
Son gecənin söhbəti və ya “Alın a, yana yana qalın a, mən Sovet vətəndaşıyam”...
Olmuş əhvalat əsasında 2010-cu ildə qələmə alınmış bu hekayə tariximizdə ilk sosialist respublikanın yaranmasının 90-ci ildönümünə həsr olunub.
- Ata, niyə ağlayırsan?...
- Heç oğlum... bir az xatirələrə daldım, çox uzaqlara- 20 il keçmişə getdim...
- Yenə anamı xatırladın?... Ata, anam nədən öldü?
- Əsəb xəstəliyinə tutulmuşdu, hipertaniya... müalicə etdirməyə pulumuz olmadı... öləndə son sözü bu oldu- uşaqlardan muğayat ol, onlara yetim olduqlarını hiss etdirmə...
- Niyə vaxtında bilmədiniz ata, axı qanuna görə dövlət xəstəxanalarında pulsuz müalicə etməlidirlər?
- O kağız üzərindədir oğlum, bu, o vaxt belə idi, amma Sovet hakimiyyəti dağılandan sonra rüşvət hər yeri başına götürdü, həkimlər adamı soğan kimi soyurdular, dərmanlar da od qiymətinə...
- Ata, axı hər ikiniz müəllim olmusunuz, normal maaş alırdımız, heç pul yığa bilməmişdiniz?
- Sovet vaxtı yığırdıq bankda, amma SSRİ dağılandan sonra pulumuz batdı, maaşımız da elə həddə düşdü ki, quru çörək puluna zorla çatırdı.
- Anamla necə tanış olmuşdunuz?
- Biz institutda bir qrupda oxuyurduq. Anan o qədər gözəl, ağıllı, mədəni bir qız idi ki, elçilər evlərindən əskik olmurdu. Amma biz bir-birimizi sevdik və evləndik. Ona vəzifəli alilərdən elçilər düşürdülər, amma o vaxt qızlar həyat yoldaşı seçəndə onun maddi imkanlarına görə yox, insanlığına, savadına, mədəniyyətinə fikir verirdilər. Biz bilirdik ki, müəllim maaşı ilə o qədər də firavan həyat yaşamayacağıq. Amma hər halda normal həyatımız var idi. Sonralar Sovet hakimiyyəti dağılandan sonra müəllimlər ən yoxsul təbəqəyə çevrildi. Biz hətta bazarda alver etməyi də bacarmırdıq. Çox çətinliklər çəkdik.
- Bəs bizi necə böyütdünüz, oxutdunuz?
- 90-ların əvvəlində çox çətin idi, əksər müəllimlər qul bazarına çıxırdı oğlum, mən də gedirdim, 5-10 manata varlıların bağında hamballıq edib əlavə pul qazanırdım. Bir vaxtlar məktəbdə “oxu adam ol” dediyim birisi bagında bizə yer qazdırandan sonra mənə ironiya ilə “müəllim, bir zəhmət o zibilləri də daşı, sənin əlhaqqını ikiqat verəcəm” deyib təhqir etdi. Soruşdum ki hardan bilirsən mən müəlliməm. Dedi ki mən qul bazarında səni tanıyıb gətirdim, amma sən məni tanımadın, yadındadır, mənə “oxumasan adam olmayacaqsan” deyirdin. Amma mən oxumadım, adam oldum. Ona dedim ki, mən sənə “oxu, varlı ol” deməmişdim, “oxu, adam ol” demişdim. Sən varlı olmusan, amma hələ də adam olmamısan. Ondan pul götürməyib piyada şəhərə qayıtdım. Bax kapitalizm bir vaxtların qürurlu Sovet müəllimini beləcə alçaldır oğlum.
- Bəs, onlar nevə varlı olmuşdular?
