
Moskvadan şad xəbər almışıq. Bakı Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin təşəbbüsü çərçivəsində yaradılmış “Əmək Şöhrəti Şəhəri. 1941–1945” adına namizəd şəhərlər siyahısına daxil edilib.
MDB İcraiyyə Komitəsinin rəsmi məlumatına görə Birlik üzvü olan 7 ölkə öz namizədliyini təqdim edib. Artıq namizədlərə MDB Xarici İşlər Nazirləri Şurası, eləcə də Humanitar Əməkdaşlıq Şurası tərəfindən baxılaraq təsdiq edilib. Yekun qərar MDB Dövlət Başçıları Şurasının iclasında veriləcək.
Bakının bu Fəxri ada layiq görülməsi onun halal haqqıdır. Çünki Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbədə böyük rolu var. Xalqımız cəbhəyə 600 mindən artıq oğul və qızını göndərmiş, onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub. Bu dəhşətli müharibədə göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub. Azərbaycanlı çağırışçılar və könüllülərdən formalaşdırılmış milli atıcı diviziyalar döyüşlərdə görünməmiş igidlik və qəhrəmanlıq nümayiş etdirərək öz adlarını tarixə qızıl hərflərlə yazıblar.
Faşizmə qarşı mübarizədə xalqımız yalnız döyüş meydanlarında deyil, həm də arxa cəbhədə– ordunun ehtiyacları üçün gecə-gündüz çalışaraq, qəhrəmanlıq nümayiş etdirib. Muharibə vaxtı Sovet ordusunun yanacağa olan tələbatının 70%-ni Bakı nefti ödəyirdi. Bakının neft müəssisələrində istehsal olunan 22 milyon tondan çox benzin, sürtkü yağları və digər neft məhsulları cəbhəyə göndərildi ki, bu da döyüş təyyarələri üçün istifadə olunan benzinin 85-90%-ni təşkil edirdi. Bakıda 70-dən çox hərbi hospital təşkil olunmuşdu və burada müalicə olunan 441 min nəfər döyüşçüdən 70%-dən çoxu yenidən cəbhəyə qayıtmışdı.
İkinci Dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən, SSRİ neft və qaz sənayesinə başçılıq etmiş N.Baybakov demişdir: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini, bəlkə də, heç bir respublika etməmişdir”. O, hesab edirdi ki, Bakı “Qəhrəman şəhər” adına layiq idi. Lakin o vaxtkı SSRİ rəhbərliyi bu addımı atmadı.
Faşizm üzərində qələbənin 80-ci ildönümündə Bakının haqqı ona qaytarılmalıdır. Bu barədə Azərbaycan Sosialist Hərəkatının İdarə Heyəti adından Mustəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə müraciət də göndərmişik.
Əminik ki, bütün Birlik dövlətləri Bakının “Əmək Şöhrəti Şəhəri. 1941–1945” Fəxri adın verilməsinə namizədliyini dəstəkləyəcəklər.
Ədalət Abdinov