
Tramp-Putin cütlüyü dünyanın gözü qarşısında hələ ki heç kimin bəhs etmədiyi maraqlı bir oyun qurdu.
Tramp Putinlə danışıqlara başlayıb, Ukrayna müharibəsini dayandırmaq istəyir. 2024-cü ildə Putinlə görüşən Taker Karlson və Viktor Orban Trampın emissarları idilər. Onlar Moskva görüşündən sonra birbaşa Mar-a-Laqoya gəlmiş və Putinin mətbuatdan gizli saxlanılan tələblərini Trampa çatdırmışdılar.
Elə o vaxtdan Tramp başa düşürdü ki, Rusiyanın tələblərini nəzərə almadan onu müharibəni dayandırmağa məcbur etmək çətin olacaq. 20 yanvarda hakimiyyətə gəldikdən və ABŞ-ın real vəziyyətini dəqiq bildikdən sonra isə bunun mümkünsüzlüyünə əmin oldu. Deməli, müharibəni dayandırmaq üçün ABŞ Rusiyanın tələblərini yerinə yetirməlidir. Müzakirə mövzusu bu tələblərin həddi və əvəzində Rusiyanın hansı öhdəlikləri götürməsi ola bilər.
Trampın müharibəni niyə dayandırmaq istəməsi və Rusiyanın tələbləri haqqında ehtimallarımı yazmışdım: https://globkom.info/butun-xeberler/elbir-olub-bir-ayi-bir-sir-ile-ovlayacaq-dovsani-tedbir-ile-amerika-rusiya-cin-arasinda-qlobal-mubarize-qizisir/
Deməli, Tramp ABŞ-ın ilkin tələblərindən geri çəkilməli, Putinin tələblərini tam və ya qismən (bu artıq tərəflərin diplomatik səriştəsindən asılı olacaq) qəbul etməli idi. Lakin bu artıq separat, yəni Ukrayna münaqişəsində iştirak edən digər tərəflərin maraqlarınə nəzərə almayan danışıqlardır. Belə danışıqların baş tutmasını nə Ukrayna, nə AB, nə Britaniya, nə də ABŞ "quzğunları" istəyirdi. bu haqda yazmışdım: https://globkom.info/butun-xeberler/ukraynanin-bolusdurulmesi-baslayir-masa-arxasinda-kimler-var-detallar/
Onlar belə danışıqların baş tutması haqqında hər hansı məlumat ədlə etsəydilər, danışıqların pozulması üçün əllərindən gələni edəcəkdilər. Ukrayna müharibəsində dəfələrlə belə hadisələr olub. Belə məsələlərdə Britaniyanın 5 əsrlik təcrübəsi var. Elə etmək lazım idi ki, Tramp-Putin separat danışıqlarının getdiyini digər tərəflər bilməsinlər. Bəs bunu necə etdilər?
Bax, bundan sonra oyun başlayır.
Bu oyun "diqqət korluğu" psixoloji effekti əsasında qurulmuşdu. Bundan sonra yazdıqlarım anlaşılsın deyə "diqqət korluöu" haqqında qısa məlumata baxmağı tövsiyə edirəm: https://www.facebook.com/share/v/1DrZ4iKPCg/
Belə oyun separat danışıqlar aparan tərəflərin (ABŞ və Rusiya) ikisinin də iştirakı ilə aparıla bilər və elə də oldu.
20 yanvarda Tramp prezident fəaliyyətinə başlayan kimi Kit Kelloqu (Keith Kellogg) özünün Rusiya və Ukrayna üzrə xüsusi elçisi təyin etdi. 80 yaşlı Kelloq general-leytenant rütbəsində (desant qoşunları) ehtiyatda olan hərbçidir; Vyetnam, Qranada və İraq müharibələrinin veteranıdır; Trampın 1-ci prezidentliyi dövründə ABŞ-ın Milli təhlükəsizlik şurasının məsul katibi olub (20.01.2017 - 27.04.2018). Sərt mövqeyi ilə seçilir, "quzğun"lardan sayılır.
Tramp Kelloqu təyin etməklə Rusiyanı məğlub etmək tərəfdarlarının ürəyinə sərin su səpdi, onları qismən arxayınlaşdırdı. Mətbuata dərhal Ukrayna müharibəsinin dayandırılması üzrə ABŞ-ın "Kelloq planı" sızdırıldı (hərçənd onu kimin hazırladığı məlum deyildi). Bu planla Rusiya heç cür razılaşa bilməzdi (planən mahiyyəti haqda mətbuatda geniş yazılıb deyə uzatmıram). Lakin Rusiya rəsmiləri planı sükutla qarşıladılar. Hakimiyyətə guya yaxınlığı ilə tanınan milyarder-monarxist ("Çarqrad"ın təsisçisi) Konstantin Malofeyev xarici mətbuat jurnalistinin bu plan haqda sualına cavabında Kelloqu rusların milli "3 hərfli" ünvanınına göndərdi. Əvəzində Kelloq da Malofeyevi mətbuatda yıxıb-sürüdü. Beləliklə, şou başladı.