- SSRİ dağılandan sonra, bütün respublikalar arasında iqtisadi əlaqələr kəsildi, minlərlə zavod-fabrik, kolxoz-sovxoz dağıldı, ölkəni işsizlik başına götürdü. Elə həmin vaxtlar bir çoxları həmin müəssisələri, torpaqları su qiymətinə ələ keçirdilər və özəlləşdirdilər. Sosialist əmlakı ümumxalq mülkiyyəti idi, qanuna görə bölünəndə bütün sərvətlər bərabər paylanmalı idi, amma bizə yalnız 1 çek verdilər ki onun da qiyməti 1 kq yağ almağa bəs elədi.
- Bəs xalq niyə etiraz etmirdi, axı belə ədalətsizlik olmaz...
- O zaman ermənilər torpağımızı işğal etdi və müharibə başladı. Belə bir vaxtda hamının başı müharibəyə qarışmışdı, mən də könüllü müharibəyə getdim... amma həmin vaxt quldurlar xalqın ağır günündə fürsətdən istifadə edib hər şeyi qanunsuz olaraq ələ keçirdilər, bu dələduzların cəbhədən yayınanlar övladları sərvət içində kef-damaq çəkirdilər... amma Vətən uğrunda döyüşənləri heç xatırlayan belə yox idi...
- Ata, sən özün orduda necə xidmət etmisən, heç döyüşdə olmusan?
- Oğlum, mən Sovet ordusunda Uzaq Şərqdə 2 il xidmət etdim, Əfqanıstanda döyüşdüm, yaralandım, o gördüyün medalı da orda almışam...
- Bəs dövlət bunu qiymətləndirmədi?
- Sovet vaxtı bizə pulsuz 4 otaqlı mənzil verdilər, Moskvada pulsuz müalicə olunurdum, sanatoriyaya göndərirdilər, xeyli güzəştlər var idi, normal da maaş alırdım, amma sonra hər şey dəyişdi... indi yalnız quru çörəyə çatan pensiyanın ümidinə qalmışam...
- Ata, qardaşım nədən öldü?
- Sovet dağılandan sonra sonra güclü alimlərin, mütəxəssislərin çoxu xaricə getdilər. Xəstəxanalarda da savadsız həkimlər meydan sulamağa başladılar. Qardaşın orduda vərəmə tutuldu, tərxis olunandan sonra imkanımız olmadı yaxşı müalicə etdirək, həkimlərə yaxşı hörmət edə bilmədik deyə başdansovdu yanaşdılar, müalicəni düzgün aparmadılar, sonra da dərman firmalarından qonorar alımaq xatirinə saxta dərman-iynə vurdular... ağciyərləri tamam sıradan çıxdı...
- Bəs niyə o vicdansız həkimləri məhkəməyə vermədiniz?
- Əvvəla həkimlərə bunu sübut etmək olmaz, ikincisi etsən belə, hakimlər onlardan da vicdansızlıq edirlər, məhkəmədə kim çox pul verir onun xeyrinə qərar verirlər...
- Ata, sən 80-lərin sonu 90-ların əvvəllərində xalq etiraz hərəkatında fəal iştirak etmisən, o zaman nə düşünürdün...
- Biz SSRİ rəhbərliyinin ermənilərin azğınlığına qarşı ciddi tədbir görməməsinə etiraz olaraq meydanlara çıxdıq, etiraz səsimizi ucaltdıq, amma problem getdikcə dərinləşdi, Bakıda iğtişaşlar elə həddə çatmışdı ki, ölkə rəhbərliyi şəhərə ordu yeritdi, qarşıdurma baş verdi, 130-dən artıq mülki şəxs, 30 əsgər həlak oldu. 20 yanvar faciəsinin birbaşa günahkarı satqın Qorbaçovdur. Təəssüf ki hələ də cəzasına çatmayıb.
- 20 yanvar hadisəsindən sonra, artıq SSRİ tərkibindən çıxıb müstəqil dövlət olmaq üçün mübarizəyə başladınız... gələcəkdən nə gözləyirdin?..
