
II Dünya Müharibəsində Kursk döyüşündən (5-16 iyul 1943) sonra Almaniyanın məğlub olacağı artıq hamıya aydın oldu. Məsələ yalnız bunun nə vaxt baş verəcəyində idi. Həmin dövrdən başlayaraq dünya nəhəngləri (o vaxt üçün– SSRİ, ABŞ və Britaniya) dünyanın müharibədən sonrakı bölüşdürülməsi (təsir dairələri) haqqında gizli danışıqlara başladılar.
Belə danışıqların nəticələri ən yüksək səviyyədə aşağıdakı konfranslarda müzakirə edilmişdi:
-Tehran konfransı (28 noyabr - 1 dekabr 1943) – 4 gün, Qələbədən 1,5 il əvvəl,
-Yalta konfransı (4-11 fevral 1945) – 8 gün, Qələbədən 3 ay əvvəl,
-Potsdam konfransı (17 iyul - 2 avqust 1945) – 17 gün, Qələbədən 2 ay sonra.
Yəni hələ ağır müharibələrin getdiyi bir zamanda tərəflər Almaniyada, həmçinin dünyada öz “paylarını” razılaşdırırdılar. Yekun razılaşma Potsdamda oldu...
Potsdam konfransınadək tərəflər öz güclərini göstərməli idilər ki, stol arxasında daha üstün hüquqa malik olsunlar. Stol arxasında ən zəif tərəf Britaniya idi, buna görə də o qalib ölkə sayılsa da, faktiki olaraq, müharibədən uduzan ölkə kimi çıxdı – Britaniya müstəmləkələrini itirdi.
...İndi Ukrayna ətrafında gedən prosesləri izləyəndə məndə analoji təəssüratlar yaranır. Fərq yalnız ondadır ki, II DM zamanı bölüşdürmə müttəfiqlər arasında aparılırdı, indi isə rəqiblər arasında aparılır, hərçənd o vaxt da tərəflər müttəfiq sayılsalar da, əslində, rəqiblər idilər və bunu Qələbədən az sonra göstərdilər.
Hazırda ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya, Çin, Hindistan, Türkiyə, İran və digər dövlətlər arasında gedən proseslərə baxanda aydın olur ki, yenə müxtəlif səviyyələrdə dünyanın yenidən bölüşdürülməsi üzrə gizli danışıqlar gedir.
Belə görünür ki, ABŞ Baltik ölkələri və Polşanı Britaniyanın, Qafqazı və Moldovanı Fransanın, Ukraynadan qalacaq hissəni Almaniyanın təsir dairəsinə vermək istəyir. Buna görə də Avropada Ukraynaya ən çox yardım edən ölkə Almaniyadır (digərlərindən azı 5 dəfə çox). Lakin bu “pay” uğrunda Britaniya və Fransa da mübarizə aparır. Son günlər Makronun Ukraynaya NATO ölkələrinin əsgər göndərmək niyyətində olduğu barədə bəyanatı da bununla bağlı ola bilər. Xatırladıram ki, Makron bununla bağlı NATO ölkələrinin başçılarını bir yerə yığmışdı. Lakin heç kim onunla razılaşmadı və görüşdən sonrakı mətbuat konfransında Makrondan başqa heç biri iştirak etmədi. Şolts isə görüş bitməmiş jurnalistlərə heç bir söz demədən oranı tərk etdi. İndi də Şoltsla Makronun şəxsi münasibətləri çox gərgindir. Başa düşüləndir, Fransa Almaniyanın “pay”ına iddia edir.
Uzun yazmaq istəmirəm... İndi bütün dövlətlər növbəti “Potsdam”a qədər mövqelərini gücləndirməyə çalışırlar. “Potsdam” isə ABŞ-dakı prezident seçkilərindən sonra gözlənilirdi.
Maraqlısı budur ki, danışıqlarda Ukraynanın vəziyyəti II DM-də Almaniyanın vəziyyətinə bənzəyir, yəni danışıqlarda Ukrayna da stol arxasında yox, stol üstündədir.
Belə görünür ki, məsələ sürətlənib. Bölüşdürmə stolu arxasında oturacaq iki ölkə çoxdan məlumdur: Rusiya və ABŞ. Digər ölkələr arasında stol arxasında yer almaq uğrunda gərgin mübarizə gedir.
Ukrayna müharibəsinin bitirilməsi ilə bağlı son günlərin sitatlarını oxuyun:
-“Mən çox istəyirəm ki, Polşa təkcə qərar qəbul edilməsində iştirak etməsin, həm də onun qəbul edilməsinə təsir göstərə bilsin ki, bizim təhlükəsizliyimiz və Polşa maraqlarının qorunması təmin edilsin.”
(Donald Tusk, Polşanın baş naziri, 10.12.2024)
-“Əgər hər hansı danışıqlar olacaqsa, Avropa İttifaqı stol arxasında olmalıdır.”
(Kaya Kallas, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, 12.12.2024)
-“Biz Avropa ölkələrinin danışıqlar stolu arxasında iştirakını təmin etməliyik ki, Avropada təhlükəsizlik arxitekturasını Tramla Putin ikilikdə müəyyənləşdirməsinlər.”
(Ruben Brekelmans, Niderlandın müdafiə naziri, 16.12.2024)
-“Belorus tərəfi lap əvvəldən Ukraynada eskalasiyanın qarşısını almaq üçün sülhməramlı addımlar atırdı. Buna görə də biz lap əvvəldən bəyan edirdik ki, Ukrayna üzrə sülh danışıqları başlayanda stol arxasında yerə iddia edirik.”