Hər gün Kelleq haqqında nəsə yazılır, onun səfər planları, müsahibələri, danışıqlar komandası formalaşdırması haqda KİV-də məlumatlar dərc edilir, qalmaqallar "çeynənilirdi". Kelloq dedi ki, münaqişənin həllinə 6 ayadək vaxt lazımdır, sonra Tramp onunla Putin arasında ilk danışıqları təşkil etməsi üçün Kelloqa 100 gün vaxt verdi. Kelloq gah Ukraynaya səfərə hazırlaşdı, gah da səfəri təxirə salırdı. KİV-də Ukrayna ilə Rusiya arasında sülh planının müxtəlif versiyaları çap olundu– heç birinin də müəllifi məlum olmadı, sadəcə, qeyd olunurdu ki, bu plan Trap administrasiyasında hazırlanıb.
Tramp da vaxtaşırı Rusiyaya hədə-qorxu gələrək, gözlərə və qulaqlara "kül üfürürdü". Rusiya rəsmi dairələri ABŞ hakimiyyətinin hədələrinə ya reaksiya vermir, ya da Peskovsayağı istənilən istiqamətə yozula bilən münasibət bildirirdilər. Rusiya KİV-i də hadisələrin mahiyyətini bilmədiyindən Qərb KİV-i ilə "döyüşür", Putinin geriyə çəkiləcəyinə inanmaq istəmir və narahatlıqlarını bildirirdilər.
Bir sözlə, 20 gün idi ki, bütün dünya mətbuatı və kəşfiyyat xidmətləri diqqətlə Kelloqu və onun ətrafında baş verənləri izləyirdi...
Bunun nəticəsində "diqqət korluğu" effekti yaradılmışdı.
Diqqətdən kənarda planlaşdırılan işləri görən şəxs isə Stiv Vitkof (Steve Witkoff) idi. S.Vitkof kimdir?
Tramp Kelloqla eyni gündə S.Vitkofu da özünün Orta Şərq üzrə xüsusi elçisi təyin etmişdi. 67 yaşlı Vitkof nə peşəkar diplomat, nə siyasətçi, nə də dövlət qulluqçusu olub. O milyarder biznesmendir. Tramp kimi o da daşınmaz əmlak sahəsində biznes qurub (devoloperdir). Elə bu sahədə də 1980-ci illərdən dostluqları başlayıb. Birlikdə qolf oynayırlar. Hətta 2024-cü il sui-qəsdindən sonra Tramp izi itirmək üçün bəzən öz təyyarəsindən yox, Vitkofun şəxsi təyyarəsindən istifadə edirdi. Yəni Tramp bu vəzifəyə elə adam seçib ki, həm ona etibar edə bilsin, həm siyasi elitada dostları olmasın, həm də Vaşinqton bürokratiyası ilə əlaqəsi olmasın (çünki ora bütünlüklə ultraqlobalistlərin agenturasıdır). Deməli, ona xüsusi məxfi tapşırıqlar verməli idi.
Vitkof təyin olunan gündən Yaxın Şərqə tez-tez səfərlər edirdi. Hamı düşünürdü ki, o, İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində çalışır. Lakin məlumdur ki, Qəzzada atəşkəsə 20 yanvardan əvvəl nail olunub. Əlbəttə, orada hələ həll olunası məsələlər çoxdur. Məhz belə rutin işlərin mövcudluğuna görə onun Orta Şərqə səfərləri dünya mətbuatı və kəşfiyyatı üçün təbii görünürdü...
Əslində, fikrimcə, Vitkofun əsas vəzifəsi ruslarla danışıqlar aparmaq olub. Orta Şərq məsələləri isə bu əsas məsələ üçün "pərdə" rolunu oynayıb. Məlumdur ki, Rusiya kəşfiyyatı da Orta Şərqdə çox fəaldır. Rusiyanın Ukrayna ilə bağlı bütün danışıqları S.Ərəbistanı və ya Qətər vasitəsilə aparılır. Məncə, Vitkofun ruslarla gizli danışıqları məhz S.Ərəbistanında aparılıb. Vitkofun İsrail-Fələstin münaqişəsi ilə bağlı tez-tez Ər-Riyada getməsi kimi şübhələndirə bilər ki?
Fevralın 10-da Tramp elan etdi ki, bu həftə Kelloq Ukraynaya gələcək və Sülh müqaviləsinin şərtlərini (Ukraynanın təhlükəsizliyinin təminatı, hərbi yardım və s. məsələlər) müzakirə edəcək, sonra isə Rusiyaya səfər edib, eyni məsələlər barədə danışıqlar aparacaq, daha sonra 14 fevralda başlayacaq Münhen təhlükəsizlik konfransına gedəcək və orada ABŞ-ın Ukrayna müharibəsi üzrə Sülh planını təqdim edəcək. 11 fevralda o, həqiqətən də, Kiyevə gəlir.