- O vaxt düşünürdük ki, azadlığa çıxacağıq, yağ-bal içində üzəcəyik, kapitalist dövlətlərindəki bizə göstərilən gözqamaşdıran parıltılara aldanmışdıq, o vaxt bilmirdik ki, o təriflənən ölkələrdə milyonlarla yoxsul, ac-yalacaq var. Bizə ancaq Amerikadakı zənginlərin həyatını danışırdıq və elə bilirdik ki oralarda hamı belə yaşayır. Buna görə də, imperialist dövlətlərin fitvası ilə bir sıra satqınlar SSRİ ilə birgə sosializmi də məhv edəndə heç kim səsini çıxarmadı...
- Kitablarda yazılır ki, SSRİ iqtisadi və texnoloji cəhətdən kapitalist ölkələrindən geri qalırdı, getdikcə bataqlığa düşürdü, bəs bunu necə izah edə bilərsən ata?
- Bunlar yalandır oğlum, Sovet inkişaf modeli sözün əsl mənasında iqtisadi möcüzə idi. Tarixdə elə bir nümunə olmayıb ki, Avropanın ən geridə qalmış aqrar ölkəsi olan, qısa bir zaman ərzində 3 dağıdıcı müharibə yaşayan, II Dünya Müharibəsində hər 6 vətəndaşından birini itirən, 7 min şəhər kəndi yer üzündən silinən, iqtisadi potensialının 30%-i məhv edilən, ən optimist qərb analitiklərinə görə bir daha özünə gəlməsi imkansız olan, ən yaxşı halda yalnız 50 ilə müharibədən əvvəlki inkişaf səviyyəsinə cata bilməsi ehtimal edilən bir ölkə cəmi 5 il sonra iqtisadi inkişafda bütün inkişaf etmiş qərb dövlətlərini ötüb kecsin, 1957-ci ildə isə ümumi daxili məhsul istehsalının həcmi bütün inkişaf etmiş Avropa dövlətlərinin birlikdə istehsal həcmini ötüb keçsin. Sovet İttifaqı qısa zaman ərzində geridə qalmış kəndli ölkəsindən dünyanın ən nəhəng hərbi-iqtisadi gücünə, nüvə və ilk kosmik ölkəyə cevrildi. Bir daha özünə gəlməz dedikləri ölkə dağıdıcı müharibədən cəmi 12 il sonra bəşəriyət tarixində ilk dəfə kosmosa süni peyk göndərdi, bundan 4 il sonra isə kosmosa insan göndərən ilk ölkə oldu.Ən əsası isə, bizim dövlətimiz xaricdən 1 dollar belə yardım almadan, əksinə daima blokada məngənəsində sıxıldığı halda bütün bunları etdi. Bəli, dünya tarixində ikinci belə uğurlu model yoxdur. Bax əsil iqtisadi möcüzədə budur. Yalnız sosializm bu möcüzəni yaratmağa qadirdir.
- Axı SSRİ bir çox sahələrdə ABŞ-a uduzurdu...
- Bəzən SSRİ-ni ABŞ-la müqayisə edərək kimlərsə bizim onlardan geri qaldığımız qənaətinə varırlar, lakin nəzərə almırlar ki, ABŞ 1900-cü ildə dünyanın ən böyük iqtisadi gücünə cevriləndə, tarix hələ SSRİ adlı dövlət tanımırdı. Bundan başqa, SSRİ alman faşizmiylə mübarizədə 30 milyon insanını, iqtisadi potensialının ücdə birini itirərək böyük dağıntılardan cıxdığı halda, ABŞ-ın ərazisində bircə dənədə bomba partlamadı və ABŞ İkinci Dünya Müharibəsindən planetin bütün qızıl ehtiyatının 80%-ni təkbaşına öz əlində cəmləşdirərək və dünya iqtisadiyatının 50%-ni sahib olmaqla mənfəətlə cıxdı. Lakin ABŞ-ın bu üstünlüklərinə baxmayaraq, tezliklə SSRİ Amerika üzərində