərb adından danışırsa – başqa status. 2-ci halda ABŞ-ı qlobal güc hesab etmək olar: https://www.facebook.com/share/p/162tW8mmAq/
Qlobal güc olduğunu sübut etmək üçün ABŞ Avropanı və Ukraynanı öz iradəsinə tabe etməlidir. Konkret Ukrayna münaqişəsi müsalında Rusiyanın irəli sürdüyü şərtlərin azı yarısının yerinə yetirilməsinə nail olmalıdır.
Buna görə də iyula qədər ABŞ-ın Avropaya təzyiqlərinin artacağını görəcəyik. Avropa ilə bacarmasa, ABŞ regional güc statusunda qalacaq. Hərçənd bu halda o da sual altındadır.
Asif Şəfəqqətov