Çinin mədəni inqilabı müasir Azərbaycan elmi diskursunda çox toxunulmayan mövzu olsa da, Çin Xalq Respublikası və dünyadakı siyasi proseslərə təsirlərini analiz etmək, intellektual və zehni əməklə bağlı məqamları fərqli baxış bucağından anlamaq üçün bunun bu vacib bir mövzudur.

Mədəni inqilabın baş verməsinin səbəbi, prosessual müvəffəqiyyətsizlikləri, Azərbaycanda bir mədəni inqilaba ehtiyac olub-olmaması bu yazımızda qeyd edəcəyimiz əsas məsələlərdəndir.

Çində Mao Tszedun və Kommunist Partiyası əldə edilən qələbənin ardınca sənayeləşməyə nail olmaq üçün 5 illik planlara əsaslanan iqtisadiyyat yaratmışdılar. Bu proses Çinin feodal maddi istehsal üsulunda qalması fonunda təhkimçiliyin özünü qoruması səbəbilə daha çətin şərtlərdə həyata keçirilməsi ilə diqqət çəkirdi. Həmin dövrdə ilk növbədə “böyük sıçrayış” planı həyata keçirilmiş, fəqət, bu addım ilk cəhddən uğurla nəticələnməmişdi. Bu planda əsas məqsəd Çində feodalizmdən qalan sosial sinifləri ləğv etməyi hədəfləyirdi - Mao bunun üçün çox vaxtın qalmadığını düşünür və vəziyyətin sinfi mübarizə olmadan həllini tapmasının qeyri-mümkünlüyünə inanırdı. Həmçinin Stalinin vəfatından sonra Xruşovun hakimiyyətə gəlməsi ilə başlayan destalinləşdirmə və SSRİ iqtisadiyyatında həyata keçirilən islahatlar Maonu qorxutmağa başlamışdı. Bu islahatların məğzi iqtisadiyyatda sovxoz-kolxoz ideyasına yenidən nəzər salınması ilə bağlı idi. Sovxozların kollektiv mülkiyyətə əsaslanması elan edilsə də, Xruşov dövründəki bürokratik islahatlarla onlar özəl mülkiyyətlə ekvivalentlik təşkil etməyə başlamışdır.

Mao Tszedun SSRİ-də baş verənlərin təhlilinə istinad edərək mədəni inqilab üçün beş sosial təbəqəni düşmən qismində fərqləndirirdi: bürokratlar, ziyalılar, varlı mülkədarlar, mühafizəkarlar və əks-inqilabçılar. Bürokratlardan ehtiyat edən Mao qorxurdu ki, ölümündən sonra onlar öz məqsədləri naminə kapitalizmi bərqərar etmək niyyətində olacaqlar. Bürokratların keçmiş mülkədar olması faktı və SSRİ-də Stalinin ölümündən sonra baş verən hadisələr, onun fikrincə, belə qənaətlərə əsas verirdi. Həmçinin Çin Kommunist Partiyasının daxilində Maonun lehinə olan kəsim özlərini sadəcə “marksist” adlandırmaqla qalmır, habelə “maoist” kimi fərqləndirərək buna uyğun yeni şüarlar yaymaqla məşğul idilər. Ziyalılarla bağlı problemə gəldikdə isə həmin dövrdə məktəb və universitetlərdə əsasən imkanlı ailələrin övladları təhsil alırdı - məhz bu fakt təhsil ocaqlarında sinfi fərqlərin və bərabərsizliyin olduğu qənaətini bizə aydın edir. Mao inqilabın qələbəsindən sonra ziyalı təbəqənin, müəllim və proffessorların inqilabı dəstəklədiyini düşünsə də, “100 gül çiçək açsın, 100 məktəb rəqabət aparsın” şüarı ilə həyata keçirilən tənqid və açıqlıqla bağlı radikal islahatlar dövründə müəllimlərin bu prossesə isti baxmadığı müşahidə olunmuşdu.

Maonun digər əsas planlarından biri də sosialist insan modelinin formalaşdırılması idi. Kapitalizmdən qalmış eqoist insan modelində əsas xüsusiyyət əməyin şəxsiyyətin inkişafına xidmət göstərməsi əvəzinə maddi vəziyyətdən asılılığı olaraq müəyyən edilir və belə insanın sosialist cəmiyyətlə uzlaşmaması onu sosialist insandan ayıran başlıca fərq hesab olunurdu.

