Kapitalizmin hakim olduğu yerdə tam ədalətli məhkəmə hakimiyyəti mövcud ola bilməz. Məhz bu qurluşda məhkəmələrdən çoxsaylı ciddi şikayətlər olur və bu daim davam edən tendensiyadır. Ölkəsində ədaləti tapa bilməyən insanların bir çoxu kapitalizmin digər yuvasına - Avropa Məhkəməsinə üz tuturlar. Hazırda keçmiş sovet ölkələrindən minlərlə ərizə Avropa İnsan Hüquqları Məhkəməsində baxılması gözlənilir.

Kapitalizmdə məhkəmənin işinin təşkilində daim problemlər var. Bu siyasi qurluşun xarakteri belədir ki, qəbul olunacaq qərarların yeganə qeyri rəsmi sahibləri məhkəmə sədrləridir. Məhkəmə hakimləri qərarların elan edilməsindən əvvəl sədrləri ilə məsləhətləşmələr aparırlar. Sədrlərin məhkəmədə hakim işləyən digər şəxsin qəbul etdiyi qərara hansısa formada göstəriş verilməsi praktikası, ancaq kapitalizmdə mümkündür. Kapitalizmdə qanunsuz, ədalətsiz qərarlar qəbul edən hakimlərin cəzalandırılması məsələsi də formal xarakter daşıyır. Ona görə də iddia edə bilmərik ki, kapitalizmdə məhkəmələr müstəqildir, korrupsiya halları yoxdur. Kapitalizmdən fərqli olaraq sosializmdə real müstəqil məhkəmə hakimiyyəti mövcud idi. Ən əsası sovet məhkəmələri rəsmi olaraq xalq məhkəməsi adlanırdı.

SSRİ-nin məhkəməsində xalqın nümayəndəsi – xalq iclasçısı iştirak edirdi. Xalq iclasçısının məhkəmə qurumundan asılılığı yox idi, obyektiv və düzgün qərarların qəbul olunmasına təsir edirdi. SSRİ-də, o cümlədən Azərbaycanın Sovet Sosialist Respublikasında yoldaşlıq məhkəmələri var idi. O, əməyə vicdanlı münasibəti, ictimai mülkiyyətə qayğı ilə yanaşmaq, birgəyaşayış qaydalarına əməl etmək, insanlarda yoldaşcasına qarşılıqlı yardım hissini inkişaf etdirmək, adamların ləyaqətinə və şərəfinə hörmət etmək ruhunda tərbiyə olunmasına fəal surətdə kömək etməli olan seçkili ictimai orqan idi.

Yoldaşlıq məhkəmələri haqqında Əsasnamə və yoldaşlıq məhkəmələrin işi üzrə ictimai şuralar haqqında Əsasnamə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 28 mart 1977-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Bu sənədlərdə yoldaşlıq məhkəmələri tərəfindən baxılan işlərin qaydası, yoldaşlıq məhkəmələri tərəfindən tətbiq edilən ictimai təsir tədbirləri, yoldaşlıq məhkəmələrinə rəhbərlik edilməsi müəyyən edilmişdir. Yoldaşlıq məhkəmələrin işində başlıca cəhət hüquq qaydalarının pozulmasının qarşısını almaqdan, adamları inandırma və ictimai təsir yolu ilə tərbiyə etməkdən, cəmiyyətə zidd olan hər cür hərəkətlərə qarşı dözülməzlik şəraiti yaratmaqdan ibarət idi. Yoldaşlıq məhkəmələri kollektivin etimadına əsaslanır, onun iradəsini ifadə edir və kollektiv qarşısında məsuliyyət daşıyırdı.

Yoldaşlıq məhkəmələri ən azı 50 nəfərlik kollektivlərdə yaradılırdı. Bu məhkəmələrin tərkibinə yolaşlıq məhkəmələri qarşısında qoyulmuş vəzifələri özünün işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə müvəffəqiyyətlə yerinə yetirmək iqtidarında olan vətəndaşlar seçilirdilər.

Yoldaşlıq məhkəməsinin hər bir üzvü yüksək intizam və mütəşəkkillik göstərir, hüquq qaydalarının pozulmasına və cəmiyyətə zidd hərəkətlərə qarşı barışmaz olur, öz fəaliyyətində qanunu ciddi surərdə rəhbər tuturdu.

Yoldaşlıq məhkəmələri öz fəaliyyəti barəsində ildə bir dəfədən az olmayaraq kollektivin ümumi yığıncağında hesab verirdilər.

Bir sovet adamı kimi bildirmək istəyirən ki, yoldaşlıq məhkəmələri kapitalizmin məhkəmə qurumlarından fərqli olaraq, cəmiyyətə daha çox fayda verirdi.

Ədalət Abdinov

Globkom.info