hərbi, kosmik texnologiyalar baxımından üstünlük əldə etdi, iqtisadiyyatın bütün aparıcı sahələrində ABŞ-ı ötüb kecdi. Ekspert hesablamalarına görə, əgər SSRİ daha 20 il mövcud olsaydı, onda nəinki ABŞ-ı ötüb kecəcəkdi, hələ üstəlik bütün kapitalist dövlətlərinin sonuna cıxacaqdı. SSRİ-nin də daxil olduğu Qarşılıqlı İqtisadi Yardım Şurası ölkələri (sosialist düşərgəsi, cəmi 7 ölkə) bütün 155 kapitalist ölkəsindən birlikdə (ABŞ istisna olmaqla) daha cox məhsul istehsal edirdilər. Təbii ki qərb siyasi dairələri sosializmin bu inkişaf dalğasında kapitalizm ücün calınan son zəngi görürdülər və trilyonlarla pul xərcləyərək, milli münaqişə toxumları səpərək inqilabın lokamativini durdura bildilər, lakin bu heç də kapitalizmin xilası olmadı, əksinə kapitalist ölkələri insanların kommunizmə meylini əngəlləmək ücün daha cox güzəştlərə, sosial xərcləmələrə getdilər, hansı ki bu gün bu xərcləri qarşılaya bilmir və hər kecən gün biraz daha borc yükünün altında əzilirlər. Qərbdə kapitalizm cökür, sosializm isə yenidən doğulur, dünyada yenidən sosializm cəmiyyəti qurulacaq, bəlkə mən o günü görə bilməyim, amma sən mütləq görəcəksən.
- Ata, SSRİ axı iqtisadi, hərbi cəhətdən dünyanın ən qüdrətli dövləti idi, bəs necə oldu ki dağıldı?
- Bu uzun söhbətdir bala, hələ Rusiyada sosialiast inqilabı olandan Qərbin imperialist dövlətləri ona düşmən kəsilmişdilər. Sonra 1920-ci ildə Azərbaycanda da sosialist inqilabı oldu, 22-ci ildə sosialist republikaları birləşib Sovet İttifaqını yaratdılar. 41-ci ildə imperialist dövlətlər faşist Almaniyasını qızışdırıb SSRİ-yə qarşı müharibəyə sövq etdilər. Biz bu ağır müharibədə qalib gəldik oğlum, SSRİ dünyanı faşizmdən xilas etdi. Bunu yalnız güclü ideologiya, xalqın birliyi, insanların vətənpərvərliyi, bir də Sovet rəhbərliyinin ağlı sayəsində bacardıq. Müharibədən sonra imperialist dövlətlər qorxuya düşdülər, çünki SSRİ sürətlə inkişaf edir, güclənir, dünyanın kapitalist ölkələrinin xalqlarına əsl bərabərlik cəmiyyətinin nə olduğunu numünə göstərirdi. Bir-birinin arıdnca müxtəlif ölkələrdə sosializm qurulurdu. Artıq dünyada heç bir qüvvə bu dövləti dağıtmağa, ona qalib gəlməyə qadir deyildi. İmperialist dövlətlər bu məqsədlə öz xalqlarının boğazından kəsib trilyonlarla pul xərcləsələr də mümkün olmurdu. Yeganə variant daxildə təxribatlar və parçalanma yaratmaq idi. Məhz bu üzdən həmin dövlətlər gizli 50 ilik plan üzrə SSRİ-ni daxildən dağıtmaq üçün var-güclərini ortaya qoydular. Sovet İttifaqında daxili parçalanma üçün heç bir faktor yox idi, nə sosial problemlər, nə siyasi bölünmə yox idi, nə də dini zəmində qarşıdurma yaratmaq mümkün deyildi. Yeganə variant etnik münaqişə yaratmaq idi. Elə bununla da məqsədlərinə çatdılar.
- Bəs etnik münaqişəni necə yaratdılar?
