
2021-ci ildə Rusiya Avropaya 155 milyard m3 qaz ixrac edirdi. Bu Avropanın qaz idxalının 45%-ni təşkil edirdi.
Rusiyanın Ukraynaya 24.02.2022 tarixli hərbi müdaxiləsinə cavab olaraq, AB Rusiyaya qarşı minlərlə sanksiya tətbiq etdi. Sanksiyalardan biri də Rusiya dövlətinin, dövlət şirkətlərinin, Rusiya hərbi sənayesinin güclənməsində rolu olan özəl şirkətlərin və onların rəhbər şəxslərinin dollar və avro hesablarının həbsi oldu. Bunun nəticəsində Rusiya AB-yə göndərdiyi məhsullara, o cümlədən neft və qaza görə pul ala bilməyəcəkdi.
Boru qazına görə tipik müqavilə “Götür və ya ödə” (Take-or-Pay; ToP) prinsipi ilə bağlanır. Bu müqavilə növü yalnız boru qazı satışında istifadə olunur. Qazın təchizatçısı alıcıya müqavilədə müəyyənləşdirilmiş minimal gündəlik həcmi tədarük edəcəyinə, alıcı isə həmin həcmi götürəcəyinə təminat verir. Əgər təchizatçı həmin həcmi tədarük etməzsə, çatışmayan həcmin dəyərini (əlavə cərimələr də ola bilər) alıcıya ödəməlidir. Əgər alıcı razılaşdırılmış həcmdən az götürərsə, fərqin haqqını təchizatçıya ödəməlidir.
Buna görə də AB Rusiya qazından imtina edə bilməzdi. Çünki bu halda imtina etdiyi qaz həcminə uyğun Rusiyaya kompensasiya (yüz milyardlarla avro) ödəməli idi. Həm də dərhal imtina da edə bilməzdi, çünki həmin həcmi əvəz etmək üçün təchizatçıların tapılması vaxt tələb edirdi. Heç axtarmaq da istəmirdi, axı başqa təchizatçılardan alınacaq qaz Rusiya qazından baha olacaq.
Neft və neft məhsulları satışı müqavilələri adi olduğundan onları dayandırmaq daha asan oldu.
AB düşünürdü ki, daha hiyləgər yol tapıb: o Rusiya qazından faktiki havayı istifadə edəcək. Necə?
AB Rusiyaya dedi ki, biz sizin qazdan imtina etmirik və qazınıza görə sizin haqqınızı hesablarınıza köçürəcəyik. Lakin Rusiyanın, o cümlədən “Qazprom”un hesabları həbs edildiyindən Rusiya həmin pulları müvəqqəti götürə bilməyəcək. Rusiya Ukraynada müharibəni dayandırdıqdan və onun hesabları üzərindən sanksiyalar götürüldükdən sonra pullarına sahib ola biləcək. Yəni formal olaraq alıcı müqavilə şərtlərini pozmur.
ToP müqavilə şərtlərinə görə Rusiya AB-ya qaz tədarükünü dayandıra bilməzdi. Bu halda o müqavilə şərtlərini pozacaq və AB-yə yüz milyardlarla kompensasiya ödəməli olacaqdı.
AB həm də düşünürdü ki, Rusiyanın onun şərtlərini qəbul etməkdən başqa çarəsi yoxdur. Onsuz da Rusiya qazının əsas alıcısı AB-dir və qazı AB-yə satmaqdan imtina etsə, başqa heç kimə sata bilməyəcək, çünki alternativ kəmərləri, demək olar ki, yoxdur.
Sanki Rusiya üçün ideal tələ qurulmuşdu. Rusiya qazını AB-yə göndərməli, lakin faktiki heç nə almamalı idi. Hətta müharibə bitdikdən sonra da Rusiya həmin vəsaitə sahib ola bilməyəcəkdi, çünki onlar Ukraynaya dəymiş zərərin və Ukrayna müharibəsinin sponsorlarının xərclərinin kompensasiyasına sərf ediləcəkdi.
