30 aprel 2009-cu il sıradan bir gün idi. Amma 16 il əvvəlki bu təqvim Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror hadisəsi gününə çevrildi illər keçsə də yaddaşımdan silinməyən və dəhşətli xatirə kimi həkk olundu. O zaman Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin ikinci kursunda oxuyurdum. Tədris müəssisəmiz Akademiyanın hadisə baş verən korpusu ilə üzbəüz yerləşirdi. Səhər dərsimiz ədəbiyyat idi. Sinif otağında müəllimi gözləyirdik. Birdən qulağımıza silah səsinə bənzər bir səda gəldi. Əvvəlcə heç bir əhəmiyyət vermədik. Axı kimin ağlına gələrdi ki, bu səs doğrudan da silahdan çıxmış ola bilər?

Bir neçə saniyə sonra qrup yoldaşlarımızdan biri bizi təlaşla pəncərəyə çağırdı. Baxdıq və o dəhşətli mənzərəni seyr etdik... Yerdə qan içində çabalayan bir oğlanı gördük. Qara dərisi onun əcnəbi olduğunu büruzə verirdi. Dəftəri əlindən düşmüş, yerə səpələnmişdi. Dəhşətə gəldik. Nə baş verirdi burada? İlk ağlımıza gələn dava-dalaş oldu. Bəlkə tələbələr arasında münaqişə olub və gördüyümüz də həmin qarşıdurmanın ağır nəticəsidir. Bəs bir qədər əvvəl qulağımızı işğal edən səs? Yaxşı, buranın gözətçisi yoxdurmu? Axı belə bir yerdə təhlükəsizlik tədbirləri necə bu qədər zəif ola bilərdi? Beynimizdə suallar bir-birini izləyirdi. Lakin dəqiq bir şey anlaya bilmirdik.

O qan içində yatan tələbəyə baxdıqca ürəyimiz ağrıyırdı. Bu vaxt gözümüz Akademiyanın pəncərələrinə sataşdı. Tələbələr pəncərədən aşağı enməyə çalışır, amma qorxub geri çəkilirdilər. İçəridə nələr baş verdiyini təsəvvür belə edə bilmirdik. Bir tərəfdə o çabalayan tələbə, o biri tərəfdə pəncərədən qaçmağa çalışanlar… Gözümün şahidlik etmədiyi bir həyat səhnəsi idi. Bu Dəhşət idi! Axı burada nə baş verirdi?

Yarım saat keçdi. Təcili yardım maşınları hadisə yerinə çatdı və o dəhşətli anlar başladı. Binadan çıxarılan yaralılar, ölənlər… İnsanlar qan içində, xəsarət almış, çaşqın və dəhşət dolu baxışlarla hərəkət edirdilər. Anladıq ki, bu, adi bir dava deyil. Burada terror törədilmişdi.

Həmin gün dərslərimiz dayandırıldı. Müəllimimiz bizi ehtiyatla evə getməyə çağırdı. Çölə çıxdıqda gördüyüm izdiham ürəyimi sıxdı. İnsanların qorxu dolu baxışları, hadisə yerindəki sükutun içində boğulan fəryadlar, polis, təcili tibbi yardım maşınları, jurnalistlərin sualları… Hər şey mənzərəni daha da ağırlaşdırırdı. Evə çatanda dərhal televizoru açdım. Xəbərlərdən hadisənin miqyasını öyrəndim. Bir insanın həyatını belə qəddarcasına qurban verməsi, günahsız tələbələrə yönəlmiş bu hücum… Axı niyə? Bu suallar o gün mənim də, cəmiyyətin də cavabsız qalan səsli fəryadına çevrildi. O gündən sonra uzun müddət özümə gələ bilmədim. Beynimdəki suallar, ürəyimdəki ağrı və gözümün önündən getməyən o səhnələr…

Unutmadım! Heç vaxt unuda bilmərəm....

Vəfa Bağırzadə

Globkom.info