Trampın 1 fevraldan 3 ölkəyə (Kanada, Meksika və Çin) qarşı tarif sanksiyası tətbiq etdiyi barədə hamınız bilirsiniz. Mən bu sanksiyaların uzağı 3 ay çəkəcəyini yazmışdım: https:// https://globkom.info/butun-xeberler/tramp-vedlerini-yerine-yetire-bilmir-sebebler /

Amma 2 gün sonra Tramp Meksika və Kanadaya qarşı sanksiyaları 1 ay təxirə saldı, Çinə qarşı sanksiyanı isə hansısa bəhanələrlə ləğv edəcək.

Gəlin, mətbuatın Trampın qələbəsi kimi təqdim etdiyi sanksiya müharibəsinin mahiyyətinə baxaq.

Tramp tarif sanksiyalarını tətbiq edəndə tələbləri nə idi?

- Kanada və Meksikadan– ABŞ-a qeyri-leqal miqrantların (QLM) axınının və qanunsuz  fentanil gətirilməsinin qarşısını alsınlar;

- Çindən– ABŞ-la ticarət dövriyyəsində ən azı balansı təmin etsin (ABŞ-dan daha çox məhsul alsın).

Əslində, tarif sanksiyalarının məqsədlərinə baxanda başa düşmək olur ki, Tramp artıq başa düşmüşdü ki, sanksiyalarla o istəyinə çata bilməyəcək. Buna görə də tələblərini yumşaltmışdı. Tarif sanksiyasında əsas məqsəd daxili istehsalı həvəsləndirməkdir. Lakin Çindən fərqli olaraq, Meksika və Kanadaya qarşı qoyulan tələblər buna şərait yaratmırdı. Bu haqda: https:// https://globkom.info/butun-xeberler/dunyaya-kimler-niye-nece-hokm-etmek-isteyir-qlobalistlerle-ultraqlobalistlerin-doyusu-analiz /

Beləliklə, sanksiyalar tətbiq edildi və... nə baş verdi?

Aydın idi ki, sanksiyalar ABŞ-da inflyasiyanın yüksəlməsinə böyük təkan verəcək. Üstəlik Kanada, Meksika və Çin də ABŞ mallarına qarşı tarif sanksiyaları hazırladıqlarını bəyan etdilər. Sanksiyaların faktiki təsiri azı bir həftə sonra özünü göstərməli idi. Lakin gözləntilərin bədbinləşməsi səbəbindən dərhal ABŞ fond birjalarında şirkətlərin dəyər itirməsi və əhalinin narazılığı başladı. Tramp populist adamdır, yüksək elitada isə mövqeyi möhkəm deyil. Ölkədə baş verə biləcək hər hansı kütləvi narazılıq ona qarşı istifadə edilə bilər.

Tramp vəziyyətin daha da pisləşməsini gözləmədən Meksika və Kanada dövlət başçıları ilə telefon danışıqlarına başladı. Sanksiyaları təxirə salmaq (əslində, dayandırmaq) üçün Trampa bəhanə lazım idi. Buna görə də qarşı tərəf nə vəd etsə, Tramp “donuzdan bir tük də qənimətdir” fikri ilə qəbul edib, sanksiyaları dayandıracaqdı.

Danışıqlardan sonra:

- Meksika vəd etdi ki, QLM-lərin ABŞ-a keçməsinin qarşısını almaq üçün sərhədə 10 minədək qoşun göndərəcək.

- Kanada vəd etdi ki, QLM-lərin ABŞ-a keçməsinin qarşısını almaq üçün sərhəd infrastrukturunun təkmiləşdirilməsinə $1,5 milyard xərcləyəcək.

Niyə mən bu vədləri bəhanə adlandırıram?

- Meksika. Sərhədə 10 min nəfər göndərməklə heç nə həll etmək mümkün deyil. Təkcə Sinaloa narkokartelinin (Meksikanın ABŞ-la sərhəd ştatlarından 3-nə nəzarət edir) 45 min döyüşçüsü var. Hələ məlum da deyil Meksika qoşunları sərhəd zonasına nə vaxt və hansı sayda göndərəcək.

- Kanada. Sərhəd infrastrukturunun təkmilləşdirilməsi qısa müddətin işi deyil. Müəyyən müddətdən sonra bu vəd heç kimin "yadına düşməyəcək". Təkmilləşdirmə olsa belə o QLM axınının qarşısını ala bilməz.

- Çin ilə danışıqlar isə baş vermədi– Si Trampın zəngini qəbul etmədi. Heç bir güzəştə də getmədi. Əksinə, Çin nəinki indiki, əvvəlki sanksiyaların da tam ləğv edilməsini tələb etdi. Əks halda nadir elementlərin ABŞ-a ixracına tam qadağa qoyacağını, ABŞ maye qazına və k/t mallarına qarşı 15%-lik tarif sanksiyası tətbiq edəcəyini bildirdi. ABŞ bu sanksiyalara dözə bilməz. Yəqin ki, yaxın günlərdə Çinə qarşı sanksiyalar götürüləcək.

Sual oluna bilər ki, Tramp niyə belə etdi?

Məncə, Tramp Kolumbiyaya qarşı tarif sanksiyası tətbiqindən ruhlanmışdı. Kolumbiya sanksiyadan yarım saat sonra ABŞ-ın şərtlərini qəbul etdi: https://www.facebook.com/share/p/1LKG79G1Go/

Bundan ilhamlanan Tramp Meksika, Kanada və Çinə qarşı da eyni fənddən istifadə edərək, gözləyirdi ki, onlar da 1-2 günə "ağ bayraq" qaldıracaqlar.

Hətta Panama kimi cırtdan ölkə belə Trampın tələbini "yola verdi". Tramp Panamadan tələb edirdi ki, Panamadan Çini qovsun. Bununla bağlı dövlət katibi Rubionu ilk xarici səfərə Panamaya göndərdi. Rubio Panama prezidenti Mulino ilə sərt danışdı və mətbuatın verdiyi məlumata görə, Panama "təslim oldu".

"Təslim" nədən ibarət idi? Panama prezidenti bəyan etdi ki, ölkəsi 2026-cı ildə Çinin "Bir kəmər, bir yol" proqramından çıxacaq. Bu "yolaverdi" deyil, nədir? Başqa sözlə, Panama deyir ki, 2026-cı ilə qədər baxaram, görüm, kim güclüdür– ABŞ, yoxsa Çin. Ondan sonra qərar qəbul edərəm.

Trampı yavaş-yavaş başa salırlar ki, ABŞ hətta 5 il əvvəlki ABŞ deyil.

 

Asif Şəfəqqətov

GlobKom.İnfo