Son 70 ildə dünyada 3 qlobal güc mərkəzi var: ABŞ, Rusiya (SSRİ) və Çin.

Bunlardan 2-si 3-cüyə qarşı birləşəndə 3-cü zəifləyir.

Ötən əsrin 70-ci illərində Kisincer Çini SSRİ-nin "orbitindən" çıxarıb, ABŞ-ın "orbitinə" daxil edə bildi. Nəticədə ABŞ-Çin ittifaqı gücləndi və 20-30 il sonra SSRİ çökdü.

Hazırda Çin ABŞ "orbitindən" çıxır və Rusiyanı öz "orbitinə" daxil etməyə çalışır. Son iki ildə Rusiya-Çin münasibətləri bütün sahələrdə çox sürətlə inkişaf edir, ABŞ-Çin münasibətləri isə sürətlə daralır. Rusiya-Çin münasibətləri ABŞ üçün ən böyük baş ağrısıdır.

Çin sürətlə inkişaf edərək, ABŞ-ın dünya hegemonluğuna ən real təhlükəyə çevrilib. 5 il də belə davam edərsə, ABŞ hegemonluğunu tam itirəcək. Buna görə də ABŞ təcili Çinin "dərsini" verməlidir. Bunu etmək üçün isə ABŞ Çinlə Rusiyanı bir-birindən ayırmalıdır. Maksimal (ən yaxşı) məqsəd onları bir-birinə düşmən etməkdirsə, minimal məqsəd Rusiyanı Çinə qarşı neytral etməkdir. Dünya mətbuatında Çindən Rusiyaya təhlükə və ya Rusiyadan Çinə təhlükə barədə yazılanların böyük əksəriyyəti də məqsədli şəkildə onlar arasında etibarsızlıq toxumları səpmək üçün təşkil olunur.

ABŞ üçün ən böyük təhdid Çindir- bunu yeni hərbi doktrinasında da yazıb. Tramp açıq bəyan edib ki, bütün gücünü Rusiyanı Çindən ayırmağa sərf edəcək. Bəs ABŞ bunu necə edə bilər?

ABŞ əvvəl "kötək" metodundan istifadə etdi. Rusiyanı Ukrayna müharibəsinə təhrik edərək, onu qeyd etdiyim 3-lükdə neyrallaşdırmaq (ən pis halda) və ya ABŞ-ın "marionetkasına" çevirmək (ən yaxşı halda) və Çini təkləmək istədi. 3 ilə yaxındlr davam edən müharibədə istəyinə çatmadi. Əksinə, Çin-Rusiya ittifaqı və onların hər biri ayrı-ayrılıqda daha da güclənir, ABŞ isə zəifləyir.

"Kötək" metodunun faydasız olduğunu görən ABŞ "kökə" metoduna keçir. Tramp Rusiyaya hansı "kökə" (təklif) verməlidir ki, o Çinlə ittifaqdan vaz keçsin?

Əlbəttə, bu siyasi "alver" mövzusudur. Təklif "satan" azdan başlayıb, sonra təklifin dəyərini artırır, "alan" isə yuxarıdan başlayıb, yavaş-yavaş aşağı düşür. "Satıcı" ABŞ, "alıcı" Rusiyadır. "Satıcı"nın mümkün təklifləri (azdan çoxa) aşağıdakı kimi ola bilər:

- Krımın Rusiyaya keçməsinə etiraz edilmir, Donetsk və Luqansk vilayətləri muxtar vilayətlər kimi Ukraynanın tərkibində qalır;

- Ukraynada ələ keçirilmiş bütün ərazilər Rusiyanın ərazisi kimi tanınır;

- Rusiyanın öz konstitusion ərazisi kimi elan etdiyi bütün Ukrayna vilayətləri ABŞ tərəfindən tanınır;

- Ukraynanın bütünlüklə Rusiyanın təsir dairəsinə daxil olduğu tanınır;

- Bütün postsovet ölkələrinin Rusiyanın təsir dairəsinə daxil olduğu tanınır;

- NATO qüvvələri 1991-ci il vəziyyətinə geri çəkilir (Rusiyanın 2021-ci il dekabr ultimatumu).