Rusiyanın qısa müddətə çökdürülməsi planının əsasında məhz bunlar dayanırdı:
- Rusiyanın xarici banklarda saxlanılan $300 milyarda yaxın valyuta ehtiyatları dondurulmuşdu.
- Rusiyaya məxsus şirkətlərin valyuta hesabları həbs edildiyindən valyuta gəlirləri də kəskin azalmalı idi.
- Rusiyaya xarici investisiya qoyulması qadağan edilmişdi.
- Rusiyaya qarşı ticarət embarqosu isə onun öz daxili istehsalını inkişaf etdirməsinə mane olmalı idi.
Bəs Rusiya belə ağır vəziyyətdən necə çıxdı?
Rusiya AB-yə qaz tədarükündən imtina etmədi, lakin gözlənilmədən tələb etdi ki, qazın haqqı rublla ödənilsin. AB-nin bu şərti qəbul etməsi onun planlarını alt-üst edirdi, çünki bu halda nəinki sanksiyalar əhəmiyyətsiz olacaqdı, həmçinin avronun kursu düşəcək, rublun kursu isə qalxacaqdı. Təbii ki, AB Rusiya qazının haqqını rublla ödəməkdən imtina etdi. Rusiya da pulu ödəməkdən imtina edən dövlətlərə qaz tədarükünü dayandırdı. AB təcili itirilmiş qaz həcmini bərpa etmək üçün tədarükçü axtarışına başladı və… Rusiya qazından 2-4 dəfə baha olan ABŞ maye qazını almağa məcbur oldu.
Macarıstan, Slovakiya və Avstriyanın dənizə çıxışları olmadığından (maye qaz tankerlə daşınır) onlar AB-dən xahiş etdilər ki, Rusiyadan qazı rublla almağa icazə verilsin. Əks halda onlar AB-nin qərarına razılıq verməyəcəklərini bildirdilər (AB-də qərar tam yekdilliklə qəbul olunur). Buna görə də onlara Rusiyadan qaz almağa icazə verildi.
Rusiyanın cavab sanksiyası qeyri-dost (yəni sanksiyalara qoşulan) ölkələrə aid idi. Bu kateqoriyaya aid olmayan ölkələr Rusiya ilə razılaşdırılmış valyuta ilə ödəniş apara bilirlər. Türkiyə, Serbiya və başqaları belə ölkələrdəndir. Hərçənd bu ölkələr də ödənişləri qarşılıqlı razılıq əsasında qismən rublla aparırlar.
Beləliklə, 2022-ci ildə Rusiyanın AB-yə tədarük etdiyi qaz 113 milyard m3 azalaraq, 62 milyard m3-ə düşdü. 2023-2024-cü illərdə isə hər il ~28 milyard m3 oldu.
Bəs Rusiya AB-yə göndərə bilmədiyi qaz həcmini nə etdi? Burada Rusiyanın cavab tədbirinin 2-ci hissəsi ortaya çıxır.
Qazın bir hissəsi Qara dənizdən keçən “Türk axını” və “Mavi axın”la Türkiyəyə satılır. Sonra isə Türkiyə Rusiya qazını hansısa başqa adla (Azərbaycan, İraq, İran və s. qazı) AB-yə satır. AB də bilir ki, bu, əsasən, Rusiya qazıdır, lakin buna göz yumur– təki nisbətən ucuz qaz olsun. Yəni, faktiki olaraq, AB yenə Rusiya qazını alsa da formal olaraq sanksiyalara riayət edir, lakin bu dəfə eyni qazı daha baha qiymətə alır (həm tranzit xərcləri artıb, həm də üzərində Türkiyənin də marjası var). Bu əməliyyatdan Türkiyə böyük mənfəət götürdüyündən Rusiya ilə münasibətləri daha da yaxşılaşdı.
Qazın bir hissəsi Şərqə– Çinə gedən “Sila Sibiri” kəmərinin tam gücü ilə doldurulmasına yönəldildi.
