105 il öncə bu gün Azərbaycanın tarix səhnəsində burjua-komprador müstəvisində köhnə məzmunlu bir səhifə qapandı, mütərəqqi xarakterə malik yenisi açıldı – 28 Aprel 1920-ci il Bakıda işçi sinfinin hakimiyyətinin rəsmi başlanğıcı oldu.

Tarix heç vaxt bitərəf yazılmayıb, onun hər izahı, hər qiymətləndirməsi, hətta hər mifləşdirilməsi sinfi maraqların təzahürüdür. 28 Apreli "inqilab" adlandıran da, "işğal" deyən də, əslində öz sinfi mövqeyini bəyan edir. Sadəcə fərq ondadır ki, inqilab deyənlər tarixin hərəkətverici qüvvəsini – əməkçi sinfi görür, işğal deyənlər isə çox vaxt ya burjua ideologiyasının təsiri altında olan, ya da sadəcə tarixi qavramaqda aldadılmış kütləni təmsil edir. Sinfi şüuru olan burjua çox yaxşı anlayır ki, o gün nə baş vermişdi: onların istismarçı taxtı silkələnmişdi.

Buna görə də, tarixə yanaşarkən əsas sualımız birmənalı olmalıdır: hansı sinif kimə qarşı, hansı mövqedən mübarizə aparırdı? Azərbaycan Xalq Cümhuriyyətinin tarixi də bu baxımdan təhlil olunmalıdır: hansı sinifin hakimiyyəti idi bu? Milli burjuaziyanınmı? Xırda burjuaziyanınmı? Qolçomaqlarınmı? Yoxsa imperialist kapitalın yerli nökərlərininmi?

Təsvir edilən dövrdə Azərbaycan imperialist neft kapitalının müstəmləkəsi idi. Yerli neft burjuaziyası da formalaşırdı, lakin imperialistlərin (əsas da Böyük Britaniyanın) qarşısında zəif və asılı idi. AXC-nin siyasi iqtidarı bu ikili təbəqənin – imperialist və yerli kapitalın – ortaq məhsulu idi. Əgər bir siyasi qüvvənin müstəqil qərarvermə gücü yoxdursa, o zaman o, kompradordur – yəni satqındır, vasitəçidir, xalqa yox, xarici kapitala xidmət edir.

Azərbaycanın zəhmətkeş insanlarının əməyi ilə yaradılan sərvət, onların qanı, təri ilə yaranan dəyər imperialistlərin sərəncamında idi. Kim qərar verirdi Azərbaycanın neftinin taleyinə? Kim hökm edirdi necə, harada və kim üçün işləyəcəyik? Cavab aydındır: Londonun, Parisin, Vaşinqtonun neft kartelləri. Ona görə də AXC məhz komprador burjuaziyanın iqtidarı idi.

Tarix təkrarlanır, lakin daha kəskin formalarla. 105 ildən sonra da Azərbaycan yenə neft oliqarxiyasının və imperialist kapitalın əlindədir. Bu dəfə fərq ondadır ki, artıq heç lokal burjuaziya belə müstəqil şəkildə mövcud deyil. Azərbaycandakı iri sərvətlər – məsələn, hakim ailələrin kapitalları – birbaşa imperialistlərin (BP, Total, “ExxonMobil” və sair) diktəsi ilə formalaşıb və mövcudluğunu onlara borcludur. Məmləkətimizdə artıq "Milli burjuaziya" deyə zümrə yoxdur, sadəcə imperializmlə birləşmiş siyasi mafiya mövcuddur. Beləliklə, 28 Aprel inqilabından əvvəl Azərbaycanda iqtidar imperialist və yerli kapitalın ortaq nümayəndəliyi idi. İndi isə iqtidar yalnız imperialist kapitala borcludur: yerli kapital dediyimiz şey elə iqtidarın özünün qlobal kapitalla sövdələşməsindən doğmuş süni bir varlıqdır.

Hakim sinif bu gün nədir? Komprador burjuaziya. Onlar kimdir? İmperialist kapitala bağlı olan, kapitalı yalnız sövdələşmələr vasitəsilə əldə etmiş və millətə qarşı çıxan sosial parazitlər.

Tarixi başa düşmək istəyən bir insan üçün vacib məsələ birdir: sinfi münasibətləri açmaq və onların dəyişmə dinamikasını izləmək:

– Dünən hansı siniflər vardı?

– Bu gün hansı siniflər var?

– Hansı siniflər arasında ittifaq və qarşıdurma var idi və var?

– Hansı siniflər hakimiyyətə gəlirdi, hansılar kənarlaşdırılırdı?

Bu suallara cavab tapmadan tarix sadəcə mif olur, müasirlik isə xaosa çevrilir. Şəxslərin adlarını dəyişməklə, rəsmi adları yeniləməklə, şüarları bəzəməklə həqiqət dəyişmir. Əsl məsələ – istehsal münasibətlərindəki dəyişiklikdə, kapitalın kimin əlində olduğunda, hansı sinfin hegemonluq etdiyindədir.

Əgər 28 Apreli anlamırıqsa, deməli bu günümüzü də anlaya bilmərik.

Yaşasın 28 Aprel İnqilabı!

Yaşasın işçi sinfinin tarixi haqq işi və gələcək qələbəsi!

 

Müqavimət səhifəsi