Sosialist insan modeli insanlığın inkişafı naminə çalışan, əmtəə fetişizmindən azad olmuş sosial vücud kimi anlaşılırdı. Mao hesab edirdi ki, insanlara işin dövlət tərəfindən təyinatla verilməsi və işçinin bu işdən ayrılma azadlığının məhdudlaşdırılması sosialist insan modeli üçün müəyyən bir müddət ərzində vacib məsələ idi. Hətta Mao Stalinin əsas səhvini bu məsələyə xüsusi diqqət göstərməyərək nəzəriyyədən uzaqlaşmaqda görürdü. Qərb təbliğatı bunu insanların beyinlərinin yuyulması yönündə addım kimi qiymətləndirsə də, bu fikrin əsaslandığı dəlillərin gətirilməməsi maraq doğurur. İnsan öz dövrünün və maddi şəraitinin məhsuludur - kapitalizmdə sistem insanların təbiətinə daimi bir eqoizm yükləyərək onları istismarçılığı normal hal kimi qəbul etdirmək və fərdiyyətçiliyi insan təbiətinin məğzi kimi aşılamaq məqsədi güdür. Mao mədəni inqilaba başlayarkən bu prinsipə qarşı çıxaraq inqilabın əsas şüarlarından biri kimi “fərdiyyətçiliyə qarşı mübarizə”ni fərqləndirmişdi.

Mədəni inqilab prinsiplərindən qaynaqlanan və ilk növbədə tənqidə məruz qoymalı olduğumuz məqamlardan biri əsas hissəsi tələbə və məktəblilərdən ibarət, sözdə sosialist ideyalarla silahlandırılan “xunveybinlər” (“qırmızı qvardiyaçılar” və ya “qırmızı keşişlər”) adlanan dəstələrin yaradılması ilə bağlıdır. Xunveybinlər Mao və partiya tərəfindən Çin cəmiyyətinin daxilində düşmən elan edilən sosial qruplara qarşı hücumların həyata keçirilməsindən başlıca aktorlar idi. İlk hücumlar universitet və məktəblərdə həyata keçirilməyə başlandı. Bu proses çərçivəsində ziyalı kütlənin, incəsənət adamlarının və müəllimlərin sadəcə sosial təbəqə deyil, müstəqil sosial siniflər olduğu elan edilmişdi. Maonun məqsədi köhnə ziyalıları proletar mədəniyyət xadimləri, proletariata xidmət edən müəllim və professorlarla əvəzləmək idi. Lakin Maonun “mədəni inqilab”ında bu, bilavasitə zorakı yollardan istifadə ilə həyata keçirilir, zehni əmək işçilərinə qarşı mübarizə onların həyatları və sağlamlıqları üçün təhlükə törədərək gerçəkləşdirilirdi. Qəribədir ki, həmin zamanlarda tələbələr universitetlərdən məzun olmaq üçün paralel olaraq vaxtlarının müəyyən bir hissəsini müxtəlif fiziki əmək işlərinə ayırmalı və bu sferada çalışmalı idilər.

Siyasi aspektdən Maonun əsas səhvi müəyyən hissəsi hətta silahlandırılan tələbələrə bürokratları, mülk sahiblərini öldürmək səlahiyyətinin verilməsi idi, bu isə müəyyən anarxiyanın orataya çıxmasına zəmin yaratdı. Mao bu səhvini daha sonra anlayaraq şəraiti ələ almağın vacibliyini dərk etdi, lakin məsələnin həllini tapması üçün yenidən zorakılıq tərkibli addımlar atdı.

XX əsrin ikinci yarısında dünyanın ən fərqli ölkələrində yaşayan maoist yönümlü müəlliflər mədəni inqilabın öz ölkələri üçün vacib olduqlarını vurğulayıblar. Məsələn, türkiyəli inqilabçı İbrahim Kaypakkaya Türkiyə reallıqları üçün bunun zəruriliyindən bəhs edirdi. Bəs Azərbaycan müstəvisində Maonun “mədəni inqilab” ideyasının həyata keçirilməsinə zərurət kimi görülən hansı nüansları özündə əks etdirir?