Bütün dünyanın diqqəti Kelloqda olduğu bir vaxtda – 11 fevralda Vitkofun şəxsi təyyarəsi Moskvaya enir... Bütün "quzğunlar" çaşqınlıq içində idi: Vitkof hara, Moskva hara? Bəziləri ehtimal irəli sürdülər ki, bu təyyarədə Tramp özü gəlib Moskvaya. Başqa ehtimallar da var idi. Amma heç kim əsl vasitəçinin Vitkof olduğunu ağlına gətirmirdi. Moskva da öz oyununu sonadək oynadı. Peskov bununla bağlı suallara elə cavab verdi ki, verməsəydi də eyni nəticə alınacaqdı. 🙂
Rusiya, ümumiyyətlə, danışıqların mahiyyətini gizli saxlamaq istəyirdi. Yəqin ki, görüşün məqsədinin yalnız dustaqların dəyişdirilməsi olduğunu deyəcəkdi. Lakin Tramp dözə bilmədi. O, xaraktercə şoumendir: reklamı, özünütərifi, ictimaiyyətdə xüsusi effekt yaratmağı, hamıdan fərasətli olduğunu gözə soxmağı xoşlayır. Bu möhtəşəm uğuru dərhal mətbuata böyük pompa ilə paylaşmasa idi, ürəyi partlayardı. 🙂 Tramp dərhal mətbuat konfransı çağırdı. Putinlə telefon danışıqları olduğunu, tezliklə Putinlə Ər-Riyadda təkbətək görüşlərinin olacağını və s. bildirdi. Aləm dəydi bir-birinə, bütün Avropa şoka düşdü...
Putin isə danışıqların mahiyyəti haqda heç bir şou təşkil etmədi, "sinəsinə döymədi". 11 fevralın axşamı Rusiya XİN-i Lavrov "niyə Vitkofun səfəri barədə məlumat verilmirdi" sualına cavab verdi ki, "hər halda bizim razılaşmalara başqa yanaşmamız var. Rusiya hakimiyyəti effektiv diplomatiya üçün konfidensiallıq haqda razılaşmaya riayət etməyi üstün tutur".
Təsəvvür edirsiniz, Vitkofun Putinlə danışıqmaq səviyyəsinə çıxması üçün nə qədər məsələlər müzakirə edilməli və razılaşdırılmalıdır?!! Təkcə həbs olunan şəxslərin dəyişdirilməsi üçün bəzən aylarla danışıqlar aparılır. İndi təsəvvür edin, danışıqlar necə intensiv, fasiləsiz gedib! Və bu boyda hadisə dünya kəşfiyyatının gözündən qaçıb. Britaniya kəşfiyyatı üçün bu bir rüsvayçılıqdır! Faktiki olaraq, ABŞ və Rusiya kəşfiyyatı Britaniya kəşfiyyatına "tərs sillə" vurdular.
12 fevralda qəti aydın oldu ki, Kelloq "diqqət korluğu" yaratmaq üçün ortaya çıxarılmışdı. Güman edirəm ki, Kelloq özü sə bunu bilmirdi. Ər-Riyadda keçiriləcək ABŞ-Rusiya görüşünün danışıqlar qrupuna Kelloqun adı heç daxil də edilmədi.
Zirvə görüşünün niyə S.Ərəbistanında olacağını anladınız, yəqin – rus-amerikan görüşlərini gizli saxlamaqda etibar qazandığı üçün.
Ofsaytda qalmış AB və Britaniya bu görüşün baş tutmaması üçün hər şeyi edəcəklər. Lakin Tramp və Putin də bunu bildiklərinə görə görüşü mümkün qısa müddətə– uzağı 2 həftəyə keçirmək istəyirlər. Belə qısa müddətə görüşü ləğv edə biləcək provokasiya hazırlamaq çətindir. Yaxşı, aydın iz qoymayan provokasiya hazırlamaq üçün xeyli vaxt tələb olunur. Düşünməyə vaxtı qalmayan Britaniya tələm-tələsik 14 fevral gecəsi Çernobıl AES-ə "rus dron hücumunu" təşkil etdi və sübutsuz-filansız öz nəzarətində olan mediada geniş yaydı. Aydındır ki, belə "çiy" provokasiya rəsmi ABŞ-ın dəstəyi olmadan istənilən effekti verə bilməz. Ona görə də qarşıda başqa, daha samballı provokasiyalar gözləməliyik...
P.S. "Tehran-43" kinofilminə baxan olubsa, konfransdan əvvəl və konfrans zamanı müttəfiqlərin kəşfiyyatı ilə Almaniya kəşfiyyatı arasında gedən amansız oyunu xatırlayarlar. İndiki oyunlar mənə həmin hadisələri xatırladır.
Asif Şəfəqqətov
GlobKom.İnfo