Eyni zamanda Rusiya maye qaz istehsalını kəskin artırmağa başladı. Avropa Rusiya maye qazına embarqo qoymamışdı. Buna görə də AB Rusiya boru qazının bir hissəsini əvəz etmək üçün ondan 2-4 dəfə baha Rusiya maye qazı almağa başladı.
Rusiyanın AB-nin maye qaz bazarına girməsi ABŞ-ın planlarını pozur. Buna görə də ABŞ Rusiyanı bu bazardan çıxarmaq üçün tədbirlər gördü:
Rusiyaya maye qaz istehsalı texnologiyalarının satılmasını qadağan etdi;
Rusiyaya maye qaz tankerlərinin satılması və ya icarəyə verilməsini qadağan etdi;
Rusiyanın sifarişi üzrə maye qaz tankerlərinin hazırlanmasını qadağan etdi;
Rusiyaya maye qaz tankerlərinin tikilməsi texnologiyalarının satılmasını qadağan etdi;
AB-ni məcbur etdi ki, Rusiya maye qazının alınmasına qadağa qoyulsun.
Rusiya bütün bu sanksiyaları müvəffəqiyyətlə keçir. Sanksiyalar çərçivəsində Avropanın ən nəhəng maye qaz istehsalı layihəsi Arctic LNG 2 davam etdirilir. Artıq bu layihə üzrə ildə 12 milyon t maye qaz istehsal olunur (ümumi gücü 19 milyon t olacaq). Sanksiyalardan sonra xarici şirkətlər bu layihədən çıxdılar və onun tikintisinə öz texnologiyalarını vermədilər. Buna görə də Rusiya maye qaz texnologiyaları sahəsində öz patentlərini işləməyə başladı. Bu səbəbdən layihənin başa çatması ləngidi.
Hazırda Rusiya maye qaz texnologiyaları sahəsində, demək olar ki, bütün patentlərə sahibdir və bütün layihələr üzrə tikinti işləri davam etdirilir. Arctic LNG 1 layihəsi üzrə artıq ildə 19 milyon t maye qaz istehsal olunur. Bunlardan başqa daha 11 layihə başa çatıb və ya tikintinin müxtəlif mərhələsindədir.
Rusiya maye qaz tankerləri tikintisi üzrə texnologiyaları da əldə edib. Bəzi qovşaqlar üzrə artıq orijinal patentlərə malikdir. Rusiyada belə tankerlər tikilir. Lakin tələbat yüksək olduğundan və bir tankerin tikintisi azı 3 ilə başa gəldiyindən gəmiqayırma zavodları 2035-ci ilədək sifarişlərlə yükləniblər.
Maye qazın satışı üzrə sanksiyalardan yan keçmək isə daha asandır. Bu məsələdə Rusiya artıq böyük təcrübə toplayıb. Maye qaz da neft kimi tankerlərlə daşınır. Rusiya neftini AB-də yenə alırlar. Bunu necə edirlər:
Rusiya neftini daşıyan tanker açıq dənizdə onu başqa ölkənin tankerinə boşaldır və artıq həmin neft başqa adla AB-də satılır.
Rusiya nefti başqa neftlə qarışdırılır və hansısa mix adı ilə AB-də satılır (son qarışıq neftdə Rusiya neftinin xüsusi çəkisi, dəqiq yadımda deyil, gərək ki, 60%-dən çox deyilsə, həmin neftə sanksiya aid edilmir).
Rusiya nefti, məsələn, Hindistana satır. Hindistan da deyir ki, mən həmin nefti öz ehtiyaclarıma sərf edirəm, öz neftimi isə AB-yə satıram.
Nəticədə AB yenə Rusiya neftini alır, lakin bu dəfə daha çox xərc çəkir. Bu da AB-də enerji qiymətlərinin qalxmasına, bununla əlaqədar bütün məhsul və xidmətlərin qiymətlərinin qalxmasına, inflyasiyaya, həmçinin AB məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin azalmasına, deməli, istehsal həcminin düşməsinə səbəb olur.
...Əlbəttə, belə qərarlarla AB tənəzzül etməyə məhkum idi.
(Ardı olacaq)
Asif Şəfəqqətov
GlobKom.Info