- Bir vaxtlar Türkiyəyə qarşı təzyiq üçün Qərb dövlətlərinin süni şəkildə yaratdığı erməni lobbisini gücləndirib onların vasitəsilə SSRİ-də yaşayan erməniləri qızışdırmağa başladılar. Nəticədə şovinist ermənilər Azərbaycana qarşı açıq düşmənçiliyə başladılar, Qarabağın Ermənistana birləşdirilməsi üçün fəaliyyətə keçdilər. Biz də onlara cabab verdik, münaqişə qızışdı. SSRİ rəhbərliyi nədənsə bu prosesin nəyə gətirib çıxaracağını vaxtında anlaya bilmədi. Etnik münaqişələr İttifaqın hər yerinə yayıldı. Eyni zamanda dövlətin daxilində yetişdirilmiş gizli düşmənlər- Qorbaçov, Yeltsin, Yakovlev kimilərinin əli ilə süni sosial problemlər, qıtlıq yaradıldı. Daxili narazılıqlar vüsət aldı, Kreml Bakıya, Tbilisiyə, Vilnüsə ordu yeritdi. Bu da prosesi daha da alovlandırdı. SSRİ rəhbərliyində olan bəziləri nə baş verdiyini gec anladılar. Xəyanətkar Qorbaçov komandasını hakimiyyətdən uzaqlaşdırmaq üçün QKÇP yaratdılar və onları müvəqqəti neytrallaşdırdılar, lakin nədənsə onların planı baş tutmadı, Qorbaçov yenidən öz vəzifəsinin başına keçdi və SSRİ-ni dağıtmaq planını sona çatdırdı və sonra Qərbdəki ağalarının yanına qaçdı. Beləliklə də, dünya tarixinin ən möhtəşəm ittifaq dövləti dağıldı. 20 il keçib amma keçmiş müttəfiq respublikaların heç biri hələ də özünə gələ bilmir.
- Ata, o vaxt axı indiki zənginlik, indiki demokratiya, aşkarlıq yox idi, həyat çox sadə və ağ-qara idi...
- Elə deyildi oğlum, düzdü hər şey sadə idi, zənginlər yox idi, harınlamışlar yox idi, hamı demək olar ki eyni səviyyədə yaşayırdı, çox az fərq var idi. Kiminsə hüququnu pozanda Moskvaya yazırdı, o huquqpozanın anasını ağladırdılar... O vaxt dövlət televiziyasında “Mozalan” satirik telejurnalı və “Kirpi jurnalı” və digərləri ən sərt tənqidlərə yer verirdilər. Hətta indi də dövlət mətbuatında və televiziyasında belə şey yoxdur. Demokratiya xalq hakimiyyəti deməkdir, SSRİ-də xalq hakimiyyətdə idi, bütün rəhbərlər sadə fəhlə-kəndli ailələrindən çıxmışdılar. Bu, tarixdə ilk fəhlə-kəndli hökuməti idi...
- Siz 8 uşaq olmusunuz, babamla nənəm sizi necə böyüdüb başa çatdırıblar adi fəhlə ola-ola?
- Mən fəhlə ailəsində doğulmuşam oğlum, baban maşınqayırma zavodunda işləyirdi, nənən də tikiş fabrikində. Atamla anamın maaşı ilə heç bir korluq çəkmədən normal yaşayırdıq, çoxuşaqlı ailələrə əlavə yardımlar verilirdi. Hər il başqa respublikalara ailəvi gəzməyə gedirdik... Dövlət mənə baxçada pulsuz tərbiyə, orta və ali məktəbdə pulsuz təhsil verdi, sonra işlə təmin etdilər, sonra pulsuz mənzil verdilər, maaşımız da adam kimi yaşamağa bəs edirdi, hələ hər ay banka pul da yığırdıq.
- Babam faşizmə, sən isə Əfqanıstanda imperializmə, Qarabağda erməni terrorçularına qarşı döyüşübsünüz. Hansınızın qəhrəmanlığı daha yüksək qiymətləndirilib?
- Baban Böyük Vətən Müharibəsində qəhrəmanlıqlar göstərib, orden alıb, o vaxt onu hörmətlə çağırırdılar, qayğı göstərirdilər, mən də Əfqanistanda amerikan imperialistlərinin azğınlığına qarşı döyüşdüm, məni Vətəndə qəhrəman kimi qarşıladılar və qiymətləndirdilər, amma Qarabağ müharibəsində bu Vətən və xalq üçün sağlamlığımı qurban verdim, quruca sağ ol deyən də olmadı... yalnız dövlət cüzi pensiya verir, vəssalam.