Bunların aralığında çoxsaylı başqa təkliflər də ola bilər. Rusiya üçün isə bu siyahı tərsinə oxunmalıdır.

Bəs Rusiya bu "kökə" ilə razılaşacaqmı? ABŞ-la Rusiya sövdələşə biləcəklərmi? Rusiya ABŞ-ın yağlı vədlərinə aldanıb, Çinə arxa çevirəcəkmi? Bu sualların cavabları Çin üçün həyati əhəmiyyətlidir.

Rusiya hazırda 2 uğurlu oğlandan evlilik təklifi alan qıza bənzəyir. Rusiyanın taleyi də bu seçimdən asılıdır- əlbəttə, artıq daha uzaq perspektivdə. Oğlanlar isə məhz onu seçməsi üçün qıza çox hədiyyələr verəcək və ya vəd edəcəklər.

Bu üçlükdə 2 ölkə bir-birini tarazlayır, 3-cünün kimin tərəfində olması tarazlığı onun xeyrinə dəyişir.

Tramp çox güman ki, Rusiyanın Ukrayna müharibəsində zəbt etdiyi ərazilərə göz yumacaq, müharibəni dayandırmağa çalışacaq, Rusiyaya qarşı sanksiyaları qismən və tam ləğv edəcək, ola bilər, başqa güzəştlərə də gedəcək ki, Rusiyanı Çindən uzaqlaşdırsın. Bu məqsədini o, açıq bəyan edib.

Yuxarıda qeyd etdiyim kimi, Rusiya iradə nümayiş etdirərsə, ABŞ daha böyük güzəştlərə gedə bilər. Buna görə də Ukrayna müharibəsində Rusiyanın gücünü nümayiş etdirməsi çox vacibdir. Burada göstərilən güc ABŞ-la danışıqlar stoluna çıxarılacaq “kozır”dır. “Kozır” nə qədər güclüdürsə, Rusiyanın iddiaları bir o qədər böyük olacaq. Bu səbəbdən danışıqlar stoluna qədər ABŞ Rusiyanın “kozır”ını vurmaq, Rusiya isə “kozır”ını daha da gücləndirmək istəyir.

Bəs Çin və ABŞ üçün Rusiya niyə vacibdir?

ABŞ Çinlə iqtisadi yarışda artıq məğlub olub. Bundan sonra da iqtisadi yolla ona qalib gəlmək potensialı yoxdur. Buna görə də ABŞ-ın dünya hegemonluğunu saxlaması üçün yeganə əlacı Çinin inkişafına mane olmaqdır. Bunun üçün Çinin dəniz ticarət yollarını bağlamaq lazımdır. Dəniz yolları bağlanarsa, Çin ixrac və idxalda problemlərlə qarşılaşacaq. Çin iqtisadiyyatı ixracdan asılı iqtisadiyyatdır. İxrac dayanarsa, yüz milyonlarla insan işsiz və deməli, pulsuz qalacaq- bu da Qərbin Çində “Maydan” yaratması üçün münbit şərait yaradacaq.

Bundan başqa, Çin strateji məhsulların idxalından asılı ölkədir. Müharibə zamanı ölkə üçün ən vacib strateji məhsullar hansılardır? Ərzaq və enerjidaşıyıcıları. Çin bunların ikisini də (əhəmiyyətli hissəsini) idxal edir. 2022-ci ilədək Çin nefti-qazı İrandan və ərəb ölkələrindən alırdı. Ərzağı isə müxtəlif ölkələrdən alır. Bütün bu məhsullar Çinə gəmilərlə daşınır. Deməli, dəniz blokadası Çində aclığa və enerji çatışmazlığına səbəb ola bilər. Bu da üsyanlar üçün yol aça bilər.

Dəniz blokadası baş verərsə, Çin quru yolları ilə vəziyyətdən çıxa bilərmi?