İngilis imperialializminin BP şirkəti vasitəsi ilə XX əsrin əvvəllərindən kök saldığı Azərbaycan artıq həmin dövrdə irimiqyaslı sənayeləşmə üçün münbit şəraitə malik idi. Ölkənin SSRİ-nin tərkibinə daxil olmasından sonrakı dövründə həyata keçirilən prosesləri nəzərə aldıqda bu, şübhə doğurmur. XX əsrin əvvəllərində sənayeləşdirmə məhz böyük şəhərlər - xüsusilə Bakı ilə məhdudlaşdırılıdı. Lakin həmin dövrdəki kapitalizmin inkişaf tendensiyalarını nəzər aldıqda bu, əhalinin böyük kütlələlərinin maddi həyatının təmin edilməsi baxımından yetərli deyildi və ölkənin geri qalan ərazilərində də böyük bir kollektivləşdirmə, o cümlədən sənayeləşdirmə üçün münbit şərait mövcud idi. Həmin dövrdə Azərbaycan burjuaziyası neft maqnatları, Avropayla iqtisadi əlaqələri yaxşı olan parlement nümayəndələri və bürokrat ailələrdən ibarət idi. 100 il sonra situasiya oxşardır və Azərbaycanın hazırki obrazı bu mənada “mədəni inqilab”dan öncəki Çindən fərqlənir.

Hazırda Azərbaycanda ziyalı, intellektual kəsim akademik və incəsənət azaldığından məhrumdur – elm, ədəbiyyat və incəsənətin bütün formaları bürokratik hakimiyyət maşınının diqtəsinə tabedir. Potensial ziyalı və intellektual kəsimin aşağı əməkhaqqı qarşılığında universitetlərdə işləməsi bu reallığın normal mənzərəsidir. Bu mənada zehni əmək işçiləri fiziki əməklə məşğul olan proletariatdan çox da fərqlənmir. Rəssamlar, yazıçılar, bəstəkarlar və digər incəsənət nümayəndələri ya kiçik gəlirlər qarşılığında mövcudluğa məhkum olmaq, ya da hakimiyyətin onlara verdiyi “Əməkdar artist”, “Xalq artisti”  adlarına “layiq görülmək” üçün rejimə xüsusi sadiqlik nümayiş etdirməlidirlər. İncəsənət və elm insanlarının oportunist mövqedən çıxış etməsi bu reallıqda növbəti adi haldır.

Müasir Azərbaycan insanı travmalıdır – o, iqtisadi bərabərsizlik və sosial ədalətsizliklə yanaşı həm də akademik zəiflikdən və elmi azadlıqların olmamasından əziyyət çəkir. Apolitik mühit isə potensial ziyalıları daha da mütiləşdirərək onları “tabe olmuş boz kütlə”nin bir parçasına çevirir.

Bəs mədəni inqilab Azərbaycan kontekstində haradan başlamalı və hansı addımları əhatə etməlidir? İlk addımlardan biri mədəniyyət və incəsənət üçün yeni şərtlər və meyarların müəyyənləşdirilməsidir. İncəsənət hökumətin diqtəsindən və sifarişlərdən azad edilməli, cəmiyyətin böyük əksəriyyətinin maraqlarının ziddinə aparılan siyasəti dəstəkləyən, yaxud mövqe nümayiş etdirməyən şəxslərə verilən fəxri adların onların daşıyıcılarının əllərindən alınmalı, yeni paradiqmanın yaradılması üçün yeni cəmiyyətin bütün təbəqlərinin maraqlarına xidmət edən proletar sənətçilərin yaradılması üçün maddi və mənəvi əsasların formalaşdırılması belə siyasətin xüsusi tərkib hissələri olmalıdır.

Maonun başlatdığı “mədəni inqilab”ın ən məqbul hissəsi qismində bürokratiyaya qarşı mübarizəni fərqləndirmək mümkündür. Lakin təbii olaraq, “sosialist insan modeli” Maonun düşündüyündən mühüm fərqlərə malikdir – o, siyasiləşmiş, üsyankar və kollektvizmi qəbul etmiş dialektik-materialist şəxsiyyətdir. Top-tüfənglə deyil, yalnız marksist nəzəriyyə ilə silahlanma Azərbaycanda iqtidara gələn hər növbəti hökumətin bürokratikləşməsinin qarşısını ala, sosial ədalətin pozulmasının qarşısını ala biləcək potensiala malik cəmiyyəti yarada bilər. Nəzəriyyə ilə təşkilatlanan cəmiyyətdən başqa məqsədlərinə nail ola biləcək və radikal dəyişikliklər həyata keçirməyə qadir inqilabi qüvvə mövcud deyil!

Müqavimət səhifəsi