(Yuri Ambrazeviç, Belorus XİN müavini, 16.12.2024)
Makronun son günlər vurnuxması, Ukraynaya 40 minlik sülhməramlı qoşun göndərmək istəyi də bununla bağlıdır.
Aydındır ki, Fransa Rusiya ilə müharibəyə girmək istəmir. Nə Fransanın, nə də Avropanın hər hansı ölkəsinin və ya onların birlikdə Rusiya ilə müharibə aparmağa nə gücü, nə də iradəsi var. Bəs onda niyə Makron Ukraynaya qoşun göndərmək istəyirlər?
Hazırda Ukraynanın azı 30 minlik qoşunu ölkənin qərbində və şimalında (Belorusla sərhəddə) yerləşdirilib və onlar döyüşlərdə iştirak etmirlər. Düzdür, bu qoşunlarda, bir qayda olaraq, elitanın və böyük pul sayəsində digər şəxslərin övladları xidmət edirlər. Amma hər halda müvafiq hərbi texnika ilə təchiz olunmuş silahlı qüvvədirlər.
Hazırda Ukrayna ordusunda canlı qüvvə çatışmazlığı ciddi problemə çevrilib. Bu problemi həll etmək üçün ABŞ Zelenskidən tələb edir ki, səfərbərlik yaşını 25-dən 18-ə endirsin. Zelenski isə ölkədə üsyan qalxacağından qorxur deyə bunu hələ ki etmir. Belə vəziyyətdə Makron Zelenskiyə sanki “sehrli çubuq” uzadır. O, təklif edir ki, “müttəfiqlər”in qoşunları gəlib, Ukraynanın qərbində və şimalındakı qoşunları əvəz edə, Zelenski isə həmin qoşunları Ukraynanın şərqinə və cənubuna cəbhəyə göndərə bilər.
Zelenski bu təklifə razıdır. Lakin Makron hələ ki 40 minlik qoşun toplaya bilmir. Bu təkliflə əlaqədar İtaliya, Almaniya, Britaniya, Polşa və sair ölkələr sülh müqaviləsi bağlanmayana qədər Ukraynaya qoşun göndərməyəcəklərini bildiriblər. Çünki Rusiya bəyan edib ki, Ukrayna ərazisinə girən istənilən ölkənin hərbi kontingenti onlar üçün legitim hədəf olacaq.
Makron düşünür ki, cəbhəyə gedən ukraynalılar ya qırılacaq, ya da şikəst olacaqlar. Dneprsağı Ukraynanı müdafiə edə biləcək ciddi yerli silahlı qüvvə qalmayacaq. Belə olduğu təqdirdə sağsahil Ukraynanı bölüşdürmək asan olacaq. Əslində, Polşa da buna ümiddir və bunu gözləyir. Lakin Polşa tələsmir, çünki onun bunu etməyə hər zaman imkanı olacaq. Fransa isə Ukraynadan uzaqdadır, onunla sərhədi yoxdur, indidən özünə yer eləməlidir. Yeri gəlmişkən, Makron Ukraynada ən “yağlı” tikə olan Odessaya göz qoyub.
Lakin məsələ bir az mürəkkəbdir. II DM-dən sonra stol arxasında yalnız Almaniya bölüşdürülmədi. Almaniya fiziki olaraq bölüşdürüldü (parçalandı), eyni zamanda dünya da nüfuz zonalarına bölüşdürüldü. Yeni bölüşdürmə stolu arxasında Ukrayna (fiziki) və dünya (nüfuz zonalarına) bölüşdürülməlidir.
Stol arxasında heç kimə yer verilmir, orada yer qazanılır. II DM-dən sonra stol arxasında yerləri 3 ölkə qazanmışdı. Fransaya sonradan yer verən Stalin oldu.
İndi isə stol arxasında yer qazanan yalnız Rusiya və ABŞ-dır. Orada daha kimlərin yer alması bu iki əsas oyunçunun “iltifatından” asılı olacaq.
Avropa ölkələri əvvəl arxayın idilər ki, ABŞ onlara (əsasən, Fransa, Britaniya, Almaniya və Polşa) stol arxasında yer verəcək. Tramp gələndən sonra isə bu arxayınlıqları yoxdur. Rusiyadan isə istəməyə “yer” qoymayıblar. Buna görə də əl-ayağa düşüblər.
Belorus Rusiyaya arxalanır. Macarıstan və Slovakiya da Rusiyaya ümid edir. Bunlar nüfuz zonası yox, fiziki ərazi payı almaq iddiasındadırlar. Xatırladıram ki, II DM-dən sonra Stalinin sayəsində Polşa, Ukrayna, Belorus, Litva və Çexoslavakiya da Almaniyadan “pay” aldılar.
Xatırladıram ki, II DM ərəfəsində və sonra Stalinin sayəsində Rumıniya, Macarıstan, Slovakiya, Polşa və sonralar RSFSR ərazilərinin bir hissəsinin Ukraynaya birləşdirilməsi nəticəsində indiki Ukrayna yaranmışdı. Başqa sözlə, böyük Ukraynanı kommunistlər yaratmışdılar. Müasir Ukrayna isə böyük coşqu ilə dekommunizasiya aparır. Beləliklə, dekommunizasiya məntiqi nəticəsinə yaxınlaşır– kommunistlərin aldığı torpaqlar əldən getmək üzrədir.
Asif Şəfəqqətov
analitik