- Bəs biz Qarabağ müharibəsində niyə uduzduq? Axı Ermənistandan 3 dəfə güclü idik...
- Əsas adam çoxluğu, iqtisadi üstünlük, ərazi böyüklüyü deyil oğlum, əsas olan xalqın birliyidır. Xalqla hakimiyyətin birliyi, ön cəbhəyə arxa cəbhənin dəstəyi. Amma biz cəbhədə döyüşəndə arxada harınlamışlar restoranlarda kef edirdilər. Bakıda hakimiyyət davaları ara vermirdi. Bir siyasi qüvvə digərini hakimiyyətdən salmaq üçün tabeciliyində olan hərbi dəstələri cəbhədən çəkib Bakıya gətirirdi, vətəndaş müharibəsi törədirdilər. Ermənilər də bundan istifadə edib torpaqlarımızı işğal etdilər.
- Ata o vaxt uşaqlar üçün daha yaxşı idi, yoxsa indi?
- Bala, o vaxt uşaqlar böyük amallarla böyüdülür və tərbiyə edilirdi. Onlara böyüyə hörmət, kitaba hörmət, çörəyə hörmət aşılanırdı. Məktəbdə təhsillə yanaşı tərbiyə də verilirdi. Düzdür, indiki kimi gözqamaşdıran bər-bəzəklər yox idi, amma o sadə və qayğısız həyat bizi böyük ideallar uğrunda mübarizəyə sövq edirdi. Uşaq və gənclər təşkilatları var idi, əvvəl Oktyabryata, sonra Pionerə, sonra Komsomola keçirdik. Ən layiqli komsomolları Kommunist Partiyasına qəbul edirdilər. Bax belə pilləli bir sistem qurulmuşdu və heç bir uşaq, ya da gənc avaralanmırdı, boş vaxtlarda hamı ya kitabxanada, ya teatrda, ya da idman salonunda olurdu. İndi görürsən də, uşaqlar küçələrdə böyüyür, internet klublardan çıxmır, kitab əvəzinə kompüter oyunları oynayırlar. Nə böyük-kiçik hörməti qalıb, nə savad var, nə dünyagörüş...
- O vaxt televiziya da, mətbuat da, ədəbiyyat da başqa cür olub. İndiki vəziyyətlə fərqi nədədir?
- O vaxt indiki qədər televiziya, qəzet, kitab olmasa da, hər şey səviyyəli idi. Televiziyada indiki kimi əxlaqsızlıq, mədəniyyətsizlik, zorakılıq və sair pisliklər təbliğ olunmurdu. Uşaq verilişləri, multfilmlər uşaqlara ancaq tərbiyə, savad, dünyagörüş aşılayırdı, indiki kimi qan-qırğın, vəhşilik təbliğ etmirdi. Mətbuatda da elə idi. Bu qədər qəzet yox idi, 5-10 qəzet-jurnal vardı, hamısını oxuyurdular, amma indi yüzlərlə qəzet-jurnal çıxır, heç birini oxuyan yoxdur. İnsanlar tez-tez teatra, konsertə, filmə baxmağa gedirdilər. Ədəbiyyatda bir qayda-qanun, kriteriyalar var idi, indiki kimi hərə ağlına gələni yazıb kitab buraxmırdı. Ona görə də kitablar yüz minlərlə tirajla satılırdı, amma indi kitab oxuyanlar barmaqla sayılır. Sovetdə insanları kütləvi təbliğat vasitəsilə tərbiyə edirdilər, onlara sülh, qardaşlıq, qanunçuluq, vətənpərvərlik, vicdanlılıq, insanlıq aşılanırdı. Bəlkə də elə bu siyasət Sovet insanını indiki vəhşi dünyada sadəlövh kimi yetişməsinə və gizli düşmənlərin əməllərinə qarşı hazırlıqsız qalmasına səbəb oldu.