Bununla bağlı Çin “Qurşaqlar və yollar” (Yeni İpək yolu) layihəsini işə salmaq istəyir. Bu yazıda ətraflı izah etmişəm. https://globkom.info/butun-xeberler/dunyada-ne-bas-verir-perdenin-arxasina-yuxaridan-baxis. Amma bu hələ ki layihədir, reallaşmayıb. Onun reallaşmasına ən yaxşı halda 10 il vaxt lazım gələcək. ABŞ-ın isə Çinə 10 il vaxt vermək fikri yoxdur, çünki yaxın 5 ildə vəziyyəti öz xeyrinə dəyişməzsə, 10 il sonra o Çinə təzyiq göstərmək imkanında olmayacaq.

Həm də quru yolların keçdiyi ölkələrin hamısı ABŞ-ın təzyiqi qarşısında Çinlə əməkdaşlıqdan imtina edəcəklər. Rusiya yeganə ölkədir ki, ABŞ-ın təzyiqlərinə rədd cavabı verə bilər. Həm də Rusiya yeganə ölkədir ki, quru yollarla Çini həm enerjidaşıyıcıları (neft, qaz, daş kömür, elektrik enerjisi), həm də ərzaqla (buğda, arpa, düyü, bitki yağları, balıq və s.) tam təmin edə bilər.

Bundan başqa, müharibə başlayanda ABŞ-ın Çində 1 nömrəli hədəfləri onun nüvə raket bazaları olacaq. Çin isə Rusiyadan fərqli olaraq, elə coğrafiyaya malikdir ki, onun istənilən nöqtəsini gəmilərdən raketlərlə vurmaq mümkündür. Yəni ABŞ-ın raket hücumu qarşısında Çinin strateji obyektlərinin etibarlı müdafiəsi yoxdur. Çinlə Rusiya arasında, yəqin ki, gizli razılaşma olub- buna görə də Çin nüvə raketi şaxtalarını ölkənin şimalında Rusiya ilə sərhəd zonalarında yerləşdirib. Həmin ərazilər Rusiyanın HHM sistemlərinin çətiri altındadır. Görün, Çin Rusiyaya nə qədər etibar etməlidir ki, özünün strateji silahlarını Rusiya ilə sərhəddə yerləşdirsin?!

Yuxarıda yazdıqlarımdan aydın görünür ki, Rusiya Çin üçün həyati əhəmiyyətli ölkədir. Məhz bu səbəbdən də ABŞ Çinlə Rusiyanın arasına girməyə çalışır- ən yaxşı halda Rusiyanı özünə müttəfiq etmək, ən pis halda Rusiyanı Çinə qarşı neytral etmək istəyir.

Bəs Rusiya ABŞ-ın təklif etdiyi “kökə” müqabilində Çinlə ittifaqdan əl çəkəcəkmi?

İnandırıcı deyil. Ən azı nə qədər ki Putin hakimiyyətdədir, ABŞ buna nail ola bilməyəcək. Çünki Rusiya artıq öz təcrübəsində görüb ki, ABŞ Çini təkləyib çökdürərsə (parçalayarsa), növbəti çökdürüləcək (parçalanacaq) ölkə Rusiya olacaq. Çindən sonra bu çox asan olacaq. Çünki indi Rusiya, əsasən, Çinin sayəsində Qərb sanksiyalarına davam gətirə bilir. Çin olmasa və ya Çin ABŞ-ın vassalına çevrilərsə, Rusiya sanksiyalara neçə ay davam gətirə bilər? Ritorik sualdır. Yəni hazırda Çin də Rusiya üçün həyati əhəmiyyətli ölkədir.

Qərb və Rusiya mətbuatında Çin haqqında tez-tez gedən neqativ yazıların (“Çin satqın çıxdı”, “Çin qorxaqdır”, “Çin iqtisadiyyatı çökür”, “Çin etibarsızdır”, “Çin Rusiyanın Sibirinə iddia edir” və s.) da əsas mahiyyəti Rusiya ilə Çin arasında etibarsızlıq toxumları səpməkdir. Mətbuat hər yerdə idarə olunur. Kim tərəfindən?- Pulunu kim verirsə, onun tərəfindən...

Əlbəttə, Rusiya və Çin arasında da xeyli mübahisəli məsələlər, tarixi narazılıqlar var. Amma nə qədər ki, ABŞ təhdidi realdır, onlar bu mübahisələri “unudacaqlar”.

 

Asif Şəfəqqətov

GlobKom.Info