- Ata axı deyirlər ki, biz onda müstəqil deyildik, milli dəyərlərimizə indiki qədər qiymət verilmirdi...
- Düzdür, tam müstəqil deyildik, amma biz SSRİ Konstitusiyasına görə, bizim Sovet İttifaqı tərkibində müstəqil respublika statusumuz, istədiyimiz vaxtı İttifaqdan çıxmaq hüququmuz var idi. Bütün dövlət atributlarımız, yerli hakimiyyət strukturlarımız var idi. Bizim Sovet dövründə böyük milli mədəni xəzinəmiz yarandı. Ana dilimizdə milli mədəniyyətimiz, ədəbiyyatımız, kinomuz, musiqimiz, incəsənətimiz, elm və təhsilimiz güclü inkişaf etdi, bütün bu sahələrdə böyük şəxsiyyətlər yetirdik. Sən mənə son 20 ildə hansısa sahədə belə birinin adını şəkə bilərsənmi? Mənə bircə sahədə o vaxtkından üstün vəziyyət göstərə bilərsənmi?
- SSRİ-də repressiyalarda nə qədər insan məhv edildi, bəs xalqın dövləti xalqı niyə qırırdı ata?
- Xalqı heç kim qırmayıb, xalqın düşmənləri cəzalandırılıb. Yeni yaranmış sosialist dövlətinə həm xaricdən, həm də daxildən təxribatlar törədilirdi. Xaricdən idarə olunan quldurlar terrorlar törədir, gizli antisovet təşkilatlar yaradır, xalqı dövlətə qarşı qaldırmaq istəyirdilər. Hər bir dövlət öz düşmənlərini aradan götürmək haqqına sahibdir. Düzdür, qurunun oduna yaş da yandı, bu prosesdə bəzi günahsız cəzalananlar da oldu, amma onların günahı da elə özümüzdə idi. Bəzi insanlar öz düşmənlərinə şər atır, ləkələyirdilər. Bir neçə nəfər yığılıb şəxsi qərəzlikləri olan birinin üzünə dururdular. Kimin kim olduğunu sübut etmək olmurdu. Amma cəzalananların 99 faizi xalqın və ölkənin düşməni idilər. Qərb tədqiqatçıları yazırdı ki, Stalin müharibəni 37-ci ilə uddu, daxili düşmənləri təmizləyəndə.
- Yaxşı SSRİ dağıldısa, bu o demək deyil ki, bütün yaxşı şeyləri də məhv etməli idik, sosialist quruluşluq müstəqil respublika olmaq olmazdımı? Bu qədər xaqlqa zərər vuran bir sistemə keçməyə məcbur idikmi? Bütün bunlara dəyərdimi?
- Hər zaman götür-qoy edirəm, bilmirəm oğlum, bəlkə də olardı, bəlkə də yox. SSRİ-nin formasını dəyişib müstəqil sosialist dövlətləri ittifaqı etmək olardı, lap elə Avropa İttifaqı kimi. Əgər İttifaq pis olsaydı, Avropa, Amerika özü İttifaq yaratmazdı. Amerika Ştatları, Avropa İttifaqı ölkələri ayrılardı. Güc birlikdədir oğlum. Amma tək tək sosialist ölkələr də var. Sosializm müstəqilliyə mane deyil, müstəqil dövlət olaraq da sosialist sistemində inkişaf etmək olardı. Amma bu kimlərəsə sərf etmirdi, xalqı bəzəkli sözlərlə aldadıb, bazar iqtisadiyyatı adı altında kapitalizmi bərpa etdilər.
- Ata sən hələ də kommunistsən?
- Bəli oğlum, bütün vicdanlı adamlar kimi mən də qəlbən həmişə kommunist olmuşam. Axı həm dini, həm vicdani, həm sosial, həm də insanlıq baxımından kommunizm bəşəriyyətin can atdığı yeganə doğru cəmiyyət formasıdır. Bax oğlum, bütün dinlərdə sosial bərabərlikdən, sülh içində qardaş kimi yaşamaqdan danışılır. Nə qədər ki və hansı cəmiyyətdəki kapitalizm qanunları hökm sürür, hər şey biznes maraqlarına qurban verilir, bir qrup adam bütün xalqın ümumi sərvətlərinə yiyələnib onları istismar edir, orda ədalətdən, insan haqlarından, Tanrıdan danışmaq gülünc olardı. Ona görə də düşünürəm ki, səmimi dindar və xalqın mənafeyi uğrunda çalışdığını deyən səmimi siyasətçi qəlbən ən azı sosialist olmağa borcludur.
- Ata, sən hansı filmi daha çox xoşlayırsan?
- “Bizim Cəbiş müəllim” filmi əsl müəllim obrazını yetərincə dolğun işıqlandırıb. Bu, bəlkə də dünyanın ən möhtəşəm filmidir. Təkcə əsl müəllim deyil, həm də əsl vətəndaş, əsl insan obrazını bu filmdə gözəl veriblər. O vaxt cəbiş müəllimlər çox idi oğlum, indi beləsini çətin tapasan...
- Bəs ən sevdiyin şeir hansıdır?
- Mayakovskinin şeiridir- Alın a, yana-yana qalın a, mən Sovet vətəndaşıyam... O vaxt xarici ölkələrdə Sovet vətəndaşlarını görəndə onlara həsəd aparanlar çox idi.
- İndi xaricdə olsan, o şeirdəki Sovet sözünü Azərbaycanla dəyişib kiməsə oxuya bilərsənmi?
- Bilmirəm oğlum, 20 ildir ki bunu düşünürəm, hələ də bir cavab tapa bilməmişəm...
- Ata, sən Azərbaycanın gələcəyini necə görmək istərdin?
- Müstəqil sosialist respublikası kimi. Hər kəsin bərabər imkanlara malik olduğu, bütün xalqların, bütün dinlərin nümayəndələrinin mehriban yaşadığı bir ölkə kimi... bu gün mənim bir vaxtlar vətəndaşı olduğum Azərbaycan Sovet Sosialist Respublikasının ad günüdür...onun şərəfinə içməlıiyəm.
- Ata, axı içki içmək sənə zərərdir...
- Düzdür oğlum, amma indi xeyirli nə var ki? Uddugumuz hava zəhər, içdiyimiz su Kürün çürkli kanalizasiya suyu, yediyimiz qidalar saxta, geni dəyişdirilmiş zərərli məhsullar, geydiyimiz paltarlar kimyəvi tərkibli geyimlərdir. Həkimlər mənə içki içməyi qadağan ediblər, mənim də anan kimi ürəyim xəstədir, amma hərdən içməsəm ürəyim partlar...
- Zərəri bir yana, axı spirtli içki həm də günahdır...
- Düzdür oğlum, amma bizim o qədər günahlarımız var ki, içki içmək onun yanında günah sayılmaz, gedək, sən kompot içərsən, mən də “SSSR” arağı... gedək bala...
***
...
- Bunu da içək Nərimanov başda olmaqla canlarını vətənimizin, xalqımızın, insanlığın xoşbəxtliyi uğrunda qurban vermiş bütün qəhrəman kommunistlərin xatirəsinə...
- Ata, ataaa, sənə nə oldu ata?
- ...Bağışla oğlum, bağışla... anan çağırır, getməliyəm... sən artıq böyümüsən, ümid edirəm ki öz başına çarə qılacaq gücün, təhsilin, istedadın var... mənim partbiletimi yadigar saxla..., bəlkə bir gün bu ədalətsiz dünyada kommunizm cəmiyyəti quruldu..., sən də bu amal uğrunda döyüşən atanla fəxr etdin... əlvida oğlum...
- Yoooox! Sən ölə bilməzsən... Ataaaaaaa !!!...
Nəriman Bağırov
28 aprel 2010 Bakı